Məhkəmə qərarları › İş №2-1(112)-2200/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2200/2022

12.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2200/2022 12.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvanı: Bakı şəhəri, M.Müşfiq küçəsi, ev 12, mənzil 3; ixtisası: iqtisadçı; iş yeri: işləmir), cavabdehin nümayəndəsi X3 (Ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 27, mənzil 18; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı, Məhkəmə mübahisələri üzrə iş şöbəsinin böyük mütəxəssisi) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçının X5 Partiyasının Ermənistan Lenin X2 müxtəlif orqanlarında və Ermənistan X1 Komitəsində 28.09.1977-01.09.1989-cu illərdə işlədiyi dövr, Azərbaycan Respublikası Həmkarlar X4 11.01.1990-cı il tarixli 39 saylı qərarı ilə 01.09.1989- 11.01.1990-cı ilə olan bərpa olunmuş iş stajı dövlət qulluğu stajına daxil olunmaqla, ona xx.xx.1956-cı il təvəllüdlü İddiaçı, 65 yaşı tamam olduğuna görə 16.07.2021-ci il tarixindən hesablanaraq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi və yığılan pensiya ödənişinin hesablanaraq ödənilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabddehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 10.11.2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Məhkəmənin qərardadı ilə iddiaçının “İddiaçı 16.07.2021-ci il tarixdən, yəni 65 yaşdan dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddianın dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. Daha sonra iş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 12.01.2022-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü İddiaçı, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə 7 iyul 2021-ci il tarixində cavabdehə müraciət etmişdir. Cavabdeh orqan 27 iyul 2021-ci il tarixli **********9 nömrəli məktubu ilə ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Həmin imtina məktubunda “Əmək pensiyaları haqqında" Qanunun 20.11.1-ci 20.11.2-ci maddələrinin 1 iyul 2017-ci il tarixindən qüvvədə olan redaksiyalarına və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsaslanaraq qeyd olunmuşdur ki, onun dövlət qulluğu stajı 15 ildən az (13 il 9 gün (12.01.1990- 16.09.1991-ci il 30.09.1991-05.02.2003-cü il tarixləri arasındakı dövrlər) təşkil etdiyinə görə müraciətinin icrası mümkün deyildir. Cavabdeh orqan tərəfindən iddiaçının dövlət qulluğu stajı hesablanarkən SSRİ dövlətinin mövcud olduğu dövrdə X5 Partiyasının Ermənistan Lenin X2 müxtəlif orqanlarında və Ermənistan X1 Komitəsində 28.09.1977- 01.09.1989-cu illərdə işlədiyi dövr, həmçinin Ermənistandan deportasiya olunduqdan sonra qaçqın statusunun olduğu əsas götürülərək Əmək və Sosial məsələlər üzrə SSRİ Dövlət Komitəsinin 02.08.1985-ci il tarixli 252 saylı qərarına uyğun olaraq Azərbaycan Respublikası Həmkarlar X4 11.01.1990-cı il tarixli 39 saylı qərarı ilə 01.09.1989-01.1990-cı ilə olan bərpa olunmuş iş stajını da dövlət qulluqçusu stajına daxil edilməmişdir. Yuxarıda qeyd olunan dövrlərin onun dövlət qulluğu stajına daxil edilməsi ilə bağlı cavabdeh orqana yenidən müraciət etmişdir. Cavabdeh 20 avqust 2021-ci il tarixli **********4 nömrəli məktubu ilə müraciətinin icrasından imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı 08.07.2021-ci il tarixində Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilir ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsi tərəfindən 4 mart 2009-cu il tarixindən sabiq dövlət qulluqçusu kimi əlilliyə (İİ qrup) görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 6.2-ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. Sözügedən Qaydaların 6.2-ci bəndinin tətbiqi ilə bağlı həmin bəndin tərkib hissəsi olan 51 nömrəli misalda qeyd edildiyi kimi, təyin edilmiş yeni növ pensiya “Əmək pensiyaları haqqında” Qanununa 1 iyul 2017-ci il tarixindən edilmiş dəyişikliklərə uyğun olaraq hesablanır. “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci, 20.11.2- ci maddələrinin 1 iyul 2017-ci il tarixindən qüvvədə olan redaksiyalarına və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. İddiaçının Mərkəzi Filialda mövcud olan sənədlərdə onun dövlət qulluğu stajı 15 ildən az (13 il 9 gün (12.01.1990-16.09.1991-ci il, 30.09.1991-05.02.2003-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bu səbəbdən də İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İş materiallarından görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə Ermənistan, Amasiya rayonunda doğulmuşdur. İş materiallarından görünür ki, notarial qaydada tərcümə və təsdiq edilmiş ******* nömrəli Əmək kitabçasına əsasən İddiaçı 28.09.1977-ci il tarixdən əmək fəaliyyətinə başlamış, həmçinin 12.01.1983-26.07.1983-cü illərdə Ermənistan Kommunist Partiyası MK kənd təsərrüfatı şöbəsinin instruktoru, 26.07.1983-04.10.1986-cı illərdə Kənd təsərrüfatı şöbəsinin kənd təsərrüfatı və qida sənayesi şöbəsinin instruktoru, 04.10.1986- 14.02.1989-cu illərdə Ermənistan KP MK təşkilati – partiya işi şöbəsinin instruktoru, 14.02.1989-12.01.1990-cı illərdə Ermənistan KP MK təşkilati – partiya və kadr işi şöbəsinin cavab instruktoru, 12.01.1990-16.09.1991-ci illərdə Azərbaycan KP-ın şəhər komitəsinin təşkilat şöbəsinə instruktoru, 30.09.1991-21.02.1992-ci illərdə Bakı şəhər şurasının icra komitəsi Millətlərarası münasibətlər sektor şöbəsinin rəisi, 21.02.1992- 12.05.1993-cü illərdə Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatı yanında millətlərarası münasibətlər sektor şöbəsinin rəisi, 12.05.1993-09.09.1995-ci illərdə Qaçqınlar və məcburi köçkünlər şöbəsinin müdiri, 09.09.1995-05.02.2003-cü illərdə Azərbaycan Respublikası Prezident Aparatı Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin böyük referenti vəzifəsində işləmişdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır və iddiaçının hüququnu pozur. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Həmin Qanunun 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan imtina məktubunu və iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçının dövlət qulluğu stajı 15 ildən az (13 il 9 gün (12.01.1990-16.09.1991-ci il, 30.09.1991-05.02.2003-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Göründüyü kimi, cavabdeh inzibati orqan iddiaçının işlədiyi dövrün yalnız 12.01.1990-16.09.1991-ci il, 30.09.1991-05.02.2003-cü il tarixləri arasındakı dövrü dövlət qulluğu stajına aid etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın qeyd etdiyi dövrlərdən əlavə iddiaçının 12.01.1983 - 26.07.1983-cü illərdə Ermənistan KP MK Aparatında kənd təsərrüfatı şöbəsində təlimatçı, 26.07.1983 - 04.10.1986-cı illərdə Ermənistan KP MK Aparatında Kənd təsərrüfatı şöbəsinin kənd təsərrüfatı və qida sənayesi şöbəsində instruktor, 04.10.1986 - 14.02.1989-cu illərdə Ermənistan KP MK Aparatında təşkilati – partiya işi şöbəsində instruktor, 14.02.1989-12.01.1990-cı illərdə Ermənistan KP MK təşkilati - partiya və kadr işi şöbəsində cavab instruktoru vəzifəsində işlədiyi dövr də onun dövlət qulluğu stajına daxil edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 23.2ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikasında “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu” qüvvəyə minənədək dövlət orqanlarında mövcud olmuş vəzifələrin uyğunlaşdırılması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə aparılmışdır. Həmin “Siyahı”nın 1.4-cü bəndinə əsasən X1 Komitəsinin Aparatında instruktor (təlimatçı) vəzifəsi məsləhətçi inzibati vəzifəsinə uyğunlaşdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda iddiaçının müvafiq dövlət orqanlarında işlədiyi instruktor (təlimatçı) vəzifəsi məsləhətçi vəzifəsinə uyğunlaşdırılaraq inzibati vəzifələrə aid edilməklə dövlət qulluğu vəzifələri kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının dövlət qulluğu stajı 15 ildən çox, yəni 20 il 10 gün təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08.10.2020-ci il tarixli ““Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” qərardadında məhkəmənin gəldiyi nəticə belə olmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Məhkəmə sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının X1 Komitəsinin Aparatında işlədiyi instruktor (təlimatçı) vəzifəsi məsləhətçi vəzifəsinə uyğunlaşdırıldığından, onun 65 yaşının tamam olması və dövlət qulluğu stajının 15 ildən çox, yəni 20 il 10 gün təşkil etməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, iddiaçının hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 16.07.2021-ci il tarixdən, yəni 65 yaşdan dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçı 16.07.2021-ci il tarixdən, yəni 65 yaşdan dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar