Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-22/2024 24.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X26, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “daşınmaz əmlaka mülkiyyət hüququna dair qeydiyyatın ləğv edilməsi və yeni qeydiyyatın aparılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X26, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “daşınmaz əmlaka mülkiyyət hüququna dair qeydiyyatın ləğv edilməsi və yeni qeydiyyatın aparılması” tələbinə dair iddiası üzrə inzibati işə 24 sentyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçılar X7, İddiaçı, X12, X13, X14, X23, X27, X4, X29, X15, X8, X16, X17, X30, X9 və X5 xx.xx.2011-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək alqı-satqı müqaviləsi əsasında əldə etdikləri daşınmaz əmlakla bağlı çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə iddiaçıların iddiası təmin edilmiş və hazırkı iddiaçıya münaasibətdə ünvan 1 ünvanında yerləşən alqısatqı müqaviləsi ilə istifadəsində olan 200.0 kv.m torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına uyğun (X=408836.6783,Y=4470347.6744,X=408832.2886, Y=4470359.8880, X=408846.0118, Y=4470365.9439, X=**********, Y=4470353.7303) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın və texniki pasportunun verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi xx.xx.2012-ci il tarixli qərardan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apellyasiya şikayəti qismən təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ləğv edilmiş və iş üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iştirakı ilə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (hazırda Əmlak Məsələləri Dövlət Xidməti) və X26 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)- 29/2019 saylı qərardadına əsasən iddiaçılar İddiaçı və digərlərinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə (qurum DƏDRX Bakı şəhər Ərazi İdarəsinin bazasında yaradılmışdır) qarşı “torpaq sahələrinə hüquqların qeydiyyata alınması, reyestrdən çıxarışların və texniki pasportların (plan-ölçünün) verilməsi” barədə iddia tələbləri üzrə işdən iddiaçı X3 cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə hüququn qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” barədə iddia tələbi üzrə icraatların ayrılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 2-1(112)-1975/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X26, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “torpaq sahəsinə hüququn qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” tələbi barədə inzibati mübahisəyə dair iş üzrə iddianın geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddiaçı xx.xx.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 2-1(112)-1975/2020 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 2-1(112)-1975/2020 nömrəli qərardadı ləğv edilmiş, inzibati iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, Kazımağa Kərimov küçəsi, 34/75 saylı sahənin bir hissəsi ünvanında yerləşən 0,02 ha torpaq sahəsinə mülkiyyət hüququna dair qeydiyyatın ləğv edilməklə yenidən həmin torpaq sahəsinə mülkiyyət hüququna dair qeydiyyatının aparılması və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 0,02 ha torpaq sahəsini X10 notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi əsasında almışdır. Alqı-satqı həyata keçirildikdən sonra çıxarış almaq üçün cavabdehə müraciət edilmiş, lakin müraciətin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Üçüncü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin etirazı: Üçüncü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, mübahisəli ərazi Müdafiə Nazirliyinin Abşeron rayon Mənzil-İstismar hissəsinin təminatında olan faktiki olaraq 1950-ci ildən 8 saylı hərbi şəhərcikdə yerləşir. Mübahisəli torpaq sahəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N" saylı hərbi hissəsinə müddətsiz istifadəyə verilmişdir. Mübahisəli ərazi sutka ərzində mühafizə olunur, həmin əraziyə giriş yalnız Azərbaycan Respublikası Müdafiə Nazirliyinin icazəsi ilə mümkündür və hal-hazırda da həmin ərazidə yalnız Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə məxsus olan tikintilərdir. İddiaçı iddia ərizəsi araşdıralarkən müəyyən edildi ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatı olmadan operativ istifadəsində olan torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi qeyd olunan ünvanda yerləşən ümumi sahəsi 1540 m olan qeyri yaşayış sahəsini icarə müqaviləsinə əsasən əvvəlki mülkiyyətçi X21 verilmiş və o, öz növbəsində 19 noyabr 2001-ci il tarixli 311 nömrəli alqı-satqı müqaviləsi ilə satın almışdır. Həmin torpaq sahəsini X26 1540 m olan sahəni hissələrlə ayrı-ayrı vətəndaşlara, həmçinin İddiaçı alqı-satqı müqavilələri əsasında satmışdır. Qanunvericiliyin tələblərinə əsasən Azərbaycan Respublikasının müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün saxlanılan hərbi hissələrin istifadəsində olan əmlakın özəlləşdirilməsi qadağan olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 23.1-ci maddəsinə əsasən hərbi hissələrin, hərbi təhsil müəssisələrinin, müdafiə və təhlükəsizlik orqanları müəssisələrinin, idarələrin və təşkilatların daimi yerləşdirilməsi və fəaliyyət göstərməsi üçün verilmiş torpaqlar müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar hesab edilir. Torpaqların kateqoriyalara aid edilməsi və bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən (Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 176 nömrəli 4 avqust 1999-cu il tarixli Fərmanının 2-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini Azərbaycan Respublikasının Nazirlər Kabineti) həyata keçirir. Lakin, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 176 nömrəli 4 avqust 1999-cu il tarixli Fərmanının 2-ci bəndini kobud şəkildə pozaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin səlahiyyətlərindən istifadə edərək, mübahisəli torpaq sahəsini bir kateqoriyadan digərlərinə keçirilməsinə sərəncam vermişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin və digər üçüncü şəxslər X26 və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin və digər üçüncü şəxslər X26 və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi təmsil etdiyi qurumun mövqeyini müdafiə etmiş və iddianın təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxmışdır. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Mülkiyyət hüququ haqqında xx.xx.2005-ci il tarixli, 006317 nömrəli şəhadətnamədən görünür ki, ünvan 3 ünvanında yerləşən 1179,25 kvm qeyri-yaşayış sahəsinin mülkiyyətçisi X22r; Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, 001314 nömrəli “Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair” Şəhadətnaməyə əsasən, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 11572,8 kv.m olan torpaq sahəsi qanunvericiliklə müəyyən edilmiş qaydada X2; xx.xx.2008-ci il tarixli, AN-İN ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən, ünvan 3 ünvanında yerləşən Rizvan Quliyevin mülkiyyətində olan 11572,8 kv.m torpaq sahəsindən 0,02 ha torpaq sahəsi İddiaçı, 0,02 ha torpaq sahəsi X1. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********31 saylı məktubunda qeyd edilmişdir ki, ünvan 4 ünvanda yerləşən torpaq sahəsinin Müdafiə Nazirliyinin istifadəsi ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir; Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli **********36 saylı məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, K.Kərimov küçəsi, 34/37 ünvanında yerləşən, Müdafiə Nazirliyi tərəfindən mühafizə olunan torpaq sahəsinin təyinatı ilə bağlı bildirilmişdir ki, vahid elektron kadastr məlumat bazası “NECAS” (TEKUİS) sisteminə əsasən, qeyd olunan ərazi “yaşayış məntəqələrinin torpaqları” kateqoriyalı göstərilsə də, saylı hərbi hissə kimi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin xx.xx.2022ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 3 ünvanında daşınmaz əmlakın reyestrində qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatı haqqında çıxarışlara əsasən vətəndaşlara (İddiaçı) verilmiş torpaq sahələri təminatında olan "H.Aslanov-8” hərbi şəhərciyinin ərazisinə aiddir. Qeyd olunan ərazidə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi yerləşdirilmişdir. Xidməti zərurətlə əlaqədar ərazi boşaldılaraq mühafizə üçün Bakı Qarnizonu hissəsinin 9 nömrəli mənzil-istismar sahəsinə təhvil verilmiş və hal-hazırda ərazi Bakı Qarnizonu hissəsinin 9 nömrəli mənzil-istismar sahəsi tərəfindən mühafizə olunur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, Kazımağa Kərimov küçəsi, 34/75 saylı sahənin bir hissəsi ünvanında yerləşən 0.02 ha torpaq sahəsi ünvan 5estr nömrəli xx.xx.2008-ci il tarixli alqısatqı müqaviləsinə və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-607/2012 nömrəli xx.xx.2012-ci il tarixli qərarına əsasən xx.xx.2014-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2in(82)-607/2012 saylı qərarı ilə iddia təmin olunmuş və müvafiq torpaq sahələrinə dair iddiaçıların adına reyestrdən çıxarışların verilməsi öhdəliyi cavabdeh DƏDKR Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı İdarə tərəfindən icra olunaraq müvafiq əmlaklara dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılaraq reyestrdən çıxarışlar verilmişdir. Daha sonra 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarından Azərbaycan Respublikası Müdafiə Nazirliyi apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(103)-60/17 saylı qərardadı ilə iş üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apellyasiya şikayəti qismən təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ləğv edilmiş və iş üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iştirakı ilə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(82)-29/2019 saylı qərardadı ilə iddiaçılar X23, X7 və digərlərinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə hüququn qeydiyyata alınması, reyestrdən çıxarışların verilməsi” tələbinə dair iddiasının geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Göründüyü kimi sözügedən torpaq sahələrinin sənədləşdirilməsinə əsas olan 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2in(82)-607/2012 saylı xx.xx.2012-ci il tarixli qərarı ləğv olunmuş, iş üzrə icraat təzələnmiş və daha sonra 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən iddiaçıların iddiaları geri götürülmüş sayılmış, iş üzrə icraata xitam verilmişdir. İdarəyə daxil olmuş Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(82)-29/2019 saylı məktub ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(82)- 29/2019 saylı qərardadından şikayət verilmədiyi və qanuni qüvvəyə mindiyi bildirilmişdir. Məktuba əlavə edilmiş: xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı adına Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, Kazımağa Kərimov küçəsi, 34/75 saylı sahənin bir hissəsi ünvanında yerləşən 0,02 ha torpaq sahəsinə mülkiyyət hüququna dair qeydiyyat aparılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Məhkəmənin mövqeyi: İşdən göründüyü kimi, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, 001314 nömrəli “Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair” Şəhadətnaməyə əsasən, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 11572,8 kv.m olan torpaq sahəsi qanunvericiliklə müəyyən edilmiş qaydada X2. xx.xx.2008-ci il tarixli, AN-İN ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən, ünvan 3 ünvanında yerləşən Rizvan Quliyevin mülkiyyətində olan 11572,8 kv.m torpaq sahəsindən 0,02 ha torpaq sahəsi İddiaçı satılmışdır. xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı adına Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, Kazımağa Kərimov küçəsi, 34/75 saylı sahənin bir hissəsi ünvanında yerləşən 0,02 ha torpaq sahəsinə mülkiyyət hüququna dair qeydiyyat aparılmışdır. ’’Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsinə əsasən, dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdınlmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Beləliklə, iddiaçının əldə etdiyi torpaq sahəsi üzərində satıcının mülkiyyət hüququ daşınmaz əmlakın reyestrində qeydə alınmaqla dövlət tərəfindən tanınmış və təsdiq edilmişdir. ’’Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün əsaslardan biri hesab edilir. İddiaçı da məhz həmin əsasa istinad edərək, notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında mülkiyyət hüququn dövlət qeydiyyatına alınmasında iddialıdır. Məhkəmə, hesab edir ki, iddiaçının həmin müqaviləyə istinad etməklə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair iddiaçı qanuni və əsaslı hesab edildiyindən cavabdehin imtinası onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə hesab edir ki, bununla əlaqədar Konstitusiya Məhkəməsinin notariat qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinin, eləcə də həmin müqavilənin bağlanılmasına hüquqi zəmin yaratmış daşınmaz əmlakın dövlət əmlakı kimi özəlləşdirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin mübahisələndirilməmiş sərəncamı və alqı-satqı müqaviləsinin mötəbərliyinə dair Qərarlarında nəzərdə tutulan mövqenin qeyd edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Ş.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 dekabr 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 oktyabr 2019-cu il tarixli qərarından görünür ki, Müdafiə Nazirliyinin də tərəf olduğu hazırkı mübahisə üzrə oxşar mübahisəyə dair Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin mübahisəli əmlakın özəlləşdirilməsi ilə bağlı sərəncamına əsasən bağlanmış alğı-satqı müqaviləsinə etimad göstərilməli və vətəndaşın daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında əldə etdiyi mülkiyyət hüququ qorunmalıdır. mülki iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmiş hallardan görünür ki, iddiaçı tərəfindən mübahisəli əmlakın məhz müdafiə və sərhəd qoşunlarının operativ istifadəsində olmasını təsdiqləyən hər hansı sübut təqdim edilmədiyi halda apellyasiya instansiyası məhkəməsi yalnız mübahisəli əmlakın Müdafiə Nazirliyinin balansında olmasına əsaslanmaqla, həmin əmlakın özəlləşdirilməsi qadağan edilmiş əmlak siyahısına aid olduğu qənaətinə gələrək “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 31-ci maddəsinə istinad edərək bağlanmış alğı-satqı müqavilələrini etibarsız hesab etmişdir. İİ Dövlət Proqramının 1.1-ci bəndi ilə müəyyən edilmişdir ki, İİ Dövlət Proqramının baş icraçısı və onun həyata keçirilməsi ilə bağlı müvafiq dövlət orqanlarının fəaliyyətini əlaqələndirən orqan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsidir. X38 9.1-ci bəndinə əsasən, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələri qanunvericiliyə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə satılır. Bu sahədə məhdudiyyətlər olduqda torpaq sahələrinin verilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Eyni zamanda, Konstitusiya Məhkəməsinin “İ.Əhmədov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 iyul 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2 iyun 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi (bundan sonra – Müdafiə Nazirliyi) cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra – Əmlak Məsələləri Dövlət Komitəsi), Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – "xxxx" MMC), G.Tahirli, Q.Qafarov və qeyrilərinə qarşı alğısatqı müqavilələrinin etibarsız hesab edilməsi, torpaq və qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Konstitusiya Məhkəməsi həmin qərarında qeyd etmişdir ki, Məhz dövlət əmlakının özəlləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ölkə iqtisadiyyatında özəl sektorun rolu xeyli dərəcədə artmış, milli iqtisadiyyatın səmərəliliyi yüksəlmişdir. Bu baxımdan hər hansı əmlakın dövlətin müstəsna mülkiyyətində olması həmin əmlakın özəlləşdirilməsini istisna etmir. Əksinə “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsində özəlləşdirilməsi qadağan edilmiş əmlakın siyahısı məhdud şəkildə müəyyən edilmiş və belə əmlak növlərindən biri kimi Azərbaycan Respublikasının müdafiə və sərhəd qoşunlarının, gömrük orqanlarının operativ istifadəsində olan əmlak nəzərdə tutulmuşdur (Konstitusiya Məhkəməsi Plenumunun Ş.Əliyevanın şikayəti üzrə 2019-cu il 11 oktyabr tarixli Qərarı). Eyni zamanda Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən 2019-cu il 11 oktyabr tarixli Qərarında dövlət əmlakının özəlləşdirilməsinə səlahiyyətli olan Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən icarəyə verilmiş əmlaka dair bağlanmış alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsinin əsasları göstərilmiş, belə müqavilələrə etimadın, habelə vətəndaşın daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə təsdiqlənmiş mülkiyyət hüququnun qorunması xüsusilə vurğulanmışdır. Konstitusiya Məhkəməsinin qərarlarından da göründüyü kimi hətta alqı-satqı müqavilələrin və özəlləşdirmənin Müdafiə Nazirliyi tərəfindən mübahisələndirildiyi həmin işlər üzrə Məhkəmə alqı-satqı müqaviləsinin mötəbərliyinə xüsusi qiymət vermiş, Avropa Məhkəməsinin present hüququnun tələbləri də nəzərə alınmaqla bir inzibati orqanın ehtimal olunan səhv qərarının sıravi şəxslərin hüquq və mənafelərinin pozulmasına səbəb olmaması ilə bağlı mövqe nümayiş etdirmişdir ki, Konstitusiya Məhkəməsi xüsusi ilə vurğulamışdır ki, qeyd edilən dövlət qurumlarının hərəkətlərinə etimad göstərməklə mübahisəli torpağı vicdanlı şəkildə əldə etmələrini nəzərə alınmalı olması göstərilmişdir. Hazırkı mübahisə isə, məhkəmə hesab edir ki, iddianın təmini baxımından daha tutarlı əsaslara malikdir. Belə ki, yuxarıda adıçəkilən Konstitusiya Məhkəməsinin icraatında olmuş işlərdən fərqli olaraq hazırkı halda özəlləşdirmə proseduru və alqı-satqı müqavilələri ümumiyyətlə mübahisələndirilməmiş, sərəncam və müqavilələrin ləğvinə dair iddialar irəli sürülmədən həmin sənədlər qüvvədə olması nəzərə alınmadan iddiaçının mülkiyyət hüququna məhdudiyyətin yaranmasına yönələn hərəkətlər edilmişdir. İndiki halda vəziyyət belədir ki, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı cavabdehin üst qurumu tərəfindən sərəncam və alqı-satqı müqaviləsi bağlanılır, həmin müqavilə və sərəncam cavabdeh və onun üst qurumu kimi icraedici hakimiyyət orqanı qismində çıxış edən Müdafiə Nazirliyi tərəfindən mübahisələndirilmir, mötəbərliyi məhkəmə qaydasında yoxlanılmır, lakin həm cavabdeh, həm Nazirlik hesab edir ki, notarius tərəfindən müqavilənin bağlanılması qanunsuz olmuşdur, çıxarış verilməməlidir. Göründüyü kimi, iki inzibati orqan arasında torpaq sahəsinə dair hüquqi müstəviyə çıxarılmamış, faktiki xarakterli mübahisə notariat qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinin mötəbərliyinə şübhənin yaranmasına yönəlmiş hərəkətlərin edilməsi ilə nəticələnir. Qeyd edilməlidir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Göründüyü kimi Konstitusiya Məhkəməsi Avropa Məhkəməsinin də müvafiq qərarlarını də nəzərə almaqla hesab etmişdir ki, inzibati orqan tərəfindən, daha doğrusu inzibati orqanın məsul əməkdaşları tərəfindən yol verilən səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz. Məhkəmə hesab edir ki, həmin qərarda nəzərdə tutulmuş hüquqi mövqe nəzərə alınmalıdır. Belə ki, iddiaçı alqı-satqı müqaviləsini imzalayarkən satıcının həmin əmlaka daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa etibar etmişdir. Nəinki, alıcı, eləcə də notariat hərəkətləri həyata keçirmək kimi inzibati publik səlahiyyətə malik olan və qanuni əsaslar olduğu təqdirdə müqavilələri təsdiq etməkdən imtina etmək hüququna malik olan notarius da həmin sənədlərin mötəbərliyinə etibar etmişdir. Hazırkı halda, notarius və alıcıdan sənədlərin mötəbərliyinə şübhə edilməsinin gözlənilməsi də məhkəmə işin faktiki hallarına uyğun hesab etmir. Belə ki, mülkiyyət hüquqlarının bir şəxsdən digər şəxsə keçməsinə yönələn əqdlərin bağlanılması ilə bağlı zəruri sənəd qismində daşınmaz əmlakın dövlət reyestrindən çıxarış çıxış edir ki, alıcı və notarius da həmin sənədə istinad etməklə hərəkət etmişdir. Beləliklə, hazırkı halda nə qədər ki satıcının adına olmuş mülkiyyət hüquqlarının dövlət qeydiyyatına əsas olmuş sənədlər ləğv edilməmiş, eyni zamanda alıcı və satıcı arasında alqı-satqı müqaviləsi etibarsız hesab edilməmişdirsə iddiaçının adına mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtinanın qanuni əsasından söhbət gedə bilməz. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mübahisə predmeti daşınmaz əmlaka mülkiyyət hüququna dair qeydiyyatın aparılmasına əsas olmuş məhkəmə aktı ləğv edildiyindən, həmin qeydin ləğv edilməsi və mübahisə predmeti torpaq sahəsinə dair yeni qeydiyyatın aparılması tələbində iddiaçı haqlıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, Kazımağa Kərimov küçəsi, 34/75 saylı sahənin bir hissəsi ünvanında yerləşən 0,02 ha torpaq sahəsinə mülkiyyət hüququna dair qeydiyyatın (Çıxarış RX № 0475249, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2014) ləğv edilməsi və həmin - Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, Kazımağa Kərimov küçəsi, 34/75 saylı sahənin bir hissəsi ünvanında yerləşən 0,02 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ yenidən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, Kazımağa Kərimov küçəsi, 34/75 saylı sahənin bir hissəsi ünvanında yerləşən 0,02 ha torpaq sahəsinə mülkiyyət hüququna dair qeydiyyatın (Çıxarış RX № 0475249, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2014) ləğv edilməsi və həmin - Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, Kazımağa Kərimov küçəsi, 34/75 saylı sahənin bir hissəsi ünvanında yerləşən 0,02 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ yenidən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-22/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-22/2024
24.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver