Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2181/2022 28.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları İddiaçı (bundan sonra–İddiaçı) xx.xx.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra- Cavabdeh) ərizə ilə müraciət edərək, onun pensiyasının 2010-cu ilə qədər qüvvədə olan qanunvericiliyə uyğun olaraq yenidən hesablanması, həmin vaxta qədər ödənilməmiş vəsaitin iddiaçıya birdəfəlik ödənilməsi və 1976-1977-ci illərdə təhsil aldığı müddət nəzərə alınmaqla pensiya təyinatına yenidən baxılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********8 nömrəli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8ci maddəsinin tələblərinə uyğun qaydada Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə və 17-ci maddəsinin birinci və beşinci abzaslarına əsasən, həmçinin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinin tələbləri nəzərə alınmaqla ona 15 noyabr 2011-ci il tarixindən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Sözügedən qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş ağır və zərərli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydaları barədə” Əsasnamənin 8-ci bəndinə əsasən ali, orta ixtisas və peşə texniki tədris müəssisələrində əyani təhsil müddəti ümumi iş stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “a” bəndi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 yaş pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə əsasən 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1- dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə kişilər üçün 52 yaş müəyyən edilmişdir. Yuxarıda göstərilən səbəblərdən, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının 50 yaşdan yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Həmçinin iddiaçı tərəfindən 1976-cı ildən 1977-ci ilədək təhsil aldığı müddətin əyani olub-olmamasını təsdiq edən sənəd Mərkəzi Filiala təqdim edilməmişdir. Bundan sonra iddiaçı xx.xx.2021-ci il tarixdə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 1976-1977-ci illərdə təhsil aldığı müddətin əmək stajı olaraq nəzərə alınmaqla əmək pensiyasının güzəştli şərtlərlə 2010-cu ilə qədər qüvvədə olan qanuncvericiliyə uyğun olaraq 50 yaşdan təyin edilməsi və 50 yaşının tamam olduğu gündən qərar icra olunan günədək ona ödənilməli olan əmək pensiyasının məbləği ilə faktiki ödənilmiş əmək pensiyasına görə ödəniş arasındakı fərqin hesablanması və ona birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu ildə anadan olmuşdur. 1976-cı ildə peşə məktəbində təhsil almış və hərbi xidməti bitirdikdən sonra işləməyə başlamışdır. O zamandan bəri əmək fəaliyyətini davam etdirir. Qanunvericiliyə uyğun olaraq 50 yaşı olanda, yəni xx.xx.2009-cu ildə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Ancaq xx.xx.2011-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmçinin onun 1976-1977-ci illərdə təhsil müddəti nəzərə alınmalı idi. Onun 1976-cı ildən hesabladıqda 33 il iş stajı olur. Cavabdehə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 2009-cu ildən hesablanıb təyin edilməsi ilə bağlı müraciət etmiş və ona imtina cavabı verilmişdir ki, onun təhsil aldığı müddətin əyani olubolmamasını təsdiq edən sənəd yoxdur. Halbuki o, həmin sənədi təqdim etmişdir. Cavabdeh onun 33 il iş stajının olduğunu da nəzərə almamışdır. Buna görə də rədd cavabı qanunsuz və əssassızdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). III. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus xx.xx.1977-ci il tarixli, 102 nömrəli attestatın, ИT-İ seriyalı, ******* nömrəli xx.xx.1978-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixinədək Sumqayıt 7 nömrəli X4 Məktəbində peşə təhsili almış, xx.xx.1978-ci il tarixdə Əzizbəyov adına Sumqayıt Xlor Üzvi Məhsullar zavoduna 2-ci dərəcəli çilingər-boruçəkən vəzifəsinə qəbul olunmuş, xx.xx.1978-ci ildə hərbi xidmətə xidmətə getmiş, xx.xx.1978-xx.xx.1980-ci illərdə hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1980-xx.xx.1980-ci illərdə həmin zavodda işləmişdir. İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1994-cü il tarixinədək “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavodunun divinil istehsalatının butilenin dehidrogenləşdirilməsi sexində aparatçı, növbə rəisi, elektrik avadınlaqlarının təmiri üzrə elektrik montyoru vəzifəsində işləmiş, xx.xx.1994-cü il tarixdə “Etilen-Polietilen” zavoduna köçürülmə yolu ilə işdən azad edilmişdir. İddiaçı xx.xx.1995-ci il tarixdə Sumqayıt “Etilen-Polietilen” zavodunda 55 saylı sexə 5-ci dərəcə elektrik montyoru vəzifəsinə təyin edilmiş, xx.xx.2000-ci il tarixdə həmin sexdə 6-cı dərəcə elektrik montyoru, xx.xx.2002-ci il tarixdə struktur dəyişikliyi ilə əlaqədar olaraq 42 saylı elektrik təhcizatı sexinə 6-cı dərəcə elektrik montyoru, xx.xx.2003-cü il tarixdə isə həmin sexdə növbə ustası vəzifəsinə keçirilmişdir. İddiaçı xx.xx.2010-cu il tarixdə 42 nömrəli elektrik təhcizatı sexinə usta, xx.xx.2011-ci il tarixdə 78 saylı elektrik avadanlıqlarının təmiri və istismarı sexinə 8-ci dərəcəli usta, xx.xx.2012-ci il tarixdə həmin sexdə 9-cu dərəcəli usta, xx.xx.2012-ci il tarixdə elektrik avadanlıqlarının təmiri və istismarı sexinə 6-cə dərəcəli elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsinə keçirilmişdir. xx.xx.2014-cü il tarixdə ƏM-nin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifəyə uyğun gəlmədiyinə görə əmək müqaviləsi ləğv edilmişdir. İddiaçı xx.xx.2014-cü il tarixdə Azərkimya İB Təmir-tikinti İdarəsinin 02 saylı Mexaniki Quraşdırma sahəsinə 5-ci dərəcəli təmirçi-çilingər peşəsinə qəbul edilmişdir. İşdə olan SOCAR “Etilen-Polietilen” zavodunun arayışından görünür ki, X2 xx.xx.1980-ci il tarixdən xx.xx.1994-cü il tarixinədək “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavodunun divinil istehsalatının butilenin dehidrogenləşdirilməsi sexində aparatçı, növbə rəisi, elektrik avadınlaqlarının təmiri üzrə elektrik montyoru vəzifəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının 8-ci bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahıda sadalanan butadien istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. İşdə olan pensiya işindən görünür ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı hazırda məhkəməyə müraciət edərək, onun təhsil aldığı müddət də nəzərə alınmaqla 20 il ümumi, 10 il güzəştli iş stajının xx.xx.1997-ci il tarixədək tamam olduğunu bildirməklə ona 52 yaşdan deyil, 50 yaşdan, yəni xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsini və bu zaman pensiya məbləğinin həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən, yəni orta əmək haqqı nəzərə alınmaqla hesablanmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra –ƏPQ) 9.1-ci maddəsinin iddiaçıya pensiya təyin edilən xx.xx.2011-ci il tarixdə qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsində isə göstərilirdi ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.1997-ci il tarixdə dəyişiklik edildikdən sonra 2000-ci ilin avqustun 1-dək yaş hədləri hər il 6 ay artırılmış, xx.xx.2000-ci ildən etibarən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahı üzrə kişilər-52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini zərərli işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malik olmuşlar. Məhkəmə qeyd edir ki, ƏPQ-nin istinad olunan 9.8-ci maddəsi əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş yaşa və staja görə tələbləri nəzərdə tutarkən ƏPQ qüvvəyə minən günədək, yəni xx.xx.2006-cı il tarixədək qüvvədə olan qanundan bəhs edir ki, bu da “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2005-ci il tarixə qüvvədə olan redaksiyası deməkdir, hansı ki, orada 1 nömrəli siyahıda nəzərdə tutulmuş işlərdə işləyən şəxslərin 52 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun olması təsbit olunmuşdur. Belə ki, xx.xx.2006-cı ildə aparılan pensiya islahatları çərçivəsində qüvvəyə minən və yeni pensiya sistemini müəyyən edən ƏPQ-nin qəbul edilməsi ilə pensiya təyinatında köklü dəyişikliklər edilmiş, bu zaman ƏPQ-yə daxil edilən qanunun 9.8-ci maddəsi həmin tarixədək, yəni xx.xx.2006-cı il tarixədək olan təminatların qorunub saxlanılması məqsədi daşımışdır, Qanunun qəbul edilməsindən 10 il əvvəl olan və artıq çoxdan öz hüquqi qüvvəsini itirmiş xx.xx.1997-ci il tarixədək olan təminatların deyil. Qanuna 9.8-ci maddənin daxil edilməsi ilə qanunverici tərəfindən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri gözlənilmişdir. Çünki hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətlərinin iştirakçılarında öz davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsi və özlərinin rəsmi tanınmış hüquqi statusunun, əldə edilmiş hüquqlarının dəyişilməməzliyində əminlik yaratmaq məqsədi daşıyır. O da qeyd edilməlidir ki, bu yanaşmanın əksi həm ƏPQ-nin 9.8-ci maddəsinin təsbit edilmə məqsədinə, həm də 1 nömrəli siyahı üzrə xx.xx.1997-ci ildən xx.xx.2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya təyin edilən şəxslərin hüquqlarına zidd olmaqla, hüquq bərabərliyi prinsipinin pozulması deməkdir. Çünki əks yanaşma: - xx.xx.1997-ci il tarixədək 1 nömrəli siyahı üzrə 20 il ümumi, 10 il xüsusi stajı olan, xx.xx.1997- xx.xx.2005-ci illər arasında 50 yaşı tamam olan şəxsin həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən 50 yaşdan güzəşli şərtlərlə pensiya təyin edilməsi barədə tələbinin rədd; - xx.xx.1997-ci il tarixədək 1 nömrəli siyahı üzrə 20 il ümumi, 10 il xüsusi stajı olan, xx.xx.2006-cı ildən sonra 50 yaşı tamam olan şəxsin isə 50 yaşdan güzəşli şərtlərlə pensiya təyin edilməsi barədə tələbinin təmin edilməsinə gətirib çıxarır. Halbuki qanunverici pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində müstəqil olsa da, bütün hallarda belə tənzimləmə bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Pensiya təminatı sahəsində ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun ağlabatan və qanuni əsaslar olmadan fərqləndirilməməsinə xidmət edir. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə fərqli qaydada tətbiq edilməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsı belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Fərqləndirmə yalnız o zaman yolverilən hesab edilə bilər ki, onlar obyektiv hallara əsaslansın, legitim məqsədlərə xidmət etsin və istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olsun («Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı). Mübahisəyə əks yanaşma, yəni xx.xx.1997- xx.xx.2005-ci illər arasında 50 yaşı tamam olan şəxslərlə, xx.xx.2006-cı ildən sonra 50 yaşı tamam olan şəxslər arasında fərqləndirmə aparılması legitim məqsədlərə xidmət etmək, istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsindən mərhumdur. Beləliklə, istinad olunanlara əsasən məhkəmə hesab edir ki, ƏPQ-nin 9.8-ci maddəsi “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2005-ci il tarixə qüvvədə olan redaksiyası üzrə yaş və staja dair tələblərinin tətbiq edilməsini tələb etdiyindən iddiaçının təhsil aldığı dövr nəzərə alınmaqla ona 50 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixdən güzəştli şərlərlə pensiya təyin edilməsi barədə tələbi əsaslı sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ünvanlanmış imtinası onun hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin olunmasın. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-2181/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2181/2022
28.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver