Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2169/2024 13.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “məktəbin rus bölməsinə qəbul edilmə” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X10 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “məktəbin rus bölməsinə qəbul edilmə” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı Bakı şəhəri üzrə Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən apellyasiya komissiyasının üzərinə oğlu X5 haqqında qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarın qanunsuz hesab edilməsi, 95 saylı məktəbdə keçirilən müsahibənin nəticələrinin X2 aid hissədə qanunsuz hesab edilməsi, Bakı şəhəri üzrə Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən apellyasiya komissiyasının və onunla bağlı 95 nömrəli tam orta məktəbdə müsahibə aparmış komissiyanın rəyinin də, ləğv edilərək X3 müsahibədə verdiyi cavabların qənaətbəxş hesab edilməsi və məktəbə qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu X6 (şəxsiyyət vəsiqəsinin FİN kodu: 8649W99) 06 İyun 2023-cü il tarixində, 11:59 radələrində Əhmədli qəsəbəsi, Q.Nəbi küçəsi 13, (komissiya 4) ünvanında yerləşən 95 nömrəli tam orta məktəbdə müsahibədə iştirak etmiş və komissiya tərəfindən müsbət rəy ilə dəyərləndirilməmişdir. Həmin qərardan apellyasiya şikayəti verilmiş, lakin, apellyasiya mərhələsi şikayətləri təmin edilməmişdir. Bu səbəbdən də, hazırki tələblə məhkəməyə müraciət etmişdir.
3. Sonradan iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Bakı şəhəri üzrə Təhsil İdarəsinin təhsil müəssisəsi olan 95 nömrəli məktəbin rus bölməsinə oğlu X1 qəbul edilməsindən imtinanın qanunsuz hesab edilməsi və X1 95 nömrəli məktəbin rus bölməsinə qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilərək iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edilərək iddianın əsassız hesab edilməklə təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
5. Etiraza əsasən, iddiaçının övladı - xx.xx.2017-ci il təvəllüdlü X6 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu zamanı həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə xx.xx.2023-cü il tarixində təşkil olunmuş müsahibədən uğurlu nəticə əldə etməmişdir. Eyni zamanda bildirirlər ki, dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibədə övladlarının qiymətləndirilməsindən narazı olan valideynlərin apellyasiya müraciətləri araşdırılmış və iddiaçının apellyasiya müraciətinə xx.xx.2023-cü il tarixində baxılaraq Müsahibə komissiyasının verdiyi rəy qüvvədə qalmışdır. İddiaçı ərizəsində komissiyaların nəticələrinin ləğv edilməsi, müsahibə nəticəsinin məqbul hesab edilməklə övladının rus bölməsi üzrə təhsilini davam etdirməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İlk növbədə bildirirlər ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndinə əsasən müəyyən olunmuşdur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki. onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Hazırkı iş üzrə isə iddiaçı onun çatmaq istədiyi məqsədə uyğun olmayan, düzgün olmayan iddia qaldırmış, nəticədə iddianın mümkünlüyü ilə bağlı şərt pozulmuşdur. Eyni zamanda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinin tələbinə əsasən, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə: inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə: inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Diskresion səlahiyyətlərin mahiyyətinə görə, həmin səlahiyyətlə cavabdeh orqana öz seçimi ilə davranış imkanı verilmişdir. Avropa Şurası Nazirlər Komitəsinin 1980-ci il tarixli “İnzibati mülahizə səlahiyyətinin istifadəsi haqqında" R(80) saylı tövsiyəsinə görə, mülahizə səlahiyyəti-inzibati orqana qəbul ediləcək qərarlarda müəyyən ölçüdə sərbəstlik tanıyan, qanuni olaraq qəbul oluna bilən qərarlar arasından uyğun gördüyünü seçmə imkanı verən səlahiyyətdir. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı inzibati orqan tərəfindən nəzərə alınmalı ən birinci məqam isə Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi ilə müəyyən edilmiş bərabərlik prinsipidir ki. qeyd edilən prinsip İnzibati İcraat haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində “hər kəsə inzibati icraatda bərabər yanaşılması” formasında təsbit edilmişdir. Belə olduğu təqdirdə, müvafiq imtahanın həyata keçirilməsi Komissiyanın müstəsna diskresion səlahiyyətini təşkil edir. Məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşdığından, namizədin cavabının məhkəmə tərəfindən qiymətləndirilərək “məqbul" və ya “qeyri-məqbul” hesab edilməsi tələbi qanunauyğun deyil. Həmçinin, qeyd edilən halda, iddiaçının övladına münasibətdə müsahibə nəticəsinin məqbul hesab edilməsi müsahibədə iştirak edən digər uşaqların hüquqlarının pozulmasına rəvac vermiş olar. Belə ki, “Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 3.0.3-cü maddəsində təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri kimi bərabərlik prinsipi qeyd olunmuş və qeyd edilən prinsip bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkanlar yaradılması və təhsil hüququnun təmin olunması ilə şərtləndirilmişdir. Eyni zamanda, "İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinin tələblərinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmçinin, eyni Qanunun 12.4-cü maddəsinə əsasən, inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir.İnzibati orqan tərəfindən diskresion səlahiyyətlərin eyni üsulla və eyni qaydada həyata keçirilməsi isə birbaşa etimad hüququnun qorunması prinsipi ilə bağlıdır. Belə ki, qanunvericiliyin tələbinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Sözügedən prinsipin mahiyyətinə görə, daimi praktika o vaxta qədər qorunmalıdır ki, bu praktika səlahiyyət verən normalara uyğun olsun və konkret məsələ ilə bağlı buna əsaslanaraq qərar qəbul edildikdə hüquqazidd nəticələrə gətirib çıxarmasın. Bu halda hesab edirlər ki, iddiaçının övladına münasibətdə imtahan nəticələrinin qeyri-məqbul hesab edilməsi halı şəxsin hüquqlarına təsir edən hal kimi qiymətləndirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş qaydada hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Həmçinin "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 3.0.3-cü maddəsində təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri kimi bərabərlik prinsipi qeyd olunmuş və qeyd edilən prinsip bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkanlar yaradılması və təhsil hüququnun təmin olunması ilə şərtləndirilmişdir. Müsahibə nəticəsi məqbul hesab edilməyən uşaqların valideynləri Azərbaycan bölməsi üzrə ümumi təhsil müəssisəsi seçimi edərək sorğu yerləşdirə bilərlər. Bu səbəbdən iddiaçının övladının azərbaycan bölməsi üzrə təhsil almaq hüququ təmin edildiyi halda müsahibə nəticələrinə əsasən rus dili bilikləri üzrə uğurlu nəticə əldə etməməsi təhsil hüququnun pozulması kimi qiymətləndirilə bilməz.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. “Ümumtəhsil məktəblərinin məktəbhazırlıq qruplarına elektron sənəd qəbulu sistemi” vasitəsi ilə iddiaçının övladının rus bölməsində təhsil alması ilə bağlı elektron müraciət edilmiş, müraciət qeydə alındıqdan sonra iddiaçının övladı xx.xx.2023-cü il tarixdə müsahibəyə yazılmış və həmin tarixə təyin edilmiş müsahibədən iddiaçının övladı iştirak etmiş, müsahibənin nəticəsi olaraq “müsahibəni keçə bilmədi” barədə qərar qəbul edilmişdir. Bundan sonra iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, xx.xx.2023-cü il tarixdə iddiaçının apellyasiya şikayətinə baxılmış və komissiyanın rəyinə əsasən övladının əvvəlki nəticəsinin qüvvədə qalması barədə elektron sistem vasitəsilə məlumat göndərilmişdir.
9. Cavabdeh tərəfindən iddiaçının övladı X1 müsahibəsinin video-audio yazısı maddi daşıyıcıda (CD disk) məhkəməyə təqdim edilmişdir. Müsahibə zamanı aparılmış video çəkiliş materialları məhkəmə tərəfindən həmin materiallardakı görüntülər araşdırılmışdır.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
10. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb məcburetmə barədə iddia növünə aiddir.
11. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
12. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
13. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
14. Məcburetmə barədə iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
15. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.
16. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və ədalətli həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktlarının müddəaları tətbiq olunmalıdır.
17. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: bu Qanun vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ hüquqi aktların qəbul edilməsində baza rolunu oynayır. Azərbaycan Respublikasında təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir... 3.0. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır: ... 3.0.3. bərabərlik - bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkanlar yaradılması və təhsil hüququnun təmin olunması; ... 7.1. Azərbaycan Respublikasının təhsil müəssisələrində tədris dili dövlət dili - Azərbaycan dilidir. 7.2. Vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycan Respublikasının tərəfdar çıхdığı beynəlхalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşmaya uyğun olaraq təhsil müəssisələrində tədris müvafiq dövlət təhsil standartları və ya beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları əsasında digər dillərdə də aparıla bilər. Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tariхi və cоğrafiyası tədris оlunmalıdır. 7.3. Tədris dilini zəif bilən təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və təhsil proqramlarına uyğun hazırlıq sinifləri və kursları təşkil olunur. 14.2. Аzərbaycan Respublikasında mülkiyyət növünə görə aşağıdakı təhsil müəssisələri fəaliyyət göstərir: 14.2.1. dövlət; 14.2.2. bələdiyyə; 14.2.3. özəl. 14.3. Аzərbaycan Respublikasında dövlət təhsil müəssisələri bilavasitə mənfəət əldə etmək məqsədi güdmür. 14.4. Təhsil müəssisəsinin fəaliyyəti, hüquq və vəzifələri bu Qanun və Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları nəzərə alınmaqla onun nizamnaməsi ilə müəyyən edilir. 14.5. Təhsil müəssisəsinin aşağıdakı tipləri və növləri müəyyən edilir: 14.5.1. məktəbəqədər təhsil müəssisələri (körpələr evi, körpələr evi-uşaq bağçası, uşaq bağçası, sanator tipli məktəbəqədər təhsil müəssisəsi, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələri); 14.5.2. ümumi təhsil müəssisələri (ibtidai, ümumi orta və tam orta ümumtəhsil məktəbləri, lisey, gimnaziya, inteqrasiya təlimli ümumtəhsil məktəbi, xüsusi ümumtəhsil məktəbi, ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi, internat tipli lisey, internat tipli gimnaziya, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi, internat tipli xüsusi ümumtəhsil məktəbi, internat tipli sanator ümumtəhsil məktəbi və digər məktəblər); ... 17.1. Azərbaycan Respublikasında aşağıdakı təhsil pillələri və səviyyələri müəyyən olunur: 17.1.1. Məktəbəqədər təhsil. 17.1.2. Ümumi təhsil: 17.1.2.1. ibtidai təhsil; 17.1.2.2. ümumi orta təhsil; 17.1.2.3. tam orta təhsil... 19.9. İbtidai təhsilin məqsədi təhsilalanlara oxu, yazı və hesablama bacarıqları, vətənpərvərlik və Azərbaycan xalqının dəyərlərinə, dövlət rəmzlərinə hörmət hissi aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin biliklər, şəxsiyyətin formalaşdırılmasına yönəlmiş həyati bacarıqlar, sadə əmək vərdişləri, məntiqi təfəkkür elementləri, bədii-estetik keyfiyyətlər və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir. 19.10. İbtidai təhsil müvafiq təhsil proqramına əsasən həyata keçirilir. 19.11. Azərbaycan Respublikasında ibtidai təhsil altı yaşdan başlanır. Valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər.
18. Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının təhsil nazirinin əmri ilə təsdiq edilmiş Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydalarının 1.2-ci dəndinə əsasən şagirdlərin İ sinifə qəbulu məktəb direktorunun əmri ilə təşkil olunmuş komissiya tərəfindən həyata keçirilir. Komissiyanın tərkibinə təlim-tərbiyə işləri üzrə direktor müavini, təcrübəli ibtidai sinif müəllimləri, məktəbin psixoloqu, həkimi və valideyn özünüidarə orqanlarının (şuraların) nümayəndəsi daxil edilir. Komissiyaya məktəbin direktoru rəhbərlik edir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin mütəmadi olaraq tədris ili üçün ümumi təhsil müəssisələrinin İ sinifinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair əhaliyə təqdim olunan məlumatlarda birbaşa olaraq göstərilir ki, tədris digər dillərdə aparılan birinci siniflərə qəbul müsahibələr əsasında həyata keçirilir. Müsahibələr birbaşa ünsiyyət qurma (canlı) formada təşkil olunur. Digər dildə tədris aparılan bölmə üzrə birinci siniflərə qəbul üçün müsahibə komissiyaları tərəfindən müvafiq meyarlar üzrə (dinlədiyini anlayır, ünsiyyət qurur, öz fikrini sadə formada bildirə bilir, adətən söz və ya söz birləşmələrinin tələffüzünü düzgün edir, özü və ailəsi haqqında qısa məlumat verir) uşaqların yalnız həmin dil üzrə şifahi nitq bacarıqları yoxlanılır.
19. İş materiallarına əsasən müəyyən edilmişdir ki, rus bölməsi üzrə birinci sinifə qəbul olunmaq üçün müsahibədən keçirilən xx.xx.2017-ci il təvəllüdlü X1 müsahibənin keçirildiyi xx.xx.2023-cü il tarixdə daha 6 yaşı tamam olmamışdır.
20. Cavabdeh tərəfindən təşkil olunmuş müsahibənin nəticələrinin qiymətləndirilməsi zamanı bütün meyarlar üzrə Ö.Məhəmmədovun cavablarını qeyriməqbul hesab etsələr də, iş materiallarına əlavə edilmiş video görüntüyə baxış zamanı tam fərqli nəticənin şahidi olunur. Belə ki, video görüntüyə baxış zamanı aydın olur ki, Ö.Məhəmmədov müsahibə zamanı bütün suallara münasibət bildirmiş, reaksiyaları verilən suallara adekvat olmuş, bununla da, dinlədiyini anlaması öz təsdiqini tapmışdır. Demək olar ki, ümumilikdə 5 dəqiqə 30 saniyədən ibarət olan videoyazının bütün dəqiqələrində bunun şahidi ola bilərik. Müsahibə zamanı demək olar ki, komissiya üzvləri tərəfindən Azərbaycan dilindən istifadə olunmur. X1 bütün sualları anlaması reaksiya və mimikalarından aydın şəkildə görünür. Videoyazıda bəzi dəqiqələrdə verilən 1-2 suallarda azyaşlı uşağın üz mimikalarından verilmiş sualın məzmun olaraq azyaşlı uşaq üçün qeyri-dəqiq olması müşahidə edilir. Belə olan halda cavabdehin komissiya üzvləri tərəfindən fikrə münasibət bildirir, ünsiyyət zamanı fikrini sərbəst ifadə edir, özü, ailəsi və ətraf mühit haqqında qısa məlumat verir, təklif edilən fotoşəkil haqqında danışır. Meyarların hamısı üzrə qeyri-məqbul rəyinin verilməsi, cavabdeh tərəfindən diskresion səlahiyyət və qiymətləndirmə meyarlarına uyğun davranış zamanı səlahiyyət meyarında sui-istifadə edilməsi kimi qiymətləndirilə bilər. Həmçinin keçirilən müsahibənin nəticələrinin qiymətləndirilməsi əsasında Ö.Məhəmmədovun azyaşlı olması, onun müsahibə zamanı təbii olaraq gərginlik, utancaqlıq və sair şəkildə cavablarının gecikməsinə və ya natamam verilməsinə səbəb olacaq hisslər yaşama ehtimalı nəzərə alınmamışdır. Belə ki, vidoyazıda azyaşlı uşağın reaksiya və mimikalarından bu aydın şəkildə müşahidə olunur.
21. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, işin yuxarıda qeyd olunan faktiki hallarına cavabdehin diskresion səlahiyyətlərinə müdaxilə edilmədən hüquqi qiymət verilməlidir.
22. Belə ki, cavabdeh faktiki olaraq diskresion səlahiyyətlər çərçivəsində hərəkət etməklə, özünün qiymətləndirmə sərbəstliyinə müvafiq olaraq iddiaçı tərəfindən mübahisələndirilən nəticəyə gəlsə də, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən ona verilmiş səlahiyyətdən və qiymətləndirmə sərbəstliyindən düzgün istifadə edilməmişdir.
23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.7- ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir.
24. İnzibati orqanın qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində əvvəlcədən qəbul edəcəyi qərarın məlum olduğu hallar, yəni inzibati orqana seçim imkanı verilməyən hallar istisna olmaqla digər hallarda qanunvericiliklə inzibati orqanların diskresion səlahiyyətlərinin mövcudluğu qəbul edilməkdədir. Başqa sözlə, müəyyən səbəblərdən hər hansı qərarın qəti olaraq veriləcəyi hüquqi tənzimləmə ilə nəzərdə tutulmayıbsa, bu zaman demək olar ki, inzibati orqanın diskresion səlahiyyətləri tanınır.
25. İnzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).
26. Eləcə də qanun inzibati orqana onun qiymətləndirməsinin inzibati məhkəmə icraatı çərçivəsini yoxlanılmasını mümkünsüz edən heç bir iradə sərbəstliyi və ya hüquqi imkan tanımamaqdadır.
27. İPM-in 74-cü maddəsinə əsasən isə inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.
28. Qanunla müəyyən edilmiş inzibati icraat qaydaları (o cümlədən, əlavə araşdırma aparılması imkanı nəzərə alınmaqla) və müddətləri nəzərə alındıqda, qeyd olunmalıdır ki, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması və əlavə sübutların toplanması cavabdeh tərəfindən yenidən həyata keçiriləcək inzibati icraat çərçivəsində mümkün və zəruridir. Belə ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.3-cü maddəsi).
29. İnzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduğundan və inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduğundan, bu səbəblə cavabdehin üzərinə iddia olunan məzmunda öhdəliyin qoyulması işin hazırkı vəziyyətində mümkün olmadığından, iddia qismən təmin olunmalı, cavabdehin X6 ilə keçirilmiş müsahibənin nəticəsinin qeyri-məqbul hesab edilməklə, sonuncunun orta məktəbin rus bölməsinə qəbul edilməsindən imtinası qanunsuz hesab edilsin, keçirilmiş müsahibənin nəticəsinin məhkəmənin bu qərarda ifadə olunan hüquqi mövqeyi nəzərə alınmaqla yenidən qiymətləndirilərək X1 95 nömrəli məktəbin rus bölməsinə qəbul edilməsi məsələsinə yenidən baxılması öhdəliyi cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin olunmamalıdır.
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
33. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Təhsil İdarəsinin təhsil müəssisəsi olan 95 saylı məktəbin rus bölməsinə iddiaçının oğlu X1 qəbul edilməsindən imtinası qanunsuz hesab edilsin. X1 95 nömrəli məktəbin rus bölməsinə qəbul edilməsi məsələsinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması öhdəliyi cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva