Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2182/2025 14.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, qanuni təmsilçisi X2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Naziliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və riskli vergi ödəyicisi siyahısından çıxarılması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" MMC (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Naziliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək onun riskli vergi ödəyicisi siyahısından çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin 19 avqust 2021-ci il tarixli, **********050100 nömrəli qərarının ləğv edilməsi və iddiaçının riskli vergi ödəyicisi siyahısından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin 19 avqust 2021-ci il tarixli, **********050100 nömrəli qərarı ilə iddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İddiaçı cavabdehin onun barəsində qəbul etdiyi 19 avqust 2021-ci il tarixli, **********050100 nömrəli qərarını qanunsuz və əsassız hesab edir. Qərarın qəbul edilməsi qanunla müəyyən edilmiş qaydada hüquqi pozuntuya səbəb olmuş, iddiaçının sahibkarlıq fəaliyyətinə ciddi şəkildə zərər vurmuşdur. Belə ki, iddiaçının əsas fəaliyyəti ticarət müəssisələri üçün mebellərin istehsalıdır. Cəmiyyətin fəaliyyət dövründə hec bir riskli vergi əməliyyatı olmamışdır. Cavabdeh qərarda müəyyən etmişdir ki, vergi ödəyicisi tərəfindən xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə cəmi 187,4 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə satışda “Ofis mebeli, yeni baş ofisin, MXDnın mebelləri və s.” qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə Cəmiyyətin alışında, idxalında qeyd edilən mal (iş, xidmət) müəyyən edilməmişdir. Cəmiyyətin fəaliyyət növünün “Ofis və ticarət müəssisələri üçün mebellərin istehsalı” fəaliyyətinin olduğunu və təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığını müəyyən edərək iddiaçının riskli vergi ödəyicisi hesab edərək qanunsuz qərar qəbul etmişdir. İddiaçı tərəfindən istehsal edilməsi məqsədi ilə alınan malların hər biri elektron qaimə-faktura əsasında düzgün təqdim edilmiş, elektron qaimə fakturalar üzrə cəmiyyətin mal alışında və idxalında heç bir ziddiyyətli və qanunsuz təqdim etmə mövcud olmamışdır. Obyektin qeydiyyata alınma məsələsinə gəldikdə isə qeyd edilmişdir ki, obyektin sənədləri tam hazır olmadığından qeydiyyata alınma yubanmış, sonradan qanuni əsaslarla qeydiyyat məsələsi həllini taparaq müvafiq qaydada kod əldə olunmuşdur. Hal-hazırda riskli vergi ödəyicisi olmağı haqqında əsaslar mövcud olmadığından və qeyd olunan bütün nöqsanlar aradan qalxdığından məhkəməyə iddia ərizəsi ilə müraciət etməklə vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısından çıxarılması öhdəliyinin cavabdehə həvalə olunması barəsində qərar qəbul olunması xahiş olunmuşdur. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etirazda göstərilmişdir ki, AR Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”n 2.1.1, 2.1.3 və 3.1.1 -ci yarımbəndlərinə əsasən iddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2021 -ci il tarixli **********050100 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar qəbul olunaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. İddiaçı isə iddia ərizəsində heç bir əsaslı arqument irəli sürmədən sadəcə olaraq qeyd etmişdir ki, cəmiyyət tərəfindən istehsal edilməsi məqsədilə alınan malların hər biri elektron qaimə-faktura əsasında düzgün təqdim edilmiş, elektron qaimə-faktura üzrə cəmiyyətin mal alışında və idxalında heç bir ziddiyyətli və qanunsuz təqdimetmə mövcud olmamışdır. Aşkar edilmiş riskli əməliyyatlar iddiaçı tərəfindən aradan qaldırılmadığından iddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarılması mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, iddiaçının satışında müvafiq mallar olmuşdur. Lakin, iddiaçı həmin malların bir qismini digər vergi ödəyicilərindən almış, bir qismini istehsal etmişdir. Alınan mallara dair isə elektron qaimələr verilməmişdir. Bununla bağlı isə yazılı qaimələr məhkəməyə təqdim edilib. İddiaçının təsərrüfat subyekti olmuşdur. Lakin, cavabdeh həmin təsərrüfat subyektini qeydə almaqdan əsassız imtina etmişdir. Yalnız xx.xx.2024-cü il tarixdə cavabdeh iddiaçının təsərrüfat subyektini qeydı almışdır. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etiraza uyğun çıxış edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsi tərəfindən verilmiş X5 Qeydiyyatı haqqında Şəhadətnaməyə əsasən iddiaçı xx.xx.2007-ci il tarixdə, 0107-P331-48692 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş 22.06.207-ci il tarixli vergi ödəyicisinin uçota alınma haqqında Şəhadətnaməyə əsasən iddiaçı ********** nömrəli VÖEN-lə fəaliyyət göstərir. İddiaçının Nizamnaməsindən görünür ki, cəmiyyət müxtəlif fəaliyyət növlərini həyata keçirir. Həmin fəaliyyət növlərindən biri də mebellərin istehsalı və satışıdır. xx.xx.2020-ci il tarixli EBAP seriyalı, 174586 nömrəli e-qaimə fakturadan görünür ki, iddiaçı Lənkəran filialının ofis mebeli təminatı üçün 62916,45 AZN dəyərində mal təqdim etmişdir. xx.xx.2020-ci il tarixli EBAQ seriyalı, 644169 nömrəli e-qaimə fakturadan görünür ki, iddiaçı ofis mebeli təminatı üçün 35620 AZN dəyərində mal təqdim etmişdir. xx.xx.2021-ci il tarixli, EBBC seriyalı, 129354 nömrəli e-qaimə fakturadan görünür ki, iddiaçı Yeni baş ofisin, MXD-nin mebellərinin təminatı üçün 37495 AZN dəyərində mal təqdim etmişdir. xx.xx.2020-ci il tarixli EBAT seriyalı, 766949 nömrəli e-qaimə fakturadan görünür ki, iddiaçı 45938 AZN dəyərində ofis mebeli təqdim etmişdir. xx.xx.2021-ci il tarixli EBAW seriyalı, 482479 nömrəli e-qaimə fakturadan görünür ki, iddiaçı mebellərin yeni konseptə uyğunlaşdırılması (yeni filiallar üçün) fəaliyyəti üzrə 5475 AZN dəyərində iş görmüşdür. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********050100 nömrəli qərarla iddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, cəmiyyət xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə cəmi 187,4 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə satışda “Ofis mebeli, yeni baş ofisin, MXD-nın mebelləri və s.” qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə Cəmiyyətin alışında, idxalında qeyd edilən mal (iş, xidmət) müəyyən edilməmişdir. Cəmiyyətin fəaliyyət növünün “Ofis və ticarət müəssisələri üçün mebellərin istehsalı” fəaliyyətinin olduğunu və təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığını müəyyən edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları-nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən cəmiyyəti riskli vergi ödəyicisi hesab olunur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********3 nömrəli arayışı ilə iddiaçının 0119 ünvan 1 ünvanda yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə xx.xx.2024-cü il tarixdə uçota alınması təsdiq edilmişdir. Arayışda təsərrüfat subyektinin adı mebel istehsalı sahəsi, kodu **********- 31002 qeyd edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli, FAB00005858 nömrəli, xx.xx.2021-ci il tarixli, FAB00006221 nömrəli, xx.xx.2021-ci il tarixli, FAB00006256 nömrəli, xx.xx.2021-ci il tarixli, FAB00006920 nömrəli, xx.xx.2021-ci il tarixli, FAB00006931 nömrəli, xx.xx.2021-ci il tarixli, FAB00006932 nömrəli, xx.xx.2021-ci il tarixli, FAB00006988 nömrəli, xx.xx.2021-ci il tarixli, FAB00007051 nömrəli, xx.xx.2021-ci il tarixli, FAB00007052 nömrəli qaimələrdə onun “X6”dan müxtəlif mal-materiallar əldə etdiyi göstərilmişdir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində cavabdehin 19 avqust 2021-ci il tarixli, **********050100 nömrəli qərarının ləğv edilməsi və vergi ödəyicisi "xxxx" MMC-nin riskli vergi ödəyicisi siyahısından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. İddia tələbi mahiyyətcə mübahisələndirmə haqqında iddiadır. İddiaçı məhkəməyə 2024-cü ildə müraciət etmiş olsa da, mübahisələndirilən qərarın ona vaxtında təqdim edildiyi müəyyən edilmir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Vergi məcəlləsinə əsasən (bundan sonra – Vergi Məcəlləsi) riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir (13.2.82.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nda (iddiaçı barəsində qəbul edilmiş mübahisələndirilən inzibati aktın qəbul edildiyi dövrdə qüvvədə olmuş) göstərilmişdir ki, bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir (1.1). Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər (2.1.). Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) (3.1.). İddiaçının əsas dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən istehsal edilməsi məqsədi ilə alınan malların hər biri elektron qaimə-faktura əsasında düzgün təqdim edilmiş, elektron qaimə fakturalar üzrə cəmiyyətin mal alışında və idxalında heç bir ziddiyyətli və qanunsuz təqdim etmə mövcud olmamışdır. Həmçinin iddiaçının təsərrüfat subyekti tam hazır olmadığından qeydiyyata alınma yubanmış, sonradan qanuni əsaslarla qeydiyyat məsələsi həllini taparaq müvafiq qaydada kod əldə olunmuşdur. Öncə qeyd edilməlidir ki, qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarından görünür ki, vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsindən sonra onun həmin siyahıdan çıxarılması da mümkündür. Şəxsin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və onun həmin siyahıdan çıxarılması vergi orqanının səlahiyyətindədir. Vergi ödəyicisi riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsindən narazıdırsa, onun həmin siyahıya daxil edilməsi haqqında qərarı məhkəmədə mübahisələndirməlidir ki, belə olan halda irəli sürülən iddia mahiyyətcə mübahisələndirmə haqqında iddia olacaqdır. Vergi ödəyicisi riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsinin əsasları ilə razılaşarsa, lakin, həmin əsasların artıq aradan qalxdığını hesab edərsə, bu halda həmin siyahıdan çıxarılması barədə müvafiq vergi orqanına müraciət etməli və imtina cavabı aldıqda həmin siyahıdan çıxarılması barədə inzibati akt qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə məhkəmədə iddia qaldırmalıdır. Hazırkı iddianın əsaslarından görünür ki, iddiaçı riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi barədə qərarla razılaşmır. Yəni, həmin qərarın qanunsuz və əsassız qəbul edildiyini hesab edir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarına edilmiş dəyişlikdən sonra normativ sənədin adı “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri” adlandırılmışdır. Həmin sənəddə göstərilmişdir ki, aşağıdakı hallarda vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısından çıxarılması ilə bağlı qərar qəbul edilir: 4.5.1. vergi ödəyicisinin təqdim etdiyi əlavə izahat, əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlər, keçirilmiş xronometraj müşahidələrin nəticələri barədə məlumatlar əsasında, habelə vergi nəzarəti ilə rəsmiləşdirilmiş əməliyyatlar, əməliyyatların həqiqiliyini təsdiq edən dövlət orqanlarının (qurumlarının) təsdiqedici sənədləri və ya məlumatları ilə əməliyyatların riskli hesab edilməsinə əsas yaradan halın olmadığı aşkar edildikdə; 4.5.2. aparılmış əmtəəsiz əməliyyata münasibətdə riskli vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 58.15-1-ci maddəsində nəzərdə tutulmuş maliyyə sanksiyası tam həcmdə ödənildikdə (4.5.). Qeyd edilməlidir ki, iddiaçı riskli vergi ödəyicisi siyahısına daxil edilməsi barədə qərarla razı olduğu, lakin hazırda həmin siyahıya daxil edilməsinə əsas olmuş halların aradan qalxdığını iddia etdiyi təqdirdə, həmin siyahıdan çıxarılma tələbi ilə cavabdehə müraciət etməli və imtina cavabı aldığı təqdirdə isə müvafiq məcburetmə iddiası ilə məhkəməyə müraciət etməli idi. Lakin, iddiaçının cavabdehə belə bir müraciəti olmamışdır. Belə olan halda isə iddiaçının məcburetmə iddiası qaldırması iddianın mümkün sayılmamasına səbəb olacaqdır. Bu səbəbdən hazırkı iddiaya mübahisələndirmə iddiası kimi baxılmışdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələrə əsasən o, 187400 manat dəyərində mebel məhsulları satmış, lakin onun alış və idxalında həmin mallar aşkar edilməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında həmin malların həqiqətən iddiaçı tərəfindən satıldığını etiraf etmişdir. Lakin, o, bildirmişdir ki, həmin mallar alınarkən elektron qaimələr təqdim edilməmişdir. Bunun əsası kimi nümayəndə edilmiş xx.xx.2021-ci il tarixli, FAB00005858 nömrəli, xx.xx.2021-ci il tarixli, FAB00006221 nömrəli, xx.xx.2021-ci il tarixli, FAB00006256 nömrəli, xx.xx.2021-ci il tarixli, FAB00006920 nömrəli, xx.xx.2021-ci il tarixli, FAB00006931 nömrəli, xx.xx.2021-ci il tarixli, FAB00006932 nömrəli, xx.xx.2021-ci il tarixli, FAB00006988 nömrəli, xx.xx.2021-ci il tarixli, FAB00007051 nömrəli, xx.xx.2021-ci il tarixli, FAB00007052 nömrəli qaimələri təqdim etmişdir. Həmin qaimələrdə iddiaçının “X6”dan müxtəlif məhsulları aldığı qeyd edilmişdir. Lakin, həmin qaimələr imzalanmamış və möhürlə təsdiq edilməmişdir. Bu səbəbdən məhkəmə həmin sənədləri mötəbər sübut kimi qəbul etmir. İddiaçının nümayəndəsi cavabdeh tərəfindən qərar qəbul edilən vaxt iddiaçının təsərrüfat subyektinin mövcud olduğu iddia etsə də, müəyyən edilir ki, iddiaçının təsərrüfat subyekti xx.xx.2024-cü il tarixdə qeydə alınmışdır. İddiaçı cavabdehin həmin təsərrüfat subyektini qeydə almaqdan imtina etdiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə iddiaçının həmin dəlilini əsassız hesab edir. İddiaçının təsərrüfat subyekti olmadığı halda isə hər hansı istehsal fəaliyyəti ilə məşğul olması məntiqli və inandırıcı görünmür. Məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, cavabdehin mübahisələndirilən qərarı qanuni və əsaslı olmuşdur. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz. İddiaçı riskli vergi ödəyicisi siyahısına salınmasına əsas olmuş halların aradan qaldığını hesab edərsə, bu barədə müvafiq sübutlarla vergi orqanına müraciət edə, imtina cavabı aldığı təqdirdə isə məhkəmədə müvafiq məcburetmə iddiası qaldıra bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Naziliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və riskli vergi ödəyicisi siyahısından çıxarılma” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-2182/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2182/2025
14.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver