Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2196/2021 23.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, Cavabdehin nümayəndələri X1, X3 və X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə qarşı “imtahanın nəticələrinin araşdırılması üçün komissiyanın təşkil edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixində keçirilmiş imtahanın nəticələrinə dair 1,2,5,6,7,8,9,10,11,12 suallarının onun iştirakı ilə araşdırılması üçün müvafiq komissiyanın təşkil olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə İPM-in 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq iddiaçıya “hüquqi yardım” məktubu göndərərək, tələblə eyni məzmunda cavabdeh inzibati orqana ilkin müraciətin və (və ya) müraciətə cavab məktubunun məhkəməyə təqdim edilməsi tələb edilmişdir. İş üzrə məhkəmə hazırlıq icraatının iclası xx.xx.2021-ci il tarixinə təyin edilmişdir. Həmin vaxtadək iddiaçı tərəfindən orqana müraciət məktubu və (və ya) orqanın cavab məktubu daxil olmamışdır. İddiaçı üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, məhkəmə iclasının sonrakı müddətə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə teleqramda qeyd edilən halları üzürlü saymamış, iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri C.Kəngərli, N.Həsənov və R.M.Musayev iddia tələbinə etiraz edərək, əlavə olaraq bildirmişdirlər ki, İddiaçı Tariyel oğlu Azərbaycan Respublikasının Milli Məclisinə, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə “işlə təmin edilməsinə dair” müraciətlər ünvanlamışdır. Vətəndaşın həmin müraciətləri, o cümlədən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə ünvanlanmış 2019-cu il 14 avqust tarixli müraciəti nəzərə alınaraq, o, x xxxxxxxx 2019-cu il tarixində Xidmətdə keçiriləcək müsabiqə barədə məlumatlandırılmış və onun müsabiqədə iştirakı təmin edilmişdir. Müsabiqənin birinci mərhələsi olan test imtahanı yekunlaşdıqdan sonra İddiaçı zəruri kçid balından (keçid balı 60%) aşağı bal toplaması (nəticə 49%) müəyyən edilmiş və bu haqda ona Xidmətin x xxxxxxxx 2019-cu il tarixli H-528 (X) nömrəli məktubu ilə məlumat verilmişdir. Lakin iddiaçı öz mülahizələrinə görə mərhələdən uğurla keçdiyini, bir neçə düzgün cavabının nəzərə alınmadığını bildirmişdir. Suallara onun və İnsan resurslarının idarə edilməsi və ictimaiyyətlə əlaqədar şöbəsinin əməkdaşlarının iştirakı ilə yenidən baxış keçirilərkən test kartı üzrə 1 sualda (4-cü sual) texniki səhv olduğu müəyyənləşdirilmiş və iddiaçının cavabı düzgün cavab kimi nəzərə alınaraq müsabiqə nəticəsi 53% hesab edilmişdir. Lakin bu nəticənin də müsabiqənin ikinci mərhələsinə keçid üçün yetərli olmadığı barədə İddiaçı məlumat verilmişdir. Sualların mütəxəssislər tərəfindən hazırlandığı İddiaçı nəzərinə çatdırılaraq son nəticə ona elan olunmuşdur. Bundan sonra, şəxs bir sıra dövlət orqanlarına müsabiqə ballarının düzgün hesablanmadığı barədə ardıcıl müraciətlər etmiş, bu müraciətlər araşdırılaraq test nəticələri özünə təqdim edilməklə cavablandırılmışdır. Bununla razılaşmayan İddiaçı Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən “işlə təmin olunma” tələbi ilə məhkəməyə müraciət etmişdir. İşə mahiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılaraq İddiaçı Tariyel oğlunun cavabdeh-Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə qarşı “işlə təmin olunma” tələbinə dair iddiasının mümkün sayılmaması barədə xx.xx.2020-ci il tarixli qərardad qəbul edilmişdir.Qərardadın çıxarılıdığı gün, yəni xx.xx.2020-ci il tarixində İddiaçı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə təkrar müraciət (ərizənin surəti əlavə olunur) edərək işlə təmin olunmasını xahiş etmişdir. Müraciətə baxılaraq karantin rejimi və hərbi vəziyyət aradan qaldırıldıqdan sonra uyğun vakansiya yaranacağı təqdirdə həmin vakansiyalara qəbulla bağlı elan olunacaq müsabiqə barədə məlumatlandırılacağı vətəndaşın nəzərinə çatdırılmışdır.Verilən cavab onu qane etmədiyindən İddiaçı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təkrar müraciət edərək onun işə qəbul olunması üçün Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbərliyinə tapşırıq verilməsini xahiş etmişdir. Onun bu müraciətinə də baxılaraq müvafiq cavab verilmişdir. İddiaçı iddia ərizəsində keçirilən müsabiqənin mübahisələndirdiyi sualları ilə bağlı yazılı izahatlarımız cavab məktubları ilə ona təqdim olunmuşdur. Eyni zamanda, həmin suallar “işlə təmin olunma” tələbi üzrə məhkəmə prosesində araşdırılmış və onlara xx.xx.2020-ci il tarixli qərardadda da hüquqi qiymət verilmişdir. Həmçinin, iddiaçının iddia tələbində qeyd edilən suallara baxılması üçün komissiyanın təşkil edilməsinə dair müraciəti olmamışdır. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndələri iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdilər. Məhkəmə iş materiallarını araşdırıb, aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görəməhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İş materiallarında olan Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən İddiaçı Tariyel oğluna ünvanlanmış xx xxxxxxx 2019-cu il tarixli məktubundan görünür ki,iddiaçının müraciətinə və qəbul günündə də qeyd etdiyi kimi müsabiqənin birinci mərhələsinin nəticələrinə dair ünvanına rəsmi məlumat göndərildikdən sonra bəzi sualların cavabları ilə bağlı mübahisəli məqamların olduğunu bildirmiş və aidiyyəti struktur bölmənin əməkdaşları ilə birgə suallara iddiaçının iştirakı ilə baxılmışdır. Bu zaman, test kartı üzrə 1 sualda ( 4-cü sual) texniki səhv olduğu müəyyənləşdirilmiş və cavabının düzgün olduğu nəzərə alınaraq müsabiqə nəticəsi 49 faizdən 53 faizə dəyişdirilmişdir. Müsabiqənin 2-ci mərhələsinə keçid üçün 53 faiz nəticəsinin kifayət etmədiyi barədə iddiaçı məlumatlandırılmışdır. Lakin, iddiaçı dəfələrlə Xidmətə müraciət edərək test kartı üzrə 2,6,9,11 və 12-ci sualların düzgün cavabları ilə bağlı izahatlar verilməsini tələb etmişdir. Çoxsaylı müraciətlərini nəzərə alaraq iddiaçının mübahisələndirdiyi sualların doğru cavabları və mənbələri məktuba əlavə olunmuşdur. Əlavə olaraq bildirilmişdir ki, ilkin yoxlama zamanı test kartı üzrə 24 və 25 –ci suallara (açıq suallar) yarımçıq və qeyri –dəqiq cavab yazmağına baxmayaraq, iki sual üzrə toplam 5 bal da müsabiqə nəticəsinə əlavə olunur. İş materiallarında olan Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən İddiaçı Tariyel oğluna ünvanlanmış xx xxxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, müvafiq orqanlara göndərilmiş məktublara aidiyyəti üzrə baxılmış və bildirilmişdir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətində keçirilmiş müsabiqənin birinci mərhələsinin nəticələrinə əsasən tələb olunan keçid həddini toplamadığından o ikinci mərhələyə buraxılmamışdır. Məsələ ilə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidmətində onunla görüş keçirilmiş, müvafiq məktubla ətraflı izahat verilmiş, eyni zamanda nəzərinə çatdırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Apelyasiya şuraları haqqında Nümunəvi əsasnamə”yə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanının Apelyasiya Şurası dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən namizədlərin verdikləri şikayətlərə baxmaqda səlahiyyətli olduğundan müraciətdə qaldırılan məsələ nazirliyin Apelyasiya Şurasında baxıla bilməz. İşin hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixində keçirilmiş imtahanın nəticələrinə dair 1,2,5,6,7,8,9,10,11,12 suallarının onun iştirakı ilə araşdırılması üçün müvafiq komissiyanın təşkil olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin üzərinə qoyulması tələb edir və bu halı onunla əsaslandırır ki, onun müsabiqə zamanı keçirilmiş test imtahan nəticələrinə düzgün qiymət verilməmişdir. İşin mübahisələndirilməyən halı odur ki, İddiaçı Tariyel oğlu Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin xx xxxxxx 2017-ci il tarixli, Ə/Ü-45 saylı əmri əsasında keçirilmiş müsabiqədə iştirak etmiş və test imtahanları üzrə yalnız 60 % uğurlu nəticə göstərən namizədin müsahibə mərhələsinə keçməsindən məlumatlı olmuşdur. Həmçinin, İddiaçı Tariyel oğlunun müraciətlərinə cavab məktubları cavabdeh inzibati orqanın nümayəndələri tərəfindən məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən də aydın olur ki, iddiaçının çoxsaylı müraciətləri olmuş, Xidmət rəisinin müavininin qəbulunda olmuş, aidiyyəti struktur bölmənin əməkdaşları tərəfindən iddiaçının iştirakı ilə suallara baxılmış, həmçinin, suallar və onların düzgün cavabları məktubla ona ünvanlanmışdır. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1.-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddiaçı imtahan suallarının onun iştirakı ilə araşdırılması üçün komissiyanın təşkil edilməsini xahiş edir. Məhkəmə qeyd etmək istəyir ki, iddiaçıya məhkəmə icraatı zamanı göndərilmiş hüquqi yardım məktubunda cavabdeh orqana tələbi ilə eyni məzmunda ilkin müraciət məktubunun təqdim edilməsi tələb edilmiş, lakin məhkəmə iclasınadək hər hansı bir məktub təqdim edilməmiş, məhkəmə iclasında iştirak edərək də öz izahatını verməmişdir. Həmçinin, çoxsaylı müraciətlərinə cavab məktubları araşdırılmış, iddiaçının cavabdeh inzibati orqan tərəfindən Komissiya təşkil edilərək, sualların araşdırılmasına dair müraciətin olmadığı yəqin edilmişdir. Yuxarıda göstərilənlərə məcmu halda qiymət verərək Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə qarşı “imtahanın nəticələrinin araşdırılması üçün komissiyanın təşkil edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə qarşı “imtahanın nəticələrinin araşdırılması üçün komissiyanın təşkil edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-2196/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2196/2021
23.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver