Məhkəmə qərarları › İş №2-1(112)-2179/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2179/2025

31.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2179/2025 31.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Leyla Afiq qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsindən imtina ilə bağlı qəbul edilmiş qərarın qanunsuz və əsassız hesab olunmaqla ləğv edilməsi və güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququnun yarandığı gündən yəni 2020-ci ilin sentyabr ayından başlayaraq iddiaçıya əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, işlədiyi ağır iş şəraiti ilə bağlı iddiaçıya vaxtından əvvəl və güzəştli əmək pensiyası təyin edilməsi istəyi ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına etdiyi müraciətə cavab olaraq göndərilmiş 3 mart 2023-cü il tarixli 3-17-1/2-Ş-45658/2023 nömrəli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) metropolitenlər bəndinin (21.5) yanlız gecə vaxtlarında tunellerdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr yarımbəndində (21.5) eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim olunan "xxxx" QSC-nin 19 yanvar 2023-cü il tarixli A/42 nömrəli arayışında xx.xx.2001-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində Elektromexanika xidmətinin eskalator distansiyasında, xx.xx.2015-ci il tarixindən bugündək isə eskalator distansiyasının maşın zalında elektrik çilingəri vəzifəsində işlədiyi qeyd olunub. Lakin sözügedən arayışda iddiaçının yalnız gecə vaxtlarında tunellerdə işləyib-işləməməsi və işlədiyi vəzifənin yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş siyahıda nəzərədə tutulan eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingərinə aid olub-olmaması barədə hər hansı məlumat göstərilməyib. Cavabdehin göstərişlərinə uyğun olaraq, iddiaçı "xxxx" tərəfindən verilmiş 11 iyun 2024-cü il tarixi, A/166 saylı arayışı, cavabdehə təqdim etməklə, ona buraxılmış müddətlər də tətbiq edilməklə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması məsələsinə yenidən baxılması xahiş olunmuşdur. İddiaçıya təqdim edilən arayışda təkrar olaraq göstərilmişdir ki, İddiaçı həqiqətən xx.xx.2001-ci il tarixdən xx.xx.2011-ci il tarixinədək Bakı metropoliteninin Elektromexanika xidmətinin Eskalator distansiyasında ağır əmək şəraiti ilə elektrik çilingəri, xx.xx.2011-ci il tarixdən xx.xx.2014cü ilədək ağır əmək şəraiti ilə eskalator maşinisti peşəsində çalışmışdır. xx.xx.2014-cü il tarixdən “Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Elektromexanika xidmətinin Eskalator distansiyasında eskalator maşinisti (12 % zərərli və yeraltı əmək şəraitilə), xx.xx.2015-ci il tarixdən Eskalator distansiyasının maşın zalında elektrik çilingəri peşəsində işləmişdir (12% zərərli və yeraltı əmək şəraitilə). xx.xx.2016-cı il tarixdən halhazıradək Eskalator xidmətinin 2 saylı Eskalator distansiyasının maşın zalında eskalatorlara xidmət üzrə elektrik çilingəri (12%) zərərli və yeraltı əmək şəraitilə 2 növbəli (08:00-20:00) iş rejimilə) peşəsində işləyir. Eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri peşəsinin xüsusiyyətləri avadanlıqların istismarı və təmiri prosesində yoxlama zamanı qüsurların aşkarlanması və aradan qaldırılması, təmir olunmuş avadanlıqların quraşdırırıması, sınağı və təhvili, eskalatorların işə salınması, işləməsinə nəzarət edilməsi, dayandırılmasını həyata keçirən işlərin görülməsi, bədbəxt hadisə və qəza zamanı eskalatoru saxlayıb, ziyan çəkənə ilk yardımım göstərilməsindən və s. ibarətdir. Eyni zamanda eskalator maşinisti peşəsinin xüsusiyyətləri də sadalanan işlərdən ibarətdir. Eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri və eskalator maşinisti xidmət etdiyi qurğuların (eskalator və travalator) quruluşunu, iş prinsipini, konstruksiyasını, kinematik və elektrik sxemlərini və sazlama-quraşdırma üsullarını bilməli, texniki qulluq cədvəlinə əsasən onların təmizlənməsi, sazlanması, tənzimlənməsi, nizamlanması və təmirini yerinə yetirməlidir. Hər iki peşənin məqsədi xidmət etdiyi avadanlıq və qurğuların saz vəziyyətdə saxlanılması, normal və fasiləsiz işləməsini təmin etməkdir və əmək şəraiti, xarakteristikası və funksiyaları eynilik təşkil etdiyindən bərabər tutula bilər. Ağır və zərərli əmək şəraitində iş stajı 22 il 07 ay 03 gün təşkil edir. Lakin, bu arayışı təqdim etməklə cavabdehə etdiyi müraciətə cavabdeh tərəfindən yenidən qeyrimüəyyən cavab verilməlkə bildirildi ki, “Əmək pensiyaları haqqında’' Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüqııqıı verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdeh xx.xx.2024-cü il tarixli 3-17-1/2-259397/2024 nömrəli məktubuna əlavə olunmuş etirazında qeyd etmişdir ki, İddiaçı müxtəlif tarixlərdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filialın müraciətə cavab olaraq iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ş-45658/2023 və son olaraq xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ş-158655/2024 nömrəli imtina məktublarında bildirilmişdir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi aşağıda qeyd olunan əsaslarla qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir: “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanununun 9 1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlənn (istehsalatların, peşələrin, vəzifələrin və göstəhciləhn) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normaların məzmunundan göründüyü kimi, 23.09 1960-ci il təvəllüdlü İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası üçün qanuvericilikdə nəzərdə tutulmuş yaş həddinə 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdə çatmışdır. Həmçinin iddiaçı iddia tələbində də ona həmin tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçıya həmin tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda (xx.xx.2020-ci ilin tarixdə qüvvədə olmuş redaksiyasına əsasən) göstərilmiş üç şərt ödənilməlidir: 1) ümumi iş stajının 25 il olması; 2) güzəştli iş stajının 12 il 6 ay olması; 3) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Lakin iddiaçının güzəştli iş stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərtləri ödəmir. Belə ki, onun güzəştli iş stajı ümumiyyətlə mövcud deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın metropolitenlər (21.5) bölməsində yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr yarımbölməsində (21.5.1) eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi Azərbaycan Respublikası “Bakı Metropoliteni" QSC-nin xx.xx.2024-cü il tarixli A/166 nömrəli arayışında qeyd olunan məlumatlara əsasən onun güzəştli iş stajı yoxdur. Həmçinin "xxxx" QSC-nin Bakı İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 13-1912-955/2024 nömrəli arayışına əsasən də, eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahısının 21. Nəqliyyat bölməsinin 21.5 Metropolitenlər bəndində yer almasına baxmayaraq, İddiaçı həmin peşə üzrə çalışdığı iş rejimi yalnız gecə vaxtı deyil, növbəli olduğundan həmin siyahıya aid olunması mümkün olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən, iddiaçının güzəştli iş stajı mövcud olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Cavabdeh yuxarıda qeyd olunanlara əsasən etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat vermiş və iddianın rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1960-cı ildə anadan olmuş iddiaçının 60 yaşı xx.xx.2020-ci il tarixdə tamam olmuşdur. İddiaçı iddia tələbində ona 60 yaşı tamam olduğu gündən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini tələb edir. ИТ-İ № ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı: xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək fəhlə; (02 ay 05 gün) xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək fəhlə; (08 ay 15 gün) xx.xx.1981-ci il tarixdən xx.xx.1986-ci il tarixədək sürücü işləmiş; (05 il 02 gün) xx.xx.2001-ci il tarixdə eskalator distansiyasına ağır iş şəraiti ilə 3 dərəcəli elektrik çilingəri vəzifəsinə qəbul edilmiş, xx.xx.2003-cü ildə o, 4 dərəcəli elektrin çilingəri keçirilmiş, xx.xx.2011-ci il tarixdə ağır iş şəraiti ilə 4 dərəcəli eskalator maşinisti keçirilmiş, xx.xx.2011-ci il tarixdə ağır iş şəraiti ilə 5 dərəcəli eskalator maşinisti keçirilmiş, xx.xx.2014-cü il tarixdə eskalator distansiyasına zərərli iş şəraiti ilə 5 dərəcəli eskalator maşinisti keçirilmiş, xx.xx.2015-ci il tarixdə eskalator distansiyasına 5 dərəcəli elektrik çilingəri keçirilmiş, xx.xx.2016-cı il tarixdə eskalator xidmətinin 2 saylı eskalator distansiyasının maşın zalına 5 dərəcəli eskalatorla xidmət üzrə çilingər keçirilmiş, xx.xx.2018-ci il tarixdə eskalator xidməti 2 saylı eskalator distansiyasının “Nəsimi”, “Azadlıq”, “Dərnəgül” stansiyaları maşın zalına 5 dərəcəli elektrik çilingər peşəsinə (yeraltı, 12% zərərli) keçirilmişdir. (xx.xx.2001-xx.xx.2020 – 18 il 10 ay 16 gün) AO ******* seriya nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək orduda xidmət etmişdir. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, iddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2011-ci il tarixinədək Bakı metropoliteninin Elektromexanika xidmətinin Eskalator distansiyasında ağır əmək şəraiti ilə elektrik çilingəri, xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü ilədək ağır əmək şəraiti ilə eskalator maşinisti peşəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. xx.xx.2014-cü il tarixdən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Elektromexanika xidmətinin Eskalator distansiyasında eskalator maşinisti (12% zərərli və yeraltı əmək şəraitilə), xx.xx.2015-ci il tarixdən Eskalator distansiyasının maşın zalında elektrik çilingəri peşəsində işləmişdir (12% zərərli və yeraltı əmək şəraitilə). xx.xx.2016-cı il tarixdən hal-hazıradək Eskalator xidmətinin 2 saylı Eskalator distansiyasının maşın zalında eskalatorlara xidmət üzrə elektrik çilingəri (12% zərərli və yeraltı əmək şəraitilə 2 növbəli (08:00-20:00) iş rejimilə) peşəsində işləyir. Eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri peşəsinin xüsusiyyətləri avadanlıqların istismarı və təmiri prosesində yoxlama zamanı qüsurların aşkarlanması və aradan qaldırılması, təmir olunmuş avadanlıqların quraşdırırlması, sınağı və təhvili, eskalatorların işə salınması, işləməsinə nəzarət edilməsi, dayandırılmasını həyata keçirən işlərin görülməsi, bədbəxt hadisə və qəza zamanı eskalatoru saxlayıb, ziyan çəkənə ilk yardımım göstərilməsindən və s. ibarətdir. Eyni zamanda eskalator maşinisti peşəsinin xüsusiyyətləri də sadalanan işlərdən ibarətdir. Eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri və eskalator maşinisti xidmət etdiyi qurğuların (eskalator və travalator) quruluşunu, iş prinsipini, konstruksiyasını, kinematik və elektrik sxemlərini və sazlama-quraşdırma üsullarını bilməli, texniki qulluq cədvəlinə əsasən onların təmizlənməsi, sazlanması, tənzimlənməsi, nizamlanması və təmirini yerinə yetirməlidir. Hər iki peşənin məqsədi xidmət etdiyi avadanlıq və qurğuların saz vəziyyətdə saxlanılması, normal və fasiləsiz işləməsini təmin etməkdir və əmək şəraiti, xarakteristikası və funksiyaları eynilik təşkil etdiyindən bərabər tutula bilər. Ağır və zərərli əmək şəraitində iş stajı 22 il 07 ay 03 gün təşkil edir. Cavabdehin 09 iyul 2024-cü il tarixli, 3-17-1/2-Ş-158655/2024 nömrəli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyiniz dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyünüz iş, tutduğunuz vəzifə və malik olduğunuz peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının metropolitenlər (21.5) bölməsində yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr yarımbölməsində (21.5.1) eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim olunan Azərbaycan Respublikası "xxxx" QSC-nin iddiaçıya dair xx.xx.2024-cü il tarixli A/166 nömrəli arayışında qeyd olunan məlumatlara əsasən onun güzəştli iş stajı yoxdur”. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 13-19/2-955/2024 nömrəli sorğuya cavab məktubundan görünür ki, İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2011-ci il tarixinədək Bakı metropoliteninin Elektromexanika xidmətinin Eskalator distansiyasında 12% zərərli əmək şəraiti ilə eskalatorların təmiri və qulluğu üzrə elektrik çilingəri, xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək 12% zərərli əmək şəraiti ilə eskalator maşinisti peşəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. xx.xx.2014-cü il tarixdən "xxxx" QSC-nin Elektromexanika xidmətinin Eskalator distansiyasında12 % zərərli əmək şəraitilə eskalator maşinisti, xx.xx.2015-ci il tarixdən Eskalator distansiyasının maşın zalında 12% zərərli əmək şəraitilə elektrik çilingəri peşəsində işləmişdir. xx.xx.2016-cı il tarixdən hal-hazıradək Eskalator xidmətinin 2 saylı Eskalator distansiyasının maşın zalında 2 növbəli (08:00-20:00; 20:00-08:00) iş rejimilə 12% zərərli əmək şəraitində eskalatorlara xidmət üzrə elektrik çilingəri peşəsində işləyir. Eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri peşəsinin xüsusiyyətləri avadanlıqların istismarı və təmiri prosesində yoxlama zamanı qüsurların aşkarlanması və aradan qaldırılması, təmir olunmuş avadanlıqların quraşdırırlması, sınağı və təhvili, eskalatorların işə salınması, işləməsinə nəzarət edilməsi, dayandırılmasını həyata keçirən işlərin görülməsi, bədbəxt hadisə və qəza zamanı eskalatoru saxlayıb, ziyan çəkənə ilk yardımım göstərilməsindən və s. ibarətdir. Eyni zamanda eskalator maşinisti peşəsinin xüsusiyyətləri də sadalanan işlərdən ibarətdir. Eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri və eskalator maşinisti xidmət etdiyi qurğuların (eskalator və travalator) quruluşunu, iş prinsipini, konstruksiyasını, kinematik və elektrik sxemlərini və sazlama-quraşdırma üsullarını bilməli, texniki qulluq cədvəlinə əsasən onların təmizlənməsi, sazlanması, tənzimlənməsi, nizamlanması və təmirini yerinə yetirməlidir. Hər iki peşənin məqsədi xidmət etdiyi avadanlıq və qurğuların saz vəziyyətdə saxlanılması, normal və fasiləsiz işləməsini təmin etməkdir və əmək şəraiti, xarakteristikası və funksiyaları eynilik təşkil edir. Qeyd: Eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.Nəqliyyat bölməsinin 21.5 Metropolitenlər bəndində yer almasına baxmayaraq İddiaçı həmin peşə üzrə çalışdığı iş rejimi yalnız gecə vaxtı deyil, növbəli olduğundan həmin siyahıya aid olunması mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (13 may 2022-ci il tarixədək olan redaksiyaya əsasən) Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 9.8-ci maddəsinin mətninə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Məhkəmə cavabdehin imtinasında qeyd edilən dəlillərinə və işin tədqiq olunan hallarına münasibətdə zəruri olaraq qeyd edir ki, xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun xx.xx.2022-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” AR Qanunun qüvvəyə mindiyi xx.xx.2022 tarixədək qüvvədə olmuş 9.1-ci maddəsinə əsasən, “axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ”nun olması nəzərdə tutulurdu. Qanunun 9.1-ci maddəsinin xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş mətninə əsasən isə “axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır”. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşagörə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir. AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir. AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir. AR Əmək Məcəlləsinin: 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. 92-ci maddəsinə əsasən, əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatlarda, peşə və vəzifələrdə çalışan işçilərə həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir. Həmin istehsalatların, peşə və vəzifələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Əmək şəraiti zərərli olan işlərin siyahısı və bu işləri yerinə yetirən işçilər üçün iş vaxtının qısaldılmış müddəti kollektiv müqavilələrlə, həmin müqavilələr bağlanmadığı hallarda isə, işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasındakı məsləhətləşmələrdən sonra, bu maddənin birinci hissəsində göstərilən siyahı nəzərə alınmaqla müəyyən edilir. 97-ci maddəsinə görə, saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmək şəraiti ağır və zərərli olan iş yerlərində, habelə xüsusi xarakterli işlərdə çalışan işçilərin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşdükdə, iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır. 159-cu maddəsinin 1-ci hissəsinə əsasən, əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Əmək haqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na əsasən: 2.1. Qanunun 22-1.4-cü maddəsi nəzərə alınaraq, fərdi şəxsi hesabının sığorta hissəsində 2006-cı il yanvarın 1-dən 2018-ci il iyulun 1-dək qeydə alınmış pensiya kapitalı olan sığortaolunanlara, həmçinin hərbi qulluqçulara və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq pensiya təminatı sahəsində onlara bərabər tutulan xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi avtomatlaşdırılmış qaydada onlar tərəfindən müraciət edilmədən, bu Qaydanın 8.2-ci bəndində göstərilən elektron informasiya sistemlərindən və ya ehtiyatlarından əldə olunan, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nda nəzərdə tutulmuş dövlət orqanları tərəfindən təqdim edilən məlumatlar əsasında aparılır. Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – Fond) aidiyyəti struktur bölməsinin əmək pensiyasının təyin edilməsi haqqında qərarı barədə həmin şəxslərə poçt vasitəsilə məlumat və yaxud MEİS-də olan əlaqə vasitələrindən birinə (elektron poçt ünvanı və ya sms vasitəsilə) bildiriş göndərilir. AR Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi Qaydaları”nın 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, xx.xx.2022-ci il tarixdə kişi cinsinə mənsub şəxsin “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsinə əsasən 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün aşağıdakı şərtlərə birlikdə əməl olunmalıdır: Şəxs siyahıda nəzərdə tutulan peşələrdə işləməli, bu Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalıdır. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək, ödənilməsinə nail olmaqdan ibarətdir. Normanın tələbindən də göründüyü kimi, iddiaçının 60 yaşı xx.xx.2020-ci il tarixdə tamam olmuşdur. İddiaçı iddia tələbində ona 60 yaşının tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Onun müraciətinə güzətşi iş stajının olmaması əsası ilə imtina cavabı verilmişdir. İddiaçının ümumi iş stajı və qanunla müəyyən edilmiş yaş həddinə çatması, qanunla tələb olunan minimal pensiya kapitalına malik olması cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Mübahisələndirilən məsələnin hüquqi qiymətləndirilməsinə gəldikdə isə qeyd edilməlidir ki, iddiaçının eskalatora xidmət göstərilməsi və təmiri üzrə çilingər və eskalator maşinisti kimi çalışdığı dövrlərin güzəştli pensiya hüququ verən iş stajı kimi tanınması və nəzərə alınması onun yalnız gecə vaxtında deyil, ümumiyyətlə növbəli qrafikdə işləməsi məsələsinə məhkəmə tərəfindən hüquqi qiymət verilməsinə bağlıdır. Məhkəmə, ilk növbədə, iddiaçının eskalatora xidmət göstərilməsi və təmiri üzrə çilingər peşəsi ilə eskalator maşinisti peşəsinin funksional cəhətdən eyni olub-olmaması məsələsinə münasibət bildirilməsini zəruri hesab edir. Bu kontekstdə qeyd olunmalıdır ki, "xxxx" QSC tərəfindən təqdim edilmiş arayış və sorğuya cavab məktubu əsasında müəyyən olunur ki, eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri və eskalator maşinisti hər iki peşənin icraçısı xidmət etdiyi qurğuların (eskalator və travalator) quruluşunu, iş prinsiplərini, konstruksiyasını, kinematik və elektrik sxemlərini, sazlama və quraşdırma metodlarını dərindən bilməli, texniki qulluq cədvəlinə uyğun olaraq avadanlığın təmizlənməsi, sazlanması, tənzimlənməsi, nizamlanması və təmirini yerinə yetirməlidir. Bundan irəli gələrək, hər iki peşənin əsas funksional məqsədi eyni olmaqla xidmət etdiyi qurğuların saz vəziyyətdə saxlanılmasını, normal və fasiləsiz fəaliyyətini təmin etməyi nəzərdə tutur. Əmək şəraiti, işin xarakteri və funksional tələblər baxımından bu peşələr arasında hər hansı əhəmiyyətli fərq olmadığı müəyyən edilir. Göründüyü kimi, eskalator maşinisti peşəsinin adı güzəştli pensiya hüququnun müəyyən edilməsi üçün əsas olan Siyahıda ayrıca nəzərdə tutulmasa da, icra olunan vəzifələrin mahiyyəti və funksional məqsədi eskalatora xidmət göstərilməsi və təmiri üzrə çilingər peşəsi ilə tam eynilik təşkil edir. Bu halda, iddiaçının eskalator maşinisti vəzifəsində işlədiyi dövrün güzəştli iş stajına daxil edilməməsi, faktiki olaraq, eyni əmək fəaliyyətini icra etdiyi müxtəlif dövrlərin yalnız peşənin adındakı fərqliliyə əsasən nəzərə alınmaması ilə nəticələnir ki, bu yanaşma hüquqi baxımdan əsassızdır. Hüquqi müəyyənlik prinsipi baxımından, eyni funksional fəaliyyətin fərqli adlandırılması hüquqi nəticələrin fərqli olması üçün yetərli əsas hesab edilə bilməz. Bu baxımdan, iddiaçının eskalator maşinisti vəzifəsində işlədiyi dövrün eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri vəzifəsində işlədiyi dövrdə icra etmiş olduğu vəzifənin xüsusiyyətləri ilə bərabər xarakterli olması nəzərə alınmaqla, sonuncu ilə eyniləşdirilməsi hüquqi baxımdan mümkündür. Məhkəmə cavabdehin imtina dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 dekabr 2022-ci il tarixli qərarından sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na dəyişiklik edilmiş və 21 Nəqliyyat bölməsinin 21.5.1 Metropolitenlər bəndində güzəştli pensiya hüququ verən peşələr aşağıdakılar olmuşdur: Yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr: metropoliten müəssisələrinin briqadirləri, drezinaların sürücüləri, drenajçılar, hidroqaldırıcıların maşinistləri, zumif aqreqatlarının maşinistləri, daxiliyanma mühərriki olan səyyar kompressorların maşinistləri, geodeziya-markşeyder işləri ilə məşğul olan mühəndislər, dəmiryol və metropolitendə bina, qurğu və texniki vasitələrin təmirinin keyfiyyətinə nəzarətlə məşğul olan mühəndislər və müfəttişlər (böyük müfəttişlər), bütün adlarda ustalar (böyük ustalar, ustaların köməkçiləri), qabarit-tədqiqat stansiyalarında məşğul olan texniklər elektrik mexanikləri, elektrik qatarlarının (seksiyalarının) maşinistləri, elektrik qatarlarının (seksiyalarının) maşinistlərinin köməkçiləri, motovoz maşinistləri, motovoz maşinistlərinin köməkçiləri, kompressor qurğusunun maşinisti, drezin sürücüsünün köməkçisi, yol nəzarətçisi, tunel fəhlələri, süni qurğular təmirçisi, süni qurğular baxıcısı, yol baxıcısı, yol montyoru, metropolitenin stansiya və tunel avadanlıqlarına xidmət göstəril-məsi üzrə elektrik çilingərləri, avadanlıqların təmiri və qulluğu üzrə elektrik çilingəri, metropolitenin metal konstruksiyalarına xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingərləri, metropolitenin avadanlıqlarına xidmət göstərilməsi üzrə elektrik çilingərləri, eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri, rezin məmulatların təmirçisi, markşeyder işlərində dağ-mədən fəhləsinəzarət vaqonunun tənzimləyicisi, çəkiclə işləyən dəmirçi, kontakt qaynaq maşınının qaynaqçısı, yol, maşın və mexanizmlərin tənzimləyiciləri, daxili sanitar-texniki sistem və avadanlıqların montajçısı, ultrasəsli defektoskop aparatının operatorları və operator köməkçiləri, ultrasəs nəzarəti üzrə defoktoskopçular, izoləedicilər, kabel lehimləyicisi, əl ilə qaynaqda elektrik qaynaqçısı. Məhkəmə müəyyən edir ki, eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri (vəzifənin və gördüyü işin xarakteri nəzərə alınmaqla, habelə eskalator maşinisti) peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr kateqoriyasına aid edilmişdir. Lakin bu hüququn tətbiqi üçün əsas şərtlərdən biri işçinin yalnız gecə vaxtlarında əmək fəaliyyətini həyata keçirməsidir. Yalnız bu halda həmin dövr güzəştli iş stajına daxil edilə bilər. Şübhəsiz ki, hər hansı peşənin vəzifəsinin güzəştli iş stajına aid edilməsi məsələsində işəgötürən tərəfindən təqdim edilən rəsmi arayış mühüm hüquqi əhəmiyyət kəsb edir. Hazırkı iş üzrə işəgötürən – "xxxx" QSC iddiaçının eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri və eskalator maşinisti vəzifələrinin funksional baxımdan eyni olduğunu təsdiqləsə də, onun növbəli iş rejimində çalışmasını əsas gətirərək həmin dövrün güzəştli iş stajına aid edilib-edilməməsini müəyyən etməyin mümkün olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, təqdim edilmiş güzəştli arayışın məzmun baxımından natamam olması – yəni işçinin məhz növbəli iş qrafikində çalışdığına əsaslanaraq onun güzəştli iş stajına aid olub-olmamasının müəyyən edilməməsi – iddiaçının hüquqi məsuliyyət sferasına aid edilə bilməz və onun əmək pensiyası hüququnun məhdudlaşdırılması üçün əsas təşkil etməməlidir. Əks halda, cavabdehin bu yanaşması qəbul edildiyi təqdirdə belə nəticəyə gəlmək lazım gələrdi ki, iddiaçı “yalnız gecə vaxtlarında tunellərdə” işləmədiyindən, onun icra etdiyi əmək funksiyaları zərərli hesab edilməməlidir. Lakin məhkəmə qeyd edir ki, iddiaçının növbəli iş qrafiki çərçivəsində çalışdığı müddət yalnız gündüz saatlarını deyil, eyni zamanda gecə saatlarını da əhatə etmişdir. Bu isə o deməkdir ki, iddiaçının tam olaraq gecə növbəsində işləmədiyi qənaətinə gəlmək hüquqi əsasdan məhrumdur. Bundan başqa, qeyd edilməlidir ki, növbəli iş rejiminin spesifik xüsusiyyətləri nəzərə alınmalıdır. Növbəli iş qrafiki ifadəsinin mahiyyətindən aydın olur ki, belə rejimdə çalışan işçilər əmək fəaliyyətini müxtəlif vaxt intervallarında – həm gündüz, həm də gecə növbələrində yerinə yetirirlər. İddiaçının növbəli qrafikdə çalışması isə o deməkdir ki, o, müəyyən dövrlərdə gecə saatlarında da tunellərdə əmək funksiyalarını icra etmişdir. Növbəli iş rejimi ardıcıl iş günləri çərçivəsində gecə və gündüz növbələrinin bir-birini əvəzləməsini (bir gün gündüz növbəsində işə çıxmış şəxsin növbəti gün gecə növbəsində fəaliyyət göstərməsini) ifadə etməkdədir. Digər tərəfdən məhkəmə sorğusu əsasında əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, iddiaçının növbəli iş qrafikinin başlanma saatları 08:00 və 20:00 kimi göstərilmişdir. Əmək Məcəlləsinin tələbləri baxımından hüquqi qiymətləndirilmənin aparılması onu deməyə əsas verir ki, əmək qanunvericiliyinə əsasən gecə vaxtının 22:00-06:00 olması nəzərə alınarsa iddiaçı hətta eyni növbə daxilində həm gecə, həm gündüz saatlarında fəaliyyət göstərmişdir. Bu isə peşənin insan sağlamlığına daha zərərli təsirlərinin açıq göstəricisidir. Nə cavabdeh, nə də iddiaçının fəaliyyət göstərdiyi iş yeri onun vəzifəsinin ağır xarakterini, zərərli şəraitdə işləməsini, buna görə onun əmək haqqısına əlavələrin müəyyən edilməsini təkzib etməmişdir. Məsələyə daha geniş yanaşma nümayiş etdirərək Məhkəmə qeyd edir ki, üç metropoliten işçisindən biri yalnız gecə növbəsində, digəri gündüz növbəsində, üçüncüsü isə növbəli iş qrafiki üzrə çalışdığı halda, mövcud yanaşmaya əsasən yalnız gecə növbəsində çalışan şəxsin həmin dövrü güzəştli iş stajına aid edilir. Halbuki növbəli (gündüz və gecə) iş rejimində çalışan şəxs gündüz növbəsində işləyən şəxsdən fərqli olaraq həmçinin gecə növbəsində də əmək fəaliyyəti ilə məşğul olur. Əgər hüquqi baxımdan növbəli iş şəraitində işləyən işçini yalnız gecə vaxtlarında işləyən işçi ilə eyniləşdirmək mümkün deyildirsə, onda həmin şəxsə münasibətdə yalnız gündüz vaxtı işləmiş işçiyə tətbiq edilən yanaşmanın şamil edilməsi də yolverilməzdir. Bu növ diskriminasiya hüquqi baxımdan həmin şəxslərin vəziyyətinin pisləşməsinə, onlara münasibətdə hüquqların məhdudlaşdırılmasına səbəb olur. Odur ki, iddiaçının növbəli iş rejimi üzrə işlədiyi dövrün onun güzəştli iş stajına daxil edilməsi üçün heç bir hüquqi maneə və əsas mövcud deyildir. Bununla əlaqədar olaraq, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının növbəli iş rejimində işləməsi onun əmək fəaliyyətinin güzəştli iş stajına daxil edilməməsi üçün əsas təşkil edə bilməz. Çünki onun əmək fəaliyyəti gecə saatlarını da əhatə etmiş, nəticə etibarilə iş şəraiti və funksional yük baxımından yalnız gecə növbəsində çalışan işçi ilə eyni təsirə və risk faktorlarına məruz qalmışdır. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri və eskalator maşinisti peşəsində işlədiyi dövrlər güzəştli pensiya hüququ verən peşələrə aid edilməli, həmin dövrlər nəzərə alınmaqda iddiaçının güzəştli iş stajının 12 il 06 aydan çox olması, həmçini yaş və ümumi staj ilə bağlı şərtin ödənilmsi əsası ilə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının əmək stajı işdə olan əmək kitabçası və arayışla müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqe). Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı hərəkətlərin cavabdeh tərəfindən edilməsini (və ya inzibati aktın qəbul edilməsini) zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu hərəkətlərin cavabdeh tərəfindən edilməsini (inzibati aktın qəbulunu) konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (ünvan: ünvan 3llegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir X3.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar