Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2190/2023 19.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsinə qarşı, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə “sərhədkeçməyə məhdudiyyətin götürülməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sərhədkeçməyə məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ölkə sərhədlərindən keçmək istəyərkən bildirilmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin məktubuna əsasən İAMAS-ın “sərhədkeçməyə məhdudiyyət” siyahısına daxil edilmiş və ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur. O, 2017-ci ildə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində "xxxx" ASC-nin külli miqdarda kredit vəsaitlərinin cinayət yolu ilə ələ keçirilməsi faktı ilə bağlı istintaq olunan cinayət işi üzrə şahid qismində dindirilmişdir. Həmin iş üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilməmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə, iddiaçının ərizəsi təmin edilərək, cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsi ilə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəfin fikirləri dinlənilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edərən iddiaçının vəkili iddianı müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və iddianın mümkün sayılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının vəkilinin izahatını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Belə ki, iddia ərizəsində sərhədkeçməyə məhdudiyyətin götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş İnformasiya- Kommunikasiya İdarəsinin hazırkı iddiaya cavab verməli olub-olmamasının müəyyən edilməsi üçün sərhədkeçməyə məhdudiyyətin tətbiqinə dair qanunvericiliyin aşağıdakı tələbləri təhlil olunmalıdır. Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2008-ci il tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş, ““Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında” Əsasnamə:
2. "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi (bundan sonra - Sistem) - xüsusi təyinatlı dövlət informasiya resursudur. Sistemin əsas təyinatı hüquq mühafizə və digər aidiyyəti dövlət orqanlarının səlahiyyətləri çərçivəsində fəaliyyətinin informasiya təminatından, aşağıdakı məsələlər ilə bağlı sənədləşmə, yoxlama, sorğu və təhlil işlərinin avtomatlaşdırılmasının həyata keçirilməsi vasitəsilə elektron xidmətlərin göstərilməsindən ibarətdir: 2.1. şəxsiyyət vəsiqələri, pasport-viza və digər sərhədkeçmə sənədlərinin fərdi olaraq doldurulması və verilməsi; 2.2. yaşayış və olduğu yer üzrə qeydiyyat; 2.3. Sistem çərçivəsində istifadə olunan sənəd blanklarının və onların hərəkətinin uçotu; 2.4. ölkəyə gəlişinə və ölkədən gedişinə məhdudiyyət qoyulan və ya axtarışda olan şəxslər, nəqliyyat vasitələri üzrə siyahıların aparılması, etibarsız sərhədkeçmə sənədləri üzrə yoxlamanın aparılması; 2.5. şəxslərin, sənədlərin, nəqliyyat vasitələrinin nəzarət siyahıları ilə yoxlanılması və sərhədkeçmə uçotu; 2.6. şəxslərin identifikasiyası, sərhədkeçmə və şəxsiyyəti təsdiq edən sənədlərin həqiqiliyinin müəyyənləşdirilməsi; 2.7. Sistemin tərkibinə daxil olan paylanmış, habelə onunla qarşılıqlı əlaqədə olan digər informasiya sistemləri arasında uzlaşmanın aparılmasında iştirak edilməsi; 2.8. biometrik məlumatlar üzrə informasiya resurslarının formalaşdırılması məqsədilə məlumatların toplanılması.
3. Sistemin informasiya resurslarının formalaşdırılması və onlardan istifadə edilməsi insan hüquq və azadlıqlarına riayət olunmaqla həyata keçirilir.
6. Sistem bir-birinin təminat vasitələrindən və paylanmış informasiya resurslarından qarşılıqlı istifadə edən aşağıdakı altsistemlərdən, aidiyyəti dövlət orqanlarında olan müvafiq lokal seqmentlərdən ibarətdir: ... 6.10. “Sərhədkeçməyə məhdudiyyət”; ...
8. Dövlət orqanları tərəfindən Sistem çərçivəsində qanunvericiliyə uyğun olaraq həyata keçirilən vəzifələr aşağıdakılardır: 8.1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi: ... 8.1.12. axtarışda olan, barəsində tutulma haqqında qərar qəbul edilən, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən, barəsində qətimkan tədbiri seçilən şəxslər haqqında məlumatların "Sərhədkeçməyə məhdudiyyət siyahısı"na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi; ... 8.1.14. öz səlahiyyətləri daxilində “Sərhədkeçməyə məhdudiyyət siyahısı”nın aparılması, bu sahədə informasiya proseslərinin idarə və mühafizə edilməsi; 12.6. “Sərhədkeçməyə məhdudiyyət” altsistemi: 12.6.1. altsistem vasitəsilə qanunvericiliklə müəyyən olunmuş qaydada aidiyyəti dövlət orqanları tərəfindən verilən məlumatlar Sistemin "Sərhədkeçməyə məhdudiyyət siyahısı"na daxil edilir və sərhədkeçmə nəzarəti zamanı aşağıdakı məqsədlərlə istifadə olunur: 12.6.1.1. sərhədkeçmə zamanı şəxsin saxlanılaraq aidiyyəti dövlət orqanına təhvil verilməsi; 12.6.1.2. şəxsin sərhədkeçməsinə icazə verilməməsi və geri qaytarılması; 12.6.1.3. şəxsin sərhədkeçməsinə aidiyyəti dövlət orqanı tərəfindən nəzarətin təmin edilməsi; 12.6.2. "Sərhədkeçməyə məhdudiyyət siyahısı"na daxil edilməsi üçün əsaslar aradan qalxdıqda məlumatların aktiv statusu dəyişilir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş, ““Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları: 4.2. "Sərhədkeçməyə məhdudiyyət" altsistemi - "Sərhədkeçməyə məhdudiyyət siyahısı"na qanunvericiliklə müəyyən olunmuş və bu Qaydalarda göstərilən məlumatların daxil edilməsi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi və altsistemin proqram-texniki vasitələri ilə Əlaqələndirmə Şurası tərəfindən təsdiq edilmiş forma üzrə həyata keçirilir. Məhdudiyyət siyahısına məlumatlar İAMAS-dan müvafiq məqsədlə istifadə səlahiyyəti verilmiş İAMAS-a qoşulmuş dövlət orqanlarının məsul əməkdaşları tərəfindən daxil edilməli və təsdiqlənməlidir. 6.7. "Sərhədkeçməyə məhdudiyyət siyahısı" informasiya resursu üzrə: 6.7.1. Azərbaycan Respublikasına gəlməsinə və Azərbaycan Respublikasından getməsinə məhdudiyyət qoyulan şəxslər barədə aşağıda göstərilən məlumatlar İAMAS vasitəsilə elektron formada yaradılır və yalnız Əsasnamə ilə səlahiyyət verilmiş dövlət orqanları tərəfindən və onların sistemdaxili səlahiyyət bölgüsünə uyğun istifadə olunur, müvafiq əsaslar aradan qalxdıqda aktiv statusu dəyişdirilir: 6.7.1.1. axtarışda olan, barəsində tutulma haqqında qərar qəbul edilən, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən, barəsində qətimkan tədbiri seçilən, Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılan şəxslər haqqında məlumatlar; 6.7.1.2. xarici ölkəyə daimi yaşamağa getmək hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada məhdudlaşdırılmış, dövlət sirri ilə işləməyə buraxılan və ya əvvəllər buraxılmış vətəndaşlar haqqında məlumatlar; 6.7.1.3. terrorçuluqda və digər transmilli mütəşəkkil cinayətlərdə şübhəli bilinən, habelə ölkədə olması milli təhlükəsizlik baxımından arzuolunmaz sayılan şəxslər haqqında məlumatlar; 6.7.1.4. ölkədə olması arzuolunmaz sayılan şəxslər haqqında məlumatlar; 6.7.1.4-1. Azərbaycan Respublikasına gəlişi qadağan edilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatlar; 6.7.1.5. sərhədkeçmə rejimini pozmuş, ölkədən çıxarılmış şəxslər, ölkə ərazisinə əvvəllər müxtəlif səbəblərdən buraxılmamış əcnəbilər haqqında məlumatlar; 6.7.1.6. müəyyən müddətə azadlıqdan məhrumetmə, ömürlük azadlıqdan məhrumetmə, islah işləri, ictimai işlər, cərimə növündə cəzalara məhkum olunmuş şəxslər haqqında məlumatlar; 6.7.1.7. üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vəzifələr qoyulmaqla şərti məhkum edilən və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilən şəxslər haqqında məlumatlar; 6.7.1.8. məhkum edilmiş, lakin cəzasının çəkilməsi təxirə salınan şəxslər haqqında məlumatlar; 6.7.1.9. tibbi xarakterli məcburi tədbirlər tətbiq edilən şəxslər haqqında məlumatlar; 6.7.1.10. borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında məlumatlar; 6.7.1.11. miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozmuş əcnəbilər haqqında məlumatlar; 6.7.1.12. intizam xarakterli hərbi hissədə saxlanılan şəxslər haqqında məlumatlar; 6.7.1.12-1. müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar haqqında məlumatlar; 6.7.1.12-2. hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxslər haqqında məlumatlar; 6.7.1.12-3. inzibati xəta törətmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatlar; 6.7.1.13. etibarsız hesab edilmiş, itmiş, oğurlanmış və saxta pasportlar, vizalar, vəsiqələr haqqında məlumatlar; 6.7.1.14. axtarışda olan nəqliyyat vasitələri haqqında məlumatlar. Qeyd olunan normalardan göründüyü kimi, "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin “Sərhədkeçməyə məhdudiyyət” altsisteminə şəxslər haqqında məlumatların daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi yalnız yuxarıda qeyd olunan Əsasnamə ilə həmin informasiya resurslarından istifadəyə buraxılmış dövlət orqanlarının (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və s.) səlahiyyətindədir. Başqa sözlə, iddiaçı barəsində məlumatlar “Sərhədkeçməyə məhdudiyyət” altsisteminə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən daxil edilmişdirsə aktiv statusunun dəyişdirilməsi (məhdudiyyətin götürülməsi) də həmin qurumun səlahiyyətindədir. Hazırkı cavabdehin həmin informasiya resurslarından istifadəyə buraxılmış dövlət orqanları tərəfindən daxil edilmiş məlumatları dəyişdirmək səlahiyyəti nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən Qərarında həmçinin göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.(6.1-ci bənd) İşin mübahisəsiz halıdır ki, iddiaçının barəsində sərhədkeçməyə məhdudiyyət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə tətbiq edilmişdir. İddiaçının hüquqi marağı baxımından Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin hərəkətləri mübahisələndirilməlidir. Bu halda, məhkəmə hesab edir ki, iddiaçının ölkədən çıxışına aparılan hər hansı cinayət təqibinin gedişində qadağa qoyulmuşdursa, həmin məsələnin mübahisələndirilməsi də yenə cinayət-mühakimə icraatı qaydasında aparılmalıdır. Çünki bu zaman tətbiq ediləcək hüquq publik hüququn nizamasalma predmetinə aid olmayacaqdır. Nəzərə almaq lazımdır ki, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanların yalnız publik hüquqdan irəli gələn hərəkətlərinin və yenə publik hüquqa əsaslanılmaqla qəbul edilmiş qərarlarının qanuniliyi və əsaslılığı yoxlanılır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılan cinayət işinin istintaqı zamanı həyata keçirilən fəaliyyətlə bağlı tətbiq edilən hüquq isə inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə aid hüquqdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM): 449.1-ci maddəsinə əsasən, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: 449.1.1. təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin); 449.1.2. tutulmanı və ya tutulan şəxsin həbsdə saxlanılma yerlərində saxlanılmasını həyata keçirən şəxsin; 449.1.3. əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin; 449.1.4. müstəntiqin; 449.1.5. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun; 449.2-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər: 449.2.1. təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi; 449.2.2. zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi; 449.2.3. qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər; 449.3-cü maddəsinə əsasən, bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: 449.3.1. cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; 449.3.2. tutulması və həbsdə saxlanılması; 449.3.3. tutulmuş şəxsin hüquqlarının pozulması; 449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; 449.3.5. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; 449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; 449.3.7. təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması; 67.3-cü maddəsinə əsasən, rayon (şəhər) məhkəmələri, həmçinin məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara, xüsusi ittiham qaydasında şikayətlərə, habelə məhkəmə nəzarəti funksiyalarının həyata keçirilməsinə dair və digər materiallara baxırlar. Məhkəmənin qənaətinə görə iddiaçı tərəfindən mübahisələndirilən məsələnin CPM-in 449.3-cü maddəsində aşkar şəkildə sadalanmaması sözügedən məsələyə məhkəmə nəzarəti qaydasında baxılmalı olması halını dəyişdirmir. Çünki yuxarıda da qeyd edildiyi kimi, istintaq orqanı tərəfindən bu tədbir cinayət təqibinin gedişində tətbiq edilmişdir. Odur ki, həmin tədbirinin tətbiq edilməsinin qanuniliyi və əsaslılığına da yenə cinayət təqibi çərçivəsində məhkəmə nəzarəti qaydasında qiymət verilməlidir. Sözügedən məsələyə məhkəmə nəzarəti qaydasında baxılmalı olması həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 avqust 2009-cu il və 12 mart 2015-ci il tarixli qərarlarındakı hüquqi mövqelərdən də irəli gəlir. Belə ki, həmin qərarlarda Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanunvericiliklə müəyyən məsələnin tənzimlənməməsi və ya qismən tənzimlənməsi şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə təsbit olunmuş hüquq və azadlıqlarının prosessual qərar və ya hərəkətlər ilə pozulduğu təqdirdə, bu qərar və ya hərəkətlərdən şikayət vermək hüququnu istisna etmir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair” 05 avquts 2009-cu il tarixli qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin «qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər» müddəası cinayət prosesinin digər iştirakçılarına aid olduğuna görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şahidin də şikayət vermək hüququnu istisna etmir. Lakin cinayət prosesinin digər iştirakçıları, o cümlədən şahidlər cinayət təqibini həyata keçirən orqanın vəzifəli şəxslərinin qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüququna o halda malikdirlər ki, həyata keçirilmiş hərəkətlər və qəbul olunmuş qərarlar onların hüquq və qanuni maraqlarına toxunmuş olsun, Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş hüquqlarına və azadlıqlarına zərər yetirə və yaxud ədalət mühakiməsinə müraciətini (əlçatanlığını) çətinləşdirə bilsin. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair” 12 mart 2015-ci il tarixli qərarda isə göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin “qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər” müddəası cinayət prosesinin iştirakçıları və tərəfləri olmayan, lakin cinayət prosesində iştirak edən və ya hər hansı bir formada cinayətprosessual hüquq və ya vəzifələri həyata keçirən şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə təsbit olunmuş hüquq və azadlıqları prosessual qərar və ya hərəkətlər ilə pozulduğu təqdirdə, bu qərar və ya hərəkətlərdən şikayət vermək hüququnu istisna etmir. Odur ki, CPM 449.1 və 67.3-cü maddələrinin tələbinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə məhkəmə nəzarətini həyata keçirən ümumi məhkəmələr (rayon (şəhər) məhkəməsi) tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası "İnzibati icraat haqqında" Qanunun 3.2.1-ci maddəsinə əsasən, bu Qanununun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən edilmiş orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarının 15-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə xüsusilə qeyd edir ki, şəxsin barəsində cinayət təqibi orqanı tərəfindən cinayət işinin istintaqı ilə bağlı tətbiq edilmiş ölkədən çıxışa məhdudiyyət qoyulmasına dair tədbirin mübahisələndirilməsinə dair oxşar mübahisə ilə bağlı digər işlər üzrə də Ali Məhkəmənin kollegiyasının hüquqi mövqeyi hazırkı məzmunda olmuşdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin Bülleteni 2018 № 1 https://supremecourt.gov.az/uploads/files/bulletenler/Bulleten_2018_1.pdf ) “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 79-1-ci maddəsinə əsasən, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsinə qarşı, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə “sərhədkeçməyə məhdudiyyətin götürülməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Həmid Ağalarov