Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2194/2024 03.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3, üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı (3 - cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) “yeni məlumat vərəqinin göndərilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin üzərinə inzibati aktın qəbul edilməsinə yönəlməyən, inzibati orqan tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi, pensiya məbləğinin dəyişdirilməsinə səbəb olan vəziyyət yarandığı üçün yenidən hesablanması və pensiyanın yenidən təyin edilməsi üçün məlumat vərəqinin müvafiq icra hakimiyyəti orqanına (Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ehtiyata buraxıldığı N saylı hərbi hissənin İdarəetmə Məntəqəsi rəisinin vəzifə maaşının həmin hərbi hissənin polkovnik-leytenant ştatında olan digər döyüş təminatı (kəşfiyyat) bölmə komandirlərin (Radiokəşfiyyat və radioelektron mübarizə tabor komandirlərin və hərbi hissənin Komanda Məntəqəsi rəisi) və təminat bölməsi olan Texniki bölmə rəisinin vəzifə maaşı ilə bərabər tutulmaqla, yeni məlumat vərəqinin tərtib edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra – üçüncü şəxs) üçüncü şəxs qismində hazırkı məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan ordusu sıralarından ehtiyata buraxılmışdır. O, pensiyaçıdır. İddiaçı hərbi xidmətdə olarkən sonuncu vəzifəsi polkovnik-leytenant ştatında idarəetmə məntəqəsinin rəisi olub. Cavabdehin Maliyyə və Büdcə idarəsi tərəfindən həmin vəzifəyə 635 manat maaş təyin olunmuşdur. İdarəetmə məntəqəsinin rəisi vəzifəsinə təyin olunmamışdan öncə mayor ştatında olan komanda məntəqəsi rəisinin müavini vəzifəsində xidmət etmiş və vəzifə maaşı 635 manat təyin olunmuşdur. Vəzifəsi və hərbi rütbəsi artdığına baxmayaraq vəzifə maaşının dəyişilməməsi səbəbinə aydınlıq gətirilməsi üçün hərbi xidmət zamanı hərbi hissə komandanlığına, ehtiyata buraxıldıqdan sonra isə cavabdehin Maliyyə və Büdcə idarəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə dəfələrlə məktubla müraciət etmişdir. Maliyyə və Büdcə İdarəsinin birinci cavabında bildirilmişdir ki, “tabelikdə olan şəxsi heyətin sayı nəzərə alınmaqla, məntəqənin rəisi (polkovnik-leytenant) vəzifəsinin maaşı taborun qərargah rəisi (mayor) vəzifəsinin maaşına bərabər tutulmaqla, 635 manat müəyyən edilmişdir”. Həmin cavabdan sonra, iddiaçı Maliyyə və Büdcə idarəsinə yenidən müraciət edərək, vəzifə maaşının düzgünlüyünün yoxlanmasını xahiş etmişdir. Cavabdehin Maliyyə və Büdcə İdarəsindən bildirilmişdir ki, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”ni təsdiq edən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 394 nömrəli Qərarlarının 1 nömrəli əlavəsi məxfidir. Sənədin məxfiliyi hüququn pozulmasına və ya təmin olunmamasına səbəb ola bilməz. Polkovnik-leytenant ştatında olan İdarəetmə Məntəqəsinin rəisi vəzifəsindən başqa hərbi hissənin polkovnik-leytenant ştatında olan bütün vəzifə maaşları 700 manatdan başlayaraq yüksəlir. Yəni 635 manat vəzifə maaşı olan polkovnik-leytenant vəzifəsi yoxdur. Bir tək İdarəetmə Məntəqəsi rəisinin vəzifə maaşının mayor ştat kateqoriyası ilə bərabər tutulması, vəzifə maaşının təyin olunmasında ciddi nöqsanın olduğunu və hüququnun pozulması ilə əlaqədar iddiaçının narazılığının haqlı olmasını göstərir. Cavabdehin Maliyyə və Büdcə idarəsinin cavabı və qərarı ziddiyətlidir, əsassızdır, qanun və qərarların tələblərinə uyğun deyil. Bu ziddiyətə qanun və Nazirlər Kabinetinin qərarına əsasən aydınlıq gətirilməlidir. İdarəetmə Məntəqəsi kəşfiyyat bölməsi olduğu üçün döyüş təminatı kateqoriyasına aiddir, hərbi hissənin digər döyüş təminatı bölmələrindən aşağı tutulması və ya həmin bölmənin maddi-texniki təminat bölməsi ilə bərabər tutulması qanunaziddir. Çünki maddi-texniki təminat bölməsində maaşın aşağı olması, əgər Nazirlər Kabinetinin qərarında göstərilibsə mümkün ola bilir. Bu səbəbdən İdarəetmə Məntəqəsi rəisinin vəzifə maaşı hərbi hissənin polkovnik- leytenant ştatında olan digər döyüş təminatı (kəşfiyyat) bölmə komandirlərin (Radiokəşfiyyat və radioelektron mübarizə tabor komandirlərin və hərbi hissənin Komanda Məntəqəsi rəisinin) və təminat bölməsi olan texniki bölmə rəisinin vəzifə maaşı ilə bərabər tutulmaqla bərabərlik hüququ təmin olunmalıdır. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin hərbi qulluqçularının vəzifə maaşları Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarları əsasında müəyyən edilir. Sonuncu dəfə vəzifə maaşları “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi və mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin vəzifə (tarif) maaşlarının artırılması haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 21 avqust tarixli 115-12 nömrəli qərarına əlavə edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 14 mart tarixli 73-3 nömrəli qərarına və «Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 12 sentyabr tarixli 199-20 nömrəli qərarına dəyişikliklər edilməsi haqqında» 2008-ci il 26 yanvar tarixli 16-2 nömrəli, «Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi və «Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 4 mart tarixli 115-5 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında» 2018-ci il 13 aprel tarixli 148-10 nömrəli qərarlarında dəyişikliklər edilməsi və «Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi və «Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 4 mart tarixli 115-5 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 aprel tarixli 148-10 nömrəli Qərarında dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 aprel tarixli 154-4 nömrəli Qərarının ləğv edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 6 sentyabr tarixli 394 nömrəli qərarı ilə təsdiq edilmişdir. Həmin qərarın 1 nömrəli əlavəsinin 4.5-ci hissəsinə əsasən “İdarəetmə məntəqəsinin rəisi” vəzifəsinin vəzifə maaşı 635 manat müəyyən edilmişdir. Göründüyü kimi, İddiaçı barədə cavabdeh tərəfindən ümumi hüquqi pozuntuya yol verilməmişdir. Belə ki, İddiaçı N nömrəli hərbi hissədə tutduğu vəzifə üzrə vəzifə maaşı Nazirlər Kabinetinin yuxarıda qeyd edilən qərarına uyğun 635 manat məbləğində düzgün təyin edilmişdir və xidmət dövründə ödənilmişdir. Qeyd edilən vəzifə maaşına uyğun Səbuhi Müstafayev barəsində Məlumat vərəqi tərtib edilərək pensiya təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. Üçüncü şəxs tərəfindən iddiaya yazılı mülahizə məhkəməyə təqdim edilmişdir. Mülahizədə göstərilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 27 sentyabr 2021-ci il tarixli, MN-15574 nömrəli məlumat vərəqinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq iddiaçıya 5 oktyabr 2021-ci il tarixdən Mərkəzi Filial tərəfindən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 7 yanvar 2022-ci il tarixli MN-15574 nömrəli yeni məlumat vərəqinə əsasən 31 il 1 ay 9 gün xidmət müddəti üçün əmək pensiyası təminat xərcliyinin (1248,45 manat) 83,25 faizi-1039,33 manat məbləğində müəyyən edilib və 5 oktyabr 2021-ci il tarixdən yenidən hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 273,64 manat fərq məbləği xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə (hər ay 68,41 manat) pensiyasının üzərinə əlavə olunmaqla iddiaçının müvafiq kart hesabına köçürülmüşdür. İddiaçıya “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi - 103,93 manat maddi yardım ödənilir. Bundan başqa, keçmiş müddət üçün hesablanmış 11,23 manat maddi yardım məbləği cari ilin aprel ayında ödənilmişdir. Əmək pensiyasının məbləğinə təsir göstərən hər hansı yenidən hesablanmanın aparılması məsələsinə təminat xərcliyində baş verən dəyişikliklər barədə müvafiq məlumat iddiaçının sonuncu xidmət keçdiyi orqandan Mərkəzi Filiala daxil olduqdan sonra baxıla bilər. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi mülahizəyə uyğun çıxış edərək iddianın təmin edilməməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İddiaçının seriya AA, ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən o, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçının müraciətinə cavab olaraq cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli arayışına əsasən ehtiyatda olan polkovnikleytenant İddiaçı sonuncu tutduğu vəzifə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti” subyekti əməkdaşları vəzifələrinin siyahısına daxil edilmişdir. İddiaçıya məxsus pensiya işinin surətindən görünür ki, ona xx.xx.2021-ci il tarixli məlumat vərəqinə əsasən cəmi xidmət illərinin 29 il 7 ay 09 gün (27 il 1 ay 18 gün təqvimi, 2 il 5 ay 21 gün güzəştli), sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşı 635 manat, rütbə maaşı 154 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavə 236,70 manat, məharət dərəcəsinə görə vəzifə maaşı 25 faizi miqdarında əlavə 158,75 manat və ərzaq payı əvəzinə kompensasiya 64 manat olmaqla cəmi təminat xərcliyi 1248,45 manat təşkil edib. İddiaçıya 05 oktyabr 2021-ci il tarixindən "Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin tələblərinə uyğun qaydada 29 il 7 ay 09 gün xidmət müddəti üçün təminat xərcliyinin (1248,45 manat) 78,75 faizi - 983,15 manat məbləğində hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2022-ci il tarixli yeni məlumat vərəqinə əsasən iddiaçının cəmi xidmət illərinin 31 il 1 ay 09 gün (27 il 1 ay 18 gün təqvimi, 3 il 11 ay 21 gün güzəştli), sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşı 635 manat, rütbə maaşı 154,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavə 236,70 manat, məharət dərəcəsinə görə vəzifə maaşı 25 faizi miqdarında əlavə 158,75 manat və ərzaq payı əvəzinə kompensasiya 64 manat olmaqla cəmi təminat xərcliyi 1248,45 manat təşkil edib. xx.xx.2022-ci il tarixli, əmək pensiyasının yenidən hesablanması haqqında qərara əsasən, 31 il 1 ay 9 gün xidmət müddəti üçün iddiaçının əmək pensiyası təminat xərcliyinin (1248,45 manat) 83,25 faizi-1039,33 manat məbləğində müəyyən edilib və 5 oktyabr 2021-ci il tarixdən yenidən hesablanmışdır. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi və mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin vəzifə (tarif) maaşlarının artırılması haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 21 avqust tarixli 115-12 nömrəli qərarına əlavə edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 14 mart tarixli 73-3 nömrəli qərarına və «Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 12 sentyabr tarixli 199-20 nömrəli qərarına dəyişikliklər edilməsi haqqında» 2008-ci il 26 yanvar tarixli 16-2 nömrəli, «Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi və «Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 4 mart tarixli 115-5 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında» 2018-ci il 13 aprel tarixli 148-10 nömrəli qərarlarında dəyişikliklər edilməsi və «Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi və «Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 4 mart tarixli 115-5 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 aprel tarixli 148-10 nömrəli Qərarında dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 aprel tarixli 154-4 nömrəli Qərarının ləğv edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 6 sentyabr tarixli 394 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 yanvar tarixli 32 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavədən çıxarışa əsasən “İdarəetmə məntəqəsinin rəisi (kəşfiyyat hərbi hissələrində)” vəzifəsinin vəzifə maaşı 635 manat müəyyən edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində onun aylıq vəzifə maaşı barədə yeni məlumat vərəqinin tərtib edilərək müvafiq orqana göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddiaçı həmin tələblə cavabdehə müraciət etmiş, lakin iddiaçının tələbindən imtina edilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir (1.0.1). Təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir (1.0.5). Hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur (9.6.). Hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş və buraxılmış əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir: hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər; məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər; hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər;ali zabit heyətinə aid şəxslər (9.6.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X2 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. İddiaçı hazırkı iddia tələbində ehtiyata buraxıldığı N saylı hərbi hissənin İdarəetmə Məntəqəsi rəisinin vəzifə maaşının həmin hərbi hissənin polkovnik-leytenant ştatında olan digər döyüş təminatı (kəşfiyyat) bölmə komandirlərin (Radiokəşfiyyat və radioelektron mübarizə tabor komandirlərin və hərbi hissənin Komanda Məntəqəsi rəisi) və təminat bölməsi olan Texniki bölmə rəisinin vəzifə maaşı ilə bərabər tutulmaqla yeni məlumat vərəqinin tərtib edilərək üçüncü şəxsə göndərilməsini xahiş edir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçının hərbi qulluqçu olaraq tutduğu sonuncu vəzifə “İdarəetmə məntəqəsinin rəisi” vəzifəsi olmuşdur. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 yanvar 2022-ci il tarixli, 32 nömrəli Qərarından çıxarışdan görünür ki, həmin Qərarın 1 nömrəli əlavəsində “İdarəetmə məntəqəsinin rəisi (kəşfiyyat hərbi hissələrində)” vəzifəsinin vəzifə maaşı 635 manat müəyyən edilmişdir. Həmin vəzifə maaşına uyğun olaraq cavabdeh tərəfindən məlumat vərəqi tərtib edilərək üçüncü şəxsə göndərilmişdir. Göründüyü kimi, cavabdeh orqanın iddiaçı barədə yeni məlumat vərəqinin göndərilməsindən imtinası qanuna zidd olmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, Müdafiə Nazirliyinin hərbi qulluqçularının vəzifə maaşları Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarları əsasında müəyyən edildiyindən iddiaçının tutduğu vəzifənin vəzifə maaşının müəyyən edilməsi və ya dəyişdirilməsi inzibati orqanın səlahiyyətləri xaricindədir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “yeni məlumat vərəqinin göndərilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-2194/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2194/2024
03.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver