Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2170/2024 08.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “ali təhsilə aid kvalifikasiyanın tanınması və tanınma haqqında şəhadətnamə verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I.İşin halları İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, Türkiyənin İstanbul Universiteti tərəfindən ona verilmiş xx.xx.2023-cü il tarixli, № 362 nömrəli diplom üzrə əldə etdiyi “Biznesin idarə edilməsi” ixtisasının tanınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli qərarla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş, qərarı bununla əsaslandırmışdır ki, onun magistratura səviyyəsinə uyğun kvalifikasiyaya münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsil əldə etmədiyi müəyyən edilmişdir. Belə ki, ərizəçinin bütün təlim müddəti ərzində vasitəsilə təhsil aldığı "distant" təhsilalma forması ənənəvi təlim metodlarına əsaslanan təhsilalma formasına aid deyildir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, diplomunun təsdiqlənməsinə köməklik göstərilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Türkiyə İstanbul Universiteti tərəfindən ona verilmiş xx.xx.2023-cü il tarixli 362 nömrəli diplomu üzrə ali təhsilə aid kvalifikasiyanın tanınması və tanınma haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 2021-2023-cü illərdə X2 fakültəsini bitirmişdir. Distant, yəni uzaqdan təhsil olsa belə, imtahanlar adi qaydada keçirilmişdir. 2021-ci ildə korona virusla bağlı Təhsil Nazirliyinin qərarına əsasən imtahanlar onlayn şəkildə olmuşdur, noyabr-vizə (2021), yanvar-final (2022) və aprel vizə (2022). 2022-ci ilin iyun ayından etibarən bütün imtahanlar Təhsil Nazirliyinin qərarına əsasən Universitetdə keçirilmişdir. İstanbul Universitetinin diplomu, təhsili bütün dünyada tanınır. Əlavə olaraq, paralel ADİU adı çəkilən üniversitetlə tərəfdaşlığı olduğu üçün 2 fənn (Tədqiqat Metodları və Akademik yazı-12 kredit) götürmuşdür (alt dərslər). Həmçinin, imtahanlardan keçib əlavə transkript almışdır. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim etdiyi iddiaya yazılı etirazında iddia tələbinin rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, ərizəçinin bütün təlim müddəti ərzində vasitəsilə təhsil aldığı “distant" təhsilalma forması ənənəvi təlim metodlarına əsaslanan təhsilalma formasına aid deyildir. Bu səbəbdən ona tanınma haqqında şəhadətnamənin verilməsindən xx.xx.2023-cü il tarixli qərarla imtina edilmişdir. İddiaçıya Türkiyə Respublikası İstanbul Universiteti tərəfindən təqdim olunan diplomdan müəyyən edilir ki, o, distant (uzaktan öğretim) formada təhsil almışdır və "tezsiz diploma" (magistr dissertasiyası müdafiə etmədən) əldə etmişdir. Diploma əlavədən müəyyən edilir ki, o, 2021-2023-cü illərdə tədris almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır və 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi magistratura səviyyəsində ildə 120-160 saat nəzərdə tutulur ki, bu da ərizəçinin auditoriya dərslərində 7-10 həftə müddətində iştirakını zəruri edir. Qaydalarda tanınmaya dair tələblər arasında yer alan bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmasının İddiaçı vəziyyətinə nisbətdə dəyərləndirilməsi üçün onun sərhədkeçmə məlumatlarına baxış keçirilmiş, iddiaçının təhsil aldığı xarici ölkədə olmaq müddətini araşdırmış və onun sərhədkeçmə məlumatları aşağıdaki kimi müəyyənləşdirilmişdir: İ il- 5 gün/pandemiya dövrünə təsadüf edən tədris ili; İİ il-14 gün. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki, iddiaçının ona verilmiş diplomun tanınmasını, yəni barəsində əlverişli inzibati aktın qəbul edilməsini tələb etmək üçün məcburetmə haqqında hazırkı iddianı qaldırmağa subyektiv hüququ mövcuddur, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmiş, imtina barədə aktı aldığı gündən 30 gün müddətində məhkəmədə iddia qaldırmışdır (İPM-in 2.2.2, 33.1 və 38.2-ci maddələri). İddianın əsaslılığına gəldikdə isə məhkəmə aşağıdakıları qeyd edir. İş materiallarında olan Türkiyə Respublikası İstanbul Universiteti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, № 362 nömrəli Diplomdan görünür ki, Türkanə Ramiz qızına magistratura üzrə “Ümumi menecment” fakültəsinin "Biznesin idarə edilməsi” ixtisasını bitirmiş, Diplom Avcılar kaymakamlığı tərəfindən xx.xx.2023-ci il tarixdə 94620 nömrəsi ilə apostil edilmişdir. xx.xx.2023-cü il tarixli diploma əlavədən görünür ki, iddiaçı xx.xx.2021-ci ildə Universitetə daxil olmuş, təhsil forması distant – uzakdan ögretim olmuş, xx.xx.2023-cü ildə məzun olmuşdur. İddiaçı hazırda distant təhsilalma formasında xaricdə aldığı magistratura səviyyəsində təhsilə görə verilmiş magistr diplomu üzrə ali təhsilə aid kvalifikasiyanın tanınması və tanınma haqqında şəhadətnamənin verilməsini tələb edir. Məhkəmə qeyd edir ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: - Maddə 13. Təhsilalma formaları 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). - Maddə 22. Ali təhsil 22.4. Magistratura təhsili ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verir. Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - Maddə 27. Təhsil haqqında dövlət sənədi 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. - Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; - Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən: 1.5.5. kvalifikasiyanın akademik tanınması (bundan sonra – akademik tanınma) – xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycan Respublikasında təhsilin növbəti pilləsində (səviyyəsində) təhsilini davam etdirmək hüququnun verilməsi; 1.5.6. kvalifikasiyanın peşə tanınması (bundan sonra – peşə tanınması) – xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən onun əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənə təqdim edilən təhsil sənədində qeyd edilən müvafiq peşə fəaliyyəti göstərmək hüququnun verilməsi; 1.5.8. tanınma şəhadətnaməsi – “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə (bundan sonra – TMİS) elektron sənəd formasında yaradılan və elektron formada verilən tanınmaya dair sənəd; 1.5.9. tanınma – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənədlərin (bundan sonra – xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası) Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi; 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2010-cu il tarixli, 88 nömrəli Qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və magistr dərəcələrinin verilməsi Qaydaları”na əsasən: 1.5. Magistratura səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) və qiyabi təhsilalma formaları müəyyən edilir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli, 117 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları” 1.6....Bakalavriat səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi və distant (məsafədən) təhsilalma formaları müəyyən edilir. Əsas (baza ali) tibb təhsili yalnız əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) təhsilalma forması ilə həyata keçirilir. Distant (məsafədən) formada bakalavr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2010-cu il tarixli, 147 nömrəli Qərarı ilə təsdiq edilmiş “Formal təhsilin təşkili Qaydaları”na görə: Formal təhsil qanunvericiliklə müəyyən edilmiş əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi, distant (məsafədən), sərbəst (eksternat) təhsilalma formaları vasitəsilə həyata keçirilir. 5.4. ali təhsil pilləsi üzrə: bakalavriat səviyyəsində - əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi, distant (məsafədən), əsas (baza ali) tibb təhsili səviyyəsində - əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime); magistratura səviyyəsində - əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi, rezidentura səviyyəsində - əyani; doktorantura səviyyəsində - əyani; Qanunvericiliyin yuxarıda sadalanmış normalarının təhlilindən görünür ki, Azərbaycan Respublikasında distant (məsafadən) təhsil, təhsilalma formalarından biri kimi ümumən, tanınmışdır. Lakin Azərbaycan Respublikasının qanunvericiliyi bu təhsil formasının bakalavriat səviyyəsi üzrə tədrisin təşkilində tətbiqini nəzərdə tutsa da, magistratura səviyyəsi üzrə distant (məsafadən) təhsilalma formasını yol verilən hesab etməmişdir. Nəzərə almaq lazımdır ki, dünyada mövcud olan ayrı-ayrı təhsilalma formalarını qəbul etmək, eləcə də ali təhsilin müxtəlif pillələrinə münasibətdə həmin formalardan hər hansı birini (və ya bir neçəsini) qəbul etməmək hər bir dövlətin həyata keçirdiyi təhsil siyasəti və bundan irəli gələn mülahizə sərbəstliyi ilə sıx bağlı olan məsələdir. Dövlətlər özlərinin bu sahədəki siyasətlərini və mülahizə sərbəstliyi imkanlarını müxtəlif amilləri nəzərə almaqla formalaşdırır və həyata keçirirlər. Bir qayda olaraq, belə mülahizə sərbəstliyi daxilində edilmiş seçimlər məhkəmə nəzarətindən kənardırlar. Çünki, konkret təhsilalma formasının, eləcə də ali təhsilin müxtəlif pillələrinə münasibətdə həmin formalardan hər hansı birinin (və ya bir neçəsinin) tanınmasına qiymət vermək son nəticədə hüquqilik yox, məqsədə müvafiqlik dəyərləndirilməsinin aparılmasına gətirib çıxarır. İnzibati məhkəmələrin inzibati orqanların fəaliyyəti üzərindəki məhkəmə nəzarəti isə məqsədə müvafiqliyin yoxlanılmasını nəzərdə tutmur. Bu dəyərləndirmənin işığında məhkəmə qeyd edir ki, ümumən magistratura səviyyəsi üzrə distant (məsafadən) təhsilalma formasının Azərbaycan Respublikasında tanınmamasına qiymət verilməsi, hazırkı işin halları baxımından məhkəmə qaydasında yoxlanılmalı və qiymətləndirilməli məsələni təşkil edə bilməz. Qanunvericinin mülahizə sərbəstliyi çərçivəsində etdiyi bu seçim Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartı kimi qəbul edilməlidir. Müvafiq olaraq xaricdə distant formada magistratura səviyyəsində alınmış təhsil, təhsilalma forması ilə bağlı dövlət standartına uyğunsuzluq halı yaratdığı üçün ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtinaya əsas təşkil edə bilər. Lakin bu qaydanın tətbiqinə münasibətdə müəyyən istisnalar mümkün və yolveriləndir. Məhkəmə hesab edir ki, hazırkı işin xüsusi hallarına münasibətdə sözügedən ümumi qaydanın tətbiq edilməsi iddiaçıya münasibətdə mütənasiblik və bərabərlik prinsiplərinin tələblərinin pozulmasına gətirib çıxara bilər. “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsində təsbit olunmuş mütənasiblik prinsipinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. 35. “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsində təsbit olunmuş bərabərlik prinsipinə görə isə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağan edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi təhsil hüququnun böyük əhəmiyyətinə baxmayaraq, bu hüququn tamamilə mütləq olmadığını, əksinə, məhdudiyyətlərə məruz qala biləcəyini söyləmişdir. Belə ki, təhsil müəssisələrinin tənzimlənməsi müxtəlif vaxt və yerlərdə cəmiyyətin ehtiyaclarına və resurslarına, habelə təhsilin müxtəlif səviyyələrinin müstəqil xüsusiyyətlərinə görə dəyişə bilər və üzv dövlətlərin bu sahədə mülahizə yürütmək səlahiyyəti vardır. Amma, tətbiq edilən məhdudiyyətlər sözügedən hüququ onun mahiyyətinə xələl gətirəcək və onun effektivliyindən məhrum edəcək dərəcədə məhdudlaşdırmamalı, maraqlı şəxslər üçün öncədən görülə bilən olmalı və legitim məqsədlər daşımalıdır. Təhsil hüququnun məhdudlaşdırılması 1 saylı Protokolun 2-ci maddəsinə yalnız o halda uyğun olacaq ki, istifadə olunan vasitələr və nail olmaq istənilən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olsun (X3rşı [BP], № 44774/98, AİHM 2005-Xİ, § 154). Hazırkı işin xüsusi halları ondan ibarətdir ki, iddiaçının təhsil aldığı dövrlər (2021- 2023-cü illər) COVİD-19 pandemiyasının yayıldığı və bununla əlaqədar həyatın bütün sahələrində, o cümlədən təhsil hüququnun reallaşdırılmasında ənənəvi üsullara kütləvi məhdudiyyətlərin tətbiq edildiyi zamanlara təsadüf etmişdir. Hamıya bəlli haldır ki, pandemiya ilə əlaqədar mübarizə tədbirləri çərçivəsində dünyada əksər dövlətlərdə, o cümlədən həm iddiaçının təhsil aldığı Türkiyədə, həm də Azərbaycanda tədrisin ənənəvi üsullarla həyata keçirilməsinə məhdudiyyətlər tətbiq olunmuş, məsafədən tədris üsullarının tətbiqinə keçilmişdir. Yenə, əksər ölkələr, eləcə də Türkiyə və Azərbaycan sözügedən fövqəladə şərtlərin tələblərini nəzərə almaqla məsafədən tədrisin nəticələrini tanımış, hətta əyani təhsil forması üzrə təhsilin müəyyən dövrü ərzində məsafədən keçirilmiş tədris dövrü də nəzərə alınmaqla verilmiş diplomların hüquqi qüvvəsini qəbul etmişlər. Beləliklə, iddiaçı tərəfindən distant təhsil alınması onun iradəsindən kənar xüsusi fövqəladə şəraitin diqtəsi ilə bağlı olmuşdur. Belə olan halda, sözügedən şəraitin tələblərinin nəzərə alınmaması iddiaçını qeyri-mütənasib və həddindən artıq yükə məruz qoymuş olar, eləcə də fərdin hüquqları ilə cəmiyyətin maraqları arasındakı ədalətli balansın pozulmasına gətirib çıxarar. Bundan başqa, qeyd edilən xüsusi vəziyyətin nəzərə alınmaması iddiaçıya münasibətdə bərabərlik hüququnun pozuntusuna da səbəb ola bilər (bax.: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2229/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına). Nə qədər ki, hazırkı halda iddiaçının distant təhsil alması onun iradəsində asılı olmayan hal kimi qiymətləndirilir, bu halda onun tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsil almasının tələb olunması da istisna edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı: İddia təmin edilsin. İddiaçı Türkiyə Respublikasının İstanbul Universiteti tərəfindən verilmiş xx.xx.2023cü il tarixli, 362 nömrəli diplom üzrə ali təhsilə aid kvalifikasiyanın tanınması və tanınma haqqında şəhadətnamə verilməsi vəzifəsi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova