Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2179/2021 20.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı «əmək pensiyasınıln yenidən hesablanması»na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) qarşı «iş illərinin sığorta stajına daxil edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı 20 avqust 1954-cü il tarixdə Masallı rayonunda doğulmuşdur, 1971 – 1976-cı illərdə Texniki Universitetdə təhsil almış, hərbi xidmətdən sonra 1 iyun 1976-cı il tarixdən əmək fəaliyyətinə başlamışdır. 19 mart 2018-ci il tarixdə 42 il (təhsil və hərbi xidmət dövrü ilə birlikdə 47 il) təqvim günü ilə əmək fəaliyyətindən sonra AR Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqaüdə çıxmışdır. Əmək kitabçasına əsasən onun əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: 1 iyun 1976-cı il tarixdən 30 dekabr 1977-ci il tarixədək X2 İdarəsində çilingər, 30 dekabr 1977-ci il tarixdən 1 yanvar 1979-cu il tarixədək həmin İdarədə böyük növbətçi, 1 yanvar 1979-cu il tarixdən 1 aprel 1979-cu il tarixədək İdarədə istismar rəisi vəzifəsi vəzifəsini icra etmiş və 1 aprel 1979-cu il tarixdə həmin vəzifəyə təyin olunmuşdur, 1 yanvar 1981-ci il tarixdə struktur islahatları aparılaraq İdarənin adı Azneft İB Qaradağneft NQÇİ X2 İdarəsi adlandırılmışdır. 24 sentyabr 1984-cü il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. 8 oktyabr 1984-cü il tarixdən 9 mart 1987-ci il tarixədək Ticarət Nazirliyinin 3 saylı Xüsusiləşdirilmiş bazasında avtodəstə rəisi, 9 mart 1987-ci il tarixdən 28 dekabr 1999-cu il tarixədək Ticarət Nazirliyinin Qarışıq Mallar İdarəsində avtodəstə rəisi, 28 dekabr 1999-cu il tarixdə həmin X3 Nazirliyinin tabeliyinə verilmiş və o (iddiaçı), həmin qurumda fəaliyyətini davam etdirib əmək haqqı almış və onun maaşından sosial sıorta haqları tutulmuşdur, 1 fevral 2002-ci il tarixdən 13 aprel 2011-ci il tarixədək Ə.C.Əmirov adına NQÇİ Xüsusi texnika sexində mühəndis, 14 aprel 2011-ci il tarixdən ARDNŞ Azneft İB Qobustan Nəqliyyat İdarəsində 2 saylı Xüsusi texnika sexində rəis müavini, 11 dekabr 2012-ci il tarixdən 17 fevarl 2014-cü il tarixədək ARDNŞ Azneft İB Bibiheybət İxtisaslaşdırılmış Xüsusi Texnika İdarəsinin 2 saylı Xüsusi texnika sexində rəis müavini, 18 fevral 2014-cü il tarixdən 31 iyul 2014-cü il tarixədək ARDNŞ Nəqliyyat Departamentinin 7 saylı Texnoloji nəqliyyat bölməsinin 2 saylı Xüsusi texnika sexində rəis müavini, 1 avqust 2014-cü il tarixdən 19 mart 2018-ci il tarixədək ARDNŞ Nəqliyyat İdarəsi 3 saylı Texnoloji Nəqliyyat Departamentinin 2 saylı Xüsusi texnika sexində r\si müavini vəzifələrində işləmiş, 19 mart 2018-ci il tarixdən isə yaşa əmək pensiyasına çıxmışdır. O, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 1 saylı Bakı “DOST” Mərkəzinə müraciət etmiş və 28 dekabr 1999-cu il tarixdən 1 fevral 2002-ci il tarixədək işlədiyi dövrün ona əmək pensiyası təyin olunarkən nəzərə alınmaqla həmin dövrlərin də onun iş stajına daxil olunmasını xahiş etmişdir. Belə ki, o, həmin dövrlərdə Dövlət Əmlak Komitəsinin İstehsal və Təsərrüfat İdarəsində, həmin İdarə ləğv olunduqdan sonra isə, Komitənin Ticarət və Xidmət Müəssisə və X1 Mərkəzində işləmiş, maddi-məsul şəxs kimi adında əmlaklar olmuş və bu əmlaklara görə cavabdehlik daşımışdır. Həmin əmlakların mühafizəsi ilə bağlı üzərinə qoyulmuş öhdəlikləri icra etmiş, əmək fəaliyyətini davam etdirmişdir. İşlədiyi qurum dövlət təşkilatı olmuş, həmin İdarədə işləyərkən büdcədən maaş almış və əmək haqqından sosial sığorta haqları ödəmişdir. Bu barədə arxivdə məlumatlar saxlanılır və əmək kitabçasında da müvafiq qeydlər var. Buna baxmayaraq, həmin dövr üzrə sosial sığorta stajı qanunsuz olaraq nəzərə alınmamışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 12, 38-ci maddələrinə, «İnzibati icraat haqqında» AR Qanununun 17, 19-cu maddələrinə, İPM-in 45, 46-cı maddələrinə, «Əmək pensiyaları haqqında» AR Qanununun 3.1, 4.1-ci maddələrinə, “«Əmək pensiyaları haqqında» AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 1.1, 3.1.1-ci bəndlərinə əsaslanaraq, 28 dekabr 1999-cu il tarixdən 1 fevral 2002-ci il tarixədək olan dövrün sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər cavabdehə təqdim olunmuşdur. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim edərək, iddianın “iddiaçının 20 aprel 1999-cu il tarixdən 1 fevral 2002-ci il tarixədək müddətin iş sajına daxil edilməsi, eləcə də ona iş stajı və pensiya kapitalına uyğun əmək pensiyasının yenidən hesablanaraq təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi barədə ərizəsi qismən təmin edilərək, iddia “20 aprel 1999-cu il tarixdən 1 fevral 2002-ci il tarixədək işlədiyi müddət sığorta stajına daxil edilməklə iddianın əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmuşdur. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iş materiallarını araşdıraraq iddianın mümkünlüyü və mübahisənin aidiyyəti məsələlərinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və iş üzrə cavabdeh DSMF-nin saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə hazırkı iddia üzrə tələb olunan öhdəliyin Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətlərində olmadığını bildirdi və iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik normaları məsələnin bu xüsusatını üzrə konkret müddəa müəyyən etməsə də, formalaşmış inzibati praktikaya görə vətəndaşlara əmək pensiyalarının təyin edilməsi və ödənilməsi DSMF-nin özünün yox, aidiyyəti yerli qurumunun səlahiyyətlərindədir. Hazırkı iddiaçı isə, iddia ərizəsində iş üzrə cavabdeh kimi göstərdiyi Dövlət Sosial Müdafiə Fondunun onun yerli qurumu ilə dəyişdirilməməsində israrlı olduğunu ifadə edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının ona əmək pensiyasının yenidən hesablanması tələbi üzrə hazırkı cavabdeh Dövlət Sosial Müdafiə Fonduna qarşı iddiasına inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Odur ki, iddia mümkün sayılmamalıdır. AR Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü və 9-cu bəndlərində vurğulanmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-2179/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2179/2021
20.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver