Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2180/2021 01.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X4katibliyi, İddiaçı, İddiaçının vəkili X6, Cavabdehin nümayəndəsi X2, 3-cü şəxs Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyətinin nümayəndəsi X7, 3-cü şəxs "xxxx" MTK-nın nümayəndəsi və vəkili X5 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı 3-cü şəxslər Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti və qeyriləri işə cəlb edilməklə sərəncamların ləğv edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı 3-cü şəxslər Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi işə cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəyəti başçısının 24 oktyabr 2014-cü il tarixli, 505 saylı və 22.12.2015-ci il tarixli, 550 saylı sərəncamlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 27.03.2003-cü ildə verilmiş, ÖM seriyalı, 147706 saylı qeydiyyat vəsiqəsinə əsasən Nərimanov rayonu, Mayakovski küçəsi, 7 saylı evin 4-cü mənzili xüsusi mülkiyyət hüququ ilə onun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmiş və bu barədə müvafiq qeydiyyat aparılmışdır. Ev şəraitinin darısqal olduğu nəzərə alınaraq, Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 11 sentyabr 2006-cı il tarixli, 418 saylı sərəncamı ilə ona məxsus Mayakovski küçəsi, 7/3 və 7/4 saylı evlərin sökülüb, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun tikilməsinə icazə verilmiş, qeyd olunan eskiz layihəsi və sərəncam əsasında tikinti işlərinə başlayıb, ümumi sahəsi təxminən 450 kv.m olan 3 mərtəbəli mansardlı fərdi yaşayış evi inşa etmişdir. Qeyd olunan ərazidə onun və onun kimi yaşayan qonşuların mülkiyyətində fərdi yaşayış evləri mövcud olmasına baxmayaraq, yaşayış və qeyri-yaşayış mülkiyyətçilərinin əvvəlcədən razılığı olmadan, Bakı şəhər İcra Hakimiyyəti başçısının 24 oktyabr 2014-cü il tarixli, 505 saylı sərəncamı ilə ünvan 1 ünvanda mülkiyyətdə olan 0,14 ha və ona bitişik torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin Kooperativə icazə verilmiş, sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsinin "xxxx" MTK tərəfindən həll edilməsi qərara alınmışdır. Bundan sonra, Bakı şəhər İcra Hakimiyyəti başçısının 22 dekabr 2015-ci il tarixli, 550 saylı sərəncamı ilə ünvan 1 ünvanda 18 mərtəbəli, 1 bloklu yaşayış binasının tikintisi üçün "xxxx" MTK-yə icazə verilmişdir. Qeyd olunan sərəncamların mövcudluğundan Nərimanov Rayon Məhkəməsi tərəfındən 09 sentyabr 2020-ci ildə məhkəmə iclasında olarkən məlumatlı olmuş və həmin sənədlərin surətlərini əldə etmişdir. Hesab edir ki, hər iki sərəncamlar əsassız və qanunsuz olmaqla ləğv edilməlidir. Belə ki, cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin, ümumiyyətlə ərazi icra hakimiyyətlərinin 01.01.2001-ci ildən torpaq sahəsi ayırmaq səlahiyyəti olmamış, eləcə də, mülkiyyətlərindəki fərdi yaşayış evlərinin dövlət ehtiyacları üçün sökülməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən hər hansı qərar qəbul edilməmişdir. Bundan əlavə, onun fərdi yaşayış evinin mülkiyətçisi olaraq, Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hüquqları pozulmuş, düz yaşayış evinə bitişik, təxminən 1 metr aralı məsafədə tikinti işlərinin aparılmasına icazə verilmişdir. Daha sonra, dəfələrlə müxtəlif dövlət orqanlarına şikayətlər etsə də, hər dəfə bir bəhanə ilə şikayəti təmin edilməmiş, şikayətləri bir ünvandan digərinə göndərilmiş, sonra isə itmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 28.08.2020-ci il tarixli 05/09-PA/R-10/5-3436 saylı məktubunda qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyətinin 24.10.2014-cü il tarixli 505 saylı sərəncamının 1.1-ci bəndinə əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi və sakinlərin qanunvericiliyə uyğun köçürülməsi "xxxx" MTK-ya həvalə edilmiş, lakin obyektin tikintisinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə riayət etmədən, həmçinin tikintinin təhlükəsizliyi təmin olunmadan tikinti işlərinə başlanmışdır. Qeyd olunan əsaslar şikayəti Şəhərsalma və Tikinti Məcəlləsinin 97-ci maddəsinə və “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na əsasən tikintiyə dövlət nəzarəti Tikintidə X3 Agentliyi tərəfindən həyata keçirildiyindən, həmin quruma göndərilmişdir. Bütün bu şikayətlərinə baxmayaraq, "xxxx" MTK 18.08.2020-ci il tarixli, 20 saylı məktub ünvanlayaraq, ərazidə məskunlaşmış digər sakinlərlə birlikdə onun da, qarşılıqlı razılaşma əsasında köçürülməsini tələb edilmiş, bu məqsədlə ona 450 kv.m olan, 3 mərtəbəli mansardlı evinin əvəzinə yeni tikdikləri binadan 3 otaqlı mənzil verilməsini təklif etmişlər. Halbuki, həmin təklif ümumiyyətlə onu qane etmir və birbaşa mülkiyyət hüquqlarını kobudcasına pozur. Daha sonra, onun cavabdeh inzibati orqana müraciəti 21 iyul 2020-ci il tarixli, R-132-151 saylı məktubla Nərimanov rayon İcra Hakimiyyətinə göndərilmiş, lakin həmin şikayəti sonradan araşdırılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7171/2020 saylı, 24.11.2020-ci il tarixli qərardadı ilə iş üzrə "xxxx" MTK üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. 3-cü şəxs Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı 3-cü şəxslər Nərimanov Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi işə cəlb edilməklə olan iddia tələbini aşağıda qeyd edilənlərə görə əsassız hesab edirlər. Belə ki, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin (RİH) 11.09.2006-cı il tarixli, 418 №-li Sərəncamı ilə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin (MŞBİ) 08.09.2006-cı il tarixli, 18/03-8/5299 №-li qeydiyyat nömrəsi ilə razılaşdırılmış və inşa ediləcək yeni evin eskiz layihəsinə uyğun vətəndaş İddiaçı məxsus, Mayakovski küçəsi 7/4 №-li evin sökülüb yenidən tikilməsinə icazə verilmişdir. Sərəncamın 2-ci bəndinə görə: Tikinti işlərinə evin yerləşdiyi torpaq sahəsi Nərimanov Bələdiyyəsində sənədləşdirildikdən, şəhadətnamə alındıqdan və onun kserosurəti Rayon icra Hakimiyyətinə təqdim edildikdən sonra başlanılsın; Sərəncamın 3cü bəndinə görə: Tikinti işləri aparılan sahənin ətrafını inşaat tullantılarından və nəqliyyat vasitələrindən tökülən quruntlardan təmizlənməsi məqsədi ilə Rayon Kommunal Təsərrüfatı Birliyi ilə müqavilə bağlanması vətəndaş İddiaçı həvalə edilsin; Sərəncamın 4cü bəndinə görə: Tikinti işlərinin razılaşdırılmış sənədlərə əsasən aparılmasına nəzarət edilməsi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə və 18 №-li Polis Bölməsinə tapşırılsın; Sərəncamın 5-ci bəndinə görə: Tikinti işləri başa çatdıqdan sonra evə yeni qeydiyyat vəsiqəsinin verilməsi və texniki pasportun tərtib olunması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə müraciət edilməsi vətəndaş İddiaçı tövsiyə olunsun; Bakı şəhər İcra Hakimiyyətinin mülkiyyətində olan torpaq sahələrində yaşayış binalarının tikintisinin layihələndirilməsi haqqında 24.10.2014-cü il tarixli 505 №-li Sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 22.10.2014-cü il tarixli, PHS-1897 №-li razılıq məktubunu, Luxe Home” Mənzil Tikinti Kooperativinin 22.10.2014-cü il tarixli, 26 №-li müraciətini və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15.10.2014-cü il tarixli. ******* №-li çıxarışını nəzərə alaraq, ünvan 2 ünvanda mülkiyyətdə olan 0,14 ha və ona bitişik torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin Kooperativə icazə vermişdir. Sərəncamın 1.1-ci bəndinə görə: Ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi qanunvericiliyə əsasən 'Luxe-Home'' MTK tərəfindən həll edilsin. 2. Sifarişçiyə tapşırılsın: Sərəncamın 2.1-ci bəndinə görə: Ərazinin və obyektin şəhərsalma əsaslandırılması sənədlərinin hazırlanmasını təmin etsin və həmin sənədlərin Azərbaycan Respublikasının Şəhərsama və Arxitektura Komitəsində razılaşdırılması üçün Memarlıq və Şəhərsalma Baş idarəsinə təqdim etsin; Sərəncamın 2.2-ci bəndinə görə: Sahəni yerində qəbul etsin, onun sanitar vəziyyətinə nəzarət etsin; Sərəncamın 2.3-cü bəndinə görə: Layihələndirmənin vaxtı və qaydası üzrə Memarlıq və Şəhərsalma Baş İdarəsinin tapşırığı və memarlıq planlaşdırma göstərişlərini yerinə yetirsin; Sərəncamın 2.4-cü bəndinə görə: Ərazinin və obyektin memarlıq planlaşdırmasının həllini layihələndirmə ərəfəsində Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırsın. Layihələndirmə başa çatdıqdan sonra işçi layihəsini tam həcmdə Baş İdarəyə təqdim etsin; Sərəncamın 2.5-ci bəndinə görə: Layihə təşkilatı layihə-axtarış işləri apararkən mühəndis kommunikasiyaları aşkar edildikdə, Baş plan işlənməzdən əvvəl həmin kommunikasiyaların köçürülməsini Memarlıq və Şəhərsalma Baş İdarəsi və əlaqədar təşkilatlarla razılaşdırılsın; Sərəncamın 2.6-cı bəndinə görə: Layihələndirmə işləri tam başa çatdıqdan sonra razılaşdırılmış və təsdiq edilmiş tikinti layihəsi tikintiyə icazə verilməsi barədə sərəncamın hazırlanması üçün əsas olan xüsusi nişanln alınması məqsədi ilə Memarlıq və Şəhərsalma Baş idarəsinə təqdim edilsin; Sərəncamın 2.8-ci bəndinə görə: Bakı Şəhər İcra Hakimiyyəti nəzdində “İnterservis” müdiriyyəti sifarişçi ilə torpağın icarə müqaviləsinin bağlanmasını və Əmlak Məsələləri Dövlət Komitəsində qeydiyyatına alınmasını təmin etsin. Sərəncamın tələbləri "xxxx" MTK tərəfindən icra edilmiş layihə üzrə 16 mərtəbəli yaşayış evinin 1-ci blokunun tikintisi başa şatdırılmış, sakinlər yeni yaşayış evinin mənzillərinə köçürülmüş və müvafiq çıxarışlarla təmin edilmişlər. İş üzrə iddiaçıya məxsus tikinti ilə üzbəüz 2-ci blokun 14 mərtəbəsi tikilmiş və son tamamlama işləri başa çatdırılır. Hazırkı mübahisə predmeti barədə Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-3082/2020 №-li mülki və Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-2181 №-li inzibati işlər üzrə işin faktiki hallarına görə MTK tərəfindən tikinti işləri Sərəncama uyğun müvafiq razılaşdırılmalardan sonra 2015-ci ilin əvvəlində başlanmış və öncə qeyd etdikləri kimi 2-ci blokda tamamlama işləri başa çatdırılmaq üzrədir. Lakin, "Luxe Home” MTK-dan fərqli olaraq iş üzrə İddiaçı mübahisəli ərazidə razılaşdırılmış eskiz layihəsinə uyğun sərəncamla ona məxsus tikilinin sökülərək yenidən inşa edilməsinə dair 2006-cı il tarixdə icazə verilməsinə baxmayaraq, Nərimanov RİH başçısının 11.09.2006-cı il tarixli 418 №-li Sərəncamının tələbləri kobud şəkildə pozulmuş, hər hansı tikinti işləri aparmamış, MTK tərəfindən tikinti işlərinin aparıldığı ərəfədə 2015-ci ildə mövcud icazə və layihə sənədlərindən kənara çıxmaqla apardığı qeyri-qanuni tikililərin sərhədi MTK tərəfindən aparılan tikilinin sərhədlərinə yaxınlaşdırmaqla süni şəkildə hüquqlarının pozulması zəmini yaratmışdır. Hazırki iş üzrə, 3-cü şəxs Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1 (112)- 7172/2020 №-li iş üzrə məhkəməyə təqdim etdiyi 22.01.2021-ci il tarixli, 05/09- 123 №-li etirazın dəlillərinə görə mübahisəli ərazidə MTK tərəfindən aparılan tikinti işləri qanunvericiliyinin tələbləri qaydasında olmuş, dolayısı ilə iddiaçıya məxsus qeyri-qanuni tikililər mövcud olmamışdır. Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş layihə ilə “Firma “PLANETA” tərəfindən tərtib edilmiş layihələri müqayisə etdikdə onlar razılaşdırılmış layihədən kobud surətdə kənara çıxmalarını, əlavə mərtəbələrin tikilməsini görürlər. Razılaşdırılmış layihə ölçülərindən kənara çıxmaqla Ç.İ.Rəşidov tərəfindən 3 dəfə çox qeyri-qanuni tikililər inşa etmiş mövcud tikilini əlavə yüklü etmiş özünün və kənar şəxslərin təhlükəsizliyini pozmuşdur. Sərəncamın verilməsindən 10 il sonra tikinti işləri aparmaqda onun yeganə məqsədi mövcud vəziyyətdən sui-istifadə edərək, tikinti təşkilatından əsassız varlanma yolu ilə iri pul kompensasiyaları almaq olmuşdur. 3-cü şəxs "xxxx" MTK tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçının iddiası tamamilə əsassız olmaqla yanaşı, eləcədə, iddia müddəti keçmiş olduğuna görə təmin edilməməlidir. Bakı şəhəri Nərimanov rayonu İcra hakimiyyəti tərəfindən İddiaçı iddiasına əsaslı və tutarlı etiraz məhkəməyə təqdim edilmişdir. Nərimanov Rayon İcra Hakimiyyətinin məhkəməyə təqdim etdiyi etirazla tam razıdırlar. Məhkəmə araşdırması zamanı iddiaçı bildirmişdir ki, Nərimanov Rayon Məhkəməsində İddiaçı və "xxxx" MTK arasında eyni predmet barəsində baxılan iş üzrə ekspert rəyləri alınmış və həmin rəylərə məhkəmədə istinad etmiş olsa da, rəyləri məhkəməyə təqdim etməmişdir. Nərimanov Rayon Məhkəməsində İddiaçı mənzildən köçürülməsi və mənzilinin bazar dəyəri qiymətinin "xxxx" MTK tərəfindən ona ödənilməsi barəsində iddia qaldırılmışdır. Cavabdeh İddiaçı MTK-nın tikdiyi 16 mərtəbəli binanın sökülməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi barəsində qarşılıqlı iddia ilə müraciət etmişdir. Eyni zamanda İddiaçı mənzilinin bazar qiymətinin müəyyən edilməsi və dəymiş ziyanın müəyyən edilməsi barəsində ekspertiza təyin edilməsi haqqında vəsatətlə məhkəməyə müraciət etmişdir. Məhkəmə onun vəsatətini təmin edərək, ekspertizalar və mütəxəssis rəyinin alınması barəsində 17.11.2020-ci il tarixdə qərardad qəbul etmişdir. İş üzrə FHN-yi tərəfindən mütəxəssis rəy, Ədliyyə Nazirliyi Məhkəmə X1 rəyi və İddiaçı mənzilinin bazar qiyməti haqqında “X10”ndən rəy alınmışdır. Rəylərdən görünür ki, "xxxx" MTK tərəfindən tikinti normaları pozulmamış və İddiaçı mənzilinə hər-hansı bir ziyan vurulmamışdır. İddiaçı 12 kv.m sahəsi olan mənzilinin üstündə əlavə 3 mərtəbə və mansard tikməklə tikinti texniki qaydaları kobud surətdə pozmaqla evin dayanıqlılığını təhlükəli hala salmışdır. Ekspetiza tərəfindən İddiaçı mənzilinin və əlavə tikilisinin bazar qiymətinin 219.513 manat olduğu müəyyən edilmişdir. Məhkəmə araşdırılması zamanı da, sübut edilmişdir ki, İddiaçı məhkəmələrə müraciətləri və müxtəlif orqanlara yazdığı ərizələrdə əsas niyyəti mənzilinin dəyərindən haqsız olaraq dəfələrlə artıq fantastik məbləğdə pul almaqdır. Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən verilmiş etirazda əsaslandırılmış qaydada İPM-nin 38-ci maddəsinə istinad edilibdir. İddiaçı 2014-ci ildən məlumdur ki, Bakı şəhər İcra hakimiyyəti tərəfindən qeyd edilən ərazidə çoxmərtəbəli binanın "xxxx" MTK tərəfindən tikilməsi və ərazidə yaşayan şəxslərin MTK tərəfindən köçürülməsinin həvalə edilməsi barəsində sərəncamı vardır. İddiaçı həmin vaxtdan "xxxx" MTK ilə ona məxsus mənzilinin sökülərək əvəzində ona yeni tikilidə artıqlaması ilə mənzilin verilməsi və ya mənzilinin dəyərinin bazar qiymətinə uyğun ödənilməsi barəsində danışıqlar aparıbdır. Müxtəlif vaxtlarda o, MTK ilə müəyyən razılığa gəlmiş olmasına baxmayaraq, yenidən artıq pul tələbi irəli sürərək, razılaşmanı dəfələrlə pozmuşdur. 12 kv.m sahəsi olan mənzilə görə 2 000 000 manat tələb etmiş, sonradan 1 000 000 manat və son zamanlarda isə ən son qiymət kimi 900 000 manat pul tələb etdiyini bildirmişdir. Xüsusi ilə qeyd edirlər ki, Rəşid Cəlilov qonşuların mənzilinin sökülməsi barəsindəki danışıqlarda və divar qonşusu və qohumunun mənzilinin alınmasıda da, bir neçə ildir ki şəxsən iştirak edibdir. Bu baxımdan, İPM-nin 38-ci maddəsinə əsasən iddianın təmin edilməməsi barəsində Nərimanov Rayon icra Hakimiyyətinin etirazı tamamilə əsaslıdır. Bildirir ki, Bakı şəhər İcra hakimiyyətinin sərəncamına uyğun olaraq, qeyd edilən ərazidə “Luxehome" MTK tərəfindən 16 mərtəbədən ibarət 1-ci blok tikilib istifadəyə verilib və məskunlaşdırılıbdır. Mənzil alan şəxslər əmlakları barəsində müvafiq çıxarışlar da, alıbdırlar. Ərazidə tikilən 16 mərtəbədən ibarət 2-ci blok isə tam tikilibdir və sakinlər mənzillərinin təmirinə başlayıblar. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı və onun vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs "xxxx" MTK-nın nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsində göstərilən qaydada lazımi şəkildə məlumat verilməsinə baxmayaraq, digər 3-cü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə 3-cü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, iş materiallarını mövcud qanunvericiliyin normalarına uyğun təhlil edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Beləki, işdə olan Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının 418 nömrəli, 11 sentyabr 2006-cı il tarixli, “Mayakovski küçəsi 7/3 və 7/4 saylı evlərin sökülüb yenidən tikilməsinə icazə verilməsi haqqında” sərəncamından görünür ki, Mayakovski küçəsi 7/3 və 7/4 saylı evlərin sahibi İddiaçı Rayon İcra Hakimiyyətinə müraciət edərək, ona məxsus şəxsi mülkün (27.03.2003-cü il tarixli, 147706 saylı və 15.02.2005-ci il tarixli, 223440 qeydiyyat vəsiqələri) sökülüb, fərdi layihəyə uyğun olaraq yenidən tikintisinə icazə verilməsini xahiş etmişdir. Məsələyə Bakı şəhər İcra Hakimiyyətində baxılmış, İddiaçı məxsus fərdi evlərin sökülüb yenidən tikilməsinə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18.09.2006-cı ilt arixli, 18/03-8-5299 saylı qeydiyyat nömrəsi ilə razılaşdırılmış və inşa ediləcək yeni evlərin eskiz layihəsi müvafiq qaydada təsdiq edilmişdir. Göstərilənlərə istinad edilərək, İddiaçı özünə məxsus Mayakovski küçəsi 7/3 və 7/4 saylı evlərin söküb, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun yenidən tikilməsinə icazə verilmişdir. İşdə olan iddiaçının Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış müraciətlərinə sonuncu tərəfindən verilmiş cavab məktublarından görünür ki, iddiaçı cavabdehə müraicət edərək, "xxxx" MTK tərəfindən sözügedən ünvanda yaşayan sakinlərin köçürülməsi tam şəkildə təmin edilmədən aparılan söküntü və qazıntı işlərinin nəticəsində onun mənzilməişət şəraiti üçün təhlükəli vəziyyətin yarandığını bildirmiş və bununla əlaqədar müvafiq tədbirlərin görülməsinə köməklik göstərilməsini xahiş etmişdir. İddiaçı müraciətləri baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyətinə göndərilmişdir. İşdə olan məhkəmənin “Bakı şəhər İcra Hakimiyyəti başçısının 20.10.2014-cü il tarixli, 505 saylı; 22.12.2015-ci il tarixli, 550 saylı və 03.01.2019-cu il tarixli, 02 saylı sərəncamları və onların verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi barədə” sorğusuna cavab olaraq, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən 06.05.2021-ci il tarixli, 7-1554/17 nömrəli məktubla təqdim edilən sənədlərin surətindən müəyyən edilir ki: - Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, 130 saylı sahənin bir hissəsində yerləşən 0.14 ha torpaq sahəsinin mülkiyyətçisinin razılığı alınmaqla, "xxxx" MTK 26 nömrəli, 22 oktyabr 2014-cü il tarixli məktubla Bakı şəhər İcra Hakimiyyəti başçısına ərizə ilə müraciət edərək, xüsusi mülkiyyətdə olan həmin torpaq sahəsində və ona bitişik ərazidə bir mərtəbəli yaşayış evləri sakinlərinin razılığı əsasında köçürülməklə hündür mərtəbəli yaşayış binaları tikmək niyyətindədirlər. Bunununla bağlı, həmin torpaq sahəsinin mülkiyyətçisinin razılığı alınmış və ərazidə birmərtəbəli evlərdə yaşayan sakinlərlə onların köçürülməsi barədə razılığa gəlinmişdir. Onların müraciətlərini, ərazidə yaşayan sakinlərin razılığını və torpaq sahəsinin mülkiyyətçisinin razılıq məktubunu nəzərə alaraq, göstərilən ünvanda hündür mərtəbəli yaşayış binalarının tikilməsi üçün "xxxx" MTK-ya müvafiq sərəncam verilməsi xahiş edilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının 505 saylı, 24.10.2014-cü il tarixli “Mülkiyyətdə olan torpaq sahəsində yaşayış binalarının tikintisinin layihələndirilməsi haqqında” Sərəncamına əsasən, torpaq sahəsinin mülkiyyətçisinin 22.10.2014-cü il tarixli, PHS-1897 saylı razılıq məktubu, "xxxx" MTK-nın 22.10.2014-cü il tarixli, 26 saylı müraciəti və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15.10.2014-cü il tarixli, ******* saylı çıxarışı nəzərə alınaraq, Nərimanov rayonu, 1929-cu məhəllə, İsmayıl Hidayətzadə küçəsi 130 saylı ünvanda mülkiyyətdə olan 0.14 ha və ona bitişik torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin Kooperativə icazə verilmişdir. Sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi qanunvericiliyə əsasən "xxxx" MTK-ya tapşırılmışdır. Sərəncamın 2.1-ci bəndinə əsasən ərazinin və obyektin şəhərsalma əsaslandırılması sənədlərinin hazırlanmasını təmin etmək və həmin sənədlərin Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsində razılaşdırılması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim etməsi "xxxx" MTKya tapşırılmışdır. - Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 24.10.2014-cü il tarixli, 505 saylı sərəncamı ilə "xxxx" MTK-ya yaşayış binalarının tikintisi üçün ayrılmış torpaq sahəsinə dair 14/288 nömrəli, 2014-cü il tarixli ayrıc aktı verilmişdir. - "xxxx" MTK tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə 60 nömrəli, 16 sentyabr 2015-ci il tarixli məktubla müraciət edilərək, Bakı şəhər İcra Hakimiyyəti başçısının 24.10.2014-cü il tarixli, 505 saylı sərəncamına əsasən, ünvan 4 ünvanda layihələndirilən 18 (on səkkiz) mərtəbəli, 1 bloklu yaşayış binasının tikinti işlərinin başlanmasına icazə verilməsi barədə sərəncam verilməsi xahiş edilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti başçısının 550 nömrəli, 22.12.2015-ci il tarixli “Bakı şəhər İcra Hakimiyyətinin layihələnləndirmə ilə əlaqədar sərəncamını nəzərə alınaraq "xxxx" MTK-ya tikintiyə icazə verilməsi haqqında” sərəncamına əsasən, "xxxx" Mənzil- Tikinti Kooperativinin 16.09.2015-ci il tarixli, 60 saylı müraciətini, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 75.1 və 75.6-cı maddələrini və Bakı şəhər İcra Hakimiyyətinin 24.10.2014-cü il tarixli, 505 saylı sərəncamı nəzərə alınaraq, ünvan 5 ünvanda 18 (on səkkiz) mərtəbəli, 1 bloklu yaşayış binasının tikintisi üçün "xxxx" MTK-ya icazə verilmişdir. İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3082/2020 nömrəli, 17.11.2020-ci il tarixli, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi barədə qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/3753 nömrəli, 30 aprel 2021-ci il tarixli ekspertiza rəyindən müəyyən olunur ki, ekspertiza tədqiqatı İddiaçı məxsus ünvan 6 ünvanda yerləşən 4 saylı fərdi yaşayış evi və ünvan 7 ünvanda yerləşən torpaq sahəsində "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binası üzrə aparılmışdır. Tədqiqatın aparılması üçün həmin evə və yaşayış binasına tərəflərin iştirakı ilə baxış keçirilərək, ölçü işləri aparılmış və mülki iş materiallarının, o cümlədən mütəxəssis rəyinin məlumatlarından istifadə edilmişdir. Aparılmış ekspertiza tədqiqatının 4-cü sualı üzrə: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin mütəxəssisi tərəfindən tərtib olunmuş 25 dekabr 2020-ci il tarixli mütəxəssis rətinə əsasən, "xxxx" MTK tərəfindən inşa olunması nəzərdə tutulan hündürmərtəbəli yaşayış binası ilə ünvan 6 evin 4 nömrəli fərdi yaşayış evi arasındakı məsafənin Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun olduğu; 5-ci sualı üzrə: rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən Bakı şəhər İcra Hakimiyyəti başçısının 24.10.2014-cü il tarixli, 505 saylı sərəncamına əsasən, ünvan 8 ünvanda mülkiyyətdə olan 0.14 ha və ona bitişik torpaq sahəsində (icarə əsasında) "xxxx" Mənzil Tikinti Koopertivinə çoxmərtəbəli yaşayış binalarının tikintisinə icazə verildiyini, eləcə də, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 22.12.2015-ci il tarixli, 550 saylı sərəncamına əsasən, həmin ünvanda "xxxx" Mənzil Tikinti Kooperativinə 18 mərtəbəli, bir bloklu yaşayış binalarının tikintisinə icazə verildiyini və torpaq sahəsinin ayrılmasına dair 14/288 saylı ayrıc aktının tərtib edildiyini, 132 nömərli tikintiyə icazə sənədinə əsasən, həmin obyektin layihəsinin "xxxx" MMC tərəfindən tərtib edildiyi, tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğun olması barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən 12.09.2019-cu il tarixli, 02/852 saylı tikinti layihəsinə dair ekspertiza müəssisəsi tərəfindən 28.10.2019-cu il tarixli, 28318 saylı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsi tərəfindən 23.10.2019-cu il tarixli, ER-22/507 saylı, Fövqəladə Hallar Nazirliyi X9 Xidməti təərfindən 27.09.2019-cu il tarixli, YTNƏŞ-0605 nömrəli, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən 13.11.2019-cu il tarixli, 184 saylı rəylər verildiyini, həmçinin mütəxəssis rəyində qeyd olunanları nəzərə alaraq, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən aparılan hündürmərtəbəli yaşayış binasının tikintisinin tikinti norma və qaydalarına uyğun aparıldığı müəyyən edilmişdir. Məhkəmə iddiaçının mövcud iddia tələbinin əsasları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
1. İddiaçı hazırki iddianın predmeti olan mübahisəli sərəncamın qanunsuz və əsassız olmasını, Bakı şəhər İcra Hakimiyyətinin, ümumiyyətlə ərazi icra hakimiyyətlərinin 01.01.2001-ci ildən torpaq sahəsi ayırmaq səlahiyyətinin olmaması, eləcə də, mülkiyyətlərindəki fərdi yaşayış evlərinin dövlət ehtiyacları üçün sökülməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən hər hansı qərar qəbul edilməməsi ilə əsaslandırır. - İddiçının iddia tələbinin bu əsasları ilə bağlı məhkəmə ilk öncə qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 505 saylı, 24.10.2014-cü il tarixli “Mülkiyyətdə olan torpaq sahəsində yaşayış binalarının tikintisinin layihələndirilməsi haqqında” Sərəncamına və 550 nömrəli, 22.12.2015-ci il tarixli “Bakı şəhər İcra Hakimiyyətinin layihələnləndirmə ilə əlaqədar sərəncamını nəzərə alınaraq "xxxx" MTK-ya tikintiyə icazə verilməsi haqqında” sərəncamına əsasən, "xxxx" MTK-ya hər hansı bir torpaq sahəsi ayrılmamış, sərəncamların adlarından da, göründüyü kimi, yaşayış binalarının tikintisinin layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. Bundan əlavə, həmin sərəncamlarda 0.14ha torpaq sahəsində və ona bitişik ərazidə icarə əsasında tikintisinin layihələndirilməsinə və tikintiyə icazə verilməsinə, həmin torpaq sahəsinin mülkiyyətçisinin (Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş 15.10.2014-cü il tarixli, ******* nömrəli çıxarış əsasında) razılığı alınmaqla icazə verilmişdir və həmin dövrdə və hazırda qüvvədə olan qanunvericiliyə əsasən həmin sərəncamları qəbul etmək Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyəti olmuşdur. Göstərilənlərdən əlavə, iddiaçı mülkiyyətlərində olan fərdi yaşayış evlərinin dövlət ehtiyacları üçün sökülməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən hər hansı qərar qəbul edilməməsini bildirir ki, iddiaçının bu dəlilidə əsassızdır, belə ki, işin hallarından göründüyü kimi, mübahisəli sərəncamlarla "xxxx" MTK-ya yaşayış binalarının layihələndirilməsinə və tikintisinə icazə ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsinin və vəsaitin qanunvericiliyə əsasən "xxxx" MTK tərəfindən təmin edilməsi əsası ilə verilmişdir. Sözügedən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin dövlət ehtiyacları üçün sökülməsi halı mövcud deyildir. Göründüyü kimi, göstərilən hallar iddiaçının yuxarıda qeyd edilən dəlillərinin əsassız olduğuna dəlalət edir.
2. İddiaçının iddia tələbinin digər bir əsası ondan ibarətdir ki, fərdi yaşayış evinin mülkiyyətçisi olaraq hüquqları pozulmuş, onun evinə bitişik, təxminən 1 metr aralı məsafədə tikinti işlərinin aparılmasına icazə verilərək, tikinti obyektinin tikintisi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olmadan aparılır. - İddiaçının iddia tələbinin bu əsası ilə bağlı iş materiallarında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3082/2020 nömrəli, 17.11.2020-ci il tarixli, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi barədə qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/3753 nömrəli, 30 aprel 2021-ci il tarixli ekspertiza rəyi mövcuddur ki, məhkəmə həmin rəyi mötəbər sübut kimi qəbul edərək, qeyd edir ki, həmin ekspertiza rəyindən də, göründüyü kimi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin mütəxəssisi tərəfindən tərtib olunmuş 25 dekabr 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən, "xxxx" MTK tərəfindən inşa olunması nəzərdə tutulan hündürmərtəbəli yaşayış binası ilə ünvan 6 evin 4 nömrəli fərdi yaşayış evi arasındakı məsafənin Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğundur, həmçinin "xxxx" MTK tərəfindən aparılan hündürmərtəbəli yaşayış binasının tikintisini tikinti norma və qaydarlarına uyğun aparılır. Göründüyü kimi, iddiaçının iddia tələbinin bu əsası ilə bağlı dəlilləri də əsassızdır.
3. Məhkəmə, iddiaçının iddia tələbində göstərdiyi, "xxxx" MTK tərəfindən ona məxsus 450 kv.m, 3 mərtəbəli mansardlı evinin əvəzində ona yeni tikdikləri binadan 3 otaqlı mənzil verilməsi təklifinin onu qane etmədiyinə və birbaşa mülkiyyət hüquqlarını kobudcasına pozmasına səbəb olması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 505 saylı, 24.10.2014-cü il tarixli “Mülkiyyətdə olan torpaq sahəsində yaşayış binalarının tikintisinin layihələndirilməsi haqqında” Sərəncamının 1.1-ci bəndinə əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsinin və vəsait ödənilməsinin qanunvericiliyə uyğun olaraq təmin edilməsi "xxxx" Mənzil Tikinti Kooperativinə həvalə edildiyindən, iddiaçının həmin tələbi birbaşa "xxxx" MTK-ya qarşı irəli sürülməlidir. İş materiallarında olan sənədlərdən də görünür ki, hazırda iddiaçı ilə "xxxx" MTK arasında ümumi yurisdiksiyalı (rayon, şəhər məhkəməsində) məhkəmədə mülki məhkəmə mübahisəsi mövcuddur ki, iddiaçı həmin tələbini qeyd edilən mülki məhkəmə icraatında "xxxx" MTK-ya qarşı irəli sürə bilər. Göründüyü kimi, iddiaçının iddia tələbinin bu əsasıda əsassızdır. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanunazidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. İnzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunvericilik). İş üzrə mübahisəli sərəncamların – inzibati aktın qanuniliyi formal-hüquqi baxımdan yoxlanılarkən məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, həmin aktlarda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci və 61-ci maddələrinin icraatla bağlı tələblərinə əməl olunmuş, inzibati orqan mübahisəli sərəncamların qəbulu zamanı maddi hüquq normalarını düzgün tətbiq etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci və 67.2-ci maddələrinə əsasən isə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov prospekti 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva