Məhkəmə qərarları › İş №2-1(112)-2200/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2200/2021

24.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2200/2021 24.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, üçüncü şəxs açıq səhmdar cəmiyyəti “xxxx” Bankının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı-İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı açıq səhmdar cəmiyyəti “xxxx” Bankı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “kompensassiya” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı açıq səhmdar cəmiyyəti “xxxx” Bankı mərkəz filialı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə, “kompensassiya” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 551 №-li xx.xx.2019-cu il tarixli Fərmanı ilə nəzərdə tutulmuş kompensasiyanın (fiziki şəxslərin banklara 10000 ABŞ dollarinadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinin bu Fərmanda göstərilən qaydada qiymətləndirilməsi nəticəsində yaranmış fərq) onun ASC “xxxx” Bankı Mərkəz filailının tərəfindən xx.xx.2014-cü il tarixli, **********83914 saylı kredit müqaviləsinə əsasən aldığı kreditə şamil olunması və yaranmış fərqin ona ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 54cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (iddia tələbinin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 551 №-li xx.xx.2019-cu il tarixli Fərmanının 3-cü bəndinə uyğun olaraq kompensasiya ödənişi ediləcək fiziki şəxslərin siyahısına daxil edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ASC “xxxx” Bankının mərkəz filialı tərəfindən xx.xx.2014-cü il tarixli **********83914 saylı kredit müqaviləsinə əsaəsn 14623 ABŞ dolları məbləğində kredit verilmişdir. O, krediti vaxtı-vaxtında ödəmiş, 07.03.201-ci il tarixdə isə kredit ödənişini vaxtından əvvəl başa çatdırmışdır. Lakin ona Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 551 №-li xx.xx.2019-cu il tarixli Fərmanı ilə nəzərdə tutulmuş kompensasiya (fiziki şəxslərin banklara 10000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatlar artmış hissəsinin bu Fərmanda göstərilən qaydada qiymətləndirilməsi nəticəsində yaranmış fərq) hazırki vaxtadək ona ödənilməmişdir. Bununla əlaqədar cavabdehə etdiyi müraciətlərə verilən xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli cavab məktublarında göstərilir ki, şəxsiyyətinin eyniləşdirməyə imkan verən məlumatlar (şəxsiyyət vəsiqəsinin nömrəsi və ya FİN kodu) əlavə edilmədiyindən müraciətinə mahiyyəti üzrə baxmaq mümkün olmamışdır. Bundan sonra o, xx.xx.2014-cü il tarixdə “xxxx” ASC-nin mərkəz filialından kredit götürərkən təqdim etdiyi MN ******* №-li, xx.xx.1999-cu ildə verilmiş zabitin şəxsi vəsiqəsinin və hazırda daşıdığı şəxsiyyət vəsiqəsinin surətlərini cavabdehə təqdim etmiş və Azərbaycan Respublikası Prezidentinin 551 №-li xx.xx.2019-cu il tarixli Fərmanı ilə nəzərdə tutulmuş kompensasiyanın ona ödənilməsi üçün göstəriş verilməsini xahiş etmişdir. Lakin cavabdeh onun müraciətinə imtina etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş və onlardan iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilmələri tələb olunmuşdur. Məhkəmə tərəfindən inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş ASC “xxxx” Bankının mərkəz filialı ASC “xxxx” Bankı ilə əvəz olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən iddia tələbinə dair xx.xx.2020-ci il tarixli 16-04889-2020 yazılı münasibəti məhkəməyə daxil olmuşdur. Cavabdeh etirazında göstərmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı barəsində sistemləşdirilmiş məlumatlar sırasında ASC “xxxx” Bankı ilə bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə dair qeydlər daxil edilmədiyindən, habelə həmin bank tərəfindən bu müqavilə barəsində ləğv olunmuş Maliyyə X2 vaxtında hər hansı məlumatlar təqdim olunmadığından vətəndaşın adı bu hissədə Fərmanın təsiri çərçivəsinə düşən şəxsərin siyasınına əlavə edilməmişdir. Hazırda ASC “xxxx” Bankı tərəfindən məhkəməyə təqdim edilmiş arayışda göstərilmişdir ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçıya 14.623 ABŞ dolları məbləğində kredit verilmişdir və həmin müqavilə üzrə iddiaçının birinci devalvasiya gününə (xx.xx.2015-ci il tarixə) 6.056,27 ABŞ dolları, ikinci devalvasiya gününə isə (xx.xx.2015-ci il tarixə) 4.028,24 ABŞ dolları ödənilməmiş əsas kredit borcu qalmışdır. Borclu xx.xx.2017-ci il tarixində kredit müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdir. Beləliklə, sözügüdən kredit müqaviləsinin həqiqətən də ASC “xxxx” Bankı ilə İddiaçı Vafiq oğlu arasında bağlanılması məhkəmə tərəfindən təkzibedilməz şəkildə təsdiq olunarsa, Fərmanın 1.1-ci və 1.2-ci bəndləri nəzərə alınmaqla sonuncunun adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsinə və ona tərəflər arasında bağlanmış xx.xx.20144-cü il tarixli kredit müqaviləsi üzrə 1.514,24 manat və 2.416,94 manat olmaqla cəmi 3.931,18 manat kompensasiyanın hesablanmasına etiraz edilmir. xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş iddiaçı və cavabdeh müvafiq olaraq məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs ASC “xxxx” Bankının nümayəndəsi X3 izahatında göstərmişdir ki, İddiaçı ilə ASC “xxxx” Bankı arasında bağlanmış xx xxx 2014cü il tarixli **********3914 №-li Kredit müqaviləsinə əsasən Bank tərəfindən iddiaçıya 36 ay müddətinə, illik 14% ödənilməsi şərtilə, 14.623 ABŞ dolları məbləğidə kredit verilmişdir. xx.xx.2016-cı il tarixli 01 saylı Əlavə sazişə əsasən kredit müqaviləsi üzrə kreditin müddəti 12 ay uzadılmış və kreditdən istifadəyə görə müəyyənləşdirilmiş illik fazi dərəcəsi 12 %-ə endirilmişdir. Kredit üzrə iddiaçının xx.xx.2015-ci il tarixinə əsas borcu 6.056,97 ABŞ dolları məbləğində, xx.xx.2015-ci il tarixinə isə 4.028,24 ABŞ dolları məbləğində olmuşdur. xx.xx.2017-ci il tarixində kredit üzrə öhdəliklər tam olaraq yerinə yetirilmişdir. Kreditin verildiyi tarixdən kredit müqaviləsi üzrə borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2017-ci il tarixinədək iddiaçının vaxtı keçmiş kredit borcu mövcud olmamışdır. Ümumilikdə isə iddiaçının ödənişlərində ayrı-ayrı tarixlərdə cəmi 83 gün gecikməsi müşahidə edilmişdir. Nümayəndə qeyd olunanların nəzərə alınmaqla mübahisənin məhkəmənin mülahizəsinə əsasən həll olunmasını xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq, üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İş materiallarında olan; AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, xx.xx.1972-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 mənzil 2 ünvanda qeydiyyatdadır. **********83914 nömrəli xx xxx 2014-cü il tarixli kredit müqaviləsi ilə müəyyən olunur ki, ASC “xxxx” Bankının mərkəz filialı (Bank) ilə İddiaçı (“Borcalan”) arasında kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Bank tərəfindən “Borcalan”a illik 14 faiz olmaqla, 36 ay müddətinə 14.623 (on dörd min altı yüz iyirmi üç) ABŞ dolları kredit verilmişdir. xx.xx.2014-cü il tarixli **********83914 nömrəli kredit müqaviləsinə 1 saylı Əlavədən (ödəniş cədvəli) görünür ki, İddiaçı əsas borc -14.623 ABŞ, faizlər-3.370,79 ABŞ, cəmi 17.993,79 ABŞ dolları ödəniş etməlidir. xx xxx 2014-cü il tarixli **********83914 №-li Kredit müqaviləsinə 01 №-li Əlavə sazişdən görünür ki, ASC “xxxx” Bankının mərkəz filialı ilə İddiaçı arasında xx xxxxxx 2016-cı il tarixdə müqavilə bağlanaraq, Azərbaycan Respublikası milli valyutasının sərbəst dönərli valyutalara, xüsusən də ABŞ dollarına münasibətdə ucuzlaşması nəticəsində yaranmış iqtisadi şərait nəzərə alınaraq, borc alanların maliyyə iqtisadi cəhətdən dəstəklənməsi və sonunculara güzəştlərin edilməsi barədə Bank tərəfindən qəbul olunmuş qərarlara əsasən Kredit müqaviləsi üzrə kreditdən istifadəyə görə müəyyənləşdirilmiş illik faiz dərəcəsinin 14%-dən 12%-ə endirilməsi və kreditləşmə müddətinin 12 (on iki) ay, yəni xx.xx.2018-ci il tarixinədək uzadılması ilə bağlı Kredit müqaviləsinə dəyişiklərin edilməsi bu Sazişin predmetini təşkil etmişdir. Azərbaycan Respubllikası Mərkəzi Bankı tərəfindən İddiaçıa göndərilmiş imtina məktubunda qeyd edilmişdir ki, onun kredit tarixçəsi barədə kredit təşkilatları tərəfindən uçotun düzgün aparılmaması nəticəsində Mərkəzi Kredit Reyestrinə Fərman tarixinədək heç bir məlumat daxil edilməmişdir. Bununla əlaqədar, sorğu edilən kreditlərin devalvasiya tarixlərində və Fərman tarixində mövcud olmasına, habelə təqdim olunmuş müqavilələrin həqiqiliyinə məhkəmə ekspertizası nəticəsində qərar verilməsi zərurəti yaranmışdır. Məhkəmənin müvafiq sorğusuna əsasən ASC “xxxx” Bankı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2450 №li cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı ilə ASC “xxxx” Bankı arasında bağlanmış xx xxx 2014-cü il tarixli **********3914 №-li Kredit müqaviləsinə əsasən Bank tərəfindən iddiaçıya 36 ay müddətinə, illik 14% ödənilməsi şərtilə, 14.623 ABŞ dolları məbləğidə kredit verilmişdir. xx.xx.2016-cı il tarixli 01 saylı Əlavə sazişə əsasən kredit müqaviləsi üzrə kreditin müddəti 12 ay uzadılmış və kreditdən istifadəyə görə müəyyənləşdirilmiş illik fazi dərəcəsi 12 %-ə endirilmişdir. Kredit üzrə iddiaçını xx.xx.2015-ci il tarixinə əsas borcu 6.056,97 ABŞ dolları məbləğində, xx.xx.2015ci il tarixinə isə 4.028,24 ABŞ dolları məbləğində olmuşdur. xx.xx.2017-ci il tarixində kredit üzrə öhdəliklər tam olaraq yerinə yetirilmişdir. Kreditin verildiyi tarixdən kredit müqaviləsi üzrə borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2017-ci il tarixinədək iddiaçının vaxtı keçmiş kredit borcu mövcud olmamışdır. Ümumilikdə isə iddiaçının ödənişlərində ayrı-ayrı tarixlərdə cəmi 83 gün gecikməsi müşahidə edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən, banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş və bu Fərmana əsasən, hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləği və borcluların siyahısı müəyyən edilməlidir. Bu Fərmanın 1-ci bəndinə əsasən 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 2.1-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi tətbiq olunmalıdır. Həmin Fərmanın 2-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ya ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməli, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməlidir. Həmin Fərmanın 7.1-ci maddəsində Azərbaycan Respublikasının Maliyyə X2 tapşırılmışdır ki, banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. Həmin Fərmanın 8.6-cı bəndində vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar müəyyən edilmişdir. Həmin Fərmanın 8.8-ci bəndində güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər müəyyən edilmişdir. Fərmanın icrası Azərbaycan Respublikası Maliyyə X2 həvalə olunmuşdur (hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankı). İşin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı barəsində ASC “xxxx” Bankı Mərkəz filialı tərəfindən kredit məlumatlarının Azərbaycan Respublikası Maliyyə X2 təqdim edilməməsi səbəbindən Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanı onun barəsində tətbiq edilməmişdir. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, İnzibati icraat haqqında” Qanunun: 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə İddiaçı ASC “xxxx” Bankı mərkəz filialı ilə bağladığı xx xxx 2014-ci il tarixli kredit müqaviləsi (və xx.xx.2016-cı il tarixli Əlavə saziş) üzrə kompensasiyanın hesablanması müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hazırki qərarda hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə iddiaçı xx.xx.1972-ci il təvəllüdlü İddiaçı Açıq Səhmdar Cəmiyyəti “xxxx” Bankının Mərkəz filialı ilə bağladığı xx.xx.2014-cü il tarixli **********83914 №li kredit müqaviləsi (və xx.xx.2016-cı il tarixli Əlavə saziş) üzrə kompensasiyanın hesablanması müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar