Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2194/2022 28.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı XXX-nin cavabdeh Sosial Xidmətlər Agentliyinə qarşı “müraciətlərə cavab verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı XXX-nin cavabdeh Əmək və Əhalisinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “müraciətlərə cavab verilməsi” barədə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, aidiyyəti vəzifəli şəxslərin qanunsuz əməlləri nəticəsində ona ziyan dəymişdir ki, bununla bağlı cavabdehə müraciətləri olmuş, lakin müraciətlərinə cavabdeh tərəfindən əhəmiyyət verilməmiş, müraciətlər cavablandırılmamışdır. Halbuki qanunvericiliyin tələbinə əsasən həmin müraciətlər cavablandırılmalı idi. Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, iddiaçının müraciətləri cavablandırılmışdır. Lakin, vətəndaşın eyni mahiyyətli müraciətlərinə cavab məktubları ünvana çatmamış və yaxud vətəndaş qəbul etməmiş və bizə qayıtmışdır. İddiaçı sonradan ərizə verərək cavabdehin əsl cavabdeh Sosial Xidmətlər Agentliyi ilə əvəz edilməsini, iddia tələbinin 14.06.2021-ci il, 28.07.2021-ci il, 04.08.2021-ci il və 07.09.2021-ci il tarixli müraciətlərinə cavab verilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadları ilə cavabdeh əsl cavabdeh Sosial Xidmətlər Agentliyi ilə əvəz edilmiş və Tikilməkdə olan Obyektlərin Müdriyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Eyni zamanda, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təmin edilərək iddia tələbi “14.06.2021-ci il, 28.07.2021-ci il, 04.08.2021-ci il və 07.09.2021-ci il tarixli müraciətlərinə cavab verilməsi öhdəliyinin cavabdeh Sosial Xidmətlər Agentliyinə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İşin faktiki hallarından da görünür ki, iddiaçı 14.06.2021-ci il tarixdə cavabdeh tərəfindən qəbul edilmiş ərizə ilə aidiyyəti qurumlara o cümlədən cavabdehə müraciət edərək ünvan 1aşayış massivi, 3-cü bina 1-ci blok ünvanında yerləşən binada baş verən hadisələrin nəzarətə götürülməsini, bu barədə aidiyyəti göstəriş verilməsini xahiş etmişdir. Həmin tarixli digər bir ərizə ilə onun müraciətlərinə baxılmadığını, müraciətinə baxılmasını xahiş etmişdir. İddiaçı 17.07.2021-ci il tarixi qeyd edilən, cavabdehə 28.07.2021-ci il tarixdə verilmiş şikayəti ilə aidiyyəti qurumlara o cümlədən cavabdehə şikayət ünvanlamışdır ki, şikayətin mahiyyəti ünvan 1aşayış massivi, 3-cü bina 1-ci blok ünvanında yerləşən qanunsuz yenidənqurma işlərinin dayandırılması, müraciətinə baxılması ilə bağlı olmuşdur. Bundan əlavə, iddiaçı 04.08.2021-ci il tarixli müraciətlə aidiyyəti qurumlara o cümlədən cavabdehə şikayət ünvanlamışdır ki, şikayətin mahiyyəti ünvan 1aşayış massivi, 3-cü bina 1-ci blok ünvanında yerləşən qanunsuz yenidənqurma işlərinin dayandırılması, müraciətinə baxılması ilə bağlı olmuşdur. İddiaçı eyni zamanda həmin tarixli digər ərizə ilə qeyd olunan yaşayış sahəsində baş verən hadisələrlə bağlı olmuş, onun bu müraciətinə də baxılmasını xahiş etmişdir. 04.08.2021-ci il tarixli müraciəti aidiyyəti qurumlara o cümlədən cavabdehə şikayət ünvanlamışdır ki, şikayətin mahiyyəti ünvan 1aşayış massivi, 3-cü bina 1-ci blok ünvanında yerləşən qanunsuz yenidənqurma işlərinin dayandırılması, müraciətinə baxılması ilə bağlı olmuşdur. İddiaçı eyni zamanda həmin tarixli digər ərizə də qeyd olunan yaşayış sahəsində baş verən hadisələrlə bağlı olmuş, onun bu müraciətinə də baxılmasını xahiş etmişdir. Bundan əlavə iddiaçı 17.07.2021-ci il tarixi qeyd edilən, cavabdehə 28.07.2021-ci il tarixdə verilmiş şikayəti ilə aidiyyəti qurumlara o cümlədən cavabdehə şikayət ünvanlamışdır ki, şikayətin mahiyyəti ünvan 1aşayış massivi, 3-cü bina 1-ci blok ünvanında yerləşən qanunsuz yenidənqurma işlərinin dayandırılması, müraciətinə baxılması ilə bağlı olmuşdur. İddiaçı 07.09.2021-ci il tarixdə ərizə ilə müraciət edərək mənzilin ona aid olmasına dair sənədlərin verilməsini xahiş etmişdir. İşin faktiki hallarından da göründüyü kimi mübahisənin mahiyyəti vətəndaş müraciətlərinin cavablandırılıb-cavablandırılmaması ilə bağlıdır. İddianın maddi hüquqi əsası ilə bağlı məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Vətəndaşların müraciətləri haqqında” Qanunun: 1.1. Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. 3.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 3.0.2. müraciət – müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı (o cümlədən elektron) formada göndərilən (təqdim edilən) və ya şifahi formada edilən fərdi və ya kollektiv təklif, ərizə, şikayət 3.0.4. ərizə – hüquq və azadlıqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət; 3.0.5. şikayət – pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət; 3.0.11. yazılı müraciət – kağız üzərində və ya elektron formada tərtib edilmiş müraciət; 3.0.14. təkrar müraciət – müraciətin bu Qanunla müəyyən edilmiş baxılması müddəti ötdükdə və ya həmin müraciət cavablandırıldıqda eyni şəxsin eyni məsələ ilə bağlı eyni müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə göndərdiyi növbəti müraciət; 5.6. İnformasiya əldə edilməsi üçün sorğunun verilməsi və informasiya əldə edilməsi haqqında sorğuya baxılması qaydası “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 6.1. Vətəndaşlar müraciətlərini həmin məsələyə baxılmasını bilavasitə təmin etməli olan müraciətə baxan subyektlərə və ya onların vəzifəli şəxslərinə yazılı formada təqdim edir və ya şifahi formada bildirirlər. 7.1. Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. 7.4. Vətəndaşın müraciətinə onun daxilolma tarixi və qeydiyyat nömrəsi qoyulur. Müraciət edən şəxsin tələbi ilə ona müraciətin qeydiyyat nömrəsi, tarixi və onun icraçısına dair məlumat bildirilir. 7.7. Vətəndaşın müraciətinə baxılmasına dair cavab məktubunda müraciətdə göstərilən məsələlərin araşdırılması və görülən tədbirlər və ya həmin məsələlərlə bağlı aidiyyəti üzrə müraciət edilməli subyekt göstərilməlidir. 7.8. Müraciətin baxılmamış saxlanılması, qismən təmin edilməsi və ya rədd edilməsi barədə qərar qəbul olunduqda, müraciət edənə cavab məktubunda həmin qərardan şikayət verilməsi qaydası izah edilir. 7.10. Müraciətə baxan subyektlər və ya onların vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli onların səlahiyyətinə aid olmadıqda, müraciəti üç iş günündən gec olmayaraq aidiyyəti üzrə göndərir və müraciət edənə bu barədə məlumat verir. Müraciətdə göstərilən məsələ bir neçə müraciətə baxan subyektin səlahiyyətinə aid edildikdə müraciətin surəti üç iş günündən gec olmayaraq həmin subyektlərə göndərilir. 8.1. Müraciət aşağıdakı hallarda baxılmamış saxlanılır: 8.1.4. vətəndaşın təkrar müraciətlərinə bir il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda; 10.1. Bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. 12.2. Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməli, onlara bu Qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxmalı və cavab verməlidirlər. 14.0. Müraciətinə baxılan vətəndaşın aşağıdakı hüquqları vardır: 14.0.7. müraciətə baxılması barədə yazılı cavab və ya müraciətin aidiyyəti üzrə göndərilməsinə dair məlumat almaq; Qanunvericiliyin tələbindən də göründüyü kimi vətəndaşın şikayət və ərizə xarakterli müraciətlərinə yuxarıda adıçəkilən Qanunun tələblərinə uyğun müddət ərzində baxılması və cavalandırılması cavabdehin vəzifəsidir. Müraciət edən şəxs isə müraciətə baxılması barədə yazılı cavab və ya müraciətin aidiyyəti üzrə göndərilməsinə dair məlumat almaq hüququna malikdir. Cavabdeh iddiaya etirazdan da göründüyü kimi həmin hüququn pozulmadığı qənaətindədir. Məhkəmə isə hesab edir ki, vətəndaşın cavablandırılmadığını iddia etdiyi müraciətlərə dair sənədləşmə işləri həyata keçirilsə də həmin cavab məktublarının iddiaçıya çatdırılması həyata keçirilməmişdir. İş materiallarında olan 19.08.2021-ci il tarixli 14 iyun 2021-ci il tarixli, 28 iyul 2021-ci il tarixli və 04.08.2021-ci il tarixli müraciətlərinə dair cavabdehin məktubundan görünür ki, cavabdeh həmin müraciətə baxıldığını qeyd etmiş, Rəhimli Ruslan adlı şəxsin mənzillə təmin edildiyi, Pərvanə adlı şəxsin isə mənzil ilə təmin edilmədiyini qeyd etmişdir. Sonda cavabdeh bildirmişdir ki, “Uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün məzun evi sosial xidmət müəssisəsi”nə sakinlərin yerləşdirilməsi qanunvericiliyə uyğun həyata keçirilir. 07.09.2021-ci il tarixli müraciətə dair cavabdehin 08.10.2021-ci il tarixli məktubunda isə həmin müraciətə baxıldığını və yaşadığınız binanın komendatına yaxınlaşılaraq müqavilənin götürülə biləcəyi qeyd edilmişdir. Həmin cavab məktublarından da göründüyü kimi cavabların Abşeron rayonu, Masazır qəsəbəsi, Duz zavodu yolu, 2-ci yaşayış massivi, 3-cü bina, 1-ci blok, mənzil 11 ünvanına göndərilmişdir. Lakin, cavabdehin məhkəmə sorğusuna əsasən təqdim etdiyi cavab məktublarının qoyulduğu zərflərin əslinə (surəti iş materiallarına əlavə edilmişdir) baxış keçirilən zaman müəyyən edilmişdir ki, aidiyyəti poçt şöbəsi məktubun yönəlməli olduğu poçt şöbəsinə həmin məktubları göndərmək əvəzinə göstərilən məktubları iddiaçıya təqdim etməkdən imtina etmiş və zərfləri düzgün poçt şöbəsinin müəyyən edilməməsi əsası ilə cavabdehə geri göndərmişdir. Məhkəmə ilkin olaraq bildirməyi zəruri hesab edir ki, hazırkı inzibati mübahisənin yaranmasında poçt şöbəsinin məktubları aidiyyəti üzrə çatdırmaq, müvafiq poçt şöbəsini müəyyən etmək səlahiyyətlərinə malik olması nəzərə alınmaqla vətəndaşa çatdırılmalı olan və dövlət orqanı tərəfindən göndərilən məktubları geri qaytarmasında həm vətəndaşa, həm də inzibati orqana münasibətdə qanun pozuntusuna yol vermişdir. Belə ki, vətəndaşa çatdırılmalı olan zərflərdə ünvanla bağlı rekvizitlər konkret olaraq poçt şöbəsinin məktubları çatdırması üçün kifayət edir. Lakin, poçt şöbəsinin məktubları çatdırmaması vəziyyəti iddiaçının ziyanına və cavabdehin xeyrinə dəyişməyən haldır. Belə ki, vətəndaş müraciətinin cavablandırılması özündə onun dövlət qeydiyyatına alınması, icraçının müəyyən edilməsi, layihəsinin tərtib edilməsi, vizaya göndərilməsi, təsdiq edilməsi, imzalanması və göndərilməsi, nüsxəsinin arxivləşdirilməsi və s kimi proseduranı ehtiva edir ki, müraciətin sonda vətəndaşın təqsiri olmadan həmin şəxsə çatdırılmaması cavablandırılma kimi qiymətləndirilə bilməz. Müraciətə mahiyyəti üzrə təkcə cavabın verilməsi yox, həmin cavabın cavab verilməli olan şəxsə çatdırılması həmin sənədin icra edilməsi hesab edilir. İndiki vəziyyətdə isə, sənədin hazırlanaraq heç kimə göndərilmədən naturada saxlanılması, lakin şəxsə göndərilməməsi ilə, şəxsə göndərilsə də, iddiaçının təqsiri olmadan geri qayıtdıqdan sonra iddiaçıya çatdırılmasının həyata keçirilməməsi mahiyyətcə eyniyyət təşkil edir. Belə ki, müraciət ünvanlayan şəxsə hər iki halda şəxsin öz təqsiri olmadan cavab təqdim edilməmişdir. İşin faktiki hallarından da göründüyü kimi müraciətlərin cavablandırılması tam icra edilməmiş, qeyd olunan hal iddiaçının xeyrinə yekunlaşmalı olan inzibati məhkəmə mübahisəsinin yaranmasına səbəb olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, vətəndaş müraciətinə cavabın iddiaçının təqsiri olmadan ona çatdırılmaması vətəndaş müraciətinin cavablandırılması kimi qiymətləndirilə bilməz. Bu səbəbdən də iddia qanuni və əsaslıdır. İddiaçının 07.09.2021-ci il tarixli mənzilə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməsi barədə müraciət barədə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunun:
1. Bu Qanunun məqsədi Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirməkdən, həmçinin, ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaratmaqdan ibarətdir. 2.1. Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. 2.2. Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. 2.3.2. İnformasiya sahibinə müraciət edən hər kəs informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. 2.4-1. İnformasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın. 3.0.1. informasiya dedikdə yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar başa düşülür. 3.0.5. informasiya sahibi dedikdə informasiya əldə etmək hüququnu təmin etmək üçün bu Qanunun 9-cu maddəsi ilə müəyyənləşdirilən dövlət orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi şəxslər və fiziki şəxslər başa düşülür. 3.0.6. informasiya sorğusu dedikdə informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciət başa düşülür. 3.0.7. informasiya sorğusu verən dedikdə informasiya əldə etmək üçün yazılı və ya şifahi şəkildə müraciət edən hüquqi və ya fiziki şəxs başa düşülür. 7.1. Maddi daşıyıcıda mətn, səs və ya təsvir formasında qeydə alınan və identikləşdirməyə imkan verən istənilən rekvizitli informasiya mənbəyindən, saxlanma yerindən, rəsmi statusundan, mülkiyyət növündən, mənsub olduğu təşkilat tərəfindən yaradılıb-yaradılmadığından asılı olmayaraq sənədləşdirilmiş informasiya hesab olunur. 7.2. İnformasiya sahibi sənədə malikdir, əgər: 7.2.1. informasiya sahibində mövcud olan sənəd digər informasiya sahibinə məxsus deyilsə; 7.2.2. digər informasiya sahibində mövcud olan sənəd informasiya sahibinə məxsusdursa. 9.1. Aşağıdakılar informasiya sahibləri sayılır: 9.1.1. dövlət orqanları və bələdiyyələr; 10.1. İnformasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu bu Qanunla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur. 13.1. Sorğuçu informasiya sorğusunu aşağıdakı üsulla təqdim edir: 13.1.1. informasiya sahibinin vəzifəli şəxsinə bilavasitə və ya telefonla müraciət etmək yolu ilə şifahi; 13.1.2. sorğunu şəxsən təqdim etmək və ya informasiya sahibinə poçt, telefaks, yaxud elektron poçtla göndərmək yolu ilə yazılı. 14.1. Sorğuçu yazılı sorğunun aşağıdakı formalardan birində və ya mövcud olan digər formalarda təmin edilməsini tələb edə bilər: 14.1.3. informasiya sahibinin texniki imkanlarından istifadə etməklə sənədin surətinin çıxarılması və ya sənədin təsdiqlənmiş surətinin verilməsi; 18.1. İnformasiya sahibi informasiya sorğusunu daxil olduğu gün qeydə alır və bu Qanunun 12-ci maddəsində göstərilən reyestrə bu Qanunun 15.1-ci maddəsində sadalanan məlumatları daxil edir. 18.2. İnformasiya sorğusu aşağıdakı hallarda qeydə alınmır və ona yazılı cavab verilmir: 18.2.1. sorğu anonimdirsə; 18.2.2. sorğu şifahi formada verilmişsə. 21.1. İnformasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edir: 21.1.1. sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda və ya bu Qanunla tələb edildiyi hallarda, sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə; 21.1.2. informasiya sahibi sorğulanan informasiyaya malik olmadıqda və yaxud həmin informasiyanın sahibini müəyyənləşdirməkdə çətinlik çəkdikdə; 21.1.3. sorğuçunun hansı informasiyanı əldə etmək istədiyini aydınlaşdırmaq mümkün olmadıqda. 21.2. İnformasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edə bilər: 21.2.1. sorğuçuya artıq belə bir informasiya verilibsə və sorğuda informasiyanı təkrar əldə etmək zərurəti əsaslandırılmayıbsa; 21.2.2. bu Qanunun 9.1.2-ci və 9.3-cü maddələrində nəzərdə tutulan hüquqi və fiziki şəxslərdən sorğulanan informasiya bu Qanunun 9.1.2-ci və 9.3-cü maddələrində göstərilən vəzifələrin yerinə yetirilməsinə aid deyilsə; 21.2.3. sorğu edilən informasiyanın həcmi iri olduğundan sorğunun icrası informasiya sahibinin üzərinə qoyulmuş ictimai vəzifələrin yerinə yetirilməsinə ciddi maneə yaradırsa və ya əsassız böyük məsrəflərə səbəb olursa; 21.2.4. sorğunun icrasını bir dəfəyə təmin etmək mümkün deyilsə; 21.2.5. sorğunun icrası informasiyanın sistemləşdirilməsini, təhlil edilməsini və ya sənədləşdirilməsini tələb edirsə. 27-1. Sorğuçu sorğunun icrasından imtina edilməsi, yaxud lazımınca icra olunmaması barədə məhkəməyə və ya Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) şikayət etmək hüququna malikdir. İnformasiya sorğusunu icra edən informasiya sahibi sorğuçunun bu hüququnu ona izah edir və təqdim edilən cavabda (məlumatda) qeyd edir. Yuxarıda qeyd olunan Qanunun müddəalarının hazırkı iş üzrə tətbiqi zamanı müəyyən edilir ki, iddiaçı informasiya sorğusu ilə müraciət edən informasiya sorğusu verən şəxs cavabdeh informasiya sorğusu sahibi kimi çıxış edir. Tələb isə sənədləşdirilmiş informasiyanın verilməsi ilə bağlıdır. Belə ki, iddiaçı dövlət xətti ilə ona verilmiş yaşadlöı mənzilə dair hüquqmüəyyənedici sənədin ona verilməsi ilə bağlı müraciət edir ki, bununla əlaqədar Nazirliyə ünvanlanan sorğu aidiyyəti üzrə Nazirlik tərəfindən müvafiq səlahiyyətli qurum kimi Sosial Xidmətlər Agentliyinə ünvanlanmış, yəni, üst qurum həmin sənədlərin verilməli olub-olmaması ilə bağlı Sosial Xidmətlər Agentliyini səlahiyyətli görmüşdür. Agentlik isə həmin sorğu barədə məktubu iddiaçıya təqdim edilməsini təmin etməməklə bərabər, mənzilə dair iddiaçının adına olan müvafiq sənədləri təqdim etməmiş, 08.10.2021-ci il tarixli məktubda binanın komendatına yaxınlaşılaaq müqavilənin götürülməsi hüququnu qeyd etməklə kifayətlənmişdir. Halbuki, yuxarıda adıçəkilən qanunvericiliyin tələbinə əsasən mövcud müvafiq sənəd iddiaçıya verilməli idi. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı XXX-nin “14.06.2021-ci il, 28.07.2021-ci il, 04.08.2021-ci il və 07.09.2021-ci il tarixli müraciətlərinə cavab verilməsi öhdəliyi cavabdeh Sosial Xidmətlər Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim Orxan Həsənov