Məhkəmə qərarları › İş №2-1(112)-2173/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2173/2021

04.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2173/2021 04.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, cavabdehin nümayəndəsi X1 (Ünvanı: Ağdam rayonu, Quzanlı kəndi; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı, mütəxəssis) iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 və Mühasibatlıq İdarəsi, Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsi və Məhkəmə Mübahisələri ilə İş İdarəsinə qarşı iddiaçının pensiyasının yenidən hesablanması, 01.03.2019-cu il tarixdən 160 manat, 01.10.2019-cu il tarixdən 320 manat məbləğində ona pensiya təyin edlməsi və 1136,64 manat alınıb ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) 02.12.2020-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. 15.03.2021-ci il tarixli məhkəmə iclasında cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı göstərilməklə, digər cavabdehlərin prosessual iştirakına xitam verilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 04.06.2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı uzun illər Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 13.06.2000-ci il tarixli fərmanın 15-ci bəndinə əsasən institutun adı dəyişdirililmiş, Azərbaycan Memarlıq və İnşaat Universiteti adlandırılmış həmin ali məktəbdə dosent elmi ada layiq görülərək 30.12.2005-ci il tarixə kimi müəllim işləmişdir. 25 il iş stajına malikdir. 23 noyabr 1988-ci il tarixdə ona fizikariyaziyyat elmlər namizədi elmi dərəcəsi (fəlsəfə doktoru) verilmişdir. 01 yanvar 2019-cu il tarixdən yaşa görə əmək pensiya hüququ yaranmışdır. Pensiya təyin edilməsi məqsədilə yaşadığı ünvan üzrə Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmin tarixdən ona 125,44 manat məbləğində pensiya təyin olunmuşdur. DSMF Yasamal rayon Şöbəsinin ona təyin etdiyi pensiyanın məbləği “Əmək Pensiyaları haqqında” AR Qanunun 6-1-ci maddəsinin tələbinə ziddir, əsassız olaraq 01 mart 2019-cu il tarixdən ona ( P=SH=160+120) 280 manat, 01 oktyabr 2019-cu il tarixdən (P=SH=200+120) 320 manat məbləğində pensiya təyin etməmişdir. Ona görə də cavabdehə təkrar ərizə ilə müraciət edərək, “Əmək pensiyaları haqqında” AR Qanunun 6- 1-ci maddəsinə əsasən 01.06.2020- ci il tarixdən yaşa görə əmək pensiyanın 320 mant məbləğində müəyyən olunması barədə qərar qəbul etməsini, 7 ay ərzində ona ödənilməyən (280-245,44) x 7=241,92) 241,92 manat və 8 ay ərzində ödənilməyən (320- 245,44)x 8=596,8) 596,8 manat, cəmi 838,72 manat pulun ona verilməsinə göstəriş verilməsini xahiş etmişdir. Cavabdehin cavabı “Əmək pensiyaları haqqında” AR Qanununa əsaslanmadan, həmin Qanunun 6-1-ci, 10.4.-cü və 19.1-ci və 19.2- ci maddəsinin tələbinə ziddir. Onun subyektiv mülahizəsinə əsaslanmaqla qərəzlidir. Cavabdeh tərəfindən 7 ay ərzində ona ödənilməyən (280-245,44)x 7=241,92) 241,92 manat və 01.10.2020-ci il tarixə 12 ay ərzində ödənilməyən (320-245,44)x 12=894,72) 894,7manat, cəmi 1.136,64 manat təşkil edir. Şifahi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 19.2-ci maddəsinə əsasən fəlsəfə doktoru elmi dərəcəsinə görə ödənilən 120 manat məbləğində vəsait əmək pensiyasının sığorta hissəsinin tərkib hissəsi hesab edilir. Beləliklə, hazırda iddiaçının əmək pensiyasının sığorta hissəsi 146.26 (əsas sığorta hissəsi) +120 (sığorta hissəsinə əlavə) =266.26 AZN təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 6-1-ci maddəsinə əsasən vətəndaşın təyin edilmiş pensiyasının məbləği 200 manatdan aşağı olduqda bu məbləğ 200 manata çatdırılır və çatdırılma üçün ödənilən vəsait pensiyanın sığorta hissəsi hesab edilir. Göründüyü kimi, burada əlavələrin nəzərə alınmaması ilə bağlı heç istisna qoyulmamışdır və əlavələr də pensiyanın sığorta hissəsinin tərkib hissəsidir. Beləliklə, vətəndaşın pensiyasının məbləği 200 manatdan aşağı olmadığı üçün onun pensiyasının məbləğinin artırılmasının da qanuni əsası yoxdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinin 18.10.2019-cu il tarixli məktubuna əsasən iddiaçıya 01.01.2019-cu il tarixdən yaşa görə 245.44 manat (SH 125.44 + Elmlər Namizədi 120) əmək pensiyası təyin edilmişdir. 01.01.2006-cı il tarixədək iş stajı 25 il təşkil edir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 29.06.2020-ci il tarixli bildirişində göstərilmişdir: ““Əmək pensiyaları haqqında” AR Qanunun 6-1 maddəsinin tələbinə əsasən bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Bu səbəbdən də fəlsəfə doktoru elmi dərəcənizə görə verilən əlavə də nəzərə almaqla pensiyanızın ümumi məbləği pensiyanın minimum məbləğindən az olarsa, o halda pensiyanın minimum məbləğinə çatdırılır. Nəzərinizə çatdırırıq ki, Sizin penisyanızın məbləği “Əmək pensiyaları haqqında” AR Qanunun tələblərinə müvafiq olaraq düzgün hesablanmışdır.” Göründüyü kimi, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun müraciətini təmin etməkdən imtina etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 6-1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 01.01.2021-ci il tarixədək qüvvədə olmuş 19.2-ci maddəsinə əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) pensiyalarının sığorta hissəsinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 1996-cı il tarixli 60 nömrəli Qərarının 12-ci bəndinə əsasən bu qərarın 11-ci bəndində qeyd edilən əlavələr yeni vəzifə maaşını təşkil edir və qanunvericilikdə nəzərdə tutulmuş bütün hallarda orta əmək haqqının hesablanmasında nəzərə alınır. Həmin Qərarın 11-ci bəndinə əsasən birinci, ikinci, üçüncü kateqoriyalı elmi və elmitədqiqat idarələrində, ali təhsil məktəblərində çalışan elmlər doktoru alimlik dərəcəsi olan işçilərə, elmlər namizədi, alimlik dərəcəsi olan işçilərə Elmlər Akademiyası, nazirlik və idarələrin elmi və elmi-tədqiqat təşkilatlarının, ali məktəblərin, habelə digər elmi və elmitədqiqat idarələrinin rəhbər və elmi işçilərinin X4 müvafiq olaraq təyin edilmiş vəzifə maaşlarına əlavələr müəyyən olunmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, elmi dərəcəyə görə vəzifə maaşına əlavə yeni vəzifə maaşını təşkil edir və qanunvericilikdə nəzərdə tutulmuş bütün hallarda orta əmək haqqının hesablanmasında nəzərə alınır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya 01.01.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi, iddiaçının tələb etdiyi elmi dərəcəyə görə 120 manat əlavə onun əmək pensiyasının sığorta hissəsinə əlavə kimi nəzərə alınmaqla əmək pensiyasının minimum məbləğindən az olduğundan iddiaçının əmək pensiyasının məbləği qanunvericiliyin tələblərinə uyğun olaraq əmək pensiyasının minimum məbləğinə çatdırılmaqla ödənilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, hazırkı iddia tələbi əsasszıdır və təmin edilə bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddiaçının pensiyasının yenidən hesablanması, 01.03.2019-cu il tarixdən 160 manat, 01.10.2019-cu il tarixdən 320 manat məbləğində ona pensiya təyin edlməsi və 1136,64 manat alınıb ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilmir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar