Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2180/2025 11.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X10 Sabir oğlunun sədrliyi, məhkəmə iclas katibi Zeynalova Leyla Afiq qızının katibliyi, iddiaçılar İddiaçı2, İddiaçı1, iddiaçııların nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxs X5 və onun nümayəndəsi və vəkili X3, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı5 Teyub oğlu, İddiaçı4 Eyub qızı, İddiaçı2, İddiaçı6 Ağaəli oğlu və İddiaçı3 Ağa-Əli oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı ″X1 adına verilmiş, ünvan 1 ünvanına dair qeydiyyat vəsiqəsinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması″ tələbinə dair işə Bakı İnzibati Məhkəməsinin binasında, açıq və şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, X1 adına verilmiş, ünvan 1 ünvanına dair qeydiyyat vəsiqəsinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Vəlixan Orucov küçəsində yerləşən 18 saylı fərdi yaşayış evi İddiaçı5 Həmid oğlu tərəfindən 1935-ci ildə tikilmişdir. İddiaçı5 Həmid oğlu, X2 ilə qanuni nikahda olmuş və onların Teyyub, Eyyub, Qaib, Sahib, Həmid adlı övladları olmuşdur. Həmin şəxslər hazırkı tələb üzrə iddiaçılardır. Eyyub xx.xx.2019-cu ildə vəfat etdiyindən onun övladları Ağaəli və Həmidə iş üzrə iddiaçılar siyahısına daxil edilmişdir. Qeyd edir ki, bu ünvanda əvvəlcə baba İddiaçı3, nənə Ağabacı İbrahimova və onların uşaqları ata İddiaçı5 və qardaş, bacıları Seyfulla, Nurulla, Sətirə, Sura , Sara yaşamışlar. Həmin şəxslər vəfat etmişlər, ölüm haqqında şəhadətnamələr müvafiq qaydada iddia ərizəsinə əlavə edilir. Həmin ev indiyədək mövcuddur, yaşayış üçün yararlıdır və evin yerləşdiyi torpaq sahəsində yerləşir. İş üzrə maraqlı şəxs bibisi Səbirənin Nəzakət adlı qızıdır, bu torpaq sahəsində evlər tikilən zaman o anadan olmamışdır. X5 daşınmaz əmlaka dair sənədləri aldatma yolu ilə əldə etdikdən sonra onlarla məsləhətləşmə aparmadan səlahiyyətli dövlət orqanlarına vərəsələr olduqlarını bildirmədən bu daşınmaz əmlaka dair vərəsəlik şəhadətnaməsi həmin əmlakı bütünlüklə adına rəsmiləşdirmişdir. Daha sonra o, Bakı İnzibati Məhkəməyə müraciət edərək, vərəsələri və burada qeydiyyatda olan digər ailə üzvlərini (cəmi 26 nəfəri) pasport qeydiyyatından çıxarmışdır. Nəticədə səsvermədən məhrum olmuş, bank və sosial xidmətlərdən yararlana bilməmişlər, azyaşlı uşaqları bağçaya məktəbə yerləşdirə bilməmişlər. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasınin qərarı ilə məhkəmə aktı ləgv edilmiş hüquqları qismən bərpa edilmişdir. Bildirir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi Vəlixan Orucov küçəsində yerləşən 18 saylı fərdi yaşayış evinin ilkin qeydiyyatla Cabbarova Səfıyyə (Səbirə) Həmid qızının adına verilməsilə bağlı qeydiyyat vəsiqəsinin verilməsinə əsas hər hansı mülki əqd mövcud olmamışdır. Məhz bu səbəbdən cavabdehin qeydiyyatın ləğvi barədə edilən müraciətə verdiyi imtina qanunsuzdur. Ona görə şikayət həmin qeydiyyat vəsiqəsini verən orqanın hərəkət və ya hərəkətsizliyi (qeydiyyat vəsiqəsinin verilməsi üçün müəyyən edilmiş əsasların qanunsuzluğu) barədədir. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə şəxs əvvəlcə özünün marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Məhkəmənin 2-1(112)-12176/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə X5 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq İddiaçı5 Teyub oğlu məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə İddiaçı5 Teyub oğlunun iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçılar və onlarıın vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs və onun nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etmişlər. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 1.1, 1.2, 1.3, 1.4, 2.1, 6.1, 6.2 və 7-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçılar və onların nümayəndəsi və vəkilinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən qanunvericiliyin tələbləri izah edilmiş və dinlənilmə hüququ təmin olunmuşdur. İş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, iddiaçılar ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair X5 adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi tələbi ilə xx.xx.2024-cü il tarixdə cavabdehə ərizə ilə müraciət etmişlər. Məhkəmə sorğusuna cavab olaraq cavabdeh tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-7123/2024 nömrəli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Vəlixan Orucov küçəsi, 18 saylı fərdi yaşayış evi və evin yerləşdiyi 0.0318 ha torpaq sahəsi, Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinin notariusu X6 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 142 nömrəli məktubuna, 1973-cü il tarixli texniki pasporta, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-1304/2020 nömrəli qətnaməsinə əsasən xx.xx.2021-ci il tarixdə X7 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 7 saylı xüsusi notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 2V-109 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2021-ci il tarixdə X1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məhkəmə diqqətə çatdırır ki, X5 adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış vərəsəlik şəhadətnaməsi əsasında verildiyindən iddiaçılar ilk növbədə həmin şəhadətnamənin ləğvina nail olmalı, daha sonra sonuncu çıxarışın ləğvi tələbini irəli sürməlidirlər. Eyni zamanda məhkəmə tərəfindən iddiaçılara hüquqi yardım edilərək X7 adına verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli ilkin çıxarışın ləğv edilməsi tələbinin irəli sürülməsi şəklində dəqiqləşmənin aparılmasının izah edilməsi də imkan xaricindədir. Belə ki, iddiaçılar tərəfindən qeyd edilən məsələ ilə bağlı cavabdeh inzibati orqana müraciət edilməmişdir. Odur ki, iş üzrə iddianın mümkünlüyü yoxlanılarkən iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçılar tərəfindən hazırkı tələblə bağlı ilk növbədə çıxarışın verilməsinə əsas olmuş vərəsəlik haqqında şəhadətnamə mülki qaydada mübahisələndirilməlidir. Bununla bağlı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək, qanunveriliciyin tələbləri izah olunmuş və hazırkı iddianın mümkünlük şərtlərinə cavab vermədiyi bildirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 15-ci bəndi ilə məhkəmələrə izah olunmuşdur ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçıların diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Müvafiq imtina cavabı alındıqdan sonra yenidən məhkəməyə iddia ərizəsi ilə müraciət edilə bilər. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçılar İddiaçı1, İddiaçı5 Teyub oğlu, İddiaçı4 Eyub qızı, İddiaçı2, İddiaçı6 Ağaəli oğlu və İddiaçı3 Ağa-Əli oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı ″X1 adına verilmiş, ünvan 1 ünvanına dair qeydiyyat vəsiqəsinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması″ tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X12.
Məhkəmə qərarları › İş №2-1(112)-2180/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2180/2025
11.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver