Məhkəmə qərarları › İş №2-1(112)-2171/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2171/2024

24.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2171/2024 24.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2021-ci il tarixdə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “904” saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş, xx.xx.2021-ci il tarixli məktubla bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin arxiv cizgisi ilə bağların bölgüsünə dair sxematik xəritə arasında uyğunsuzluq mövcuddur. Həmçinin, göstərilən bağ sahəsinin 904 saylı bağ sahəsinə aidiyyəti olmadığı və digər bağların ərazisinə uyğun olduğu məlum olmuşdur. Bundan əlavə, təqdim edilən sənədlər mərhumun adınadır, lakin vərəsəlik işinin açılması və vərəsələrin dairələrinin müəyyən edilməsi barədə notariat kontorunun məktubu sənədlər toplusuna əlavə olunmamışdır. İddiaçı daha sonra yenidən eyni tələblə cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının tələbini təmin etməkdən təkrar imtina edərək, xx.xx.2023-cü il tarixli məktubla bildirmişdir ki, qeyd olunan məsələ ilə bağlı vərəsəlik işinin açılması və vərəsələrin dairələrinin müəyyən edilməsi barədə notariat kontorunun məktubu sənədlər toplusuna əlavə olunmuşdur. Lakin sizə ünvanlanmış xx.xx.2021-ci il tarixli **********38 nömrəli məktubda qeyd edilən digər iradlar aradan qaldırılmamışdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağlar massivində ümumi sahəsi 0,25 ha olan 904 saylı bağ sahəsinin mərhum atam X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, keçmiş X1 və İstismarı Birliyi ilə atası X6 arasında 22 yanvar 1979-cu ildə bağlanmış 14699 saylı müqavilə əsasında atasına Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində ümumi sahəsi 0,25 ha olan 904 saylı bağ sahəsi ayrılmışdır. Həmin tarixdən bağ iddiaçının istifadəsindədir. Həmin bağ sahəsi ilə bağlı qonşu bağ sahələri arasında hər hansı bir mübahisə yoxdur. Atası xx.xx.1980-cı il tarixdə vəfat etmişdir. Atasından miras qalmış torpaq sahəsinə dair Abşeron rayon 1 saylı notariat ofisində vərəsəlik işi açılmış, onun vərəsəsi kimi tanınmışdır. İmtina məktubunda qeyd edilən bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil etməsi formal bir yanaşmadır. Belə ki, 1979-cu ildən qonşularla heç bir mübahisə olmamışdır və bu uyğunsuzluq yalnız naturada biruzə olunur və faktiki olaraq isə ayrı-ayrı bağlardır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad etmiş və bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinin yerləşməsi arxiv cizgisi və bağların bölgüsünə dair sxematik xəritəylə uyğunsuzluq təşkil edir. Belə ki, “904” nömrəsinin göstərilən əraziyə aidiyyəti yoxdur, “820” və “910” nömrələri ilə başlayan bağların ərazisidir, həmçinin bağlararası yola düşür. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi ərizə təqdim edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia bağ sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsindən ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - Pirəli Əliyev tərəfindən Bakı şəhər soveti icraiyyə komitəsinə ünvanlanmış xx.xx.1965-ci il tarixli ərizədən görünür ki, o müraciət edərək, üç il abad etdiyi bağdan ona pay verilməsini xahiş etmişdir. - Bağ sahələrinin, tikililərinin uzun müddətli icarəyə verilməsi haqqında 14699 saylı xx.xx.1967-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı tresti Ləhiş qəsəbəsində 0,25 ha sahəsi olan 989 saylı bağ sahəsini X4 istifadəsinə vermişdir. - Pirəli Əliyev tərəfindən Bakı bağlar idarəsinə ünvanlanmış xx.xx.1979-cu il tarixli ərizədən görünür ki, o 989/904 saylı bağ sahəsinin müqaviləsinin müddətinin bitdiyini qeyd edərək, müqavilənin vaxtının uzadılmasını xahiş etmişdir. - Bağ sahələrinin, tikililərinin uzun müddətli icarəyə verilməsi haqqında 14699 saylı xx.xx.1979-cu il tarixli müqavilədən görünür ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı idarəsiLəhiş qəsəbəsində 0,25 ha sahəsi olan 904 saylı bağ sahəsini X4 istifadəsinə vermişdir. -485316 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1938-ci ildə doğulmuş, atası Pirəli Əlibala oğlu, anası Xanımana Alışan qızı olmuşdur. - ünvan ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1980-ci ildə vəfat etmiş X3 miras qalmış fərdi yaşayiş evinə, mənzilə, torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqda şəhadətnamə verilməsinə dair İddiaçı qizinin müraciəti, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənədlər, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında vərəsələrin dairəsi müəyyən edilmiş və vərəsəlik işi açılmışdır. İddiaçı hazırda sadalanan sübutlara istinad edərək, atası X5 ayrılmış 0,25 ha sahəsi olan 904 saylı həmin bağ sahəsinə mülkiyyət hüququnun atasına məxsus olması barədə arayış verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. - 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İddiaçı bu sənədlərdən həmin bağ sahəsinin atasına verilməsi barədə müqaviləni təqdim edir. Məhkəmə qeyd edir ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhz buna görə xx.xx.2007-ci il tarixdə bağlar təsərrüfatı idarələri ləğv edilərkən onlara məxsus arxiv sənədlərinin daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparan və bu qeydlərin dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdeh olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Bununla dövlət yalnız mühafizə üçün verilən sənədlərə təminat verməklə, həmin qeydlərin dəqiqliyinə görə məsuliyyəti öz üzərinə götürmüş və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsində də həmin tarixədək verilmiş sənədlərə əsasən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsbit etmişdir. İşin istinad olunan hallarından məlum olur ki, 904 saylı bağ sahəsinin iddiaçının atasına ayrılması barədə müvafiq dövlət qurumuna təhvil verilmiş etibarlı sənədləri, icarə müqaviləsi mövcuddur. Həmin müqavilə mötəbər olmaqla, hazırda qüvvədədir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı atasına ayrılmış bağ sahəsi ilə bağlı hüquqlarının qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. İşdən görünür ki, cavabdeh də iddiaçının tələbini təmin etməkdən imtina edərkən onun təqdim etdiyi sənədlərin mötəbərliyinə deyil, bağ sahəsinin yerləşmə yerinə istinad etmişdir. Belə ki, cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubda elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin arxiv cizgisi ilə bağların bölgüsünə dair sxematik xəritə arasında uyğunsuzluq mövcud olduğuna, həmçinin, göstərilən bağ sahəsinin 904 saylı bağ sahəsinə aidiyyəti olmadığı və digər bağların ərazisinə uyğun olduğuna istinad edilmişdir. Eyni zamanda cavabdeh xx.xx.2024-cü il tarixli məktubunda bildirmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi 810, 910 və 900 ilə başlayan bağların ərazilərinə düşür. Ümumi hasarlama bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmamışdır. Dəqiq hansı bağ nömrələrinin ərazisinə uyğun gəldiyini təyin etmək mümkün olmamışdır. Göründüyü kimi, cavabdeh bir tərəfdən iddiaçının naturada göstərdiyi bağ sahəsinin 904 saylı bağ sahəsinə uyğun gəlmədiyinə istinad etsə də, digər tərəfdən ümumi hasarlamanın bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığını etiraf edərək, həmin sahənin dəqiq hansı nömrəli bağa uyğun gəldiyini göstərə bilməmişdir. Məhkəmə qeyd edir ki, doğrudur, iddiaçının naturada göstərdiyi torpaq sahəsi ilə həmin bağa dair tərtib edilmiş arxiv cizgisini müqayisə etdikdə, aydın olur ki, iddiaçının naturada göstədiyi sahə ilə arxiv cizgisində əks edilən sahə arasında uyğunsuzluq var. Belə ki, cizgiyə əsasən bağ sahəsinin yol tərəfə düşən hissəsinin ölçüsü 25 metr olmalı olduğu halda, faktiki vəziyətdə yol ilə sərhədlənən sahənin ölçüsü 25 metrdən çoxdur. Lakin həmin ortofoto xətirəsindən görünür ki, bağ sahəsinin bir tərəfindən keçən yol arxiv cizgisində və sxematik xəritədə göstərilən yol deyil, sonradan yol kimi istifadə olunmaya başlanan sahədir. Ümumiyyətlə, məhkəmə təcrübəsi onu göstərir ki, Ləhiş bağ massivində yerləşən bağların ümumi hasarlanması sxematik xəritəyə uyğun aparılmamışdır. Bu hal cavabdeh tərəfindən də qəbul edilir. Bu isə o deməkdir ki, bir bağ sahəsinin düzgün hasarlanmaması birbaşa həmin ərazidə yerləşən digər bütün bağların yerləşmə yerinə təsir etməklə uyğunsuzluq yaranmasına səbəb olur. Lakin məhkəmə qeyd edir ki, bu hal həmin sahəyə qanunvericiliyə əsasən mülkiyyət hüququ yaranan şəxslərin hüququnun qeydə alınmasından imtina üçün əsas təşkil edə bilməz. Belə ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 saylı Fərmanına əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılmışdır ki: 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.4. torpaqların elektron kadastr uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin. Göründüyü kimi, torpaq sahəsinin sənədlə faktiki vəziyyəti arasında yaranmış uyğunsuzluğun aradan qaldırılması, məlumatların dürüstləşdirilməsi yerquruluşu qaydasında İqtisadiyyat Nazirliyinin müvafiq sahədə səlahiyyətli qurumu kimi cavabdehin vəzifəsinə aiddir. Cavabdeh isə həmin vəzifədən irəli gələn səlahiyyətləri icra edərək, uyğunsuzluğun aradan qaldırılması üçün zəruri tədbirlər görmək əvəzinə, bu haldan sui-istifadə edərək, mülkiyyət hüququna qanuni gözləntisi olan şəxslərin, hazırkı halda isə iddiaçının müraciətlərini təmin etməkdən imtina etməklə həmin şəxslərin hüquqlarını pozur. Buna görə də, qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, ancaq yerləşmə yerindəki uyğunsuzluqla bağlı hala istinad edilərək şəxsin qanunla yaranan hüququnun qeydə alınmasından imtina edilməsi mövcud qanunvericiliyə uyğun hesab edilə bilməz. Çünki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İşin yuxarıda istinad olunan hallarından isə müəyyən olunur ki, iddiaçı bu əsası cavabdehə təqdim etmişdir. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı qüvvədə olan etibarlı hüquqmüəyyənedici sənədləri təqdim etməklə istifadəsində olan bağ sahəsinə atası Pirəli Əliyevin yaranmış mülkiyyət hüququna dair arayış verilməsini tələb etməkdə haqlı, cavabdeh isə bu hüququn qeydə alınmasından imtina etməkdə haqsız olmuşdur. Buna görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0,25 ha sahəsi olan 904 saylı bağ sahəsinə mülkiyyət hüququnun vəfat etmiş X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar