Məhkəmə qərarları › İş №2-1(112)-2175/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2175/2021

01.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2175/2021 01.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi X5 qızının katibliyi Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün və birdəfəlik ödəmənin verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün və birdəfəlik ödəmənin ona verilməsi vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilmişdir ki, iddiaçının qardaşı X3 xx xxxxxx 1998-ci ildə Vətən uğrunda gedən döyüşlərdə mina partlayışı nəticəsində Fizuli rayonunun Alxanlı kəndində şəhid olmuşdur. Mərhum anası X1 şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü alırmış, lakin xx.xx.2011-ci ildə rəhmətə gedəndən sonra müavinətin verilməsi dayandırılmışdır. Qardaşının şəhid olması ilə əlaqədar şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün və birdəfəlik ödəmənin ona verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş, lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xx xxxxxxxx 2020-ci il tarixli **********1 saylı məktubla müraciətindən imtina etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia ilə bağlı münasibət bildirərək göstərdi ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanına əsasən 2006-cı il 1 yanvar tarixindən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı ilə təsdiqlənmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”na əsasən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” şəhidin arvadına (ərinə), valideyinlərinə, 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına, qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə təyin edilir. Yuxarıda qeyd olunan imtiyazlı şəxslər kateqoriyasına aid olmadığından, iddiaçıya bu təqaüdün ödənilməsi mümkün deyildir. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına əsasən, birdəfəlik ödəmə 1997-ci il 2 avqust tarixinədək həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir. İddiaçının qardaşı X3 1998-ci il 1 fevral tarixində həlak olduğuna görə, adıçəkilən Fərmanın əhatə dairəsinə daxil olmadığı üçün, Nazirlik tərəfindən onun vərəsəsinə (vərəsələrinə) birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmamışdır. Eyni zamanda iddiaçıya bildirilmişdir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və səhhətinin dövlət icbari şəxsi sığortası qaydaları və şərtləri müəyyən edilmişdir. Həmin Qanunun 5-ci maddəsinin a) bəndinə uyğun olaraq, sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə, Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş 11000 (on bir min) manat məbləğində sığorta ödənişi verilir. Adıçəkilən Qanunun 3-cü maddəsinə uyğun olaraq, hərbi qulluqçuların sığortaçısı Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, sığorta ödənişinin verilməsi ilə bağlı məsələyə aydınlıq gətirilməsi məqsədilə iddiaçıya Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etməyi tövsiyə olunmuşdur. İzahatının sonunda iddiaçının hər hansı hüququ pozulmadıgından iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. İddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində məhkəməyə gəlməyə imkanı olmadıgından işə onun iştirakı olmadan baxılması və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 saylı qərarının 1 və 2-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Yuxarıda göstərilənləri nəzərə almaqla məhkəmə qeyd edir ki, hazırkı işin halları baxımından iddiaçının subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün subyektiv hüququn mövcud olması zəruridir. İş materiallarından görünür ki, iddiaçı tərəfin tələbi mahiyyət etibarı ilə mərhum qardaşının şəhid ailəsi üçün Azərbaycan Respublıikası Prezidentinin təqaüdünün və birdəfəlik ödəmənin ona verilməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanına əsasən 2006-cı il 1 yanvar tarixindən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı ilə təsdiqlənmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”na əsasən: 2.“Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” şəhidin arvadına (ərinə), valideynlərinə, 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına, qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə təyin edilir. 7. "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəhid ailəsi üzvlərinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikasında yaşayan şəhid ailəsi üzvlərinə isə yaşayış yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri və ya “DOST” mərkəzləri tərəfindən təyin edilir və yalnız nağdsız qaydada ödənilir. Göründüyü kimi yuxarıda qeyd olunan imtiyazlı şəxslər kateqoriyasına aid olmadığından, iddiaçının bu təqaüdün ödənilməsini tələb etməyə subyektiv hüququ yaranmır. Beləliklə məhkəmə qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, məhkəmənin qənaətinə görə iddia mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. İddia mümkün sayılmadığından iddia ərizəsində yol verilmiş formal xətaların aradan qaldırılması və cəlb etmə ilə əlaqədar məsələlərə baxılmamışdır. Göstərilənlərə əsasən və İPM-in 1.2-ci, 23-cü, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verə bilər. HAKİM: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar