Məhkəmə qərarları › İş №2-1(112)-219/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-219/2024

13.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-219/2024 13.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddia tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1956-cı il tarixdə anadan olmuşdur və 29 may 2021-ci il tarixdən yaşa görə əmək pensiyasına çıxmaq hüququ yaranmışdır. Yaşa görə əmək pensiyasına çıxmaq üçün cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etsə də, müraciəti təmin edilməmişdir. O, imtina ilə razı deyil, hesab edir ki, ümumi əmək stajı tələb olunan 25 ildən çoxdur.

3. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-554/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən iddia tələbi təmin edilməmişdir.

4. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-185/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 2-1(120)-554/2023 nömrəli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

5. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

6. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı cavabdeh inzibati orqana müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının xx.xx.2022-ci il tarixli **********7 nömrəli məktubu ilə ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən Azərbaycan Respublikası Cəbrayıl Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli **********3 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı 01,09.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək, 1977-ci il tarixdən 1980-ci il tarixədək Cəbrayıl Rayon Avtomobil Nəqliyyat Müəssisəsində çilingər vəzifəsində, 1980-ci il tarixdən 1987-ci il tarixədək Cəbrayıl rayon Mədəniyyət şöbəsində sürücü vəzifəsində və 1987-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Cəbrayıl Rayon Avtomobil Nəqliyyat Müəssisəsində sürücü vəzifəsində işləməsi nəzərə alınmışdır. İş materiallarında olan H3 seriyalı ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. Mərkəzi Filiala təqdim olunmuş Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-1336/2022 nömrəli qətnaməsinə və hərbi biletin xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) surətinə əsasən İddiaçı sosial sığorta stajı 23 il 11 ay təşkil edir. İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Bildirirlər ki, MA-93 nömrəli xx.xx.2021-ci il tarixli xx.xx.2021-ci il tarixli arxiv arayışının surətində qeyd olunmuş məlumatların mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək dövrlərin araşdırılması zərurəti yaranmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin arxiv arayışına əsasən 2714 №-li Avtobus parkında xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan əmək fəaliyyəti zamanı 1996-cı ildə 2 ay, 1997- ci ildə 1 ay, 1998-ci ildə 2 ay, 1999-cu ildə 6 ay, 2000-ci ildə isə bütün il ərzində iddiaçının adına əməkhaqqı hesablanmadığı müəyyən edilmişdir. Bu səbəblə sözügedən dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. İddiaçı barəsində ünvanlanan sorğuya cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2022ci il tarixli **********510600 nömrəli məktubla bildirilmişdir ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsində 2714 saylı Avtodəstə barədə heç bir məlumat aşkar edilməmişdir. İddiaçı barəsində ünvanlanan sorğuya cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 04.11 2022-ci il tarixli **********40 nömrəli məktubla bildirilmişdir ki, informasiya bazasında 2714 saylı Avtodəstə barədə hər hansı məlumat aşkar olunmamışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü ii tarixli 2-1(120)-554/2023 nömrəli qərarına əsasən məhkəmə icraatı zamanı iddianın mahiyyəti uğursuz hesab edilmişdir. Məhkəmə gəldiyi nəricəni icraat zamanı tədqiq edilmiş sübutlara əsaslandırmışdır. Belə ki, iş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X4, Daxili nəzarət və Monitorinq Departamentinin Monitorinq və araşdırma şöbəsinin böyük və aparıcı mütəxəssisinin iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, qarşılıqlı araşdırma zamanı ARRİNN Mərkəzi Arxivində saxlanılan 2714 nömrəli Avtodəstəyə aid əməkhaqqı hesablama cədvəllərinə baxış keçirilən zaman İddiaçı 1996cı ilin İİİ; 1997-ci ilin İX; 1998-ci ilin X, Xİ; 1999-cu ilin V, Vİ, Vİİİ; İX, Xİ, Xİİ və 2000-ci ilin İ, İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, aylarında əməkhaqqı hesablanması əməkhaqqı hesablanması cədvəllərində öz əksini tapmadı, 1997-ci ilin İX ayı və 2000-ci ilin İX, X, Xİİ ayları üzrə əməkhaqqı hesablama cədvəlləri Mərkəzin Arxivinə təhvil verilməmişdir. Digər dövrlərdə əməkhaqqı hesablanması əməkhaqqı hesablanması cədvəllərində öz əksini tapdı. Lakin, 1999-cu ilin oktyabr ayında hesablanılan məzuniyyət pulundan məcburi dövlət sosial sığorta haqqı tutulmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xx.xx.2022-ci il tarixli 1-8-118/12778-22 nömrəli məktubundan göstərilmişdir ki, İddiaçı əməkhaqqı barədə arxiv arayışı və arxiv surətləri məhkəməyə göndərilmişdir və xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən, İddiaçı 1995-2000-ci illər üzrə 2714 saylı Avtodəstədə əməkhaqqı cədvəlində 1996-cı ilin mart ayı, 1997-ci ilin sentyabr ayı, 1998-ci ilin oktyabr, noyabr ayları, 1999-cu ilin may, iyun, avqust, sentyabr, noyabr, dekabr ayları, 2000-ci ilin bütün ayları üzrə əməkhaqqı hesablanmadığı müəyyən olunmuşdur. Məhkəmə də, iddiaçının hərbi xidmətdə olduğu müddəti və müəssisələrdə işləyib, əməkhaqqı aldığı dövrü sığorta stajı kimi qəbul edir. Buna baxmayaraq iddiaçının tələb olunan sığorta stajı kifayət etmir. Belə ki, iddiaçı tərəfindən əmək kitabçası təqdim edilməmiş, onun yuxarıda qeyd olunan illər üzrə müxtəlif yerlərdə işləməsi məhkəmə qətnaməsi və arxiv arayışlarına uyğun olaraq müəyyən edilmişdir. İddiaçı 1995-ci il tarixdən 2714 saylı avtobus parkında sürücü vəzifəsində işə qəbul olunması barədə arxiv arayışı daxil olmuşdur. Lakin ARRİNN Mərkəzi Arxivində saxlanılan 2714 nömrəli Avtodəstəyə aid əməkhaqqı hesablama cədvəllərinə baxış keçirilən zaman İddiaçı 1996-cı ilin İİİ; 1997-ci ilin İX; 1998-ci ilin X, Xİ; 1999-cu ilin V, Vİ, Vİİİ; İX, Xİ, Xİİ və 2000-ci ilin İ, İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, aylarında əməkhaqqı hesablanması cədvəllərində öz əksini tapmadığı, 1997-ci ilin İX ayı və 2000ci ilin İX, X, Xİİ ayları üzrə əməkhaqqı hesablama cədvəllərinin Mərkəzin Arxivinə təhvil verilmədiyi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi həmin dövrlər sığorta stajı kimi tam (əməkhaqqı almadığı və arxivdə aşkar edilmədiyi dövrlər də) qəbul edilmiş olsa belə pensiya təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajı yaranmır. Başqa sözlə, iddiaçının ona yaşa görə əmək pensiyası təyin edilməsi məqsədilə təqdim etdiyi sənədlərə müvafiq olaraq Qanunla tələb edilən 25 ildən az sığorta stajı mövcuddur. Eyni zamanda İddiaçı xx.xx.2005-ci il tarixli Cəbrayıl Rayon İcra Hakimiyyətinin arayışını təqdim edərək, 1989-1991-ci illərdə erməni işğalçılarına qarşı gedən döyüşlərdə yaxından iştirak etdiyi və ön postlarda keşik çəkdiyi dövrü yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sığorta stajı üçün hesablanmasını xahiş etmişdir. Lakin, Cəbrayıl rayon Məhkəməsinin qanuni qüvvəsini almış 16 sentyabr 2021-ci il tarixli 2(072)- 479/2021 nömrəli qətnaməsi üzrə 1987-ci il tarixdən etibarən 23 avqust 1993-cü il tarixədək Cəbrayıl rayon X2 “sürücü” vəzifəsində işləməsi nəzərə alınmışdır. Göründüyü kimi, cavabdehin iddiaçıya yaşa görə pensiya təyin edilməsindən imtina etməsi qanuni olmuşdur və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Qeyd edilənlərə görə məhkəmə hesab edir ki, cavabdeh haqlı olaraq iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı işlədiyi illərin iş stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyildir. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdehin iddiaçıya ünvanladığı cavab məktubu işin maddi hüquqi əsasları və müraciətin yekun nəticəsi baxımından qanuni və əsaslı olmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasınınxx.xx.2023-cü il tarixli 2-1(102)-1838/2023 nömrəli qərarında qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsində öz qərarını əsaslandırarkən iddiaçının mübahisələndirilən müəssisədəki 1996-2000-ci illər üzrə əmək stajını 5 il olaraq nəzərə almış, lakin gəldiyi nəticənin hüquqi əsaslarını göstərməmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş iddiaçının "xxx” firmasında 1996- 2000-ci illər üzrə əməkhaqqı ödəniş cədvəllərindən müəyyən edilir ki, iddiaçı 1996-cı ilin may-dekabr ayları üzrə, 1997-1998-ci illər üzrə tam, 1999-cu ilin yanvar-iyul və oktyabr ayları üzrə, 2000-ci ilin yanvar-aprel ayları üzrə əməkhaqqı almışdır. Əməkhaqqı alınan ayların cəmi 3 il 9 aya bərabərdir. Lakin apellyasiya instansiya məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan, istinad etdiyi sübutlara hüquqi qiymət vermədən iş üzrə düzgün olmayan yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı inzibati mübahisə üzrə iddiaçının sosial təminat hüququnun təmin edilməsi istiqamətində məhkəmə tərəfindən onun mübahisəli iş illərinə dair xüsusatlar hərtərəfli araşdırılmalı və əldə edilən mötəbər sübutların qiymətləndirilməsi nəticəsində yekun nəticəyə gəlinməlidir.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

8. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı səlahiyyətli nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə iddiaçının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

9. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinın xx.xx.2021-ci il tarixli 93 nömrəli arxiv arayışının surətindən görünür ki, İddiaçı həqiqətən yanvar 1995-ci il tarixdən 2714 №-li Avtobus parkına sürücü vəzifəsinə işə qəbul olunmuşdur. Yanvar 2001-ci il tarixədək həmin vəzifədə işləmişdir.

10. НЗ ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1974-xx.xx.1976-cı illərdə hərbi xidmətdə olmuşdur. İddiaçının hərbi biletində onun xidməti barədə sonrakı illər üzrə hər hansı bir qeydlərin aparılması müəyyən edilməmişdir.

11. Cəbrayıl Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli 2(072)-479/2021 nömrəli qətnaməsindən görünür ki, ərizəçi İddiaçı 01 sentyabr 1973-cü il tarixdən etibarən 21 noyabr 1974-cü il tarixədək, 1977-ci il tarixdən etibarən 1980-cı il tarixədək Cəbrayıl rayon X2 “çilingər” vəzifəsində, 1980-cı il tarixdən etibarən 1987-ci il tarixədək Cəbrayıl rayon Mədəniyyət şöbəsində “sürücü” vəzifəsində və 1987-ci il tarixdən etibarən 23 avqust 1993- cü il tarixədək Cəbrayıl rayon X2 “sürücü” vəzifəsində işləməsi faktı müəyyən edilmişdir.

12. Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli Q-45/2023 nömrəli məktubundan görünür ki, Cəbrayıl rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli 2(072)-479/2021 nömrəli qətnaməsindən maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi ilə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə xx.xx.2022-ci il tarixdə icra olunması üçün aidiyyatı üzrə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilmişdir. cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktor müavini Anar Mirzəyev **********3 saylı, xx.xx.2022-ci il tarixli məktub ilə məhkəməyə müraciət edərək, İddiaçı 01 sentyabr 1973-cü il tarixdən etibarən 21 noyabr 1974- cü il tarixədək, 1977-ci il tarixdən etibarən 1980-cı il tarixədək Cəbrayıl rayon X2 “çilingər” vəzifəsində, 1980-cı il tarixdən etibarən 1987-ci il tarixədək Cəbrayıl rayon Mədəniyyət şöbəsində “sürücü” vəzifəsində və 1987-ci il tarixdən etibarən 23 avqust 1993-cü il tarixədək Cəbrayıl rayon X2 “sürücü” vəzifəsində işləməsinin nəzərə alındığını bildirmişdir.

13. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı 25 yanvar 2022-ci il tarixli, **********9 saylı imtina məktubunda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib.Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018- ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli № 2(106)- 1336/2022 saylı Qətnaməsinə və hərbi biletinin surətinə əsasən sığorta stajı (xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 23 il 11 ay təşkil edir.Həmçinin bildirir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb.Əlavə olaraq bildirir ki, arxiv arayışının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1995-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək dövrlərin araşdırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin arxiv arayışına əsasən təqdim edilən arxiv arayışının surətində qeyd olunmuş 2714 №-li Avtobus parkında xx.xx.1995-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək olan əmək fəaliyyəti zamanı 1996-cı ildə 2 ay, 1997-ci ildə 1 ay, 1998-ci ildə 2 ay, 1999-cu ildə 6 ay, 2000-ci ildə isə il ərzində adına əməkhaqqı hesablanmayıb.Bu səbəblə sözügedən dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır.Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasının surətində göstərilən müvafiq dövrlər əmək stajı kimi öz təsdiqini tapmadığı, sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib, eyni zamanda xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilib, 01.01,2022-ci il tarixindən 180 manata çatdırılıb. Məlumat üçün bildirir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunveriliciklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1 - ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.

14. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X4, Daxili nəzarət və Monitorinq Departamentinin Monitorinq və araşdırma şöbəsinin böyük və aparıcı mütəxəssisinin iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, qarşılıqlı araşdırma zamanı ARRİNN Mərkəzi Arxivində saxlanılan 2714 nömrəli Avtodəstəyə aid əməkhaqqı hesablama cədvəllərinə baxış keçirilən zaman İddiaçı 1996-cı ilin İİİ; 1997-ci ilin İX; 1998-ci ilin X, Xİ; 1999-cu ilin V, Vİ, Vİİİ; İX, Xİ, Xİİ və 2000-ci ilin İ, İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, aylarında əməkhaqqı hesablanması əməkhaqqı hesablanması cədvəllərində öz əksini tapmadı, 1997-ci ilin İX ayı və 2000-ci ilin İX, X, Xİİ ayları üzrə əməkhaqqı hesablama cədvəlləri Mərkəzin Arxivinə təhvil verilməmişdir. Digər dövrlərdə əməkhaqqı hesablanması əməkhaqqı hesablanması cədvəllərində öz əksini tapdı. Lakin 1999-cu ilin oktyabr ayında hesablanılan məzuniyyət pulundan məcburi dövlət sosial sığorta haqqı tutulmamışdır.

15. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xx.xx.2022-ci il tarixli 1-8-118/12778-22 nömrəli məktubundan göstərilmişdir ki, İddiaçı əməkhaqqı barədə arxiv arayışı və arxiv surətləri məhkəməyə göndərilmişdir və xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən, İddiaçı 1995-2000-ci illər üzrə 2714 saylı Avtodəstədə əməkhaqqı cədvəlində 1996-cı ilin mart ayı, 1997-ci ilin sentyabr ayı, 1998ci ilin oktyabr, noyabr ayları, 1999-cu ilin may, iyun, avqust, sentyabr, noyabr, dekabr ayları, 2000-ci ilin bütün ayları üzrə əməkhaqqı hesablanmadığı müəyyən olunmuşdur.

16. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon Şöbəsi tərəfindən Şirvna Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-43-14/2-635/2023 nömrəli məktuba əsasən Cəbrayıl rayon sakini xx.xx.1956-cı il təvəllüdlü istefada olan əsgər İddiaçı Cəbrayıl rayonu ərazisində döyüş əməliyyatları aparılarkən hərbi xidmət keçməsi, döyüş əməliyyatlarında iştirak etməsi barədə göndərilən sənədlərdən başqa heç bir məlumat və təsdiqedici arxiv sənədi yoxdur. Həmin sənədlərin (arayışların) kserosurətləri 2 (iki) vərəqdən ibarət olmaqla məhkəməyə göndərilmişdir. Təqdim edilmiş arayışlar Cəbrayıl rayon Polis Şöbəsinin 738 nömrəli 16 dekabr 1999-cu il tarixli arayışı və Cəbrayıl rayon Polis Şöbəsinin 1261 nömrəli 20 dekabr 2004-cü il tarixli arayışı əsasında Cəbrayıl rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş 24 nömrəli 15 mart 2005-ci il tarixli arayışları olmuşdur. Təqdim edilmiş arayışlarda İddiaçı 1989-1991-ci illərdə və 1992-ci ilin mart ayından 1993-cü ilin mart ayına qədər erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etməsi barədə məlumatlar öz əksini tapmışdır.

17. Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavini tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş 07 iyun 2023-cü il tarixli 5-40/2-344/2023 nömrəli məktuba əsasən bildirilmişdir ki, Cəbrayıl rayon sakinlərinin bir çoxu Qarabağ müharibəsi zamanı bu və ya digər şəkildə (özünümüdafiə dəstələrinin tərkibində iştirak etmə, yaralıların döyüş bölgəsindən çıxarılması, tibbi xidmət göstərilməsi və s.) rayonun müdafiəsində iştirak etdiyindən, rayon Polis Şöbəsinin arayışı əsasında Cəbrayıl rayon icra Hakimiyyəti tərəfindən vətəndaşlara müvafiq arayışlar verilmişdir. Qeyd etmişlər ki, rayon İcra Hakimiyyəti başçısı aparatının 31 dekabr 2017-ci il tarixə qədər olan sənədləri Cəbrayıl Rayon Dövlət Arxivi idarəsinə təhvil verilmişdir. “Dövlət orqanlarında, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi siyahısı və onun tətbiq olunmasına dair göstəriş”ə əsasən arayış xarakterli sənədlərin saxlanma müddəti 5 il təşkil etdiyindən, rayon İcra Hakimiyyətinin həmin dövrü əhatə edən sənədləri, o cümlədən 2005-ci ilə dair sənədlər ləğv edilmişdir. Bu səbəbdən də, məktubda qeyd edilən sənədlərin təqdim edilməsi imkan xaricindədir.

18. Cəbrayıl rayon Polis Şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli 3-13-70/2-2015/2023 nömrəli məktuba əsasən bildirilmişdir ki, Cəbrayıl rayon X5 şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 164-də qeydiyyatda olan, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı 1989-1993-cü illər ərzində erməni işğalçılarına qarşı gedən döyüşlər zamanı Cəbrayıl RPŞ-nin tərkibində yaradılmış könüllülərdən ibarət milli özünümüdafiə dəstəsində həmin döyüşlərdə iştirak etməsini təsdiq edən heç bir məlumat yoxdur. Eyni zamanda məktub ilə əlaqədar xx.xx.2023-cü il tarixdə DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinə 3-13-70/2-1915/2023 nömrəli sorğu ünvanlanmış, həmin sorğuya verilmiş xx.xx.2023-cü il tarixli 3-13-12/2- 83236/2023 nömrəli cavabdan görünür ki, İddiaçı 1989-1993-cü illər ərzində erməni işğalçılarına qarşı gedən döyüşlər zamanı Cəbrayıl RPŞ-nin tərkibində yaradılmış könüllülərdən ibarət milli özünümüdafiə dəstəsində həmin döyüşlərdə iştirak etməsini təsdiq edən heç bir əmr DİN-in arxivində aşkar olunmamışdır. Əlavə olaraq Cəbrayıl rayon Polis Şöbəsində 2015-ci il daxil olmaqla saxlama müddəti bitmiş sənədlər yandırılaraq məhv edilmişdir.

19. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixli 3-27/2-11515/2023 nömrəli məktubla cavab verilərək İddiaçı 1994-2001-ci illər üzrə iş stajı, əməkhaqqı barədə arxiv arayışları və sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş arxiv arayışlarına əsasən İddiaçı xx.xx.1994-cü il tarixdən (xx.xx.1994-cü il tarixli kş/13 nömrəli əmr) 2714 nömrəli Avtodəstəyə “LAZ-695” markalı 75-70 nömrəli avtomaşına 2-ci dəstəyə sürücü vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1995-ci il tarixdən (xx.xx.1995-ci il tarixli, kş/102 nömrəli əmr) “Mersedes” markalı 57-19 nömrəli avtomaşına 3-cü dəstəyə sürücü vəzifəsinə keçirilmiş, xx.xx.1997-ci il tarixdən (2.09.1997-ci il tarixli, kş/107 nömrəli əmr) 3-cü dəstənin sürücüsü “PAZ-6722 marlkı 26- 60 nömrəli avtomaşına keçirilmiş, xx.xx.1997-ci il tarixdən (xx.xx.1997-ci il tarixli, kş/125 nömrəli əmr) 3-cü dəstənin sürücüsü “Mersedes” markalı 62-90 nömrəli avtomaşına keçirilmiş, xx.xx.1999-cu il tarixdən (xx.xx.1999-cu il tarixli, kş/25 nömrəli əmr) 3-cü dəstənin sürücüsü “PAZ-672” markalı 11-34 nömrəli avtomaşına keçirilmiş, xx.xx.1999-cü il tarixdən (xx.xx.1999-cu il tarixli, kş/47 nömrəli əmr) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Yanvar 2000-ci il tarixdən yenidən 2714 nömrəli Avtodəstəyə sürücü vəzifəsinə işə qəbul edilmişdir. Yanvar 2001-ci il tarixədək həmin vəzifədə işləmişdir. 1994-cü il üzrə əməkhaqqı cədvəlləri nazirliyin Mərkəzi Arxivinə təhvil verilmədiyi üçün həmin il üzrə vətəndaşın aldığı əməkhaqqı braədə heç bir məlumat vermək mümkün olmamışdır. 1996-cı il fevral ayı üzrə əməkhaqqı cədvəllərində vətəndaşın aldığı əməkhaqqı qeyd edilmişdir (6671.18). 1996-cı il mart, 1997-ci il sentyabr, 1998-ci il oktyabr, noyabr, 1999-cu il may-iyun ayları üzrə əməkhaqqı cədvəllərində vətənadaşın adı, soyadı qeyd edilmiş ancaq aldığı əməkhaqqı barədə heç bir məlumat öz əksini tapmamışdır. İddiaçı ilə eyni vaxtda məzuniyyətdə olan həmkarlarının və digər işçilərin məzuniyyət əmrlərində (1999-cu il avqust-sentyabr ayları üzrə avtodəstədə yaranmış ağır maliyyə çətinliyi və iş həcminin az olamasını nəzərə alaraq öz hesablarına məzuniyyətə çıxması haqqında müvafiq əmr olmuşdur (əmlərin surətləri təqdim olunmuşdur). Bununla yanaşı olaraq İddiaçı ilə eyni vaxtda (1999-cu il oktyabr ayı üzrə) bir çox həmkarlar da, öz xahişləri ilə tutduqları vəzifələrindən azad edilmişlər (surətləri təqdim olunur). Bu səbəbdən noyabr, dekabr ayları üzrə əməkhaqqı qeyd edilməmişdir. Eyni zamanda, yanvar 2000-ci il üzrə əməkhaqqı cədvəllərində vətəndaşın adı, soyadı qeyd edilmiş lakin aldığı əməkhaqqı barədə heç bir məlumat öz əksini tapmamışdır. Bu səbəbdən verilmiş arxiv arayışlarında həmin dövrlər üzrə əməkhaqqı barədə məlumatlar qeyd edilməmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

20. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

21. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

22. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

23. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

24. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

25. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir.

26. Məhkəmə gəldiyi nəticəni qanunvericiliyin aşağıdakı şəkildə əsaslandırır.

27. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71).

28. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

29. Yuxarıda qeyd edilən hüquq normalarını hazırkı işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə hesab edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun normalarına əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı və ya azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası təyin olunur. Lakin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tələb olunan sosial sığorta stajını toplamamışdır.

30. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. “21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir.

31. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Maddə 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Maddə 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əməkhaqqı verilməsi üçün şəxsi hesablar və əməkhaqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

33. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: Maddə 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Maddə 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”: Maddə 1.1. əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Maddə 7.1. bu əsasnamənin 3.10 bəndinə əsasən dublikat almaq hüququna malik olan işçi axırıncı iş yeri üzrə işəgötürənə əmək kitabçası və ona əlavə içliyin verilməsi haqqında müraciət etməlidir. İşəgötürən 15 gün ərzində bu müraciətə baxıb onu həll etməlidir. Əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçiyə verilən yeni əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə “Dublikat” sözü yazılır. Maddə 7.2. əmək kitabçası, yaxud əlavə içliyin dublikatı ümumi qayda üzrə doldurulur. Maddə 7.3. əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. Keçmişdəki iş haqqında əmək kitabçasında yuxarıda göstərilən məlumat tam dərəcədə olmadığı hallarda, əmək kitabçasının dublikatına yalnız sənəddəki məlumat daxil edilir.

35. Belə ki, iddiaçının sığorta stajını təsdiq edən sənədlər təqdim edilən Cəbrayıl rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli 2(072)-479/2021 nömrəli qətnaməsi, arxiv arayışları və hərbi bileti olmuşdur. Yəni, İddiaçı 01 sentyabr 1973-cü il tarixdən etibarən 21 noyabr 1974-cü il tarixədək, 1977-ci il tarixdən etibarən 1980-cı il tarixədək Cəbrayıl rayon X2 “çilingər” vəzifəsində, 1980-cı il tarixdən etibarən 1987-ci il tarixədək Cəbrayıl rayon Mədəniyyət şöbəsində “sürücü” vəzifəsində və 1987-ci il tarixdən etibarən 23 avqust 1993-cü il tarixədək Cəbrayıl rayon X2 “sürücü” vəzifəsində işləməsi faktının müəyyən edilməsi barədə qətnamə, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 1991-2000-ci illər üzrə 2714 saylı Avtodəstədə işləməsi barədə əməkhaqqı cədvəli barədə xx.xx.2022-ci il tarixli MA-500 nömrəli, xx.xx.2023-cü il tarixi MA/274 nömrəli və xx.xx.2023-cü il tarixli MA-275 nömrəli, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx.xx.2021-ci il tarixli 2714 saylı Avtobus parkında sürücü vəzifəsinə işə qəbul olunması barədə arxiv arayışları, xx.xx.1974-xx.xx.1976-cı illərdə hərbi xidmətdə olması barədə hərbi biletini, 1989-1991-ci illərdə erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etməsi barədə Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının 24 nömrəli 15 mart 2005-ci il tarixli arayışı və 1992-ci ilin mart ayından 1993-cü ilin mart ayına kimi Cəbrayıl rayon Polis Şöbəsinin yanında yaradılmış könüllü özünümüdafiə dəstəsinin tərkibində gedən döyüşlərdə iştirak etməsi barədə Cəbrayıl rayon Polis Şöbəsi tərəfindən 16 dekabr 1999-cu il tarixli 738 nömrəli arayışını təqdim etmişdir. Yuxarıda qeyd edilən hüquq normalarına əsasən iddiaçının hərbi xidmətdə olduğu müddət və 01 sentyabr 1973-cü il tarixdən etibarən 21 noyabr 1974-cü il tarixədək, 1977-ci il tarixdən etibarən 1980-cı il tarixədək Cəbrayıl rayon X2 “çilingər” vəzifəsində, 1980-cı il tarixdən etibarən 1987-ci il tarixədək Cəbrayıl rayon Mədəniyyət şöbəsində “sürücü” vəzifəsində və 1987-ci il tarixdən etibarən 23 avqust 1993-cü il tarixədək Cəbrayıl rayon X2 “sürücü” vəzifəsində işlədiyi və 2714 nömrəli Avtodəstədə 1994-2000-ci illər üzrə işləyib, əməkhaqqı aldığı dövrlər sığorta stajına daxil olur. Məhkəmə də, iddiaçının hərbi xidmətdə olduğu müddəti və müəssisələrdə işləyib, əməkhaqqı aldığı dövrü sığorta stajı kimi qəbul edir. Buna baxmayaraq iddiaçının tələb olunan sığorta stajı kifayət etmir. Belə ki, iddiaçı tərəfindən əmək kitabçası təqdim edilməmiş, onun yuxarıda qeyd olunan illər üzrə müxtəlif yerlərdə işləməsi məhkəmə qətnaməsi və arxiv arayışlarına uyğun olaraq müəyyən edilmişdir. İddiaçı 1994-cü il tarixdən 2714 saylı avtobus parkında sürücü vəzifəsində işə qəbul olunması barədə arxiv arayışı daxil olmuşdur.

36. Lakin, ARRİNN Mərkəzi Arxivində saxlanılan 2714 nömrəli Avtodəstəyə aid əməkhaqqı hesablama cədvəllərinə baxış keçirilən zaman İddiaçı 1996-cı ilin İİİ; 1997-ci ilin İX; 1998-ci ilin X, Xİ; 1999-cu ilin V, Vİ, Vİİİ; İX və 2000-ci ilin bütün ayları üzrə əməkhaqqı hesablanması cədvəllərində öz əksini tapmadığı, İddiaçı ilə eyni vaxta məzuniyyətdə olan həmkarlarının və digər işçilərin məzuniyyət əmrlərində (1999-cu il avqust-sentyabr ayrları üzrə) avtodəstədə yaranmış ağır maliyyə çətinliyini və iş həcminin azalmasını nəzərə alaraq öz hesablarına məzuniyyətə çıxması haqqında müvafiq əmr olmuşdur. Bununla yanaşı olaraq, İddiaçı ilə eyni vaxta (1999-cu il oktyabr ayrı üzrə bir çox həmkarları da öz xahişləri ilə tutduqları vəzifələrindən azad edilmişlər. Bu səbəbdən, noyabr, dekabr ayları üzrə əməkhaqqı qeyd edilməmişdir. Eyni zamanda 2000-ci il üzrə əməkhaqqı cədvəllərində İddiaçı adı, soyadı qeyd edilsə də, aldığı əməkhaqqı barədə heç bir məlumat öz əksini tapmamışdır.

37. Məhkəmə qeyd edir ki, iddiaçının 1996-cı ilin mart, 1997-ci ilin sentyabr, 1998ci ilin oktyabr-noyabr, 1999-cu il may-iyun ayları üzrə əməkhaqqını hansı səbəbdən almaması, əməkhaqqı almamasının digər səbəbləri (onun öz hesabına məzuniyyətdə olması və s.) məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. 2000-ci il üzrə isə bütünlükdə müəssisənin fəaliyyətinin olduğu təqdirdə əməkhaqqı cədvəllərində iddiaçının adı, soyadı qeyd edilməsinə baxmayaraq əməkhaqqı barədə heç bir məlumat öz əksini tapmamışdır. Beə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının sözügedən dövrlər üzrə müəssisə fəaliyyət göstərdiyi təqdirdə ümumiyyətlə əməkhaqqı almamasının hər hansı bir digər əsasları (öz hesabına məzuniyyətdə olması və s. barədə müvafiq təsdiqedici əmrlər) müəyyən edilmədiyindən, əməkhaqqı almadığı həmin dövrlərin pensiya hüququ verən əmək stajına daxil edilməsi əsaslı hesab edilə bilməz.

38. Məhkəmə həmçinin qeyd edir ki, hətta 1996-1997-ci illər üzrə əməkhaqqı almadığı ayların müəssisə rəhbərliyinin təqsiri ucbatından qeyd edilmədiyi güman edilərək, həmin illər iddiaçının sığorta stajına daxil edilsə belə, 2000-ci il üzrə əməkhaqqı cədvəllərində iddiaçının adının, ata adının və soyadının qeyd edilməsinə baxmayaraq aldığı əməkhaqqı barəsində həmin ilin heç olmasa hər hansı bir ayı üzrə qeyd aparılmaması ağlabatan hesab edilə bilməz.

39. Belə olan təqdirdə məhkəmə yuxarıda sadalanan qanunvericiliyi normalarını hazırki işin faktiki hallarına tətbiqi nəticəsində belə qənaətə gəlir ki, iddiaçının ona yaşa görə əmək pensiyası təyin edilməsi məqsədilə təqdim etdiyi sənədlərə müvafiq olaraq Qanunla tələb edilən 25 ildən az sığorta stajı mövcuddur. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən sonrakı dövrdə sosial siğorta stajı və pensiya kapitalı qeydə alınmamışdır. Sözügedən halda iddiaçının tələb olunan sosial sığorta stajı yaranmır. İddiaçıya yaşa 130 manat məbləğində yaşa görə sosial müavinət təyin olunmuşdur.

40. Məhkəmə eləcə də, qeyd etməyi zəruri hesab edir ki, İddiaçı xx.xx.2005-ci il tarixli Cəbrayıl Rayon İcra Hakimiyyətinin və 16 dekabr 1995-ci il tarixli Cəbrayıl Rayon Polis Şöbəsinin arayışını təqdim edərək, 1989-1991-ci illərdə və 1992-ci ilin mart ayından 1993-cü ilin mart ayına kimi erməni işğalçılarına qarşı gedən döyüşlərdə yaxından iştirak etdiyi və ön postlarda keşik çəkdiyi dövrü yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sığorta stajı üçün hesablanmasını xahiş etmişdir. Lakin, məhkəmə tərəfindən həmin məlumatların dəqiqləşdirilməsi məqsədilə müvafiq arayışları vermiş aidiyyəti qurumlara göndərilmiş sorğulara daxil olmuş cavab məktublarına əsasən iddiaçının həmin dövrlərdə döyüşlərdə iştirak etməsi sənədlərlə təsdiq edilməmiş, ümumiyyətlə bu barədə müvafiq qurumların arxivlərində hər hansı bir məlumat rast gəlinməmişdir. Həmçinin, Cəbrayıl rayon Məhkəməsinin qanuni qüvvəsini almış 16 sentyabr 2021-ci il tarixli 2(072)- 479/2021 nömrəli qətnaməsi üzrə 1987-ci il tarixdən etibarən 23 avqust 1993-cü il tarixədək Cəbrayıl rayon X2 “sürücü” vəzifəsində işləməsi nəzərə alınmışdır. Bu da, ona dəlalət edir ki, həmin dövrlər öz təsdiqini tapsa idi belə, məhkəmə qətnaməsi ilə təsdiq edilən əmək stajı dövrü ilə üst-üstə düşdüyündən sözügedən dövrlər yalnız bir dəfə nəzərə alınmalıdır.

41. Oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1838/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında sərgilənmişdir.

42. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdehin iddiaçıya ünvanladığı cavab məktubu işin maddi hüquqi əsasları və müraciətin yekun nəticəsi baxımından qanuni və əsaslı olmuşdur.

43. Məhkəmə hesab etmişdir ki, iş materiallarında olan sənədlərə əsasən aparılmış riyazi hesablamalara görə iddiaçı 2006-cı il 1 yanvar tarixədək 25 ildən az ümumi əmək stajını toplamışdır ki, bu da qanunvericiliyin tələbləri nəzərə alındığı halda ona yaşa görə pensiya təyinatının aparılması üçün kifayət deyildir.

44. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

45. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

46. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

47. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar