Məhkəmə qərarları › İş №2-1(112)-2173/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2173/2024

09.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2173/2024 09.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası X9 publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının X9 publik hüquqi şəxsə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Vəkillər Kollegiyası) “test tapşırığına cavabın doğru hesab edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının X9 publik hüquqi şəxsə qarşı “İddiaçı xx.xx.2023-cü il tarixdə “Vəkilliyə qəbulla bağlı” keçirilən imtahan nəticələrinin yenidən yoxlanılması və kompensasiya kimi minimum 3 bal əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 10:00-da X9 tərəfindən keçirilən vəkilliyə qəbulla bağlı imtahanın test mərhələsində iştirak etmiş və keçid balı 60 olan imtahandan 58 bal toplamışdır. Daha sonra xx.xx.2023-cü il tarixdə X5 apellyasiya şikayəti etmişdir. Belə ki, imtahan və apellyasiya zamanı hesab etmişdir ki, “oferta nədir?” test sualında, həmçinin təxminən 45 və 67-ci testlərin hər birinin variantlarında 2 cavab doğrudur, yəni bu testlərin hər birində dərindən şərh edilərsə 2 cavab variantının doğruluğunu təkzib edəcək mötəbər hüquqi, qanuni, nəzəri, əsaslar yoxdur, odur ki, bu testlərin hər biri mənim xeyrimə kompensasiya kimi əlavə düzgün 3 balla qiymətləndirilməlidir. xx.xx.2023-cü il tarixdə apellyasiya zamanı bir testin səhv olduğunu X6 hüquqşünas eksperti də demək olar ki təsdiqləmişdir, bundan başqa bildirmişdir ki, digər ikinci dediyi testin səhv və ya doğru olmasının X5 mötəbər qanuni, əsaslı, hüquqi nəzəri diskusiyaya ehtiyacı vardır, (təxminən 45,67-ci testlər) Ailə məcəlləsindən çıxarış: maddə 117.6. Uşaqlar (bu Məcəllənin 117.6-1-ci maddəsində göstərilən hal istisna olmaqla) Azərbaycan Respublikasından daimi olaraq kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarına, uşaqların qohumu olmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq vahid uçota alındığı gündən 6 ay müddət bitdikdən sonra övladlığa verilə bilərlər; Maddəl 17.6-1. Azərbaycan Respublikasının vətəndaşı olmayan, lakin bu Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq vahid uçota alınmış uşaqların Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarına, uşaqların qohumu (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) olmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə övladlığa verilməsinə onlar uçota alındıqları gündən 1 (bir) il müddət keçdikdən sonra yol verilir. Belə ki, test sualının formasını dərindən təhlil etdikdə iki cavab doğrudur (6 ay və 1 il, bu testdə səhv 1 il işarələmişdi). Hesab edirəm ictimai xüsusi ittihamla bağlı test sualında (təxminən 45,67-ci testlər) iki cavab variantının doğra olmasının dərindən şərh edilməsi vacibdir. Yalnız CPM-in 37-ci maddəsi ilə şərh etmək düzgün deyil. Belə ki, CPM-i, Beynəlxalq hüququn norma və prinsipləri, Azərbaycan Respublikasının konstitusiyası, ümumilikdə hüquq nəzəriyyəsi və qanun rəhbər tutularsa və müxtəlif versiyalarla, motivlərlə, yəni nəzəri hüquqi misallarla düşünülərsə, həmin testdə də iki doğra cavab var və bunları mötəbər qanuni əsaslı təkzib etmək mümkün deyildir. (Məsələn: “cinayət hədə-qorxu, məcburiyyət təsiri altında və ya onu törətmiş şəxsdən asılı vəziyyətdə olan digər şəxs barəsində törədildikdə”; müxtəlif versiyalarla, nəzəri hüquqla “digər şəxs” ifadəsi “şəxs” ifadəsini əhatə edir, həmçinin “hədə qorxu ”, “məcburiyyət təsiri” də diskusiya mövzusudur, bunun əhatəli təhlili lazımdır, bütün digər qanunların, maddələrin şərhinin bü hüquqi ifadələrə təsiri araşdırılmalıdır və həmçinin də digər hüquqi nəzəriyyələrə, qanunlara, maddələrə əsasən kimlərin təşəbbüsü ilə müxtəlif nəzəri versiyalı hansı hallarda ictimai xüsusi ittihamı apara bilməsi dəqiqləşdirilməlidir). Bunlardan başqa, təqdim olunmuş test suallarından birində də cavab variantlarında nəzəri qanuni əsasla təkzib edilməz 2 doğru cavab olmuşdur. Belə ki, həmin test sualmda göstərilmişdir ki, “oferta nədir?”. Cavab variantlarından biri "müqaviləyə təklif’, digərində "müqavilə təklifinə razılıq" hüquqi ifadələri yazılmışdı. MM-nin 410-cu maddəsi hüquqi əsasla dərindən şərh edilsə (gecikmiş razılıq,у eni təklif təklifу eni oferta=oferta; yəni müəyyən hallarda "müqavilə təklifinə razılıq" oferta ola bilər) ümumi məzmun baxımından və əsaslı olaraq demək olar ki, həmin test sualının cavab variantındakı "müqavilə təklifinə razılıq" ifadəsi də doğru cavabdır və bunu təkzib etmək mümkün deyil. Buradan belə nəticəyə gəlmək olar ki, həmin test sualına cavabı da onun xeyrinə hesablanmalıdır, hələ kompensasiya balları da əlavə edilməlidir. Həqiqətən də ehtimal olunan hər hansı hər bir test səhvinə görə ümumi nəticəsinə təsir edəcək minimum 3 bal kompensasiya olunmalıdır. Belə ki, imtahan zamanı diqqətini cəmləməyinə, lüzumsuz vaxt itkisinə və vaxtın bu səbəblə azaldığına görə digər sualları daha düzgün cavablandırılmamış, bu və digər səbəblə bağlı ümumi nəticəmə təsir etmişdir. Hətta apellyasiya zamanı hesab olunan 1 test səhvinə görə hüquqşünas ekspertlə bu məsələni dəqiqləşdirmək üçün diskusiya edərkən hardasa 30 dəqiqə vaxt getmişdir. Belə hallar imtahan vaxtı nəticəsinə nə qədər təsir edib. Məsələn, hətta son 3 testinin cavablandırılması zamanı demək olar ki, imtahanın bitməsinə saniyələr qaldığından testləri ötəri oxuyaraq və cavablayaraq 2 səhv etmiş, halbuki vaxtı olsa hamısını düz yazar və vaxtının olmamasının səbəbi səhv tərtib edilən bir test olmuşdur. Hətta fikri hər hansı bir səhv testdə qaldığından, yanlışlıq edərək imtahan testlərinin əvvəlində sonradan dəqiqləşdirdiyi ehtimal olunan düzgün cavabı dəyişərək yanlışlıqla səhv cavab yazmışdır. Göstərilənlərin hər birini kamera görüntüləri ilə müəyyən edə bilər, həmçinin imtahan zamanı təqdim edilən qaralama kağızda testlərin cavablarını yazmış, hətta “oferta test sualının” hələki tək doğru seçilən variantını qaralamada dəyişməyi öz əksini tapıb və qaralama nəzarətçinin tələbi ilə imtahanın sonunda ona təqdim edilmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən bu hal və digər hallarla bağlı, hər bir test yanlışlığı ilə bağlı, kompensasiya kimi onun nəticəsinə ən azı 3 bal əlavə edilməlidir. Kompensasiya balının tənzimlənməsi üçün qanunların və “İnzibati icraat haqqında” qanunun tələbi ilə inzibati orqan özü daxili qanuni mexanizm tətbiq edə bilər. Bundan başqa, 1-ci test sualında da a və d bəndləri düz idi, inzibati icraatla bağlı sual elə qoyulmuşdu ki, inzibati orqan da hesablana bilərdi, tərəflər sözü olmasa da təkzib etmək olmazdı ki, a və d düzdür. 3000 məhkəmə iclasında hüquqşünas kimi çıxış etməklə yanaşı, həm də təxminən 2 il bank sahəsində ləğvetmədə hüquqşünas kimi, 1 il isə sığorta sahəsində hüquqşünas kimi, 2 il isə Müdafiə Nazirliyinə hüquqşünas kimi fəaliyyət göstərmişdir. Necə ki dünyada kiloqramın etalonu var, hesab edir ki, vəkilliklə bağlı keçirilən imtahanın 1-ci turundan keçməməyi imtahanın normadan artıq çətin olduğunu göstərir. Misal üçün, prokurorluq orqanlarına qəbulla bağlı keçirilən imtahanda 78 bal toplamışdır. Hazırda da fəaliyyət göstərən vəkillərin 80 faizindən savadlıdır. Bundan əlavə, “oferta” ilə bağlı sualın da səhv olduğunu qeyd etsə də, onun nömrəsini soruşdular, lakin imtahanda sual nömrələrini əzbərləmədiyi üçün sual nömrəsini xatırlaya bilməmiş, buna görə də, həmin sualı yenidən nəzərdən keçirməkdən imtina etmişlər. Mayın sonlarında Vəkillər Kollegiyasına məlumat üçün bildirmişdir ki, imtahan nəticələri ilə bağh apellyasiya şikayəti etmişdir. X7 Mərkəzinə ünvanlanmış ərizəyə isə cavab olaraq bütün testlərin doğru olduğu cavabı gəlsə də, sonradan xx.xx.2023-cü il tarixdə cavab verilmiş və bildirilmişdir ki, 1 testləri səhvdir və imtahan nəticəsinə 1 bal əlavə olunmuşdur. Digər məsələlərlə bağlı isə imtina verilmişdir. Buna görə də İnzibati Prosessual Məcəllənin tələblərinə əsasən məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası iş üzrə inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “xx.xx.2023-cü il tarixdə “Vəkilliyə qəbulla bağlı” keçirilən imtahan zamanı iddiaçıya təqdim olunmuş 67ci test tapşırığında 2 doğru cavab olduğundan, həmin test tapşırığına cavabının doğru hesab edilməsi və imtahan zamanı iddiaçıya təqdim olunmuş test tapşırıqlarındakı hər bir səhv tərtib olunmuş testə görə yekun imtahan nəticəsinə kompensasiya kimi minimum 3 bal əlavə edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının X6 üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “xx.xx.2023-cü il tarixdə “Vəkilliyə qəbulla bağlı” keçirilən imtahan zamanı iddiaçıya təqdim olunmuş 67ci test tapşırığında 2 doğru cavab olduğundan, həmin test tapşırığına cavabının doğru hesab edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının X6 üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikasının X9 Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə yaradılmışdır və həmin X2 təsdiq edilmişdir. Nizamnaməsinə uyğun olaraq, Mərkəz dövlət qulluğu sahəsində fəaliyyəti, ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasını həyata keçirən, dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin İX hissəsinə əsasən vəkilliyə namizədlərin ixtisas imtahanının qaydaları Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Vəkillər X3 xx.xx.2008-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları"nın 4.8-ci bəndinə əsasən test imtahanında hər bir imtahan sualına düzgün cavab 1 (bir) balla qiymətləndirilir (cəmi 100 mümkün bal). Səhv cavablar və ya sualın cavabsız qoyulması “0” bala bərabər tutulur. Adıçəkilən Qaydaların 4.9-cu bəndinə əsasən imtahanın yekununa görə 60 (altmış) və ya daha çox bal toplamış namizədlər imtahanın ikinci mərhələsinə - şifahi müsahibəyə buraxılırlar. Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə Mərkəz arasında Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla əlaqədar imtahanların təşkili məqsədilə bağlanmış müqaviləyə əsasən Mərkəz (İcraçı) Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla əlaqədar müsabiqənin birinci mərhələsi üzrə namizədlər üçün yazılı test imtahanın keçirilməsi ilə bağlı tələb olunan işlərin həyata keçirilməsini və nəticələrinin Kollegiyaya (Sifarişçiyə) tələb edilən formada təqdim edilməsini, Sifarişçi isə müqavilə ilə müəyyən edilmiş məbləğin İcraçıya ödənilməsini öhdəsinə götürmüşdür. Mərkəz Müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərini lazımınca yerinə yetirib xidmətləri Kollegiyaya müəyyənləşdirilmiş qaydada təhvil vermişdir. Sözügedən imtahanda istifadə edilən test tapşırıqları Mərkəzin ekspertlərinin və Vəkillər Kollegiyasının təqdim etdiyi şəxslərin birgə iştirakı ilə hazırlanmış və hazırlanmış test tapşırıqları təkrar ekspertizadan keçirildikdən sonra imtahanda istifadə edilmişdir. İmtahan kompüter vasitəsi ilə elektron qaydada təşkil olunmuş və namizədlər imtahanı bitirdikdən dərhal sonra onlara nəticələri haqqında arayış təqdim edilmişdir. Bundan əlavə, imtahan nəticələrindən narazı qalan namizədləri nəzərə alaraq, onların imtahan nəticəsinə dair şikayətlərini bildirməsi üçün Mərkəzdə 26, 30 və 31 may tarixlərində Apellyasiya komissiyası təşkil edilmiş və bununla da namizədlərin imtahan nəticələrinə dair şikayətlə komissiyaya müraciət etmək imkanı yaradılmışdır. İddiaçı Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla əlaqədar xx.xx.2023-cü il tarixdə keçirilmiş yazılı test imtahanının nəticəsindən narazı qaldığı üçün Apellyasiya Komissiyasına müraciət etmiş və onun apellyasiya ərizəsində qeyd etdiyi nəticəsindən narazı qaldığı suallar (45-ci və 67-ci test tapşırıqları) bir daha Mərkəz tərəfindən araşdırılmışdır. Mərkəzin xx.xx.2023-cü il tarixli 9-3/2-H-2060-42-420/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 9-3/2-H-42-643/2023 nömrəli məktubları ilə iddiaçıya izah edilmişdir ki, sözügedən imtahanda istifadə edilən test tapşırıqlarının məzmunu əvvəlcədən ekspertlər tərəfindən ekspertizadan keçirilir və imtahanda yalnız ekspertizadan keçirilmiş, məzmunu ilə bağlı heç bir elmi-metodiki və texniki qüsur aşkar edilməmiş test tapşırıqları istifadə edilir. Azərbaycan Respublikasının X9 Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlərlə müsabiqənin keçirilməsi üçün aparılmış test imtahanının nəticələrindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə test imtahanında iştirak etmiş və yekun olaraq 58 bal toplamışdır. Azərbaycan Respublikasının X9 tərəfindən iddiaçıya ünvanlanmış 9-3/2-H-42- 643/2023 saylı xx.xx.2023-cü il tarixli apellyasiya şikayətinə baxılması haqqında məktubda bildirilmişdir ki, Vəkillər Kollegiyasına üzvlüyə qəbulla bağlı müsabiqənin test imtahanı mərhələsi ilə əlaqədar ərizə və müraciətlərinə, o cümlədən xx.xx.2023-cü il tarixli 9-3/1-H-2060/2-42/2023 nömrəli apellyasiya müraciətinə aidiyyəti üzrə baxılmış və bu barədə yaşadığı ünvana və elektron poçtuna cavab məktubu göndərilmişdir. İmtahandan sonra aparılan təkrar ekspertiza zamanı apellyasiya ərizəsində qeyd edilən hər 2 test tapşırığının elmi-metodiki cəhətdən düzgün tərtib edildiyi təsdiq edilmişdir. Bununla belə, "insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyaya aid tapşırığın cavab variantlarında 14 saylı protokolla edilmiş düzəliş nəzərə alınmadığı müəyyən edilmişdir. Bu səbəbdən qeyd edilən tapşırıq onu cavablandıran bütün namizədlər üçün düzgün cavablandırılmış kimi qəbul edilmişdir. Növbəti mərhələyə buraxılan namizədlərin yenilənmiş siyahısı Vəkillər Kollegiyasına nəzərə almaları üçün göndərilmişdir. İmtahan nəticəsi qeyd olunan düzəliş də nəzərə alınmaqla 59 bal olmuşdur, yəni növbəti mərhələyə buraxılmaq üçün tələb olunan minimal keçid balını (60 bal) toplamamışdır. Yuxarıda qeyd edilənlər nəzərə alınaraq apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikasının X9 tərəfindən iddiaçıya ünvanlanmış 9-3/2-H-2060-42- 420/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Vəkillər Kollegiyasına üzvlüyə qəbulla bağlı müsabiqənin test imtahanı mərhələsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli apellyasiya müraciətinə aidiyyəti üzrə baxılmışdır. Apellyasiya ərizəsində qeyd edilən hər 2 test tapşırığı elmi-metodiki cəhətdən düzgün tərtib edilmişdir. 45 saylı test tapşırığı: Cinayət-prosessual Məcəlləyə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinin zərərçəkmiş şəxsin şikayəti olmadan prokuror tərəfindən başlanılmasına əsas verən hallar sırasında yanlış göstərilmişdir: Cinayət-prosessual Məcəllənin 37.5-ci maddəsində cinayətin hamilə vəziyyətdə ola qadın, qoca və köməksiz vəziyyətdə olan şəxs tərəfindən deyil, cinayətin hamilə vəziyyətdə ola qadın, qoca və köməksiz vəziyyətdə olan şəxs barəsində törədilməsi cinayət təqibinin prokuror tərəfindən başlanılmasına əsas verən hallar sırasında göstərilmişdir. 67 saylı test tapşırığı: Ailə Məcəlləsinə əsasən valideyn himayəsindən məhrum olan uşaqlar kimi uçota alındığı gündən hansı müddət bitdikdən sonra onların qohumu olmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə övladlığa verilə bilər? Məcəllənin 117.6-cı maddəsinə əsasən: "Uşaqlar (bu Məcəllənin 117.6-1-ci maddəsində göstərilən hal istisna olmaqla) Azərbaycan Respublikasından daimi olaraq kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarına, uşaqların qohumu olmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq vahid uçota alındığı gündən 6 ay müddət bitdikdən sonra övladlığa verilə bilərlər." Yuxarıda qeyd edilənlər nəzərə alınaraq apellyasiya şikayəti təmin edilməmişdir. EZ seriyalı ******* saylı xx.xx.2020-ci il tarixli hərbi biletdən görünür ki, İddiaçı 2018ci ildə Silahlı Qüvvələrin və Tədris Mərkəzinin ehtiyat zabit kursunu hərbi hüquqşünas ixtisası üzrə bitirmişdir. Vəkilliyə namizəd İddiaçı Azərbaycan Respublikasının X9 tərəfindən təşkil olunan və keçirilən test imtahanında iki sualla bağlı şikayətinə dair rəydə bildirilmişdir ki, onun testə düşən Cinayət Prosessual Məcəlləsinin 37-ci maddəsi və Ali Məcəlləsinin 117.6-cı maddəsi ilə bağlı suallarla əlaqədar şikayətini sualların konkret normativ-hüquqi aktların məzmunu ilə eynilik təşkil etməsi səbəbindən əsassız hesab edilir. Mübahisəli test tapşırıqları bunlardır: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinin zərər çəkmiş şəxsin şikayəti olmadan prokuror tərəfindən başlanmasına əsas verən hallar sırasında yanlış göstərilmişdir: cinayətin hamilə vəziyyətində olan qadın, qoca və köməksiz əziyyətdə olan şəxs tərəfindən törədilməsi cinayət fəaliyyət qabiliyyəti olmayan və ya cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxs tərəfindən törədildikdə törədilmiş cinayət dövlətin və ya cəmiyyətin mənafeyinə toxunduqda D) cinayət hədə-qorxu, məcburiyyət təsiri altında və ya onu törətmiş şəxsdən asılı vəziyyətdə olan digər şəxs barəsində törədildikdə. Bu sual üzrə düzgün cavab variantı A) variantıdır, çünki sualda qeyd olunan məsələ birbaşa CPM-nin 37.5-ci maddəsi ilə tənzimlənir və ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinin zərər çəkmiş şəxsin şikayəti olmadan prokuror tərəfindən başlanmasına əsas verən hallar məhz həmin maddədə sadalanır. A) variantında “cinayətin hamilə vəziyyətində olan qadın, qoca və köməksiz vəziyyətdə olan şəxs tərəfindən törədilməsi" ifadəsində “tərəfindən” sözü əvəzinə “barəsində” sözü olmalıdır. Birincisi, CPM-in 37.5.3-cü bəndində “barəsində" sözü ilə həmin cümlə qeyd edilib, ikincisi, CPM-in 37.5.3-cü maddəsinin mənasına görə cinayət hamilə vəziyyətində olan qadın, qoca və köməksiz vəziyyətdə olan şəxsə qarşı tərədilməsi halında prokurorun zərərçəkmişin razılığı tələb olunmadan cinayət təqibinin başlanmasını müəyyən edir. Yəni cinayət sadalanan şəxslər tərəfindən törədildikdə deyil, onlara qarşı törədildikdə (onlar barəsində) cinayət təqibi prokuror tərəfindən zərərçəkmişin razılığı tələb olunmadan başlanır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən uşaqlar valideyn himayəsindən məhrum olan uşaqlar kimi uçota götürüldüyü gündən hansı müddəi bildikdən sonra onların qohumu olmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə övladlığa verilə bilərlər? A. 6 ay müddət bitdikdən sonra B. Ailə Məcəlləsində belə müddət müəyyən edilməmişdir C. 3 ay müddət bitdikdən sonra D. 1 il müddət bitdikdən sonra Bu sual üzrə düzgün cavab variantı A) variantıdır, çünki sualda qeyd olunan məsələ birbaşa AM-nin 117.6-cı maddəsi ilə tənzimlənir. AM-nin 117.6-cı maddəsinə uşaqlar dedikdə, Azərbaycan Respublikasının vətəndaşları olan uşaqlar başa düşülür və qeyd olunan müddət onlar üçün 6 ay nəzərdə tutulub. AM-nin 117.6-1-ci maddəsində isə Azərbaycan Respublikasının vətəndaşı olmayan uşaqlar nəzərdə tutulur və onlar üçün müddət 1 il nəzərdə tutulub. Vəkilliyə namizəd test imtahanlarına hazırlaşarkən Ailə Məcəlləsinin mətninə məntiqi yanaşsa idi, ona aydın olardı ki, ümumiyyətlə, Məcəllədə uşaqlar dedikdə yalnız Azərbaycan Respublikasının vətəndaşları olan uşaqlar nəzərdə tutulur, vətəndaş olmayan uşaqlar isə xüsusi şəkildə qeyd olunur. Test suallarında “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən”, “Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən'' kimi ifadələr işlədilirsə, namizəd məhz həmin məcəllələrdə qeyd olunduğu kimi sualın cavabını tapmalı və doğru cavabı qeyd elməlidir. Bu sayaq suallara cavab verərkən ümumi hüquqi prinsiplər, ideyalar və mülahizələr nəzərə alınmır. Belə sualların qoyulmasında məqsəd namizədin qanunun normalarını nə dərəcədə dəqiq bilməsini yoxlamaq məqsədi daşıyır. Beləliklə, vəkilliyə namizəd İddiaçı etdiyi şikayətdə qeyd eldiyi xüsusatların heç bir əsası yoxdur və nəzərə alınmamalıdır. İddiaçı yazılı mülahizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə “Vəkilliyə qəbulla bağlı” keçirilən imtahan zamanı təqdim olunmuş 67-ci test tapşırığında 2 doğru cavab olduğundan, həmin test tapşırığına cavabı doğru hesab edilməlidir. Belə ki, həmin 67-ci test tapşırığı müvafiq formada tərtib edilmişdir: Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən uşaqlar valideyn himayəsindən məhrum olan uşaqlar kimi uçota götürüldüyü gündən hansı müddət bitdikdən sonra onların qohumu olmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə övladlığa verilə bilərlər? A) 6 ay müddət bitdikdən sonra B) Ailə Məcəlləsində belə müddət müəyyən edilməmişdir C) 3 ay müddət bitdikdən sonra D) 1 il müddət bitdikdən sonra Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.1-ci maddəsində göstərilmişdir ki, 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Buradan belə nəticəyə gəlmək olur ki, Ailə Məcəlləsində həmin göstərilən şəxslər dedikdə əcnəbi, vətəndaşlığı olmayan, vətəndaşlığı olan uşaqlar ümumilikdə nəzərdə tutulur. Həmçinin, BMT-nin Baş Məclisinin 44-cü sessiyasında qəbul edilmiş 20 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında Konvensiya”nın 1-ci maddəsində göstərilmişdir ki, hər bir insan 18 yaşına çatanadək bu Konvensiyanın məqsədləri üçün uşaq sayılır. Buradan belə nəticəyə gəlmək olur ki, 18 yaşdan aşağı dünyadakı bütün şəxslər uşaq sayılır. Ailə Məcəlləsindən çıxarış: 117.6. Uşaqlar (bu Məcəllənin 117.6-1-ci maddəsində göstərilən hal istisna olmaqla) Azərbaycan Respublikasından daimi olaraq kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarına, uşaqların qohumu olmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq vahid uçota alındığı gündən 6 ay müddət bitdikdən sonra övladlığa verilə bilərlər. 117.6-1. Azərbaycan Respublikasının vətəndaşı olmayan, lakin bu Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq vahid uçota alınmış uşaqların Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarına, uşaqların qohumu (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) olmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə övladlığa verilməsinə onlar uçota alındıqları gündən 1 (bir) il müddət keçdikdən sonra yol verilir. Yuxarıda göstərilən, Ailə Məcəlləsinin 117.6. və 117.6-1-ci maddələrini təhlil etdikdə müəyyən etmək olur ki, 67-ci test sualında 2 doğru cavab vardır (6 ay və 1 il). Bundan başqa, "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda göstərilmişdir ki, bu Konstitusiya Qanunu normativ hüquqi aktların hazırlanması, qəbul olunması, rəsmiləşdirilməsi, dərc edilməsi, qüvvədə olması, şərh edilməsi və sistemləşdirilməsi qaydalarını müəyyən edir. Həmin qanundan çıxarışlar aşağıdakı kimidir: 30.1. Normativ hüquqi aktın struktur elementləri preambuladan, bölmədən, fəsildən, maddədən, hissədən, bənddən, yarımbənddən və abzasdan ibarətdir. 30.6. Normativ hüquqi aktın maddəsi hissələri özündə birləşdirən və tamamlanmış normativ müddəanı əks etdirən əsas struktur elementidir. Yuxarıda göstərilən “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 30.1 və 30.6cı maddələrini təhlil etdikdə, həmçinin müəyyən etmək olur ki, 67-ci test sualında 2 doğru cavab var (6 ay və 1 il). Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin qrammatikasına görə cümlə bitmiş bir fikri bildirir və cümlə müxtəlif nitq hissələrindən ibarət ola bilər. Odur ki, təqdim olunmuş 67-ci test sualını nəyinki qanunu, hüquqi, terminaloji baxımdan, həmçinin Azərbaycan dilinin qrammatikasına və testologiya elminə əsasən təhlil etdikdə müəyyən etmək olur ki, həmin test sualında iki doğru cavab vardır. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək xx.xx.2023-cü il tarixdə “Vəkilliyə qəbulla bağlı” keçirilən imtahan zamanı ona təqdim olunmuş 67-ci test tapşırığında 2 doğru cavab olduğundan, həmin test tapşırığına cavabının doğru hesab edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının X6 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). II. İddianın növü və mümkünlüyü “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. X9 publik hüquqi şəxsin Nizamnaməsindən: Azərbaycan Respublikasının X9 dövlət qulluğu sahəsində fəaliyyəti, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını) həyata keçirən, dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir. İddiaçı vəkilliyə qəbulla bağlı imtahanın test mərhələsində iştirak etmiş və balı 59 qiymətləndirilmişdir. Onun təqdim olunmuş 67-ci test tapşırığının cavabının doğru hesab edilməsi halında 60 bal toplamış olacaqdır. Odur ki, hazırdı iddia uğurlu olduğu təqdirdə iddiaçı üçün hüquqi nəticə yaradır, belə ki, o, müsahibədə iştirak imkanı qazanacaqdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 86 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”ndan: 2.2. Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının məzmunu, yəni imtahanda istifadə ediləcək tapşırıqların ümumi sayı, tapşırıqların növü (qapalı tipli test tapşırıqları, açıq və esse tipli tapşırıqlar), sahələr və çətinlik dərəcəsi üzrə konkret bölgüsü, yardımçı vəzifələr üzrə tapşırıqların fərqli xüsusiyyətləri, həmçinin vəzifə qrupları üzrə toplanması mümkün olan maksimal bal vəzifələrin qrupundan asılı olaraq Mərkəz tərəfindən, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanının məzmunu isə Azərbaycan Respublikasının Dövlət X4 təklifləri əsasında Mərkəz tərəfindən müəyyən edilir. 2.3. Test tapşırıqlarının hazırlanması və ekspertizasının keçirilməsi Mərkəz tərəfindən təşkil edilir. 2.4. Test tapşırıqlarının aşağıdakı növləri var: 2.4.1. qapalı tipli, yəni verilən cavab variantlarından 1 doğru cavabın müəyyənləşdirilərək qeyd edilməsi tələb olunan test tapşırıqları; 2.4.2. açıq tipli, yəni cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilərək yazı ilə ifadə olunması tələb edilən test tapşırıqları; 2.4.3. sərbəst şəkildə cavablandırılan esse tipli tapşırıqlar. 2.5. Test tapşırıqlarının hazırlanması üçün vəzifə qrupları üzrə proqramlar Mərkəz tərəfindən təsdiq edilir. Proqramda test imtahanında yoxlanılacaq biliklər üzrə mövzular, bacarıqlar və təqdim edilməsi mümkün olduğu halda ədəbiyyat siyahısı göstərilir. Test imtahanı proqramları Mərkəzin internet portalında (bundan sonra – portal) yerləşdirilir. 2.6. Hazırlanan qapalı tipli hər bir test tapşırığı aşağıdakı tələblərə cavab verməlidir: 2.6.1. test tapşırığı şərtdən və cavab variantlarından ibarət olmalıdır; 2.6.2. hər bir test tapşırığına cavab variantları hazırlanmalı və bunlardan biri doğru, digərləri isə yanlış olmalıdır; 2.6.3. test tapşırığında düzgün cavab və onun hazırlanmasında istifadə olunan mənbə göstərilməli və həmin tapşırıqların mövzusu ümumiləşdirilmiş proqram, verilmiş ədəbiyyatlar, dərsliklər və dərs vəsaitləri çərçivəsindən kənara çıxmamalıdır; 2.6.4. test tapşırığı mürəkkəblik dərəcəsinə görə sadə, orta və ya mürəkkəb olmalıdır; 2.6.5. test tapşırığının şərti və cavabları dəqiq, aydın və birmənalı olmalıdır. Məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə də məhkəmənin vəzifəsi test tapşırıqlarının qeyd edilən tələblərə uyğunluğunun yoxlanmasıdır. Mübahisə xx.xx.2023-cü il tarixdə “Vəkilliyə qəbulla bağlı” X9 tərəfindən keçirilən imtahan zamanı iddiaçıya təqdim olunmuş 67 saylı test tapşırığı ilə bağlıdır. 67-ci sual: Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən uşaqlar valideyn himayəsindən məhrum olan uşaqlar kimi uçota alındığı gündən hansı müddət bitdikdən sonra onların qohumu olmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə övladlığa verilə bilərlər? A) 6 ay müddət bitdikdən sonra B) Ailə Məcəlləsində belə müddət müəyyən edilməmişdir C) 3 ay müddət bitdikdən sonra D) 1 il müddət bitdikdən sonra 67-ci test tapşırığına dair məhkəmə aşağıdakıları qeyd edir: Məhkəmə hesab edir ki, 67-ci sual qapalı tipli test tapşırığıdır və cavabın mahiyyətinə toxunmadan (doğru və yanlış) yuxarıda qeyd edilən qaydaların 2.6-cı bəndinə uyğundur. Azərbaycan Respublikasının Ailə Məcəlləsindən: 117.6. Uşaqlar (bu Məcəllənin 117.6-1-ci maddəsində göstərilən hal istisna olmaqla) Azərbaycan Respublikasından daimi olaraq kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarına, uşaqların qohumu olmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq vahid uçota alındığı gündən 6 ay müddət bitdikdən sonra övladlığa verilə bilərlər. Sualın düzgün cavabı A) variantı (6 ay müddət bitdikdən sonra) qəbul edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Test imtahanının nəticələrindən görünür ki, İddiaçının həmin suala cavabı C) varinatı (3 ay müddət bitdikdən sonra) olmuşdur və cavabı “yanlış” qiymətləndirilmişdir. Belə olan halda, cavabdeh qurum iddiaçının suala qeyd edilən cavabını yanlış kimi qiymətləndirilməkdə haqlı olmuşdur və bu hal iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsaəsn, iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia tələbi təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar