Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2195/2020 06.07.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X16 Oruczadə, Şifahi məhkəmə baxışı keçirilmədən tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinin tələblərinə əsasən məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsində yerləşən 44 saylı evin 34 saylı mənzilinə X2, X6, X7 və X5 qeydiyyatının ləğv edilməsini Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, F.Yusifov küçəsində yerləşən 44 saylı evin 21 saylı mənzili 23.04.2004-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Həmin mənzildə iddiaçı 2003-cü ildən ailə üzvləri ilə birlikdə yaşayır. 2016-cı ilin sentyabr ayında iddiaçının qohumları olan X3 iddiaçıya müraciət edərək bildirmişdir ki, özünə məxsus mənzili satmış və bununla bağlı ordan təcili qeydiyyatdan çıxmaq üçün başqa mənzilə qeydiyyata düşməlidir və buna görə də iddiaçıya məxsus mənzilə özünün ailə üzvləri ilə birlikdə müvəqqəti qeydiyyatda salınmasının xahiş etmişdir. Qqohumluq münasibətlərini nəzərə alaraq Mərdan Quliyevin və onun ailə üzvləriin müvəqqəti iddiaçıya məxsus olan mənzilə qeydiyyata saldırmışdır. Bir müddət keçdikdən sonra iddiaçı ərizə ilə Cavabdehnə müraciət edərək, iddiaçının mülkiyyətində olan mənzilə Mərdan Quliyevin və onun ailə üzvlərinin qeydiyyatının ləğv edilməsi xahiş olunmuş, lakin Nərimanov RPİ-nin 078-531q saylı məktubu ilə Mərdan Quliyev, Orxan Quliyev, Əhməd Quliyev, Şəfiqə Quliyevanın qeydiyyatdan çıxarılması ilə əlaqədar məhkəməyə müraciət olunması bildirilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və cavabdehə iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmişdir. Cavabdehin imtinanın məzmununa uyğun yazılı etirazı 17 fevral 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İş üzrə şifahi məhkəmə baxış iclası 06 iyul 2020-ci il tarixə təyin olunmuşdur. Cavabdeh 06 mart, 05 aprel, 16 iyun 2020-ci il tarixli məktublarla məhkəməyə müraciət edərək, iş üzrə keçiriləcək məhkəmə iclaslarının Nərimanov RPİ-nin QMB-nin əməkdaşlarının iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. İddiaçıya məhkəmə bildirişi göndərilmiş və 2020-ci il 06 iyul tarixədək məhkəmə baxışı keçirilmədən işə baxılmasının mümkünlüyünə dair yazılı mövqelərini bildirilməsi təklif olunsa da, iddiaçı tərəfindən bildirişə hər hansı bir münasibət bildirilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən Məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Həmin Məcəllənin 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. Məhkəmə Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqındaAzərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 aprel 2020-ci il tarixli 6 nömrəli Qərarının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 iyun 2020-ci il tarixli Məlumatının (Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadə edilsin) tövsiyələrini, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsindəki tələblərini nəzərə alaraq, mübahisəni şifahi dinləmə olmadan həll etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsində yerləşən 44 saylı evin 34 saylı mənzildə iddiaçıdan başqa üçüncü şəxslər X14, X15, X9 və X3 da qeydiyyatdadırlar. İddiaçı hazırda 3-cü şəxslərin mənzildən qeydiyyatdan çıxarılmasını tələb edir ki, bunu da həmin şəxslərin qeydiyyatının formal olması ilə əsaslandırır. İş materiallarında olan: - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş ÖM № 148888 saylı Qeydiyayt vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi 44 saylı evin 16,22 yaşayış sahəsindən ibarət 1(bir) otağlı 34 saylı mənzil İddiaçı mülkiyyətindədir. - Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatə Birliyinin 116 saylı Kommunal İstismar Sahəsinin 45 saylı arayışından görünür kİ. Bakı şəhəri, F.Yusifov küçəsindəki 44 saylı evin 5 mərtbəli evin 2 mərtəbəsində 16,22 kv.m sahəsi olan 1 otaqlı 34 saylı mənzilində İddiaçı yaşayır. X4, X10, X11, X3, X9, X15 və X14 həmin evdə daimi qeydiyyatdadırlar. -Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 19.02.2019-cu il tarixli, ***-**** saylı məktubdan görünür ki, iddiaçıya Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsində yerləşən 44 saylı evin 34 saylı mənzildə qeydiyyatda olan X6, X7, Quliyeva Şəfiqə Zakir qızının və X2 göstərilən ünvandan qeydiyyatdan çıxarılması ilə əlaqədar mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq müvafiq olaraq məhkəmə orqanlarına müraciət etməyi tövsiyə olunmuşdur. . Məhkəmə araşdırılması zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinə sorğu göndərilmiş, sorğuya 19 mart 2020-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsində yerləşən 44 saylı evin 34 saylı mənzil İddiaçı adına qeydiyyatan keçmiş və hazırda onun mülkiyyətindədir. Sözügedən mənzilə X6, X7, Quliyeva Şəfiqə Zakir qızının və X2 istifadə hüququnun qeydə alınmasına dair məlumat aşkar edilməmişdir. Məhkəmə araşdırılması zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə sorğu göndərilmiş, sorğuya 19 may 2020-ci il tarixli cavab məktubuna X6, X7, X5 və X2 ünvan 2 ünvanına qeydiyyata alınmalarına dair sənədlərin kserosurətləri göndərilmişdir. Həmin sənədlərdən görünür ki, X14, X15, Quliyeva Şəfiqə Zakir qızı və X3 mülkiyyətçi X8 razılığı ilə ünvan 2 ünvanına qeydiyyata alınmışdırlar. Bunu təsdiq edən ərizə-anket və mülkiyyətçinin ərizələri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. İşin hallarından məlum olur ki, Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsində yerləşən 44 saylı evin 34 saylı mənzil İddiaçı mülkiyyətindədir. İddiaçı Bakı şəhəri Cavabdehnə ərizə ilə müraciət edərək üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmalarını xahiş etmiş, lakin inzibati orqan əsassız olaraq iddiaçının tələbinin yerinə yetirilməsindən imtina etmişdir. Məhkəmə icraatı zamanı iddiaçının mülkiyyətində olan mənzilə dair üçüncü şəxslər X6, X7, Quliyeva Şəfiqə Zakir qızının və X2 qeydiyyata düşməsinə əsas olunmuş sənədlər tələb olunmuş və həmin sənədlərdən məlum olmuşdur ki, üçüncü şəxslər mülkiyyətçi, yəni hazırki iddiaçının razılığı ilə Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsində yerləşən 44 saylı evin 34 saylı mənzilə qeydiyyata alınmışdırlar. Buna baxmayaraq, Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, X6, X7, Quliyeva Şəfiqə Zakir qızının və X1 mənzil üzrə hər hansı bir istifadə hüququ aşkar olunmamışdır. Hazırkı mübahisədə həqiqətən də şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar mövcud deyil. Lakin həmin Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdətutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə” qarşı işdə isə Avropa Məhkəməsi öz qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Məhkəmə belə hesab edir ki, şəxsin mülkiyyətçiyə məxsus evdə qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir. Belə olan təqdirdə Məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Cavabdeh üçüncü şəxslərin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmasından imtina etməsi İddiaçı hüquqlarının pozulmasına səbəb olmuşdur. Beləliklə, Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, X6, X7, Quliyeva Şəfiqə Zakir qızının və X2 Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsində yerləşən 44 saylı evin 34 saylı mənzilidən qeydiyyatdan çıxarılma vəzifəsi cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-cü, 68ci, 69-cu, 85.1-ci mаddələrini rəhbər tutаrаq, QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsində yerləşən 44 saylı evin 34 saylı mənzildən üçüncü şəxslər X6, X7, X5 və X2 qeydiyyatdan çıxarılması vəzifəsi Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-2195/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2195/2020
06.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver