Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2176/2023 16.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “kompensasiyanın ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Ç.Mustafayev küç, dalan 11 ünvanında yerləşən 6 saylı mənzil 09 oktyabr 2015-ci il tarixli alqı-satqı müqaviləsi ilə dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar ona düşən əlavə məbləğin tam ödənilməsi vəzifəsinin Cavabdeh tərəfindən ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Ç.Mustafayev küç, dalan 11 ünvanında yerləşən 6 saylı mənzil 09 oktyabr 2015-ci il tarixli alqı-satqı müqaviləsi ilə dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar aldığı kompensasiyaya görə ikinci tərəf olan Cavabdeh xeyrinə imtina edilmişdir. Həmin alqı-satqı müqüaviləsi ilə Cavabdeh tərəfindən ona 45 860 (qırx beş min səkkiz yüz altmış) manat məbləğində kompensasiya ödənilmişdir. İddiaçı bildirir ki, bu məbləğ real bazar qiymətlərinə müqayisədə olduqca aşağıdır. Belə ki, Cavabdeh 18 iyun 2021-ci il tarixli məktubunda qeyd edilir ki, mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr nəzərə alınmaqla 1500.00 manat kimi müəyyənləşdirilmişdir. Ekspert rəyinin mənzili bu cür qiymətləndirilməsi nəticəsində məlum olur ki, mənzilin ümumi dəyəri əslində 61 500.00 manat məbləğindədir. Odur ki, qarşı tərəfin üzərinə vəzifə kimi dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar kompensasiya kimi ödənişi tam edilməsi qoyulmalıdır.
3. Cavabdeh qurum tərəfindən iddiaçıya təqdim edilmiş imtina məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski" adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına duyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı keçirilmiş tenderdə qalib gəlmiş "Azər Expert” MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi ilə müəyyən olunmuş mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1500,00 manat və digər sahələr üzrə isə bir kvadrat metr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq 300,00-1200,00 manat arasında qiymətləndirilir. Yaşayış sahələri qiymətləndirilərkən adətən onların faktiki ölçüləri, təmir vəziyyəti və istifadəyə yararlı olub-olmaması əsas götürülür. Satınalma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun həyata keçirilir. Yasamal rayonu, “Sovetski” adlandırılan ərazidə yerləşən yaşayış sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı iddiaçı ilə Cavabdeh arasında razılıq əldə olunmuş, yaşayış sahələrinin alınmasına dair notarial qaydada ayrı-ayrılıqda alqı-satqı müqavilələri imzalanmış və müvafiq kompensasiya ödənilmişdir. Dövlət ehtiyacları üçün həyata keçirilən satınalmalarda əlavə güzəştlər nəzərdə tutulmadığından xahişin yerinə yetirilməsi mümkün deyildir.
4. İddiaçı son olaraq iddia tələbini “Bakı şəhəri, Yasamal rayonu, Ç.Mustafayev küçəsi, dalan 11 ünvanında yerləşən 6 saylı mənzilin əlavə 39,4 kv.m əsas və köməkçi sahəsinə görə fərq məbləğinin - 15.760 manat ödənilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması” kimi dəyişdirmişdir.
5. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Cavabdeh Başçısının 22 dekabr 2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 572 nömrəli xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektlərinin Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi çərçivəsində ünvan 2 ünvanında yerləşən əmlakın sökülməsi ilə bağlı kompensasiya ödənilməsinə dair alqısatqı müqaviləsinin, “Qiymətləndirmə Cədvəlinin” və Sxemin surətləri təqdim edilmişdir. xx.xx.2015-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən iddiaçı 45 860 (qırx beş min səkkiz yüz altmış) manat məbləğində kompensasiya almaqla yaşayış sahəsindən ikinci tərəfin - Bakı şəhəri Cavabdeh xeyrinə imtina etmişdir. Qiymətləndirmə cədvəlinə əsasən ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus olan daşınmaz əmlakın 2015-ci il oktyabr ayı tarixinə olan bazar dəyəri 45 860 manat müəyyənləşdirilmişdir.
6. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, Yasamal Rayonu İcra Hakimiyyəti “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması Qrupu”nu təşkil etmiş və alınan əmlakın qiymətləndirilməsi üçün müstəqil qiymətləndirici cəlb etmişdir. Bakı şəhəri, Yasamal rayonu, Ç.Mustafayev küçəsi, dalan 11 ünvanında yerləşən 6 saylı fərdi yaşayış evinin faktiki ümumi sahəsi 41,3 kv.m ölçüdə olan əmlak X2 istifadələrində olmuşdur. Komissiya tərəfindən fərdi yaşayış evinə baxış keçirilmiş və həmin əmlakın faktiki yaşayış, köməkçi sahəsinə görə müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə, habelə köçmə ilə əlaqədar digər xərclər nəzərə alınaraq X1 istifadəsində olan sahəyə görə ona 45860 (qırx beş min səkkiz yüz altmış) manat kompensasiya məbləğləri hesablanmışdır. 09 oktyabr 2015-ci il tarixli Alqı-Satqı Müqaviləsinə əsasən X4 Bakı şəhəri, Yasamal rayonu, Ç.Mustafayev küçəsi, dalan 11 ünvanında yerləşən 6 saylı fərdi yaşayış evinə görə 45860 (qırx beş min səkkiz yüz altmış) manata Cavabdeh mülkiyyətinə vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-824/2021 nömrəli qərarınında qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış və notariatda təsdiq edilmiş müqaviləyə əsasən iddiaçı cavabdehdən kompensasiya almaqla müvafiq daşınmaz əmlakından cavabdehin xeyrinə imtina edir. Müqavilənin şərtinə görə, həmin məbləğə qanunvericiliklə nəzərdə tutulan bütün əlavələr daxildir. Beliklə, artıq özgəninkiləşdirdiyi əmlakına görə yenidən həmin əmlakın alıcısına qarşı əlavə kompensasiya tələbinin irəli sürüldüyü, Mülki Məcəllənin 527.1-ci maddələri baxımından, tərəflərin üzərinə götürdüyü öhdəliklərə artıq xitam verilmiş olduğu, beləliklə, iddiaçının cavabdehə qarşı inzibati məhkəmə icraatı qaydasında kompensasiya tələbini irəli sürmək üzrə subyektiv hüququ mövcud olmadığı üçün iddia mümkün sayılmamalıdır. Qeyd edirik ki, Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin 35.1-ci maddəsi belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istəlinən iddia izibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Bundan başqa, “İnzibati məhkəmə İcraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tututr. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəfinlərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Qeyd olunanlara əsasən cavabdeh orqan iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir.
7. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxış iclası) iştirak edən iddiaçı dəyişdirilmiş iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
8. Şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi bildirmişdir ki, iddianın mümkün sayılmamasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
9. İddianın növü İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
10. İddia inzibati orqanın hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır. İddia mümkündür.
11. İddiaçının qeyd edilən mənzilə dair mülkiyyət hüquqlarının qeydə alınmaması onu kompensasiyanın ödənilməsi hüququndan məhrum etmir. Belə ki, həmin yaşayış sahəsinin iddiaçının “mənzili” olması mübahisəsizdir. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilə məhz “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”dir. Yəni cavabdeh qurum həmin müqaviləni (dövlətin adından) bağlamaqla iddiaçının həmin mənzilə olan hüquqlarını tanımışdır. Odur ki, məhkəmənin vəzifəsi həmin mənzilə görə ona ağlabatan və ədalətli məbləğdə kompensasiya ödənilməsinin müəyyən edilməsidir.
12. Xalikovanın Azərbaycana qarşı işi üzrə Avropa Məhkəməsinin qərarında da ifadə edilən hüquqi mövqeyə uyğun olaraq mənzilin sökülməsi və mənzilə dair alqı-satqı müqaviləsinin bağlanmış olması onu həmin ədalətli kompensasiyanın ödənilməsi hüququndan məhrum etmir.
13. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
14. Məhkəmə qeyd edir ki, sözügedən mənzilin əsas və köməkçi sahəsi 39,4 kv.m təşkil edir. Cavabdeh orqan tərəfindən evin əsas və köməkçi sahəsinin hər kv.m. üçün 1500 (bir min beş yüz) manat ödənilməli olduğu halda 1100 (bir min yüz) manat ödənilmişdir.
15. Beləliklə, cavabdeh tərəfindən təqdim edilən sənədlərə əsasən müəyyən edilir ki, kompensasiya ödənilən və iddiaçının istifadəsində olan evin əsas və köməkçi sahəsi cəmi 39,4 kv.m. olmuşdur. Həmin mənzilin iddiaçının yaşayış sahəsi olması və iddiaçının həmin mənzilə dair mənzil hüquqlarının olması işin mübahisəsiz halıdır.
16. Artıq formalaşmış inzibati praktikaya əsasən “Sovetski” adlanan ərazidə dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1500 manat müəyyən edilmişdir.
17. Qeyd edilən hal həm də cavabdeh qurum tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixl məktubla da təsdiqlənir. Belə ki, həmin məktubda bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən Bakı şəhəri Yasamal rayonunda “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı keçiirlmiş tenderdə qalib gəlmiş "xxxx" MMC müstəqil qiymətləndirmə ekspertlərin rəyi ilə müəyyən olunmuş mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1500 manat və digər sahələr üzrə isə bir kvadrat metri üçün onların konstrukiyasından və təmir səviyyəsindən asılı olaraq ***-**** manat arasında qiymətləndirilir. Yaşayış sahələri qiymətləndirilərkən onların faktiki ölçüləri, təmir vəziyyəti və istifadəyə yararlı olub-olmaması əsas götürülür.
18. İddiaçının yaşayış sahəsinə münasibətdə vaxtilə (xx.xx.2009-cu ildə) Bakı şəhəri Cavabdeh tərəfindən təşkil olunmuş komissiya tərəfindən tərtib olunmuş rəyə əsasən iddiaçı həmin mənzildə öz vəsaiti hesabına əsaslı təmir-bərpa işləri apararaq yararlı vəziyyətə gətirmişdir.
19. Cavabdeh tərəfindən mənzilin əsas və köməkçi sahəsinə görə (39,4 kv.m) iddiaçıya ödənilmiş kompensasiya məbləği hər kvadrat metri üzrə 1100 manat olmuşdur. İddiaçının dəfələrlə müraciət etməsinə baxmayaraq, kompensasiya məbləğinin qəbul edilmiş inzibati praktikaya uyğun olaraq 1500 manat deyil, 1100 manat olması cavabdeh tərəfindən hər hansı şəkildə əsaslandırılmamışdır.
20. Odur ki, məhkəmə cavabdeh qurum tərəfindən mənzilin əsas və köməkçi sahəsinə görə (39,4 kv.m) ödənilməmiş 400 (dörd yüz) manat məbləğində kompensasiya fərqinin iddiaçıya ödənməli olduğu qənaətindədir (39,4x400=15.760 manat).
21. AİHM qərarlarında qeyd edir ki: -Böyük Palata, Palatanın etdiyi kimi, aşkar edilmiş pozuntular nəticəsində şübhəsiz ki, ərizəçinin zərər çəkdiyini və bu pozuntularla iddia edilən maddi zərər arasında aydın səbəb-nəticə əlaqəsinin olduğunu, o cümlədən maliyyə mənbələrin itirilməsinə görə kompensasiyanın olmasını qeyd edir. (bax: Salman işi § 137, və Z və X3rşı, yuxarıda adı çəkilən, § 119). Bununla belə, ərizəçinin bu başlıq altındakı iddialarının heç biri lazımi qaydada sənədləşdirilməmişdir. İddia edilən zərərə dəqiq hesablanması mümkün olmayan və ya elə məhdud sübutlara əsaslanan komponentlər daxildir ki, hər hansı qiymətləndirmə qaçılmaz olaraq müəyyən dərəcədə fərziyyəni ehtiva edəcək (bax, digər işlər arasında, bax: Sporrong və Lönnroth İsveçə qarşı (Maddə 50), 18 dekabr 1984-cü il tarixli qərar). , A seriyası № 88, səh. 14-15, § 32 və Akdivar və başqaları Türkiyəyə qarşı (Maddə 50), 1 aprel 1998-ci il tarixli qərar, Hesabatlar 1998-İİ, səh. 718, § 19). Buna görə də, Məhkəmə 41-ci maddənin tələb etdiyi kimi, onda olan bütün məlumatları nəzərə alaraq ərizəçinin maddi ziyanla bağlı iddialarını ədalətli əsaslarla qiymətləndirəcəkdir (bax: Öneryıldız Türkiyəyə qarşı § 166). - Konvensiyanın və ya onun protokollarının pozuntusunu tanıyan qərar, cavabdeh dövlətə bu pozuntuları dayandırmaq və pozulmadan əvvəlki vəziyyəti maksimal şəkildə bərpa etməklə onun nəticələrinə görə əvəz ödəmək kimi hüquqi öhdəliklər qoyur. Milli qanunvericilik pozuntunun nəticələrini aradan qaldırmağa icazə vermədiyi və ya yalnız natamam şəkildə icazə verdiyi təqdirdə, 41-ci Maddə Məhkəməyə zəruri hallarda zərərçəkən tərəfə müvafiq əvəzin ədalətli ödənilməsi qərarı qəbul etmək səlahiyyəti verir (bax: digər məsələlər arasında, Məhərrəmov Azərbaycana qarşı (əvəzin ədalətli ödənilməsi) no 5046/07, § 12, 09 may 2019, X6rşı (əvəzin ədalətli ödənilməsi), no 66209/10, § 15, 16 yanvar 2018 və Bitto və digərləri Slovakiyaya qarşı (əvəzin ədalətli ödənilməsi), no 30255/09, § 20, 7 iyul 2015).
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1100-cü maddəsinə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
23. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 7.6-cı bəndinə əsasən, yerli icra hakimiyyətlərinin maliyyə mənbələri dövlət büdcəsindən ayırmalardan, büdcədənkənar vəsaitlərdən və qanunla qadağan edilməmiş digər mənbələrdən əldə olunan vəsaitlərdən ibarətdir.
24. Odur ki, qeyd edilən kompensasiyanın icra hakimiyyətinin büdcədənkənar vəsaitlərdən və qanunla qadağan edilməmiş digər mənbələrdən əldə olunan vəsaitlərdən ödəməsi mümkündür.
25. Məhkəmə hesab edir ki, ünvan 3 ünvanında yerləşən 6 saylı yaşayış evinin 39,4 kv.m. əsas və köməkçi sahəsinə görə 15.760 (on beş min yeddi yüz altmış) manat məbləğində kompensasiya fərqi Cavabdehndən tutularaq iddiaçıya ödənməlidir.
26. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
27. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
28. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri Cavabdehndən İddiaçı xeyrinə ünvan 3 ünvanında yerləşən 6 saylı yaşayış evinin 39,4 kv.m. əsas və köməkçi sahəsinə görə 15.760 (on beş min yeddi yüz altmış) manat məbləğində kompensasiya fərqi tutulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva