Məhkəmə qərarları › İş №2-1(112)-219/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-219/2020

10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-219/2020 10.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi, eyni zamanda vəkili X1, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, iddiaçı - İddiaçı MMC-nin cavabdeh - Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı artıq tutulmuş 111895.27 manat məbləğin geri qaytarılması tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatına qəbul edildikdən sonra İPMin 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə məhkəmənin icraatına verilmişdir. İş Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. İş üzrə hazırlıq icraatı ilə bağlı növbəti məhkəmə iclası xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçının “cavabdeh tərəfindən ümumilikdə silinmiş 111 895.27 (yüz on bir min səkkiz yüz doxsan beş) manat pul vəsaitlərini şirkətin şəxsi hesab vərəqəsinə qaytarılması məqsədilə Vergilər Nazirliyinin yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinin "Vergilərin hesablanması barədə" 15 fevral 2018-ci il tarixli **********107200 №-li, 24 may 2018-ci il tarixli **********290900 №-li, 07 noyabr 2018-ci il tarixli **********173400 №-li, 17 avqust 2018-ci il tarixli **********025500 №-li, 17 may 2019cu il tarixli **********789400 №-li qərarlarının ləğv edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, eyni zamanda vəkili öz izahatında bildirmişdir ki, iddiaçı xx.xx.2019-cu il tarixdə müvafiq şikayətlə Vergilər Nazirliyinə müraciət etmiş, daha sonra xx.xx.2019-cu il tarixdə Vergilər Nazirliyinin Apelyasiya Şurasına şikayətlə müraciət etmişdir. xx.xx.2019-cu il tarixdə isə iddiaçı müvafiq ərizə ilə məhkəməyə müraciət etdiyindən, iddia ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməmişdir. Odur ki, iddianın mümkün sayılaraq təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasına dair vəsatətdə göstərilənləri müdafiə edərək iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı cavabdehin “Vergilərin hesablanması barədə” 15 fevral 2018-ci il tarixli **********107200 №-li, 24 may 2018-ci il tarixli **********290900 №-li, 07 noyabr 2018-ci il tarixli **********173400 №-li, 17 avqust 2018-ci il tarixli **********025500 №-li, 17 may 2019-cu il tarixli **********789400 №-li qərarların ləğv edilməsini tələb edir. İş materiallarından görünür ki, iddiaçının mübahisələndirdiyi qərarlar iddiaçının elektron poçt ünvanına göndərilmiş və həmin qərarlar iddiaçı tərəfindən elektron qaydada oxunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddiaya mübahisələndirmə (İPM-in 2.2.1-ci maddəsi) iddia növü kimi baxıldığından, iddiaçı 15 fevral 2018-ci il tarixli **********107200 №-li, 24 may 2018-ci il tarixli **********290900 №-li, 07 noyabr 2018-ci il tarixli **********173400 №li, 17 avqust 2018-ci il tarixli **********025500 №-li, 17 may 2019-cu il tarixli **********789400 №-li qərarın ləğv edilməsi ilə bağlı həmin qərarların mövcudluğundan məlumatlı olduğu vaxtdan 30 gün müddətində məhkəməyə müraciət edə bilərdi. İş materiallarından görünür ki, iddiaçı mübahisələndirilən qərarların məzmunundan, yəni 15 fevral 2018-ci il tarixli **********107200 №-li qərarın məzmunundan xx.xx.2018-ci il tarixdə, 24 may 2018-ci il tarixli **********290900 №-liqərarın məzmunundan xx.xx.2018-ci il tarixdə, 07 noyabr 2018-ci il tarixli **********173400 №-li qərarın məzmunundan xx.xx.2018-ci il tarixdə, 17 avqust 2018-ci il tarixli **********025500 №-li qərarın məzmunundan xx.xx.2018-ci il tarixdə, 17 may 2019-cu il tarixli **********789400 №-li qərarın məzmunundan xx.xx.2019-cu il tarixdə məlumatlı olmuşdur. İş materiallarında olan Azərbaycan RespublikasıVergilər Nazirliyinin məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi ərizəsindən görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixli şikayət ərizəsi ilə Vergilər Nazirliyinin Apelyasiya Şurasına müraciət etmişdir. Həmin ərizədən görünür ki, iddiaçı ona əlavə hesablanmış 19.176 manat məbləği mübahisələndirir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin “İnzibati şikayət üzrə icraata xitam verilməsi haqqında” sentyabr 2019-cu il tarixli Qərarından görünür ki, İddiaçı MMC kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə inzibati şikayətlə xx.xx.2019-cu il tarixdə Vergilər Nazirliyinə müraciət etmiş, lakin eyni predmet üzrə xx.xx.2019-cu il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etdiyindən inzibati şikayət üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, iddiaçının nümayəndəsi öz izahatında iddiaçının xx.xx.2019-cu il tarixdə inzibati şikayətlə Vergilər Nazirliyinə müraciət etdiyini bildirsə də, iddiaçının xx.xx.2019-cu il tarixli şikayət ərizəsi ilə Vergilər Nazirliyinin Apelyasiya Şurasına müraciət etməsi və həmin ərizə ilə iddiaçıya əlavə hesablanmış 19.176 manat məbləğin mübahisələndirilməsi öz təsdiqini tapmışdır, yəni mübahisə predmeti olan 15 fevral 2018-ci il tarixli **********107200 №-li, 24 may 2018-ci il tarixli **********290900 №-li, 07 noyabr 2018-ci il tarixli **********173400 №-li, 17 avqust 2018-ci il tarixli **********025500 №-li, 17 may 2019-cu il tarixli **********789400 №-li qərarların ləğv edilməsini inzibati qaydada tələb etməmişdir. Həmçinin, iddiaçının kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə inzibati şikayətlə Vergilər Nazirliyinə xx.xx.2019-cu il tarixdə müraciət etməsi iş materialları ilə öz təsdiqini tapmışdır. İş materiallarından görünür ki, İddiaçı MMC-yə “Vergilərin hesablanması barədə” 15 fevral 2018-ci il tarixli **********107200 №-li qərarla 11.840,68 manat; 24 may 2018-ci il tarixli **********290900 №-li qərarla 21.450,58 manat; 07 noyabr 2018-ci il tarixli **********173400 №-li qərarla 15.369,35 manat; 17 avqust 2018-ci il tarixli **********025500 №-li qərarla 21.450,58 manat; 17 may 2019-cu il tarixli **********789400 №-li qərarla 41.784,08 manat əlavə vergi hesablanmışdır. İş materiallarından görünür ki, İddiaçı MMC yuxarıda qeyd edilən qərarlarla ümumilikdə 11.895,27 manat artıq hesablanmış məbləğin geri qaytarılması tələbi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergilərin hesablanması barədə” 15 fevral 2018-ci il tarixli **********107200 №-li, 24 may 2018-ci il tarixli **********290900 №-li, 07 noyabr 2018-ci il tarixli **********173400 №-li, 17 avqust 2018-ci il tarixli **********025500 №-li, 17 may 2019-cu il tarixli **********789400 №li qərarların ləğv edilməsini tələb etmişdir. Həmin ərizə xx.xx.2020-ci il tarixdə icraata qəbul edilmişdir. Beləliklə, iddiaçı mübahisələndirilən inzibati aktların ləğv edilməsi tələbinə dair müvafiq ərizə ilə mövcud qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 70.2-1.3-cü maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Həmin Qanunun 72.1-ci maddəsinə əsasən inzibati aktdan eyni zamanda həm inzibati, həm də məhkəmə qaydasında şikayət (inzibati iddia) verildiyi hallarda, şikayətə məhkəmə qaydasında baxılır və şikayət instansiyasında həmin şikayət üzrə başlanılmış icraata xitam verilir. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair“ 28 dekabr 2015-ci il tarixli Qərarında qeyd edilmişdir: “ mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır... Qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər... T.İdrisov birinci instansiya məhkəməsinə ərizəsində və kassasiya şikayətində iddiaçı N.Quliyev tərəfindən iddia qaldırmaq üçün tələb edilən müddət şərtinə əməl olunmamasını qeyd etmişdir. Lakin işə baxan apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən bu hala lazımi hüquqi qiymət verilməmişdir. Həmin məhkəmələrin bu cür yanaşması da Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərinə cavab verən hesab edilə bilməz.” Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəməyə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar