Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2173/2023 03.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı (üçüncü şəxs: X3 və “X1” MMC) “qərarın ləğv edilməsi və s.” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 27 iyul 2022-ci il tarixli, **********489300 nömrəli qərarının ləğv edilməsi; “X1” MMC-nin direktoru vəzifəsi üzrə hüquqi şəxslərin dövlət reyestrindəki qeydiyyat məlumatlarında dəyişiklik edilərək Cəmiyyətin direktoru vəzifəsi üzrə adının qeydiyyatdan çıxarılması və bu barədə qeydiyyatın ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırki iş üzrə X3 və “X1” MMC-nin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 27 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi və İddiaçı hüquqi şəxslərin dövlət reyestrindən “X1” MMC-nin direktoru olması barədə qeydin ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, "xxxx" İstirahət Kompleksi MMC-nin təsisçilərinin ümumi yığıncağının 01 iyun 2007-ci il tarixli protokoluna əsasən səsvermə yolu ilə İddiaçı "xxxx" İstirahət Kompleksi MMC-nin tutduğu direktor vəzifəsindən azad edilməsi, X2 direktor vəzifəsinə təyin edilməsi qərara alınmışdır. Bunun əsasında iddiaçı hazırda onun hüquqi şəxslərin dövlət reyestrində “X1” MMC-nin təsisçisi və direktoru olması barədə qeydin silinməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu sənədlərin təqdim olunduğu təqdirdə müraciətə yenidən baxılacağını bildirmişdir. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqanın həmin məktubu əsassızdır. Cavabdeh iddiaya münasibətdə bildirir ki, qanunvericiliyin tələblərinə görə rəhbər dəyişikliyi faktının dövlət reyestrinə daxil edilməli müvafiq ərizəyə yeni direktorun təyinatı barədə təsisçilərin ümumi yığıncağının qərarının əsli və rəhbərinin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək təqdim edildikdən sonra həyata keçirilir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun: 9.1. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. 9.2. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. 9.2-1. Bu Qanunun 9.2-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş hərəkətlərin edilməsi tələb olunmadan kommersiya qurumları və publik hüquqi şəxslər üzrə aşağıdakı məlumatlar birbaşa müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə edilərək qeydiyyata alınır: 9.2-1.1 müvafiq icra hakimiyyəti orqanının aktları ilə təsis sənədlərində və qeydə alınmış faktlarda edilmiş dəyişikliklər; 9.2-1.2. qeydə alınmış faktlarda şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlarda dəyişikliklər. 9.2-2. Bu Qanunun 9.2-1.1-ci maddəsində qeyd edilən məlumat müvafiq icra hakimiyyəti orqanının aktları əsasında, 9.2-1.2-ci maddəsində qeyd edilən məlumat isə müvafiq icra hakimiyyəti orqanından onlayn rejimdə əldə edilir və 5 gün müddətində qeydiyyata alınır. 9.3. Bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. 9.4. Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin, habelə dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyatına dair sənədlərə baxılması zamanı təşkilatla bağlı əvvəllər hər hansı dəyişikliyin bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat üçün təqdim olunmaması müəyyən edildikdə qurum Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunmaqla aşkar edilmiş çatışmazlıq aradan qaldırılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, hüquqi şəxslərin dövlət reyestri dedikdə, Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barəsində məlumatlar (qeydlər) məcmusu başa düşülür. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9.1-ci maddəsi hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınmasını tələb edir. Bu normanın təhlili onu deməyə əsas verir ki, hüquqi şəxsə dair qeydə alınmış hər hansı məlumatların dəyişməsi, bu dəyişikliyin qeydiyyata alınmasına səbəb olan hüquqi faktdır. Hüquqda faktlar dedikdə, hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. İş materiallarından göründüyü kimi İddiaçı “X1” MMC-nin təsisçisi və direktoru olmuşdur. Daha sonra "xxxx" İstirahət Kompleksi MMC-nin təsisçilərinin ümumi yığıncağının 01 iyun 2007-ci il tarixli protokoluna əsasən səsvermə yolu ilə İddiaçı "xxxx" İstirahət Kompleksi MMC-nin tutduğu direktor vəzifəsindən azad edilməsi, X2 həmin MMCnin direktoru vəzifəsinə təyin edilməsi qərara alınmışdr. Məhkəmə icraatı zamanı təqdim olunmuş notariat işindən görünür ki, QSC “Bank Standard” Kommersiya Bankı ilə "xxxx" İstirahət Kompleksi MMC ilə 23 iyun 2008-ci il tarixdə ipoteka müqaviləsi bağlandığı vaxtda MMC-nin adından direktor kimi artıq X3 çıxış edirdi ki, bu da öz növbəsində ümumi yığıncaq protokolunun mövcudluğunu, Ə.Ə.Aslanovun "xxxx" İstirahət Kompleksi MMC-nin faktiki direktor olduğunu təsdiq edir. Göründüyü kimi, iddiaçı artıq həmin tarixdən etibarən "xxxx" İstirahət Kompleksi MMC-nin təsisçisi deyildir. Bu,hüquqi şəxsin rəhbəri barədə məlumatın dəyişdirilməsi üçün qanunla müəyyən olunan hüquqi faktdır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınmasını tənzimləyən 9-cu maddəsinə görə, dəyişiklik olunmasını xahiş edən şəxsin “ərizədə baş vermiş dəyişikliyi göstərmək” və “həmin dəyişikliyi təsdiq edən sənədləri təqdim etmək” vəzifəsi müəyyən olunmuşdur Bu normada göstərilən “dəyişikliyi təsdiq edən sənədlər”in nədən ibarət olması qanunda dəqiqləşdirilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2022-ci il tarixli qərara istinad etməklə bildirmişdir ki, cavabdeh inzibati orqan yeni təyin olunan direktorun şəxsiyyətini təsdiq edən sənədin surətinin etibarsız olmasına və əmri imzalayan şəxsin kimliyini müəyyən etmək mümkün olmadığına əsaslanmış, bununla da müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının yeni təsisçinin qərarını, yeni təsisçinin şəxsiyyətini təsdiq edən sənədin surətini təqdim etmək vəzifəsi qanunla müəyyən edilməmişdir. Çünki bu sənədlərin təqdim olunması iddiaçının imkanları xaricində ola bilər. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 11.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan başqa hər hansı digər əsasa görə, hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatına alınmasından və dövlət reyestrinə daxil edilməsindən, eləcə də dövlət reyestrində dəyişikliklər edilməsindən imtinaya yol verilmir. Həmin Qanunun 11.3-cü maddəsində təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtinanın əsasları sadalanmış və dəyişikliyin dövlət qeydiyyatına alınmasından yalnız bu hallarda imtina edilə bilməsi müəyyən olunmuşdur. Yaranmış vəziyyətdə mübahisənin həllinə aydınlıq gətirilməsi üçün ilk növbədə o fakt diqqətdə saxlanmalıdır ki, kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri qaydalarına əməl olunmasına nəzarət vergi orqanının səlahiyyətlərinə aiddir və hazırki vəziyyətin tənzimlənməsi mexanizmi qanunla müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İXM-nin 405-ci maddəsində hüquqi şəxslərin, habelə xarici dövlətlərin hüquqi şəxslərinin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin və bu qurumlara dair qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə və qaydada müvafiq icra hakimiyyəti orqanına müraciət olunmaması inzibati xəta kimi müəyyən olunmuşdur və bu əmələ görə vəzifəli şəxslər üçün min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üçün iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə növündə inzibati tənbeh nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 6.0-cı maddəsinə görə, İXM-nin 405-ci maddəsində (kommersiya qurumlarına və publik hüquqi şəxslərə münasibətdə) nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi adından Dövlət Vergi Xidmətinin rəisi, onun müavinləri, Dövlət Vergi Xidməti Aparatının rəhbəri, onun müavinləri, Dövlət Vergi Xidməti Aparatının struktur bölmələrinin və strukturuna daxil olan qurumların rəisləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəisi, onun müavini, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin Aparatının rəhbəri, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin şəhər (rayon) vergilər idarələrinin rəisləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rayon vergilər şöbələrinin rəisləri, onların müavinləri baxır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9.4-cü maddəsində deyilir ki, hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin, habelə dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyatına dair sənədlərə baxılması zamanı təşkilatla bağlı əvvəllər hər hansı dəyişikliyin bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat üçün təqdim olunmaması müəyyən edildikdə qurum Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunmaqla aşkar edilmiş çatışmazlıq aradan qaldırılmalıdır. Göründüyü kimi, iddiaçı tərəfindən sadəcə ümumi yığıncağının protokolunun surətinin, həmçinin ipoteka müqaviləsinin təqdim edilməsi, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9.4-cü maddəsinə əsasən cavabdeh üçün aşkar edilmiş çatışmazlığı aradan qaldırmaq vəzifəsi yaradır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə dair verilən aşağıdakı izahların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1941/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, “ş materiallarından göründüyü kimi iddiaçı artıq “Şirvan-6” kiçik müəssisəsinin payçısı deyildir. Bu, hüquqi şəxsin rəhbəri barədə məlumatın dəyişdirilməsi üçün qanunla müəyyən olunan hüquqi faktdır. Məhkəmə kollegiyası qeyd edir ki, işin hazırkı halında iddiaçının yeni təsisçinin qərarını, yeni təsisçinin şəxsiyyətini təsdiq edən sənədin surətini və yeni təsisçi ilə bağlı hər hansı sənədi təqdim etmək vəzifəsi olmamışdır.” Oxşar mövqeyi həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-26/2021 saylı, xx.xx.2021-ci il tarixli; 2-1(102)-744/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarlarında təkrarlanmışdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin olunsun. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 27 iyul 2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı hüquqi şəxslərin dövlət reyestrindən “X1” MMC-nin direktoru olması barədə qeydin ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-2173/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2173/2023
03.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver