Məhkəmə qərarları › İş №2-1(112)-2175/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2175/2020

08.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2175/2020 08.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı və 3-cü şəxs X4 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Nizami rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında akt qeydində düzəlişin edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi” barədə iddia tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Nizami rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının doğum haqqında qeydində anasının milliyyəti qrafasında “rus” yazısının “alman” yazısına düzəliş (dəyişiklik) edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2175/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə X7 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının anası X7 xx xxxxxx 1953-cü ildə X1 vilayətinin Kansk şəhərində anadan olmuşdur. X13 Xristianoviç (alman milliyyətli), anası isə X10 (rus milliyyəti) olmuşdur. İddiaçının anasının ailəsi 1961-ci ildə Azərbaycana köçmüş, anası alman olduğu üçün ailəsi bir çox repressiyalara məruz qalmışdır. İddiaçı doğularkən iddiaçının doğum haqqında qeydində və doğum haqqında şəhadətnaməsində anası X4 milliyyəti “rus” yazılmışdır. Lakin bu qeyd qanunsuzdur. Atası alman milliyyətindən olduğu üçün onun da milliyyəti iddiaçının doğum qeydində “alman” yazılmalı idi. Qeyd edilənləri nəzərə alaraq doğum haqqında akt qeydində anasının milliyyəti qrafasında “rus” yazısının “alman” yazısına düzəliş (dəyişiklik) edilməsi və bu barədə iddiaçıya yeni doğum haqqında şəhadətnamə verilməsi barədə xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Nizami rayon qeydiyyat şöbəsinə ərizə ilə müraciət olunmuşdur. Nizami rayon Qeydiyyat Şöbəsinin xx xxxxxx 2019-cu il tarixli 05Q-750/76 nömrəli cavab məktubu ilə barəsində müraciət etdiyi dəyişikliyin (düzəlişin) edilməsinə kifayət qədər əsaslar olmadığı qeyd edilərək müraciətin yerinə yetirilməsindən imtina edilmişdir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İddiaçı və 3-cü şəxs X4 nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan: - AZE-AA******* saylı şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1984-cü il təvəllüdlüdür, ünvan 1 ünvanında qeydiyyatdadır. - № 481717 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxx 1984-ci il tarixdə anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 1984 ilin iyul ayının 03 günündə 1192 № ilə qeyd edilmişdir. Valideynlər bölməsində atası Nümayəndə, anası X2 göstərilmişdir. -Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinin xx xxxxxx 2019-cu il tarixli, 05Q-750/76 saylı məktubdan görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı (rayon qeydiyyat şöbəsi) tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Qeyd olunanlarla əlaqədar dəyişikliyin (düzəlişin) edilməsinə kifayət qədər əsaslar olmadığına görə iddiaçının müraciətinin həyata keçirilməsi imkan xaricindədir. Göstərilənlərə əsasən məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. -Mingəçevir şəhər Qeydiyyat Şöbəsinin xx xxxx 2020-ci il tarixli, 05/Q-283/13 saylı məktubundan görünür ki, Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış xx.xx.1984-cü il tarixli, 1192 saylı doğum akt qeydi ilə bağlı ana İrina İsmayılovanın milliyyətinin “rus” yazılmasına dair razılıq ərizəsi şöbənin arxivində saxlanılmamışdır. -X4 notarial qaydada təsdiq olunmuş yazılı ərizəsindən görünür ki, o, oğlu İddiaçı iddiasının təmin edilməsini və İddiaçı doğum haqında qeydində anasının milliyyətinin “rus” yazısından “alman” yazısına düzəliş edilməsi və yeni doğum haqqında şəhadətnamə vermək vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə araşdırılması zamanı təqdim olunmuş 1192 sayllı, xx xxxx 1984-cü il tarixli doğum haqqında akt qeydindən görünür ki, İddiaçı xx xxxx 1984-ci il tarixdə anadan olmuşdur. Anası X6nın milliyyəti kimi “rus”; atası Nümayəndə milliyyəti “azərbaycanlı” göstərilmişdir. Məhkəmə araşdırılması zamanı təqdim olunmuş 224 saylı, xx xxxxxx 1953-cü il tarixli doğum haqqında akt qeydindən görünür ki, X8 xx xxxxxx 1953-cü il tarixdə anadan olmuşdur. X11 Antonovnanın milliyyəti kimi “rus”; atası X3 milliyyəti kimi “alman” göstərilmişdir. Məhkəmə araşdırılması zamanı təqdim olunmuş 281 saylı, xx xxx 1947-cı il tarixli nikah haqqında akt qeydindən görünür ki, X5 ilə X9 xx xxx 1947-ci il tarixdə nikaha daxil olmuşlar İşin faktiki hallarından görünür ki, iddiaçı anasının milliyyətcə alman olmasını, doğum qeydi aparılarkən anasından hansı milliyyətə mənsub olmasının soruşulmadığını iddia edərək akt qeydlərində ana bəndində milliyyətin “rus”dan “alman”a dəyişdirilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbi Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydaları və Azərbaycan Respublikası Ailə Məcəlləsinin normaları ilə tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.8.1-ci bəndinə görə uşağın doğumu haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrindəki qeydlər əsasında yazılır. Atanın və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, doğum haqqında akt qeydində hər iki valideynin milliyyəti göstərilir. Ata və ya ananın doğum haqqında şəhadətnaməsində onların valideynlərinin milliyyəti qeyd olunmadıqda və ya doğum haqqında şəhadətnaməni təqdim edə bilmədikdə və bu məlumatlar qeydiyyat şöbələrində, habelə Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aklarının arxivində, Naxçıvan Muxtar Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılmadıqda, uşağın doğumu haqqında akt qeydində həmin valideynin milliyyəti göstərilmir. Bu halda doğum haqqında akt qeydinin "Milliyyəti" qrafasında "Məlumat təqdim edilməyib" sözləri yazılır. Uşağın doğumu haqqında şəhadətnamədə ata və ananın milliyyəti onların xahişi ilə doğum haqqında akt qeydinə uyğun yazılır. Doğum haqqında akt qeydində ata və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, uşağın doğumu haqqında şəhadətnaməsində ata və ya ananın arzusundan asılı olaraq həmin milliyyətlərdən biri göstərilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 168.1-ci maddəsinə əsasən, doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən, öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ının 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər - vətəndaşlıq vəziyyəti aktının qeydində qeyridüzgün məlumatlar göstərildiyi hallarda da edilir. Yuxarıda qeyd olunan normalardan görünür ki, uşağın doğumu haqqında şəhadətnaməsində ata və ananın milliyyəti onların xahişi ilə doğum haqqında akt qeydinə uyğun yazılır. Hazırki işin hallarından görünür ki, iddiaçının anası İsmayılova (Albrandt) İrina Emmanuilovnanın doğum haqqında akt qeydində atasının milliyyəti qrafasında alman qeyd edilsə də, İddiaçı doğum şəhadətnaməsində anası İsmayılova (Albrandt) İrina Emmanuilovnanın milliyyəti qrafasında “rus” qeydi aparılmışdır. İşin məhkəmə tərəfindən hərtərəfli araşdırılmış hallarından görünür ki, iddiaçının anası İsmayılova (Albrandt) İrina Emmanuilovna övladı İddiaçı doğum şəhadətnaməsini alarkən milliyyətinin alman kimi qeyd edilməsini bildirməmiş, həmçinin bununla bağlı yazılı ərizəni qeydiyyat şöbəsinə təqdim etməmişdir. İddiaçı doğum haqqında akt qeydi aparılarkən onun anasından milliyyətinin soruşulmamasını bildirsə də Məhkəmə göstərilən dəlillə razılaşmayaraq qeyd edir ki, X6 övladlarına doğum haqqında şəhadətnamələri alarkən milliyyətinin düzgün olmadığını bildiyi və ya bilməli olduğu halda həmin qeydlərin düzgün olmamasını məhkəmə qaydasında mübahisələndirməmiş, eyni zamanda digər övladına (1192 saylı doğum akt qeydində 2 uşaq olduğu göstərilmişdir) doğum şəhadətnamələri alarkən də milliyyətin düzgün qeyd olunmadığına etirazını bildirməmişdir. Bütün qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Nizami rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında akt qeydində düzəlişin edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Nizami rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında akt qeydində düzəlişin edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi” barədə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar