Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-220/2025 16.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Sabir oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi, İddiaçı iştirakı ilə iddiaçının cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə cizgi aktının verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, Nizami rayonu ərazisində sökülmüş və tikintisi dayandırmış ticarət obyekti barədə dövlətin başçısına, dövlət strukturlarının müvafiq orqanlarına çoxsaylı müraciətlər edərək huqularının bərpası xahiş olunmuşdur. Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 434 nömrəli Sərəncamı ilə Qarabağ müharibəsi veteranı, ehtiyatda olan kapitan vətəndaş İddiaçı Şahhüseyn oğluna Bakı-Aeroport yolu ətrafında yeni tikilmiş məktəbin şimal hissəsində ticarət obyektinin tikilməsi üçün 120 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsinə cizginin verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh məhkəməyə daxil olmuş etiraz məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”də Rayon İcra Hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək səlahiyyətləri nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 04.08 1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş, “müvafiq icra hakimiyyəti orqanının səlahiyyətləri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerqurluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinin tələblərinə əsasən yerqurluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1036/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə “X5” Şirkəti hazırki iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. “X5” Şirkətinin nümayəndəsi iddia tələbinə münasibətdə ərizə təqdim edərək bildirmişdir ki, DƏDKR 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2024-cü il tarixli məktubunda sözügedən torpaq sahəsinin vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin ARDNŞ-nin (“X5” Şirkətinin) kontrakt ərazisi olduğu bildirilmişdir. AR DƏDK və RPHŞ-in 1 saylı Bakı Əİ-nin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş koordinatlar üzrə torpaq sahəsinin Şirkətin saziş ərazisi hüdudları daxilində yerləşib-yerləşməməsini müəyyən etmək üçün Şirkətin Geodeziya şöbəsinə elektron sorğu göndərilmişdir. Geodeziya şöbəsindən sorğuya cavab olaraq sözügedən torpaq sahəsinin Şirkətin saziş ərazisi hüdudları daxilindən kənarda, 11 km uzaqlıqda yerləşməsi bildirilmişdir. Qeyd olunanlara əsasən “X5” Şirkətinin üçüncü şəxs qismindən çıxarılması xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-220/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə “X5” Şirkətinin üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-220/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək “Suraxanı Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 434 nömrəli Sərəncamına əsasən iddiaçıya cizgi aktının verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” şəklində icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq Məhkəmə iddianın mümkünlüyü ilə bağlı bildirir ki, hazırki iş üzrə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti cavabdehlik daşıyır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş (06 iyun 2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 28-ci bəndinə görə müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı bəndinə görə torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir. Göründüyü kimi, sadalanan qanunvericilik aktlarına əsasən hazırkı ticarət obyektinin tikintisi üçün torpaq sahəsi ayrılan vaxtda və ondan sonrakı dövrlərdə torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək, torpaq istifadəçilərinin müraciəti əsasında yerquruluşu sxemlərinin hazırlanması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxildir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1359/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli,2-1(102)-1577/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarlarında da kassasiya instansiya məhkəməsi həmin işlər üzrə aidiyyəti yerli icra hakimiyyətinin cavabdehlik daşıdığını bildirmişdir. İş materiallarında olan sənədlərə əsasən: Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 434 nömrəli Sərəncamı ilə Qarabağ müharibəsi veteranı, ehtiyatda olan kapitan vətəndaş İddiaçı Şahhüseyn oğluna Bakı-Aeroport yolu ətrafında yeni tikilmiş məktəbin şimal hissəsində ticarət obyektinin tikilməsi üçün 120 kv.m torpaq sahəsi ayrılmışdır. Cavabdeh tərəfindən verilmiş imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59-cu maddəsinə və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 29 dekabr 2000-cı il tarixli qanununa əsasən 01 yanvar 2001-ci il tarixdən etibarən Bakı şəhərində vətəndaşlara fərdi yaşayış, bağ evləri, fərdi və kooperativ qaraj, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün torpaq sahəsinin ayrılması rayon İcra Hakimiyyətlərinin səlahiyyətləri xaricindədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 15 oktyabr 2024-cü il tarixli, **********12 nömrəli sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, torpaq sahəsi mövcud tikilinin divarları ilə sərhədlənib. Faktiki sahəsi 920.0 kv.m təşkil edir. Torpaq sahəsində birmərtəbəli qeyriyaşayış tikilisi(ticarət obyekti) var. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. Sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kontrakt ərazisidir (Binəqədi Oyl). Həmçinin ərazinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir. Eyni zamanda bazada sözügedən sahənin qeydiyyat və üst-üstə düşmə halı ilə bağlı məlumat yoxdur. Məhkəmə hesab edir ki, işin yuxarıda qeyd edilən faktiki hallarına qanunvericiliyinin aşağıda göstərilən normalarının tətbiqi baxımından hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi (27 fevral 2001-ci il tarixli 96 İİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüş): Maddə 14. Müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Maddə 22. Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; ... 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; ... 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. Maddə 29. Torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Maddə 57. Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. .. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür): Bənd 13. İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri q) torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. ... Qanunvericiliyin müddəalarından göründüyü kimi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilə bilən torpaq sahələri yalnız dövlət ehtiyat fondu torpaqlarına aid ola bilər və qəbul edilmiş qərarla rəsmiləşdirilməlidir. Torpaq sahəsi ayrılarkən yerquruluşu qaydalarına uyğun olaraq əvvəl onun sərhədləri yerdə (naturada) və xəritədə, yəni həmin torpaq sahəsinin digər torpaq sahələrinə münasibətdə yerləşməsi və döngə nöqtələri müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi onu ehtiva edir ki, torpaq sahəsi ayrılan şəxsə onun ölçüləri göstərilməklə təqdim edilir. Bu prosedurun nəticəsi olaraq torpaq sahəsinin planı və təsviri hazırlanmalıdır. İş materiallarından müəyyən edilir ki, yerli icra hakimiyyətinin sərəncamı əsasında torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, həm sərəncam tam şəkildə icra edilməmiş, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi verilməmiş, ticarət obyektinin tikintisi üçün ayrılmış torpaq sahəsinə dair ayrıc aktını həmin dövrdə sərəncam ilə birlikdə vətəndaşa təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının tələb etdiyi sənədin tərtib edilməsi torpaqayırma prosedurunun ayrılmaz tərkib hissəsidir və torpaqayırma prosedurunun sonunda həmin sənədin sərəncamla birlikdə təsdiqlənmiş qaydada iddiaçıya, eləcə də arxivə təqdim olunması cavabdehin məsuliyyət sferasına aid olmuşdur. Sərəncama əlavə edilmiş müvafiq sənədlərin, o cümlədən hazırkı halda torpaq aktının və torpağın yerləşmə cizgisinin lazımi qaydada təsdiqlənməməsi iddiaçının məsuliyyət sferasına aid edilə və onun təqsirli davranışının nəticəsi kimi qiymətləndirilə bilməz. Torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olmuş qanunvericiliyə görə, torpaqayırma sənədlərinin tamlığının, eyni zamanda dəqiqliyinin təmin olunması cavabdehin öhdəliyinə aid edilmişdir. Odur ki, hazırda qüvvədə olan qanunvericiliyin tələbi baxımından, cavabdehin həmin səlahiyyətə malik olub olmaması da onu mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş öhdəliyin icrasından azad etmir. Bundan başqa Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsinin ayrılması barədə sərəncam ləğv edilmədiyindən, geri çağrılmadığından, dəyişdirilmədiyindən və hal-hazırda öz hüquqi qüvvəsini saxladığından, faktiki olaraq həmin sərəncam əsasında ayrılan torpaq sahəsinə dair cizgi aktının verilməsi təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).” Cavabdeh isə heç bir obyektiv araşdıma aparmadan torpaq sahəsinə dair cizgi aktının verilməsindən imtina etmişdir ki, bununla da iddiaçının etimad göstərdiyi və halhazırda qüvvədə olan sərəncama onun etimad hüququnu pozmuşdur. Bundan başqa Məhkəmə, araşdırma zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin torpaq sahəsinə baxış keçirdiyini və bu baxışın nəticəsində torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kontrakt ərazisinin hüdudları daxilində yerləşdiyini və həmin sahənin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına daxil olduğunu qeyd etdiyini bildirir. Lakin qeyd olunmalıdır ki, iddiaçıya ayrılmış torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kontrakt ərazisinin sərhədlərində yer alması, "Binəqədi Oyl Şirkəti" tərəfindən rəsmi şəkildə təkzib olunmuşdur. Həmin şirkət, torpaq sahəsinin kadastr göstəricilərini nəzərə alaraq apardığı müstəqil araşdırma nəticəsində, torpaq sahəsinin faktiki olaraq kontrakt ərazisinin hüdudlarından kənarda yerləşdiyini müəyyən etmişdir. Bu, "Binəqədi Oyl Şirkəti"nin mövqeyinin müsbət olduğunu, yəni həmin şirkətin bu torpaq sahəsi ilə bağlı heç bir iddia və ya hüquqi tələb irəli sürmədiyini göstərir. Həmçinin, qeyd etmək lazımdır ki, torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşib-yerləşməməsi, iddiaçının ziyanına heç bir dəyişiklik gətirmir. Çünki, yuxarıda da qeyd olunduğu kimi, torpaq sahəsinin ayrılması barədə sərəncam hələ də qüvvədədir və bu vəziyyət mövcud olduğu müddətdə, torpaq sahəsinin verilməsindən imtina etmək üçün hər hansı bir əsasın olması iddiaçının etimad hüququnun pozulmasına səbəb olardı. Bundan əlavə, vahid məhkəmə təcrübəsi göstərir ki, bu cür mülkiyyət məsələlərində, şəxsin mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilməməsi, etimad hüququnu pozmayan bir praktika olaraq qəbul edilir. Beləliklə, hazırkı mübahisəyə münasibət bildirərkən, bu məhkəmə yanaşması tətbiq olunmaqla, torpaq sahəsinin mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı hər hansı bir imtina əsası mövcud deyil. Oxşar mövqeyi olaraq məhkəmə kassasiya instansiya məhkəməsinin aşağıdaki qərarlarına istinad edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1359/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “İş materiallarından müəyyən edilir ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, sərəncam tam şəkildə icra edilməmiş, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyildir. Cavabdeh qurum fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m. torpaq sahəsinə dair ayrıc aktını həmin dövrdə sərəncam ilə birlikdə vətəndaşa təqdim etməmişdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçıya Zirə qəsəbəsinin şimal-qərb hissəsində 145 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.m. torpaq sahəsinin ayrılmasına dair Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 629/611 həmin sərəncamı hazırda qüvvədədir.” Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1577/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “İş üzrə müəyyən olunur ki, iddiaçı məhz Bakı şəhər İcra Hakimiyyətinin 659 saylı 02 may 1994-cü il tarixli Sərəncamı və Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 11 yanvar 1998-ci il tarixli 13 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi (Sulutəpə) ərazisində X1 (iddiaçının mərhum əri) ayrılmış 600 kv.m torpaq sahəsinin cizgisinin təsdiq edilməsini xahiş etmişdir. İddiaçı öz tələbində hər hansı digər (o cümlədən zəbt olunmuş) sahəyə deyil, məhz sərəncama əsasən ona verilmiş torpaq sahəsinə dair cizginin təsdiq edilməsini tələb etdiyindən məhkəmələr iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişlər.” Yuxarıda göstərilən məhkəmə qərarlarından aydın olur ki, kassasiya instansiyası məhkəməsinin hazırkı işlər üzrə formalaşmış mövqeyi, torpaq sahəsinin ayrılması ilə bağlı aktın qəbul edilməsi zamanı yerli icra hakimiyyətinin həyata keçirməli olduğu vəzifələri və bu prosesin vətəndaşın xeyrinə tənzimlənməsi prinsiplərinə əsaslanır. Həmin qərarlara əsasən, yerli icra hakimiyyəti tərəfindən veriləcək yerləşmə cizgisinin təmin edilməsi, məhz həmin qurumun özünün məsuliyyətində və müvafiq səlahiyyətlər çərçivəsində olmalıdır. Bu zaman, yerli icra hakimiyyətinin bu vəzifəni yerinə yetirərkən qanunvericiliyə və müvafiq hüquqi normativ aktlara uyğun olaraq hərəkət etməsi vacibdir. İnzibati Prossesual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, məhkəmə hesab edir ki, işə iddia tələbi çərçivəsində baxılaraq hüquqi qiymət verilməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə- vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddia təmin edilsin. Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 434 nömrəli Sərəncamına əsasən İddiaçı ayrılmış torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X4
Məhkəmə qərarları › İş №2-1(112)-220/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-220/2025
16.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver