Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2182/2022 04.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı oğlunun cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, BŞİH-nin mənzillərin dəyişdirilməsi İdarəsində işlədiyi müddətin dövlət qulluğuna aid edilməsi və ona təyin edilmiş pensiyanın yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı 2020-ci il tarixdən 630 manat məbləğində əmək pensiyası alır. Halbuki, onun əmək pensiyası məbləği təxminən 140 manatdan aşağı hesablanmışdır. Bunun əsası odur ki, iddiaçının BŞİH-nin müvafiq qurumunda işlədiyi müddət dövlət qulluğu kimi nəzərə alınmamışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddianı etiraz ilə qarşılayır və onunla əsaslandırır ki, Bakı şəhər İcra Hakimiyyəti Dövlət və kooperativ mənzil sahəsinin uçotu və bölüşdürülməsi (sonradan “Bakı şəhəri Mənzillərin dəyişdirilməsi”) İdarəsinin Dəyişdirilmə bürosunda məsləhətçi-hüquqşunas vəzifəsində işlədiyi müddətin dövlət qulluğu stajına aid edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarında olan sənədlərdən və məhkəmə icraatı zamanı tələb olunmuş pensiya işindən məlum olur ki, 06.07.1955-ci il təvəllüdlü İddiaçı oğluna 03 iyul 2020-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci və 20.11.2-ci maddələrinə əsasən 19 il 04 ay qulluq stajına uyğun olaraq qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının (996,69 manat) 63 faizi – 627,92 manat məbləğində sabiq dövlət qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçi hazırki iddia tələbi ilə onun Bakı şəhər İcra Hakimiyyəti Dövlət və kooperativ mənzil sahəsinin uçotu və bölüşdürülməsi (sonradan “Bakı şəhəri Mənzillərin dəyişdirilməsi”) İdarəsinin Dəyişdirilmə bürosunda məsləhətçi-hüquqşunas vəzifəsində işlədiyi müddəti dövlət qulluğuna aid edilməklə pensiyanın yenidən hesablanmasını xahiş edir. Əvvəla Məhkəmə qeyd edir ki, əmək pensiyaçılarına dövlət qulluğu stajına görə əlavələrin təyin olunması üçün onun dövlət qulluqçusu statusuna malik olması zəruri və mütləq dispozisiya şərtidir. Nəzərə almaq lazımdır ki, dövlət qulluqçusunun statusu ilə bağlı məsələlər “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu və onun əsasında qəbul edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Qeyd olunan qanunvericilik icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Məhkəmə bildirir ki, hazırki iddia üzrə mübahisənin həllində qüvvədə olan qanunvericilikdə dövlət qulluğu stajına görə əlavələrin təyin olunması üçün hansı şərtlərin nəzərdə tutulduğu müəyyən olunmalı və bu şərtlər əsasında iddiaçının dövlət qulluğu stajına görə əlavələrin tələb etmək hüququnun yaranıb-yaranmamasına qiymət verməlidir. Bunun üçün isə qanunvericiliyin aşağıdakı müddəaları təhlil olunmalıdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun: -23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. -23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. “Əmək pensiyaları haqqında” Qanunun (01 iyul 2017-ci il tarixdən qüvvədə olan redaksiya): -3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları “Əmək pensiyaları haqqında” Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -4.1-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. -5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslər öz arzuları ilə yalnız bir pensiya təyin edilir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -20.1.7 Əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malikdirlər. -20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Bir daha qeyd olunmalıdır ki, hazırda vətəndaşa dövlət qulluğu stajına görə əlavələrin təyin olunması üçün dövlət qulluğu stajının 15 il olması zəruridir. Məhkəmə bildirir ki, bu zaman təkcə iş stajının 15 il olması deyil, xüsusi ilə dövlət qulluğunda stajın 15 il olması zəruridir.Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7ci maddəsində dövlət qulluğunda iş stajının hansı meyarlar əsasında qiymətləndirildiyi göstərilmişdir. Həmin maddənin müddəalarına görə əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malikdirlər. 1991- ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrinin və 1991-ci il oktyabrın18-dən İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusu qüvvəyə minənədək (31.08.2003-cü il tarixinədək) Azərbaycan Respublikası dövlət orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli 290 saylı Fərmanı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdı rılması Siyahısı”na əsasən həyata keçirilir. Şərh olunan müddəaların hazırki işin faktiki hallarına tətbiqi zamanı müəyyən olunur ki, iddiaçının sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilərkən onun dövlət qulluğunda iş stajı kimi 19 il 04 ay nəzərə alınması mübahisələndirilməyən haldır. İddiaçı və cavabdeh arasında yaranmış mübahisənin əsasının iddiaçının Bakı şəhər İcra Hakimiyyəti Dövlət və kooperativ mənzil sahəsinin uçotu və bölüşdürülməsi (sonradan “Bakı şəhəri Mənzillərin dəyişdirilməsi”) İdarəsinin Dəyişdirilmə bürosunda məsləhətçihüquqşunas vəzifəsində işlədiyi müddəti təşkil edir. Məhkəmə İddiaçı Sadiq oğlunun 27.02.1992-ci il tarixdən 11.04.1995-ci il tarixədək Bakı şəhəri Mənzillərin dəyişdirilməsi İdarəsində işlədiyi dəyişdirilmə bürosunun hüquq məsləhətçisi vəzifəsinin (daxil olma: 02.03.1992, №19-li əmr – işdən çıxma: 11.04.1995, №05-li əmr) dövlət qulluğunda xidmət illəri kimi hesab olunub-olunmaması, həmçinin, onun dövlət qulluqçusu kimi dövlət qulluqçularının reyestrində qeydə alınıb-alınmaması barədə məlumatın, o cümlədən iddiaçı barəsində dövlət qulluqçusu anketi mövcud olduğu təqdirdə, həmin anketin surətini məhkəməyə təqdim edilməsinin təminin mümkün olub-olmaması barədə məlumat verilməsi ilə bağlı aidiyyəti üzrə X3 müraciət etmişdir. X5 tərəfindən verilmiş sorğuya cavab məktubunda qeyd olunmuşdur ki: -Sorğuda göstərilənlər ilə bağlı 1992-1995-ci illər üzrə Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatının strukturunu və Bakı şəhər İcra Hakimiyyəti Dövlət və kooperativ yaşayış sahəsinin uçotu və bölüşdürülməsi idarəsi dəyişdirilmə bürosu və Bakı şəhəri Mənzillərin dəyişdirilməsi idarəsinin hüquqi statusunu müəyyən edən sənədlərin əldə edilməsi məqsədilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Bakı şəhər İcra Hakimiyyətinə sorğular göndərilmiş, lakin qeyd edilən dövlət orqanları tərəfindən məsələyə rəy verilməsi üçün tələb olunan sənədlər təqdim edilməmişdir. Bu səbəbdən İddiaçı Sadiq oğlunun 1992-1995-ci illərdə Bakı şəhər İcra Hakimiyyəti Dövlət bürosu və Bakı şəhəri Mənzillərin dəyişdirilməsi idarəsində hüquq məsləhətçisi vəzifəsində işlədiyi müddətin dövlət qulluğu stajına daxil edilib-edilməməsi məsələsinə rəy vərilməsi mümkün olmamışdır. X5 tərəfindən sorğuya cavab məktubuna əlavə olunmuş aidiyyəti inzibati orqanların məktublarına əsasən: -Ötən dövr ərzində Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının arxivində sorğuda (X2) qeyd olunan xususatlara dair iş aparılmış və hər hansı məlumatın müəyyən edilməsi hal-hazıradək mümkün olmamışdır. Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının strukturuna isə Yerli icra hakimiyyəti orqanlarının strukturu müvafiq normativ hüquqi aktlar əsasında təsdiq edilir. (Bakı şəhər İcra Hakimiyyətinin Başçsının Aparatı) -“Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında” ölkə Prezidentinin 1991-ci il 18 oktyabr tarixli 372 nömrəli Fərmanın 5-ci hissəsinin ikinci abzasında rayonların, şəhərlərin (respublikası tabeli şəhərlərin), şəhərlərdə rayonların xalq deputatları Sovetləri icraiyyə komitələrinin şöbələri və idarələri icra hakimiyyəti başçısı aparatının müvafiq struktur bölmələri yaradılanadək fəaliyyət göstərmələri qeyd olunsa da, “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə”də sözügedən qurumların strukturu ilə bağlı hər hansı bir müddəa nəzərdə tutulmamışdır. (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi) Məhkəmə icraatı zamanı təqdim olunmuş sorğuya cavab məktubundan da göründüyü kimi, dövlət qulluğu sahəsində fəaliyyət göstərən X2 ümumiləşdirilmiş bazası əsasında iddiaçının 1992-1995-ci illərdə işlədiyi vəzifənin dövlət qulluğuna aid olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Qeyd olunmalıdır ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan pensiya təyin edən orqan kimi inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsində qeyd olunmuşdur ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati Prosessual Məcəlləsinin: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Digər tərəfdən nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə bu müstəvidən irəli çıxaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş imtinanın təsdiqlənməsi üçün inzibati orqan imtinanın əsasında duran halın hüquqi əsasını sübuta yetirməli, əks halda həmin əsasın mövcudluğundan söhbət gedə bilməz. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı inzibati orqan kimi sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verməlidir. Lakin hazırkı halda inzibati orqan iddiaçının iddia etdiyi 1992-1995-ci illərdə işlədiyi vəzifənin (Bakı şəhəri Mənzillərin dəyişdirilməsi İdarəsində işlədiyi dəyişdirilmə bürosunun hüquq məsləhətçisi vəzifəsi) dövlət qulluğuna aid olubolmaması ilə bağlı araşdırma aparmadan, iş üzrə obyektiv həqiqətin üzə çıxarılması üçün əlavə sübutlar toplamağa çalışmadan həmin dövrü dövlət qulluğu kimi nəzərə alınmasından imtina etmiş, bununla da inzibati orqan kimi öz vəzifələrini düzgün icra etməmişdir. Məhkəmə, onun da qeyd edilməsini zəruri hesab edir ki, hazırkı vəziyyətdə inzibati prosessual qanunvericiliyin tələbləri əsasında həmin dövrün dövlət qulluğu stajına daxili edilib-edilməməsi ilə bağlı halları sübut etmək vəzifəsi iddiaçının yox, cavabdehin öhdəliyindədir. Cavabdeh isə iddiaçının müraciətindən imtina edilməsi əsaslarını sübut edə bilməmişdir. Məhkəmənin araşdırması zamanı da, istər dövlət qulluğu sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsə, istərsə də həmin publiq hüquqi şəxsin aidiyyəti üzrə inzibati orqanlara ünvanladığı sorğulara cavab məktublardan iddiaçının işlədiyi həmin müddətin dövlət qulluğuna aid olmasını istisna edən hal müəyyən edillməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı vəziyyətdə hər hansı məlumatın müəyyən olunmaması iddiaçının ziyanına dəyişmir. İddiaçının iddia etdiyi dövrlərdə işlədiyi vəzifənin dövlət qulluğuna aid olub-olmamasının müəyyən edilməməsi, həmin dövrün dövlət qulluğu stajına daxil edilməməsi üçün əsas deyildir. Hər nə qədər vəzifənin dövlət qulluğuna aid olub-olmaması və s inzibati icraat üzrə araşdırma zamanı aparılmalı olsa da, məhkəmə özü də xidməti araşdırmasını həyata keçirmiş və iddiaçının işlədiyi həmin müddətin dövlət qulluğuna aid olmasını istisna edən halı müəyyən etməmişdir. Beləliklə, X5 tərəfidən vəzifənin dövlət qulluğuna aid edilməsi istisna edilmədiyindən, həmin halın iddiaçının ziyanına götürülməsi barədə cavabdehin mövqeyi əsassızdır. Əgər müraciətin təminini istisna edən faktiki haı, yəni vəzifənin dövlət qulluğu olmasını konkret istisna edən hal yoxdursa, deməli həmin hal iddiaçının xeyrinə şərh edilməlidir. Bu zaman dövlət qurumlarının hansısa halı müəyyən edə bilməməsi iddiaçının ziyanına şərh edilməməli və onun müraciətinin təmin edilməməsinə yönəlməməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, imtinanın əsasında dayanan hal müəyyən edilə bilmirsə, deməli iddiaçının 1992-1995 dövrü əhatə etdiyi illərin dövlət qulluğuna daxil edilməməsindən söhbət gedə bilməz. Hazırkı vəziyyətdə mövcudluğu sübut edilməyən imtina əsası, iddia tələbinin təmini əsası qismində çıxış etməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 27.02.1992-ci il tarixdən 11.04.1995-ci il tarixədək Bakı şəhəri Mənzillərin dəyişdirilməsi İdarəsinin dəyişdirilmə bürosunun hüquq məsləhətçisi vəzifəsində işlədiyi müddətin dövlət qulluğuna aid edilməsi və ona təyin edilmiş pensiyanın yenidən hesablanması vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-2182/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2182/2022
04.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver