Məhkəmə qərarları › İş №2-1(112)-2194/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2194/2023

27.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2194/2023 27.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə qarşı “təhqiqat komissiyasının yaradılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 21 aprel 2015-ci il tarixdə istehsalatda X1 pozulması halının istehsalatda əlaqəliliyinin müəyyən edilməsi üçün təhqiqat komissiyasının yaradılmasının məcburi vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı hesab edir ki, iddiaçının mərhum ərinin ölümü infarkt olması ilə əlaqədar olsa da, infartkın əmək şəraiti ilə əlaqədar olub-olmadığı müəyyən edilməmişdir. Bu səbəbdən iddiaçı hesab edir ki, 21 aprel 2015-ci il tarixdə istehsalatda X1 pozulması halının istehsalatda əlaqəliliyinin müəyyən edilməsi üçün təhqiqat komissiyasının yaradılmalı və bu öhdəlik cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin təqdim etdiyi etirazdan görünür ki, cavabdeh iddianı etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, məhkəmə tibbi ekspertizasının xx.xx.2015-ci il tarixli, 52 saylı rəyinə əsasən X3 ölümünə səbəb ürək əzələsinin qalınlaşması, xırdaocaqlı kardiosklerozla ifadə olunmuş ürəyin xroniki işemiya xəstəliyi nəticəsində baş vermiş miokardin infarktı olmuşdur. Habelə, X7 Qayıbov Qaradağ rayon Prokurorluğuna izahat verərkən atasının ürəyindən tez-tez şikayəti olduğunu və bir neçə il əvvəldə infarkt keçirdiyini bildirmişdir. Göründüyü kimi X3 ürək xəstəliyi nəticəsində vəfat etməsi təbii ölümdür və sürücü kimi fəaliyyətini həyata keçirdiyi zaman hər hansı xəsarət və s. nəticəsində hadisə baş verməmişdir. Belə olan halda X3 ölümü istehsalatda baş verən bədbəxt hadisə kimi qiymətləndirilə bilməz.Digər bir mübahisəli mösələ isə İddiaçı X3 iş vaxtı ölümü ilə bağlı X9 Xidmətinə etdiyi eyni xarakterli müraciətlərdir ki, ilkin müraciətə tərəfimizdən xx.xx.2016-cı il tarixdə, daha sonra xx.xx.2018-ci il tarixdə və sonuncu dəfə 29.07,2022-ci ıl tarixdə cavab, verilmiş və iddiaçı 2016 və 2018-ci illərdə Xidmət tərəfindən baş vermiş bədbəxt hadisənin istehsalatla əlaqəsinin olmaması ilə bağlı müraciətinə imtina alsa da, hadisədən 6 ildən çox müddət keçdikdən sonra təhqiqat komissiyasının yaradılması ilə bağlı öhdəlik qoyulmasını xahiş etmişdir. Halbuki, iddiaçı Xidmətin ilk cavab məktubunu aldığı vaxt, yəni 2016-cı il tarixdə hazırki iddia ilə müraciət edə bilərdi. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, iddiaçı X9 Xidmətinə növbəti müraciətinə dair cavabdeh tərəfindən yenidən inzibati icraat da aparılmış və ona 29 iyul 2022-ci il tarixli məktubla şəxsin ölümünün təbii ölüm olması səbəbindən aktın tərtib edilməmədiyi və uçota alınmadığı barədə məlumat verilmişdir. Qeyd olunmalıdır ki, iddiaçı məhz son müraciətinə dair aparılmış inzibati icraatın aparılmasından şikayət edir ki, şəxsin ölümündən uzun müddət keçməsinə baxmayaraq həmin hal mümkünlük şərtinin ödənilməməsinə əsas yaratmır. Bununla əlaqədar qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən, ərizə səlahiyyətli inzibati orqan tərəfindən aşağıdakı hallarda baxılmamış saxlanıla bilər: 34.1.1. Bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizə vermiş şəxs (şəxslər) barəsində və ərizədə göstərilmiş həmin əsaslar üzrə həmin inzibati orqan və ya müvafiq yuxarı inzibati orqan tərəfindən əvvəllər qərar qəbul olunduğu müəyyən edildikdə; Hazırkı halda, cavabdeh inzibati orqan “təkrar” hesab etdiyi müraciətin “İnzibati icraat haqqında” Qanunun 34.1.1-ci maddəsində nəzərdə tutulmuş əsasla baxılmamış saxlanmasına dair hər hansı qərar qəbul etməyib. Cavabdeh 29 iyul 2022-ci il tarixli məktubunda özünün əvvəlki 10 sentyabr 2018-ci il tarixli məktubuna istinad etsə də sonrakı müraciəti baxılmamış saxlamamış, yenidən inzibati icraat aparmış, iddiaçının sonuncu müraciəti üzrə onun arzuladığı inzibati aktı qəbul etməkdən yeni inzibati icraat nəticəsində imtina edib. İddiaçı da məhkəmədən onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoymağı tələb edir. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, analoji iş üzrə Ali Məhkəmə tərəfindən qəbul edilmiş 2-1(102)-1373/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından göründüyü kimi, kassasiya instansiya məhkəməsinin müddət ilə bağlı çıxış etdiyi prizma məhz inzibati orqan tərəfindən təkrar müraciətlərə baxılarkən baxılmamış saxlanılma barədə qərarın qəbul edilib-edilməməsindən, həmçinin şəxsin təkrar müraciətinə baxılarkən ilki müraciətdə qeyd olunan imtina əsaslarının göstərilməsindən irəli gəlir. Qərarda qeyd edilmişdir ki, Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşmır və məhkəmənin istinad etdiyi həmin halları hazırkı məzmunda iddianın mümkünsüzlüyünün əsası kimi qəbul etmir. Belə ki, İPM-in 38.2-ci maddəsinə görə, məhkəmə məcburetmə haqqında iddianın verilməsi üçün qanunla müəyyən edilmiş müddətin axımını tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan hesablamalıdır. Hazırkı halda, iddiaçının 2019-cu il 13 mart və 2019- cu il 1 aprel tarixli müraciətlərinə cavabdeh 2019-cu il 18 iyun tarixli məktubla cavab vermişdir. İddiaçının cavabdehə əvvəllər (2009-cu ildə) müraciət etdiyinə və cavabdehə hazırkı müraciətin əvvəlkinin təkrarı olduğuna gəldikdə, müraciətin təkrarlığına dair məsələnin həlli hazırkı halda məhkəmənin səlahiyyətinə aid deyil. Belə ki, iddiaçı “təkrar” müraciəti məhkəməyə deyil, inzibati orqana edib. Həmin müraciətin təkrarlığını müəyyən etmək və onun hüquqi taleyini həll etmək də müraciətin edildiyi inzibati orqana aiddir. Apellyasiya instansiyası məhkəməsinin cavabdehin 2009-cu il 1 sentyabr tarixli H-8529/03-24 nömrəli cavab məktubuna istinadına gəldikdə, bu istinad yalnız hazırkı məzmunda iddiaya mahiyyəti üzrə baxıldığı halda (cavabdehin göndəriş etdiyi, imtinanın səbəblərini göstərən mənbə kimi), yaxud sonuncu müraciətin baxılmamış saxlanması barədə inzibati orqanın qərarından verilmiş iddiaya baxıldığı halda qəbulediləndir. Hazırkı işdə belə hallar yoxdur. cavabdeh inzibati orqan iddiaçının 2019-cu il 13 mart və 2019-cu il 1 aprel tarixli müraciətlərinin (bu müraciətlərin təkrarlığına görə) baxılmamış saxlanmalarına dair qərar qəbul etmədiyindən, cavabdehin 2019-cu il 18 iyun tarixli cavab məktubu iddiaçının tələb etdiyi inzibati aktın qəbulundan 2009-cu il 1 sentyabr tarixli H-8529/03-24 nömrəli cavab məktubundakı məzmunda imtinası kimi qiymətləndirilməli, məcburetmə haqqında iddianın verilməsi üçün İPM-in 38.2-ci maddəsində təsbit olunmuş müddətin axımı cavabdehin 2019-cu il 18 iyun tarixli cavab məktubunun iddiaçıya verildiyi vaxtdan hesablanmalıdır. Göründüyü kimi Ali Məhkəmənin hazırkı iş üzrə mövqeyi onu deməyə əsas verir ki, hazırkı iş üzrə son inzibati icraat nəticəsində qəbul edilmiş imtina 29 iyul 2022-ci il tarixli olduğundan iddianın mümkünlük şərti ödənilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 207-ci maddəsinə əsasən işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır. Əməyin mühafizəsi normaları və qaydaları bu Məcəllə ilə, səlahiyyətləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanlarının qəbul etdiyi normativ hüquqi aktlarla, habelə Azərbaycan Respublikasının qoşulduğu və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələbləri, əməyin mühafizəsi normaları, standartları, qaydaları əmək münasibətlərinin tərəfləri və digər fiziki və hüquqi şəxslər üçün məcburidir. 239-cu maddəsinin 1-ci bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. 239-cu maddəsinin 2-ci bəndinə əsasən işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Əmək qanunvericiliyindən çıxan nəticəyə görə, işçinin həyatının və sağlamlığının müəssisənin fəaliyyətinin nəticələrindən (istehsalatın maddia millərindən) üstün tutulması əməyin mühafizəsi və bütövlükdə əmək hüququnun aparıcı prinsipidir. Əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, işəgötürən tam və ya qismən təqsirli olduqda, onun müalicə olunması üçün çəkdiyi, eləcə də ona pensiya, müavinətlər verilməsi ilə əlaqədar sosial orqanları tərəfindən çəkilən xərclərin əvəzini bütövlüklə ödəməlidir. Bu məsuliyyəti tənzimləyən konkret normalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarında nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında” Qaydaların: 1.2-ci bəndinə əsasən işçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidir: - əmək vəzifələrini yerinə yetirərkən itkin düşmə, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurma, yanma, donma, suda boğulma, ildırım vurma, fauna və flora növləri ilə təmas nəticəsində zədələnmələr, tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zamanı. 1.3-cü bəndinə əsasən istehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət - əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. 1.4. İstehsalatda bədbəxt hadisələr təhqiq edilərkən aşağıdakı hallar müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır: təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmə-tibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, su hövzələrinin istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü; texniki spirtlərin, aromatik, narkotik vasitələrin, psixotrop maddələrin istehsalat prosesində istifadəsi ilə bağlı olmayan zəhərlənmələr, əmək funksiyalarını icra edərkən alkoqollu içkilərin, narkotik vasitələrin, psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən ürək dayanması, infarkt, insult, asfiksiya, hərəkətlərin koordinasiyasının pozulması və fikir dalğınlığı nəticəsində baş vermiş bədbəxt hadisələr 1.7-ci bəndinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X9 Xidmətinin yerli bölməsinə məlumat verməlidir. 1.8-ci bəndinə əsasən istehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürən cavabdehdir. 1.9. Bədbəxt hadisənin təhqiq edilməsinə əsas işəgötürənin, zərərçəkənin, mətbuat vasitələrinin, hüquq-mühafizə orqanlarının, tibb müəssisələrinin, respublikada fəaliyyət göstərən əməyin mühafizəsinə nəzarət orqanlarının və həmkarlar ittifaqları təşkilatlarının bədbəxt hadisənin baş verməsi haqqında yazılı və yaxud şifahi məlumatı ola bilər. Bu halda məlumat araşdırılır və lazımi hallarda bədbəxt hadisənin təhqiqatının aparılması üçün komissiya yaradılır. 2.1-ci bəndinə əsasən ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlər, bir nəfərin həlak olması və qrup halında baş vermiş bədbəxt hadisələrin təhqiqatı X9 Xidmətinin rəisinin (və ya onun tapşırığı ilə X9 Xidmətinin yerli bölməsinin) əmri ilə yaradılmış komissiya tərəfindən aparılır. İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması məsələlərini tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən İstehsalatda baş verən bədbəxt hadisə barədə Aktın (İZ Aktının) müəyyən tədbirlər görüldükdən və müvafiq prosedurlar həyata keçirildikdən sonra verilməsi nəzərdə tutulmuşdur (aidiyyəti quruma bu barədə məlumat verilir, Təhqiqat Komissiyası yaradılır, xəsarətin ağırlıq dərəcəsinin müəyyən edilməsi üçün müvafiq rəylər alınır, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilir və uçota alınır. Nəzərə alınmalıdır ki, qüvvədə olan Qaydalar eyni zamanda hadisələrin hansı hallarda istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmədiyini və uçota alınmamasını şərtləndirir ki, bu hallardan biri də ölümün təbii ölüm olması ilə bağlıdır. Qeyd olunmalıdır ki, Qaydalar tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqədar infarkt baş verdikdə işçinin səhhətinin pozulması halının tədqiq olunmasını da nəzərdə tutmuşdr. İşin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə 21 aprel 2015-ci il tarixdə istehsalatda X1 pozulması halının istehsalatda əlaqəliliyinin müəyyən edilməsi üçün təhqiqat komissiyasının yaradılmasını xahiş edir. Cavabdeh isə tələbin əsassız olduğunu hesab edir və bu halı onunla əsaslandırır ki, iddiaçının mərhum əri X4 ölümü təbii ölüm olduğundan, təhqiqat komissiyanın yaradılması mümkün deyildir. Məhkəmə hesab edir ki, cavabdehin imtina əsasları qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmuş və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, 21 aprel 2015-ci il tarixdə X6 (iddiaçının mərhum əri) vəfat etmişdir. Qaradağ rayon prokurorluğu tərəfindən araşdırma aparılmış, araşdırma zamanı mərhumun oğlu və iş yoldaşı dindirilmiş, məhkəmə tibbi ekspertizası keçirilmiş və nəticədə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qərarda istinad olunan məhkəmə tibbi ekspertizasının 22 aprel 2015-ci il tarixli 52 saylı rəyinə əsasən E.M.Qayıbxanovun meyitinin bədənində hər hansı bir xəsarət aşkar edilməmiş, şəxsin ölümünə səbəb ürək əzələsinin qalınlaşması, xırdaocaqlı kardiosklerozla ifadə olunmuş ürəyin xroniki işemiya xəstəliyi nəticəsində baş vermiş miokardın infarktı olmuşdur. Göründüyü kimi iddiaçının mərhum ərinin ölümü infarkt nəticəsində baş vermişdir. Məhkəmə diqqətə çatdırır ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 5 saylı Texnoloji Nəqliyyat Departamentinə qarşı baş vermiş hadisə nəticəsində işçinin ölümü ilə əlaqədar cavabdehlərin təqsirkar müəssisə qismində tanınmaması barədə iddiasına baxılmış, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməməsi qət edilmiş, apellyasiya instansiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Daha sonra işə kassasiya instansiya icraatı zamanı baxılarkən məhkəmə qeyd etmişdir ki, 22 aprel 2015-ci il tarixli 52 saylı rəydə şəxsin ölümünün səbəbi infarkt ilə bağlı olmasına baxmayaraq, infarktın əmək şəraiti ilə əlaqədar olub-olmaması müəyyən edilməmişdir. Bu səbəbdən apellyasiya instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, işə apellyasiya instansiya məhkəməsi tərəfindən baxılarkən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və işə məhkəmədə baxılmalı olmaması əsası ilə icraata xitam verilmişdir. Doğrudur ki, kassasiya instansiya məhkəməsinin mövqeyinə görə məhkəmə tibbi ekspertizasının 22 aprel 2015-ci il tarixli 52 saylı rəyi mərhum şəxsin ölümünün, yəni infarktın əmək şəraiti ilə əlaqədar olub-olmamasını özündə ehtiva etmir. Lakin nəzərə alınmalıdır ki, bu hal vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Çünki, mərhum X2 ölümünə səbəb olan halın, yəni infarktın əmək şəraiti ilə əlaqədar olmasını təsdiq edən hər hansı yeni bir tibbi rəy mövcud deyil. Bir daha qeyd olunur ki, şəxsin səhhətinin pozulmasını yalnız o zaman təhqiq oluna bilər ki, əgər Qaydaların 1.2-ci bəndində nəzərdə tutulmuş hallardan (hazırki halda istehsalatda əmək şəraiti ilə əlaqəli infarktı təsdiq edən tibbi rəyin olması) biri olsun. Hazırki mübahisə üzrə isə belə bir rəyin mövcudluğu müəyyən edilməmişdir. Əlavə olaraq Məhkəmə diqqətə çatdırır ki, iddiaçının mərhum ərinin ölümündən uzun müddət (8 il) keçməsinə baxmayaraq, iddiaçı təhqiqat komissiyasının yaradılması barədə iddia ərizəsi ilə yalnız 2022-ci ildə məhkəməyə müraciət etmişdir. İddiaçı mərhum ərinin ölümündən uzun müddət keçməsini və bu səbəbdən ekspertizanın keçirilməsini mümkünsüz edə biləcək halları da nəzərə almamışdır. Digər bir ifadə ilə hazırkı növ iddia müddətlə bağlı mümkünlük şərtlərinə cavab versə də şəxsin ölümündən uzun müddət keçdikdən sonra iş üzrə tam və obyektiv araşdırmanın aparılmasına əhəmiyyət verə biləcək tibbi ekspert rəyinin verilməsinin mümkünsüzlüyü cavabdehin təqsiri olmadan, iddiaçının gec müraciəti ilə bağlı olduğundan həmin hal vəziyyəti cavabdehin ziyanına dəyişməməlidir. Belə ki, iddiaçının tələbini təsdiq edə biləcək təbii ölümün olmaması ehtimal xarakteri daşımaqla heç bir sübutla təsdiq edilmir. Məhkəmə hesab edir ki, hazırki halda iddiaçının mərhum ərinin ölümün əmək şəraiti ilə bağlı olduğunu təsdiq edən tibb rəyi olmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının 1.4-cü bəndinə əsasən təhqiqat komissiyasının yaradılması kimi öhdəliyin cavabdehin üzərinə qoyulması məqsədəuyğun hesab olunmur. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar