Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2185/2025 11.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək AR ƏMDK yanında DƏDRX-nin ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 5119/2017, xx.xx.2017-ci il tarixli qətnaməsi (hakim F.Babayev) ilə iddiaçı X1 X3 və digərlərinə qarşı yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməsinə dair iddiası təmin edilmişdir. AR Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2979/2018 saylı xx.xx.2018-ci i tarixli qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin 2(004)-5119/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsinin 2(102)-2471/19 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2979/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi qismən dəyişdirilərək iş yeni apelyasiya baxışma göndərilmişdir. AR Bakı Apellyasiya Məhkəməsinin 2(103)-271/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilən apellyasiya şikayəti təmin edilmişdir. Sonradan iddiaçı yenidən kasassiya şikayəti vermişdir. AR Ali Məhkəməsinin MK-nın 2(102)-4295/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının verdiyi kasassiya şikayəti təmin edilərək iddianın tam təmin edilməsinə dair qərar çıxarılmışdır. Bundan əlavə olaraq iddiaçı kasassiya şikayəti verərkən paralel olaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsilə cavabdehin adına verilmiş qeydiyyat vəsiqəsinə səbəb olan Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2-932/2000-ci il tarixli, 28 06.2000-ci i tarixli qətnaməsi üzrə "itirilmiş məhkəmə icraatının bərpa edilməsi ilə bağlı” ərizə ilə müraciət etmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-932/2000 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin icraatında olmuş 2-932/2000-ci il saylı mülki iş üzrə icraatın bərpa edilməsi qət edilmişdir. Həmin iş üzrə apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3868/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2000ci il tarixli qətnaməsi ləğv olunmuş və ərizə baxılmamış saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3868/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2000-ci tarixli qətnaməsi ləğv olunmuş və ərizə baxılmamış saxlanılmışdır. Göründüyü kimi cavabdehin adına verimiş qeydiyyat vəsiqəsinə səbəb olan Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2000-ci il qətnaməsi ləğv edildiyindən həmin çıxarış da ləğv edilməlidir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X4 üçüncü şəxs qismində hazırkı iş üzrə icraata cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılaraq iddia tələbinə münasibət bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən iddiaya dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi və üçüncü şəxs hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib iddianın mümkünlüyü məsələsini zəruri saymış və tərəfin fikri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın mümkün sayılmasını və işə mahiyyəti üzrə baxılıb tələbin təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, faktiki olaraq mübahisələndirilən ünvanda yaşamır, yaşayış yeri üzrə qeydiyyatda deyil və həmin ünvana dair heç bir hüquqmüəyyənedici sənədi yoxdur. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Qeyd edilməlidir ki, inzibati mübahisənin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə real aktlar, yəni inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Bu mənada yalnız inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin subyektiv hüququnun pozulması ehtimalının mövcud olduğu hallarda iddiaçının məhkəmə qaydasında hüquqi müdafiə marağı və iddia qaldırmaq səlahiyyəti mövcud olur. İstinad olunan normaların tələbinə əsasən, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Hazırkı mübahisəyə münasibətdə həmin mümkünlük şərtlərinin mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur. Məhkəmə müəyyən etmişdir ki, hazırkı halda iddiaçının məqsədi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin “B” tikilisi və “A” tikilisinin 1 otağına dair daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxs X1 adına aparılmış qeydiyyatın, həmin qeydiyyat əsasında verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsindən ibarətdir. İddiaçı konkret halda sözügedən yaşayış sahəsinin üçüncü şəxsin adına qeydiyyata alınmasa ilə bağlı cavabdeh qeydiyyat orqanının faktiki xarakterli hərəkətlərini mübahisələndirsə də bunun üçün subyektiv hüququnu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı mübahisələndirilən əmlakın ona (və yaxud özünün bildirdiyi kimi atasına, babasına) məxsus olduğunu təsdiq edən hər hansı hüquqmüəyyənedici sənədi, yəni sözügedən evin qanunla müəyyən olunmuş qaydada onun mülkiyyətində və ya istifadəsində olduğunu təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin iddiaçının faktiki olaraq sözügedən ünvanda yaşamaması və yaşayış yeri üzrə qeydiyyatda olmaması işin mübahisəsiz hallarını təşkil etməklə, məhkəmə iclasında verdiyi izahatı ilə təsdiq edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı hazırkı tələbi irəli sürməyə ixtiyar verən hüquqmüəyyənedici sənəd, qanunvericiliklə müəyyən edilmiş əsas təqdim edə bilmədiyindən, beləliklə də iddiaçını subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün o, cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkət və ya hərəkətsizliyin edildiyinə dəlalət edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia mümkün sayılmamalıdır. Məhkəmə xüsusi olaraq qeyd edir ki, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-2185/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2185/2025
11.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver