Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2181/2025 19.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 19 fevral 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ünvan 1 İddiaçı (bundan sonra – iddiaçı) xüsusi mülkiyyətindədir. İddiaçı Cavabdehə (bundan sonra – cavabdeh) müraciət edərək mülkiyyətində olan mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsini xahiş etsə də, müraciəti təmin olunamışdır. Cavabdeh 18 iyul 2024-cü il tarixli məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.2-ci maddəsində nəzərdə tutulan sənədləri və təyinatı dəyişdiriləcək sahənin mövcud istifadə vəziyyətində plan-sxemini Rayon İcra Hakimiyyətinə ərizə ilə müvafiq qaydada təqdim etdikdən sonra məsələyə yenidən baxılacaqdır.” İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün sərəncam, bildiriş, qəbul komissiyasının aktı, texniki rət verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan yaşayış sahəsi qeyriyaşayış sahəsi kimi istifadə olunmağa tam uyğundur, Mənzil Məcəlləsinin qeyri-yaşayış sahəsi ilə bağlı bütün tələblərinə cavab verir. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verilməmişdir. Məhkəəm İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırkı iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən xx.xx.2024-cü il tarixli məktubla imtina etmiş, iddiaçı 5.08.2024-cü il tarixdə məhkəməyə müraciət edərək iddia müddətinə əməl etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarında göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 14, 15 saylı mənzil iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçının hüquqi marağı həmin mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair müvafiq sənədlərin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə yönəlmişdir. Cavabdeh isə iddiaçının müraciətini təmin etməkdən imtina edir və bildirir ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.2-ci maddəsində nəzərdə tutulan sənədləri və təyinatı dəyişdiriləcək sahənin mövcud istifadə vəziyyətində plan-sxemini Rayon İcra Hakimiyyətinə ərizə ilə müvafiq qaydada təqdim etdikdən sonra məsələyə yenidən baxılacaqdır” Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır, lakin iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi ilə bağlı məsələləri Azərbaycan Respublikasının Mənzil Məcəlləsi tənzimləyir. Mənzil Məcəlləsinin Maddə 21. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi qaydası. 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli Fərmanın 1.2-ci bəndinə əsasən həmin Məcəllənin 21.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları (dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsinə münasibətdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, dövlət mühafizəsində olan daşınmaz tarixi və mədəniyyət abidələrinə münasibətdə isə həmçinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin razılığı əsasında) həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin 4.9.11-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul etmək yerli icra hakimiyyətinin başçısının səlahiyyətindədir. Sadalanmış qanunvericiliyin və normativ hüquqi aktların tələblərindən göründüyü kimi yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul etmək yerli icra hakimiyyətinin başçısının səlahiyyətindədir. Nəzərə alınmalıdır ki, bu növ qərar qəbul edilərkən hüquqi qiymətləndirilmənin aparılması Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları əsasında həyata keçirilir. Məcəllənin İİİ fəslində yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri, qaydası və imtina əsasları konkret olaraq göstərilmişdir. Məhkəmə hesab edir ki, yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmədən imtinanın konkret əsasları göstərilsə də, cavabdeh həmin imtina əsaslarına uyğun olmayan imtina dəlilləri ilə çıxış etməklə iddiaçının müraciətinin təminindən əsassız olaraq imtina etməkdədir. Belə ki, imtina dəlili onunla bağlı olmuşdur ki, Mənzil Məcəlləsinin 21.2-ci maddəsində nəzərdə tutulan sənədləri və təyinatı dəyişdiriləcək sahənin mövcud istifadə vəziyyətində plan-sxemini ərazi ilə müvafiq qaydada təqdim etdikdən sonra məsləyə yenidən baxılacaq, iddiaçının müraciəti təmin olunmamışdır. Normadan göründüyü kimi, yaşayış sahəsinin qeyri yaşayış sahəsinə keçirilməsindən imtina üçün əsaslara, Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilməməsi, Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilməməsi və yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin tikinti norma və qaydalarına uyğun olmaması göstərilmişdir. Mənzil Məcəlləsinin: Maddə 21.2. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. 21.2-1. Bu Məcəllənin 21.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin X2 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin X2 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. İddiaçı mənzilə dair mülkiyyət hüququnu təsdiq edən çıxarış, texniki pasportu və layihəni məhkəməyə təqdim etmişdir. İddiaçı həmin sənədləri eyni ilə cavabdehə də təqdim etdiyini bildirir. Keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı isə balanssaxlayıcı kimi, cavabdehdə və onun tabeçiliyində olan qurumlarda olduğundan, Məcəllənin 21.2-1-ci maddəsinin tələbinə əsasən həmin sənədlərin iddiaçıdan tələb edilməsi əsassızdır. Göründüyü kimi, imtina üçün 21.2-ci maddədə qeyd edilən əsaslar mövcud deyil. Ona görə də, məhkəmə cavabdehin imtinasında qeyd edilən dəlili əsassız hesab edir. Lakin məhkəmə qeyd edir ki, hazırkı halda cavabdehin üzərinə mahiyyəti üzrə qərar qəbul edilməsi, yəni iddinın tam təmin edilərək Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi öhəldiyinin qoyulması mümkün deyildir. Belə ki, Mənzil Məcəlləsinin: Mənzil Məcəlləsinin 22.1-ci maddəsində yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtina üçün əsaslar göstərilmişdir. Həmin normaya görə, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 21.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla); 22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; 22.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. Normadan göründüyü kimi, yaşayış sahəsinin qeyri yaşayış sahəsinə keçirilməsindən imtina üçün əsaslara, Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilməməsi, Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilməməsi və yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin tikinti norma və qaydalarına uyğun olmaması göstərilmişdir. Maddə 21.2. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. 21.2-1. Bu Məcəllənin 21.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin X2 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin X2 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. 21.3. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. 21.4. Sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. 21.5. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sahənin keçirilməsini həyata keçirən orqan ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahəyə bitişik olan sahələrin mülkiyyətçilərini məlumatlandırır. Maddə 20. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri. 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. 20.3. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. Sadalanan qanunvericilik normalarının tələblərinə əsasən yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsinə Mənzil Məcəlləsiin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Əgər Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, cavabeh orqan bu halların araşdırılması ilə bağıl hər hansı inzibati icraat aparmamışdır. İPM-in: 33.3-cü maddəsinə əsasən, inzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir; 33.4-cü maddəsinə əsasən, bu Məcəllənin 33.3-cü maddəsinə uyğun olaraq təyin edilmiş müddət bitənədək inzibati orqan tərəfindən inzibati akt qəbul edilmədikdə, məhkəmə həmin müddətin bitdiyi vaxtdan 3 ay ərzində iş üzrə qərar qəbul edir. Məhkəmənin həmin qərarı inzibati aktı əvəz edir. Bu Məcəllənin 73.3-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə öz qərarında inzibati orqana inzibati aktla bağlı müvafiq göstərişlər verməyə haqlıdır; 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Məhkəmə qeyd edir ki, hazırkı halda İPM-in 73.3.3-cü maddəsinin tələbinə əsasən məhkəmə tərəfindən iddiaçının tələbinə uyğun məcburetmə haqqında qərar qəbul edilməsi mümkünsüzdür. Belə ki, inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsinə zərurət vardır və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının müraciəti ilə əlaqədar hər hansı inzibati icraat aparılmadığından, iddiaçının mülkiyyətində olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün cavabdeh tərəfindən Mənzil Məcəlləsinin yuxarda istinad edilən normalarında təsbit edilmiş şərtlərin yerinə yetirilib-yetirilməməsinin müəyyən edilməsi üçün inzibati icraatın aparılması zərurəti vardır. Məhkəmə inzibati orqanı əvəz edərək onun əvəzinə inzibati icraat aparmamalı və səlahiyyət bölgüsünə uyğun olaraq icra hakimiyyətinin səlahiyyətini həyata keçirməli deyildir. Məhkəmə tərəfindən inzibati orqan tərəfindən aparılmış natamam icraat təzələnə və tamamlana bilər. Məhkəmə hesab edir ki, inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zərurəti vardır. Cavabdeh inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan məqamları aydınlaşdırmalı, məhkəmə hüquqi mövqeyini nəzərə almaqla inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməlidir. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Bakı şəhəri Cavabdehin üzərinə iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin mövcud vəziyyətdə yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi (çevrilməsi) haqqında qərar verilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəlik qoyulmalıdır. Məhkəmə qərarından şikayət verilməsi hüquqi ilə bağlı məhkəmə qeyd edir ki, hazırkı qərar, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla cavabdeh orqanın üzərinə yenidən inzibati icraatın aparılması və müvafiq qərarın qəbul edilməsi öhdəliyinin qoyulması barədədir və tərəflər iddia tələbinin mahiyyəti təmin edilməsi və ya rədd edilməsi barədə yekun hüquqi nəticə yaratmır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1941/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...İPM-in apellyasiya və kassasiya şikayəti vermək hüququna dair mərkəzi normaları qismində çıxış edən 81.2 və 90.2-ci maddələrinin müddəaları aşağıdakı kimidir: 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər; 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qeyd edilən normaların əlaqəli təfsiri baxımından, icraatın bütün iştirakçıları kimi cavabdehə münasibətdə də şikayət verə bilmək hüququnun yaranması üçün həlledici şərt mövcud olmalıdır – qəbul edilmiş məhkəmə qərarı ilə cavabdehin tələblərinin təmin olunmaması halı baş verməlidir. Bu zaman, dəqiqləşdirilməli olan məqam ondan ibarət olmalıdır ki, məhz, hansı hallarda qəbul edilmiş məhkəmə qərarları cavabdehlərə münasibətdə onların “tələblərinin təmin olunmaması” vəziyyətini yaratmış olur. 13. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” İnzibati Kollegiyanın 2022-ci il tarixli qərardadında qeyd edilmişdir ki, “...İPM-in 81.2-ci maddəsinin təfsiri zamanı, həmin normada nəzərdə tutulmuş hallarda şikayət vermək hüququnun yaranması üçün icraat iştirakçısının məhkəmə aktından məzmunca “ziyan çəkməsi” prinsipi qəbul edilməlidir. Buraya, bir qayda olaraq, iddiaçının tələbinin tam və ya qismən rədd edilməsi, məhkəmə aktı ilə cavabdehin inzibati aktının ləğvi və ya etibarsızlığının (qanunsuzluğunun) tanınması, üzərinə hər hansı öhdəliyin qoyulması və s., üçüncü şəxslərin hüquqlarına dair məsələnin onların zərərinə həll olunması, habelə, məhkəmə aktının icraat iştirakçılarının məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran prosessual pozuntularla qəbul edilməsi aid edilməlidir.” Hazırkı işdə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı barəsində bu qərarda tətbiq edilən qanunvericilik normalarının tələblərinə uyğun müayinənin aparılmadığı və bununla da müvafiq qərarın qəbul edilmədiyi müəyyən edildiyindən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2.-ci maddəsinə (İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.) əsasən məhkəmə tərəfindən cavabdehin üzərinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının müraciətinə “İnzibati icraat haqqında” Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022- ci il tarixli, 187 №-li Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın tələblərinə uyğun olaraq yenidən baxılması ilə bağlı öhdəlik qoyulmalıdır. Göründüyü kimi, hazırkı mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən mahiyyəti üzrə həll edilməmiş, inzibati məhkəmə icraatı iştirakçılarının, o cümlədən cavabdeh inzibati orqanın əleyhinə və ya ziyanına hər hansı məhkəmə qərarı qəbul olunmamışdır. Apellyasiya məhkəməsi tərəfindən qeyd edilən məzmunda qərar qəbul edilməsi inzibati məhkəmə icraatı iştirakçılarının, hazırkı mübahisəyə münasibətdə cavabdehin ziyanına da şərh oluna bilməz. 16. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1108/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadın da məhz bu hüquqi mövqe əks olunmuşdur. Bu baxımdan, barəsində şikayət verilən məhkəmə aktından cavabdehin “məzmunca ziyan çəkməsi” halı müəyyən olunmadığından, apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək üçün İPM-in 90.2-ci maddəsində nəzərdə tutulmuş dispozisiya şərti (mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər) ödənilmir. Odur ki, cavabdehin apelyasiya instansiyası məhkəməsinin hazırkı qərarından kassasiya şikayəti vermək hüququ da istisna edilir”. Eyni hüquqi mövqe Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-2010/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadında da ifadə edilmişdir. İddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərardan narazı qaldığı təqdirdə iddiaçının həmin qərarı məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hazırki qərarında hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Bakı şəhəri Cavabdehin üzərinə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə ********* qeydiyyat nömrəsi ilə qeydə alınmış reyestr nömrəsi **********31-05101-093022 saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin mövcud vəziyyətdə yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi (çevrilməsi) haqqında qərar verilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması öhdəliyi qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-2181/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2181/2025
19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver