Məhkəmə qərarları › İş №2-1(112)-2187/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2187/2022

08.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2187/2022 08.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı xx xxxxxx 1959-cu il tarixdə doğulmuşdur. Əmək kitabçasından görünür ki, o, 13 dekabr 1977-ci il tarixdə “Xəzərneftflot” İdarəsində “Sov.İKP-nin 50 illiyi” gəmisində matros şagirdi vəzifəsində əmək fəaliyyətinə başlamış, 17 fevral 1978-ci il tarixdə həmin gəmidə 2-ci dərəcəli matros vəzifəsinə keçirilmiş, 24 aprel 1978-ci il tarixdən 20 may 1980-ci il tarixinə kimi həqiqi hərbi xidmət keçmiş, 6 iyun 1980-ci il tarixdə “Xəzərneftflot” İdarəsinə məxsus “Azərbaycan” gəmisində 2-ci dərəcəli matros vəzifəsində işə qəbul olunmuş, 13 oktyabr 1980-ci il tarixdə həmin İdarənin “Kazımov” gəmisində 1-ci dərəcəli matros vəzifəsinə keçirilmiş, 27 noyabr 1982-ci il tarixdən həmin gəminin bosmanı vəzifəsinə təyin edilmiş, 3 aprel 1985-ci il tarixdə həmin İdarənin “Bunkerçi-4” gəmisinin bosmanı vəzifəsinə, 10 iyul 1990-cı il tarixdə “Bunkerçi-4” gəmisinin kapitan müavini vəzifəsinə keçirilmiş və 17 yanvar 1997-ci il tarixədək həmin İdarəyə məxsus gəmilərdə fasiləsiz aparıcı vəzifələrdə çalışmış, 1 aprel 1997-ci il tarixdə “Cənub Rayon Dəniz Neft Donanma” İdarəsinin “Qaradağ-5” gəmisində kapitan köməkçisi vəzifəsinə təyin olunmuş, 24 iyun 1997-ci il tarixdə həmin İdarənin “Hövsan” gəmisinin kapitanı vəzfəsinə təyin edilərək 11 iyun 2007-ci il tarixədək həmin vəzifədə işləmiş və bu tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. 11 iyun 2007-ci il tarixdə “Cənub Rayon Dəniz Neft Donanma” İdarəsinin “Hövsan” gəmisində kapitan vəzifəsinə işə qəbul olunmuş və bu günədək həmin vəzifədə işləyir. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər. Göründüyü kimi, onun 57 yaşı tamam olduğu 18 noyabr 2016-cı il tarixə ümumi iş stajı həqiqi hərbi xidmət illəri də daxil olmaqla 38 il 4 ay 8 gün təşkil etmiş və həmin staj illərində tutduğu bütün vəzifələr yaşa görə güzəştli əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 2 nömrəli siyahıya daxildir. Ona yaşa görə əmək pensiyası 18 noyabr 2016-cı il tarixdən təyin olunmuşdur. Hazırda pensiyamın aylıq məbləği (sonrakı artımlar da nəzərə alınmaqla) təxminən 430 manat təşkil edir. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə əsasən, yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu qanunun 13-cü maddəsinin “a” bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, “b” bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Yaşa görə pensiyanın əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, 13-cü maddənin “a” bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən 13-cü maddənin “b” bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz. Həmin Qanunun 71-ci maddəsinə əsasən pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun mü- raciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır. Göründüyü kimi, iddiaçının 1 yanvar 2006-cı il tarixinə ümumi iş stajı həqiqi hərbi xidmət illəri də daxil olmaqla 38 il 4 ay 8 gün təşkil etmiş və həmin staj illərində tutduğu bütün vəzifələr yaşa görə güzəştli əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 2 nömrəli siyahıya daxildir. Tələb olunan iş stajı 25 il olduğundan, pensiya haqqının aylıq məbləği orta aylıq əmək haqqının 90 faizi miqdarında təyin edilməli idi (65 % + (38 - 25) x 2% = 65% + 26% = 91%). Lakin iddiaçıya təyin edilən pensiyanın aylıq məbləği bundan qat-qat azdır və ona görə də aylıq pensiya haqqımın məbləği sözügedən Qanunun tələblərinə uyğun yenidən hesablanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İİİ hissəsinə əsasən, Qanunlar Konstitusiyaya zidd olmamalıdır. Qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir. Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göstərilənləri nəzərə alaraq, ona (iddiaçıya) təyin edilmiş pensiya haqqının «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq yenidən hesablanmaqla müəyyən edilməsi barədə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 21 dekabr 2020-ci il tarixli müraciətə bu günədək cavab verilməmişdir. Odur ki, mübahisənin məhkəmə qaydasında həll olunmasına zərurət yaranmışdır. Göstərilənlərə və İPM-in 2.2.2, 33.1, 33.2, 68 – 75-ci maddələrinə əsaslanaraq, iddiuaçıya təyin edilmiş pensiya məbləğinin «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq yenidən hesablanmaqla müəyyən edilməsi vəzifəsinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə ünvanlanmış 27 oktyabr 2021-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanunu ilə 18 noyabr 2016-cı il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının aylıq məbləğinin həmin Qanunun tələblərinə uyğun olmaqla yenidən hesablanması tələbi ilə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəmədə iddia qaldırmışdır. Hesab edilir ki, iddia tam əsassızdır və qanuna zidd olduğuna görə rədd edilməlidir. İddiaçı 27 avqust 2021-ci il tarixdə Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirləri nəticəsində ona 18 noyabr 2016-cı il tarixdə DSMF Bakı şəhəri Xətai rayon şöbəsi tərəfindən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə uyğun qaydada Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin “b" bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun qeyd olunan maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda iddiaçının əmək pensiyasının «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 17-ci maddəsinə uyğun olaraq orta aylıq əmək haqqına əsasən hesablanması ilə bağlı bildirilir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinə əsasən “bu Qanun qüvvəyə mindiyi günədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir". Göründüyü kimi, «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsi həmin Qanunun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə əmək pensiyasının hansı qaydada hesablanmasını deyil, yalnız yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliyə uyğun güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini müəyyən edir. Göstərilənlərə əsasən, iddiaçıya güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının onun iddiasında göstərdiyi əsaslarla yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlmiş, iddiaçı tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinin 1 iyul 2022-ci il tarixədək qüvvədə olan görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinin 1 iyul 2022-ci il tarixdən qüvvədə olan tələblərinə görə axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, İddiaçı xx xxxxxx 1959-cu il tarixdə doğulmuşdur və 2006-cı ilin yanvar ayının 1-dək azı 25 il ümumi iş stajına, o cümlədən azı 12 il 6 aydan artıq güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajına malik olduğundan, müvafiq məhkəmə qərarı əsasında ona DSMF orqanı tərəfindən 57 yaşdan, yəni 18 noyabr 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçı ona təyin olunmuş əmək pensiyasının hesablanma qaydası ilə razılaşmır və tələb edir ki, pensiyanın məbləği onun işlədiyi dövrdə müvafiq əmək haqqı nəzərə alınmaqla hesablanmalı idi. İddiaçı cavabdeh inzibati orqan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına bununla bağlı müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 35-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi»nin 1.1-ci bəndinə görə Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 2.1-ci bəndində nəzərdə tutulmuşdur ki, aşağıdakılar Fondun fəaliyyət istiqamətlərinə aiddir: əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikası qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi üçün tədbirlər görmək. Məhkəmə hazırkı iddianı mümkün sayır. Bu nəticə ondan yaranır ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ var, DSMF orqanına müraciət etmiş və imtina cavabı almışdır, bununla da inzibati mübahisə mövcuddur, cavabdeh qaldırılan məsələ üzrə səlahiyyətli qurumdur, iddianın nüvünə görə iddia müddəti nəzərdə tutulmur və iddianın mümkünsüzlüyü ilə bağlı hər hansı xüsusat mövcud deyil. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə ilk növbədə aşağıdakı qanunvericilik normalarını diqqətə çəkir: «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinin 1 yanvar 2010-cu il tarixədək qüvvədə tələblərinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH=PS+(PSK/T), burada SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir, PS - bu Qanunun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsidir, PSK- sığortaolunannın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu barədə qeydə alınmış pensiya kapitalıdır, T - göslənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Qanunun 27.1-ci maddəsinin 1 yanvar 2010-cu il tarixədək qüvvədə olan tələblərinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu Qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu Qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Məhkəmənin qənaəti belədir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 10 və 27-ci maddələrinin 1 yanvar 2010-cu il tarixədək qüvvədə olmuş tələbləri hazırkı İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanarkən tətbiq edilə bilməz. Bu qənaət ondan irəli gəlir ki, iddiaçı xx xxxxxx 1959-cu il tarixdə doğulduğundan, onun 57 yaşı 18 noyabr 2016-cı il tarixdə, yəni «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa edilmiş müvafiq dəyişiliklər qüvvəyə mindikdən sonra tamam olmuşdur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ da elə həmin gün yaranmışdır. Diqqət yetirilməlidir ki, pensiya qanunvericiliyinin müddəaları, o cümlədən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi əvvəlki dövrdə bu Qanunda göstərilən müvafiq işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyaların “yaşa” və “staja” görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun təyin edilməsini müəyyən etsə də, “pensiyanın hesablanma qaydası”nın da əvvəlki qanunvericiliyə uyğun aparılmasını nəzərdə tutmur. Ona görə də pensiyanın hesablanması qanunvericiliyin pensiya hüququnun yarandığı vaxt qüvvədə olan tələblərinə uyğun qaydada həyata keçirilməlidir. Hazırkı iddiaçının əmək pensiyası hüququ isə, 2016-cı ilin noyabr 18-də, yəni «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 10 və 27-ci maddələrinə edilmiş müvafiq dəyişikliklər qüvvəyə mindikdən sonra yaranmışdır. Odur ki, iddiaçının “pensiyanın yenidən hesablanması” barədə tələbi əsaslı sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 13, 23.1, 52, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması» tələbinə tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar