Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2195/2021 31.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – DSMF) qarşı «əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirlir ki, İddiaçı hərbi xidmətdə olduğu 20 may 1985-ci il tarixdən 20 iyun 1987-ci il tarixədək dövr daxil olmaqla əmək kitabçası üzrə 9 sentyabr 1987-ci il tarixdəndən başlayaraq, hal-hazıradək əmək fəliyyətini davam etdirir. Ərizəsi əsasında ona yaşa görə əmək pensiyası hüququnun yarandığı 5 fevral 2019-cu il tarixdən əmək pensiyası təyin olunmuşdur. Pensiyanın məbləği 198,94 manatdır. Bu məbləğin 51,18 manatı 1 yanvar 2006-cı il tarixədək olan 20 il 05 ay sığorta stajına görə yaranmış pensiya kapitalının məbləği, 147,76 manat isə 1 yanvar 2006-cı il tarixdən pensiya hüququnun yarandığı tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləğidir. İddiaçı hesab edir ki, pensiya məbləği düzgün hesablanmamışdır. Çünki 20 may 1985-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək olan 20 il 5 ay müddətində fərdi uçot aparılmamışdır. Bu onun təqsiri deyildir, mövcud qanunvericiliyin tələbidir. 20 il 5 ay fərdi uçotun aparılmadığı müddətdə 51,18 manat necə hesablanmışdır? Halbuki 20 il 5 ay ona tam şəkildə sığorta stajı kimi hesablanmalıdır. Digər tərəfdən, 1 yanvar 2006-cı il tarixdən, yəni pensiya qanunvercilikdə fərdi uçotun aparıldığı vaxtdan pensiya hüququnun yarandığı tarixədək fərdi hesabımın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tələb olunan məbləğdədir. Pensiya təyinatı zamanı fərdi hesabının yığım hissəsində toplanmış və ona məxsus olan müvafiq vəsaitin müxtəlif yollarla azaldılması nəticəsində pensiya məbləğinin az hesablanmasına yol verilmişdir. Halbuki, iddiaçı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləmiş və buna görə də güzəştli şərtlərlə əmək pensiyası hüququ əldə etmişdir. Hazırda faktiki olaraq 33 ildən artıq iş stajına malik olmaqla əmək fəaliyyətini davam etdirir. Pensiya təyinatı sahəsində qaydalar DSMF-nin rayon şöbələri tərəfindən pensiya təyinatında vətəndaşlara pensiya hesablanması zamanı qanunsuzluqlara yol verilməsinə şarait yaradır. O, 1 yanvar 2006-cı il tarixdən başlayaraq fərdi hesabının sığorta hissəsində qeyd alnmış kifayət qədər pensiya kapitalının 147,76 manat müəyyənləşdirilməsini qanunsuz hesab edir. DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət edərək, pensiya təyinatı zamanı 20 may 1985-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək olan müddətdə, yəni 20 il 5 ay ərzində fərdi uçot aparılmadığı halda 51,18 manatın hansı qaydada hesablanması, 1 yanvar 2006-cı il tarixdən 5 may 2019-cu il tarixədək olan dövrü əhatə edən müddətdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının kifayət qədər olmasına baxmayaraq 147,76 manat məbləğində hesablanması hər iki halda düzgün olmadığından, pensiya məbləğinin yenidən hesablanmasını xahiş etmişdir. Lakin müraciətə 5 aydan artıq vaxt keçməsinə baxmayaraq cavab verilməmişdir. Göstərilənlərə və «Əmək pensiyaları haqqında» AR Qanununun 6-1ci maddəsinə, İPM-in 2.2.3, 33.1-ci maddələrinə əsaslanaraq, iddiaçıya təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və pensiya hesablanmasında yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin nümayəndəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında aşağıdakılar bildirilir: - İddiaçı hərbi xidmətdə olduğu 1985 – 1987-ci illər də daxil olmaqla əmək kitabçası üzrə 9 sentyabr 1987-ci ildən başlayaraq hal-hazıradək əmək fəalliyətini davam etdirdiyini bildirərək ona təyin edilmiş pensiyanın yenidən hesablanması və pensiya hüququnun yarandığı 5 fevral 2019-cu il tarixdən hal-hazıradək yaranmış fərqinin birdəfəlik ödənilməsini DSMF orqanından tələb edir. DSMF-nun Qaradağ rayon şöbəsi tərəfindən iddiaçının əmək pensiyası 1 iyul 2020-ci il tarixdən yenidən hesablanaraq 233,2 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmiş və hal-hazırda da həmin məbləğ ödənilir. İddiaçının iddia ərizəsində guya onun 198,94 manat məbləğində əmək pensiyası alması yanlışdır. İddiaçının tələbi əsassız olduğundan, rədd edilməlidir. Belə ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 5 fevral 2019-cu il tarixdən təyin edilmişdir. 1 iyul 2017-ci il tarixdən edilmiş dəyişikliklərdən sonra «Əmək pensiyaları haqqında» AR Qanununun 45-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ yarandığı 5 fevral 2019-cu il tarixdə ona pensiya təyin olunarkən həmin Qanunun 45-ci maddəsi artıq yuxarıda qeyd olunan redaksiyada qüvvədə idi və iddiaçının pensiyası da tamamilə qanunvericiliklə müəyyən edilən qaydaya uyğun hesablanmışdır. Belə ki, o, 5 fevral 1967-ci il tarixdə doğulduğundan, pensiya hüququ yarandığı tarixdə «Əmək pensiyaları haqqında» AR Qanununun 7-ci maddə ilə müəyyən edilmiş pensiya yaşı 64 yaş təşkil edirdi. Onun yaşı isə, həmin vaxtda 52-dir. Sözügedən Qanunun 45-ci maddəsinə əsasən (64 – 52 = 12 il; 12 il x 12 ay = 144. 144 + 144 (gözlənilən pensiya ödənişi müddəti ayları) = 288) İddiaçının 1 yanvar 2006-cı il tarixədək 20 il 5 ay sığorta stajına görə fərdi hesabın sığorta hissəsində yığılmış pensiya kapitalı 144-ə deyil, 288-ə bölünmüş, buna görə də, onun pensiyasının məbləği 233,20 manat təşkil etmişdir. İddiaçı cavabdehə qarşı iddia qaldırarkən bu faktı nəzərə almamış, ona görə düşünmüşdür ki, ona münasibətdə pensiya hesablanmasında cavabdeh tərəfindən yanlışlığa yol verilmişdir. Əslində isə, iddiaçıya pensiya hesablanması zamanı hər hansı yanlışlığa yol verilməmiş, pensiya əmək qanunvericiliyə tam şəkildə uyğun hesablanmışdır. Göstərilənlərə və «Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-1-ci maddəsinə, Ali Məhkəmənin İnzibati Kolleqiyasının 8 oktyabr 2020-ci il tarixli «Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 03/20 saylı qərarına əsaslanaraq, İddiaçı iddiasının rədd edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının vəkili gəlmiş, cavabdeh tərəf isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X2 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının vəkilini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 4.2-ci bəndinə əsasən yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: sığorta hissəsindən, yığım hissəsindən. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanunun 45-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndinə əsasən həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər (8.1.1 – 8.13-1-ci maddələrindən başqa) hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Binəqədi rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh inzibati orqan DSMF tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldlırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdehin olduğu yer (Bakı şəhərinin Binəqədi rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə məhkəmə vurğulayır ki, iddiaçı 5 fevral 1967ci il tarixdə doğulmuşdur və 5 fevral 2019-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunarkən onun 52 yaşı olmuşdur. Həmin tarixdə kişilər üçün “Əmək pensiyaları haqqında” AR Qanununun 7-ci maddəsi üzrə əmək pensiyası hüququ verən yaş həddi 64 yaş olmuşdur. Bu isə o deməkdir ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 45-ci maddəsinə görə pensiya təyin olunarkən onun gözlənilən pensiya ödənişi müddəti «Əmək pensiyaları haqqında» AR Qanununun 45-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndinə əsasən 144 ay + 144 ay (64 – 52 = 12 il) = 288 ay müəyyən edilir. Belə olan halda, iddiaçıya müvafiq hesablama əsasında müəyyən edilən pensiya kapitalı üzrə əmək pensiyası məbləği təyin olunarkən gözlənilən pensiya ödənişi müddəti kimi 288 ay gütürülməsi qanuna zidd sayıla bilməz. Odur ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması tələbi üzrə dəlilləri əsassızdır. İddiaçının ikinci tələbi – “pensiya hesablanmasında yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi” tələbi birinci tələbdən birbaşa asılı və törəmədir. Həmin tələb “əmək pensiyasının yenidən hesablanması” tələbi əsassız olduğu halda, əsaslı sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya əmək pensiyasının yenidən hesablanması və pensiya hesablanmasında yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsindən cavabdehin imtinası qanuna zidd sayılmamalıdır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-2195/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2195/2021
31.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver