Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2186/2020 05.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı təkrar müvəqqəti attestasiya komissiyasının yaradılması və təkrar imtahan vermək hüququnun bərpa edilməsi tələbinə dair iş üzrə iddianın mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında Bakı İnzibati Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təkrar müvəqqəti Attestasiya komissiyası yaradılması və onun təkrar imtahan vermək hüququnun bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(112)-2186/2020 saylı, 17 iyun 2020-ci il tarixli qərardadına əsasən Odlar Yurdu Universiteti 3-cü şəxs qismində məhkəmə prosesinə cəlb edilmişdir. İddianın mümkünlük məsələsinin həlli ilə əlaqədar məhkəmə iclası 05 oktyabr 2020ci il tarixə təyin edilmiş, məhkəmə iclasına iddiaçı və cavabdehin nümayəndəsi gəlmiş, üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan iddianın mümkünlüyü məsələsinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 izahatında göstərdi ki, təkrar müvəqqəti attestasiya komissiyasının yaradılması və təkrar imtahan vermək hüququnun bərpa edilməsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin səlahiyyətləri daxilində deyildir. Dövlət qeydiyyatından keçmiş qeyri-dövlət təhsil müəssisələrində attestasiya komissiyalarının ümumi sədrlərini və buraxılış yekun dövlət attestasiya komissiyalarının sadrlərini onların təqdimatı əsasında Təhsil Nazirliyi təyin etsə də, lakin dövlət attestasiyasının keçirilməsi formasını və şərtləri ali məktəbin elmi şurası müəyyənləşdirir. Hazırki iddia tələbi üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyi iddiaya cavab verməli orqan deyildir. İddiaçı göstərilən tələblə qeyri-dövlət təhsil müəssisəsi olan Odlar Yurdu Universitetinə qarşı iddia qaldıra bilər. Göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin iştirakları ilə işin hallarını və mübahisənin mahiyyətini müzakirə edib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Plenumun qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmamasıdır. Qaldırılan iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. Hazırki iddia tələbi üzrə iddiaçı təkrar müvəqqəti attestasiya komissiyasının yaradılması və təkrar imtahan vermək hüququnun bərpa edilməsini tələb edir. İşdə olan Odlar Yurdu Universiteti tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetindən Odlar Yurdu Universitetinə “Stomatologiya” ixtisasına köçürülmüş, ixtisas üzrə nəzəri və praktiki kursu tam başa vurmuş, lakin 2016-cı ildə X1 qeyri-müvəffəq qiymət almışdır. Azərbaycan RespublikasınınTəhsil nazirinin27 yanvar 1997-ci il tarixli, 54 saylı əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası ali təhsil müəssisələri tələbələrinin bakalavr pilləsində dövlət attestasiyası haqqında Əsasnamənin 3-cü bəndinə əsasən Dövlət attestasiyası ali təhsil müəssisəsində müvafiq baza təhsil proqramları üzrə təşkil olunmuş dövlət attestasiya komissiyası tərəfindən həyata keçirilir. Həmin Əsasnamənin 5-ci bəndinə əsasən dövlət attestasiya komissiyaları öz fəaliyyətlərində Azərbaycan Respublikası “Təhsil Qanunu”, “Ali təhsil müəssisələrinin Əsasnaməsi”, eləcə də digər qanunvericilik aktlarını və bu Əsasnaməni rəhbər tuturlar. Həmin Əsasnamənin 10-cu bəndinə əsasən dövlət attestasiya komissiyasına ümumi sədr rəhbərlik edir. O, bütün attestasiya işini təşkil edir, komissiyaların fəaliyyətlərini nəzarətdə saxlayır, dövlət attestasiya komissiyasının ümumi sədri eyni zamanda sınaq komissiyalarından ixtisası üzrə birinə də sədr, eləcə də üzv ola bilər və bir qayda olaraq elmlər doktoru və ya professor olmalıdır. Dövlət ali təhsil müəssisələrində dövlət attestasiya komissiyalarının ümumi sədrlərini və buraxılış yekun dövlət attestasiya komissiyalarının sədrlərini ali məktəbin tabe olduğu idarəetmə orqanı həmin müəssisənin təqdimatına əsasən təyin edir. Dövlət qeydiyyatından keçmiş qeyri-dövlət təhsil müəssisələrində attestasiya komissiyalarının ümumi sədrlərini və buraxılış yekun dövlət attestasiya komissiyalarının sadrlərini isə onların təqdimatı əsasında Təhsil Nazirliyi təyin edir. Həmin Əsasnamənin 12-ci bəndinə əsasən dövlət attestasiyasının keçirilməsi formasını və şərtləri ali məktəbin elmi şurası müəyyənləşdirir və onların başlanmasına ən azı 4 ay qalmış tələbələrin nəzərinə çatdırır. Həmin Əsasnamənin 16-cı bəndinə əsasən dövlət attestasiyasına daxil olan bütün sınaqlardan müvəffəqiyyətlə keçmiş məzunlara ixtisas dərəcəsi və ali təhsil haqqında diplom verilir. Müəyyən fənlər üzrə dövlət imtahanlarında qeyri-müvəffəq qiymət alan tələbələrə ali məktəbin müəyyən etdiyi vaxtda bir dəfə təkrar imtahan verməsinə icazə verilir. İddiaçının təhsil almış olduğu ali dövlət müəssisəsi Odlar Yurdu Universiteti dövlət qeydiyyatından keçmiş qeyri-dövlət təhsil müəssisəsidir. Dövlət qeydiyyatından keçmiş qeyri-dövlət təhsil müəssisələrində attestasiya komissiyalarının ümumi sədrlərini və buraxılış yekun dövlət attestasiya komissiyalarının sədrlərini onların təqdimatı əsasında Təhsil Nazirliyi təyin etsə də, lakin dövlət attestasiyasının keçirilməsi formasını və şərtləri ali məktəbin elmi şurası müəyyənləşdirir. Müəyyən fənlər üzrə dövlət imtahanlarında qeyrimüvəffəq qiymət alan tələbələrə ali məktəbin müəyyən etdiyi vaxtda bir dəfə təkrar imtahan verməsinə icazə verilir. Belə olan halda iddiaçının təkrar müvəqqəti attestasiya komissiyasının yaradılması və təkrar imtahan vermək hüququnun bərpa edilməsini Azərbaycan Respublikasının Təhsil Nazirliyindən deyil, təhsil aldığı ali dövlət müəssisəsi olan Odlar Yurdu Universitetindən tələb etmək hüququ vardır. Odlar Yurdu Universiteti inzibati orqan deyil, hüquqi şəxs olduğundan ona qarşı iddiaya inzibati icraat qaydasında baxılması mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi hazırkı iddiaya cavab verməli orqan olmadığından iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı təkrar müvəqqəti Attestasiya komissiyasının yaradılması və təkrar imtahan vermək hüququnun bərpa edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-2186/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2186/2020
05.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver