Məhkəmə qərarları › İş №2-1(112)-2199/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2199/2021

19.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2199/2021 19.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kirayə müqaviləsinin bağlanması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, 203 saylı evin 10 saylı mənzilinə dair onunla icarə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, 203 saylı evin 10 saylı mənzilinə dair onunla kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, 203 saylı evin 10 saylı mənzili Cavabdeh başçısının 19.02.1992-ci il tarixli sərəncamına əsasən ona müvəqqəti yaşamaq üçün verilmişdir. Həmin dövrdən etibarən o, həmin mənzildə qeydiyyatda olmaqla yaşayır. Onun 3 övladı həmin mənzildə qeydiyyatdadırlar və həmin mənzilin onun adına rəsmiləşdirilməsinə etiraz etmirlər, bununla əlaqədar olaraq notarial qaydada təsdiq olunmuş ərizə də vermişlər. Mənzilin yerləşdiyi bina Cavabdeh balansındadır. O, uzun müddətdir həmin mənzildə yaşamasına baxmayaraq, mənzilə dair hüquqları müvafiq dövlət orqanları tərəfindən tanınmadığından hüquqlarını tam olaraq həyata keçirə bilmir. Qeyd olunan mənzildə faktiki olaraq yaşadığından mənzil münasibətləri yaranmış, həmçinin qanunvericilikdə nəzərdə tutulan mənzil hüquqları da mövcuddur. Lakin mənzilin icarədarı kimi müqavilənin bağlanması üçün cavabdeh orqana edilən müraciətə imtina cavabı verilmişdir. Hesab edir ki, Cavabdeh imtinası əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 izahatında bildirdi ki, iddiaçının yaşadığı mənzil ona iş yerində mənzillə təmin olunanadək müvəqqəti sığınacaq kimi verilmişdir. Bu səbəbdən də iddia tələbi əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 07.10.2020-ci il tarixli 5/A-117-071 saylı məktubda qeyd edilir: Yaşadığınız mənzilin Sizin adınıza daimi sənədləşdirilməsinə köməklik göstərilməsi barədə Cavabdehnə daxil olmuş ərizənizə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, yaşadığınız mənzil Sizə iş yerinizdə mənzillə təmin olunanadək müvəqqəti sığınacaq kimi verildiyindən xahişinizi təmin etmək mümkün deyildir. Xahiş edirik nəzərə alasınız. İş materiallarında olan Cavabdeh 19.02.1992-ci il tarixli 162/18 saylı Sərəncamının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, 203 saylı evin 10 saylı 16 kv.m sahəsi olan mənzili iş yerindən mənzil növbəsi çatanadək müvəqqəti yaşamaq üçün İddiaçı verilmişdir. İş materiallarında olan şəxsi hesab vərəqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, 203 saylı evin 10 saylı 16 kv.m sahəsi olan mənzilin şəxsi hesab vərəqəsi İddiaçı adınadır. İş materiallarında olan Bakı şəhəri Nəsimi RİH Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 17 saylı MKİS-nin 27.08.2020-ci il tarixli 614 saylı arayışından görünür ki, İddiaçı Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, 203 saylı evin 10 saylı mənzilində 1992-ci ildən etibarən qeydiyyatdadır. Ailə tərkibi: X3 (1992), X6 (1994), X4 (1995). İş materiallarında olan Bakı şəhəri Nəsimi RİH Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 17 saylı MKİS-nin 16.09.2020-ci il tarixli 01 saylı arayışından görünür ki, İddiaçı Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, 203 saylı evin 16 kv.m sahəsi olan 1 otaqlı 10 saylı mənzilində yaşayır. Bina yerli icra hakimiyyətinə məxsusdur. Ailəsi 4 nəfərdən ibarətdir. Daimi qeydiyyatda olanlar: İddiaçı (1959) - özü, X3 (1992) - oğlu, X6 (1994) oğlu, X4 (1995) - oğlu. İş materiallarında olan Azərbaycan Təhsil İşçiləri X12 Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Həmkarlar İttifaqı Komitəsinin 07.09.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı ADNSU-da ev növbəsində qeydiyyatı yoxdur. İş materiallarında olan X3, X6 və X1 notarial qaydada təsdiq edilmiş ərizələrinin surətindən görünür ki, onlar Nəsimi RİH-nin 19.02.1992-ci il tarixli sənərcamı ilə anaları İddiaçı verilmiş, bu günə qədər istifadə etdiyi və qeydiyyatda olduqları Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, 203 saylı evin 10 saylı mənzilinin İddiaçı adına rəsmiləşdirilməsinə etiraz etmirlər. İş materiallarında olan Bakı şəhəri Nəsimi RİH tərəfindən 16.12.2020-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhəri Nəsimi RİH Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 17 saylı MKİS-nin 15.12.2020-ci il tarixli 1112 saylı məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, 203 saylı 10 saylı mənzilinin icarədarı İddiaçıdır. Mənzil Cavabdeh başçısının 19.02.1992-ci il tarixli 162/18 saylı Sərəncamı ilə İddiaçı mənzil növbəsi çatana kimi müvəqqəti sığınacaq kimi verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış **********31 saylı 27.05.2021-ci il tarixli məktubdan görünür ki, ünvan 3 ünvanında 39 mənzil (3, 9, 12, 13, 14, 16, 17, 19, 21, 22, 23, 24, 24B, 25, 27, 29, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 43, 44, 47, 48, 52, 53, 55, 57, 58, 60, 62, 63, 64) qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan mənzildə həm faktiki olaraq, həm də daimi qeydiyyata alınmaqla 2009-cu ilin oktyabrından əvvəlki dövrdə yaşadığından mənzil münasibətləri də həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsi ilə tənzimlənməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 08.07.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 01.10.2009-cu il tarixədək qüvvədə olan) 52-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla birlikdə yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər («Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinin birinci hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə, 43-cü maddəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğunluğu haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14.04.2000-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinin birinci hissəsinin “müəyyən edilmiş qaydada” müddəası qüvvədən düşmüş hesab edilmişdir). Həmin Məcəllənin 85-ci maddəsinə əsasən icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. 01.10.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 81-ci maddəsinə görə bir mənzildə yaşayan və mənzildəki yaşayış sahələrindən ayrı-ayrı sosial kirayə müqavilələri əsasında istifadə edərək, bir ailədə birləşmiş vətəndaşların yaşadıqları bütün yaşayış sahələrinin sosial kirayə müqaviləsini onlardan biri ilə bağlamağı tələb etmək ixtiyarı vardır. Kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhər Cavabdeh 19.02.1992-ci il tarixli 162/18 saylı Sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, 203 saylı evin 10 saylı 16 kv.m sahəsi olan mənzili iş yerindən mənzil növbəsi çatanadək müvəqqəti yaşamaq üçün İddiaçı verilmişdir. Həmin mənzilin şəxsi hesab vərəqəsi iddiaçının adınadır. İddiaçı və onun ailə üzvləri həmin mənzildə 1992-ci ildən etibarən daimi qeydiyyatda olmaqla yaşayır. İddiaçının həmin ünvanda yaşayan və daimi qeydiyyatda olan övladları qeyd olunan mənzilin anaları İddiaçı adına rəsmiləşdirilməsinə etiraz etmirlər. Həmçinin Azərbaycan Təhsil İşçiləri X12 Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Həmkarlar İttifaqı Komitəsinin 07.09.2020-ci il tarixli arayışına əsasən İddiaçı ADNSU-da ev növbəsində qeydiyyatı yoxdur. Göründüyü kimi, iddiaçı və onun ailə üzvləri qeyd olunan mənzildə həm faktiki olaraq, həm də qeydiyyata alınmaqla 2009-cu ilin oktyabrından əvvəlki dövrdən yaşayırlar və mənzil münasibətləri də həmin dövrdə yaranmışdır. Məhkəmə hesab edir ki, iddiaçı mənzilə ehtiyacı olan şəxs kimi Nəsimi RİH tərəfindən 1992-ci ildən həmin ünvana köçürüldüyü və həmin tarixdən bugünədək həmin ünvanda ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla yaşadığı üçün 01.10.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 85-ci maddəsinin tələblərinə əsasən özünün icarədar hesab edilməsini tələb edə bilər. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddia təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, 203 saylı evin 10 saylı mənzilinə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar