Məhkəmə qərarları › İş №2-1(112)-2200/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2200/2024

16.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2200/2024 16.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil Məmmədəli oğlunun iştirakı ilə, İddiaçı Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin hasara alınmasına mane olan hərəkətlərdən çəkinmə” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən torpaq sahəsinin hasara alınmasına münasibət bildirilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavininin xx.xx.2023-cü il tarixli 5-20/2-1524/2023 nömrəli məktubu iddiaçının müraciəti cavablandırılmış və göstərilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 1,0 hektar torpaq sahəsinin təyinatı (kateqoriyası)” Kənd təsərrüfatı təyinatlı torpaqlar” onun istifadəsinə verilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcələsinin 13-cü maddəsinin 2-ci bəndində kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğuların quraşdırılmasına yol verildiyi nəzərə alınaraq, əsaslı tikililərin inşası məqsədəuyğun hesab edilmir. Bundan sonra İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daimi istifadəsində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0,4 ha torpaq sahəsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0,60 ha torpaq sahəsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 1,0 ha torpaq sahəsinin hasara alınması ilə əlaqədar aparılan işlərə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin maneə olmasının qadağan edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra tələbin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Suraxanı rayon İcra Hakimiyyətinə daimi istifadəsində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0,4 ha torpaq sahəsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0,60 ha torpaq sahəsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 1,0 ha torpaq sahəsinin hasara alınması ilə əlaqədar aparılan işlərə maneə olmamaları və bu cür hərəkətlərdən çəkinmələri barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İİ Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi təfəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0,4 ha torpaq sahəsi, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0,60 ha torpaq sahəsi, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 1,0 ha torpaq sahəsi iddiaçının daimi istifadəsinə verilmişdir. Torpaq sahələri birbirininə bitişik olmaqla ümumilikdə 2,0 ha təşkil edir. Hazırda istifadəsində olan həmin torpaq sahəsini kənar müdaxilədən mühafizə etmək məqsədilə hasara almaq istəyir. Lakin Suraxanı rayon İcra Hakimiyyətinin əməkdaşları maneə olur və hasar çəkməyə imkan vermirlər. Bununla əlaqədar iddiaçı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmiş, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ərizənin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq baxılması üçün Suraxanı rayon İcra Hakimiyyətinə göndərilməsi barədə xx.xx.2023-cü il tarixli, 3- 35-1/2-Y-1098-36-3 84/2023 saylı məlumat xarakterli məktub göndərmişdir. Suraxanı rayon İcra Hakimiyyəti isə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məktubuna əsasən ona xx.xx.2021-ci il tarixli, 5-20/2-1524/2023 saylı məktubla kənd təsərrüfatı torpaqlarında əsaslı tikililərin inşasının məqsədəuyğun olmaması barədə imtina məktubu göndərmişdir. Suraxanı rayon İcra Hakimiyyətinin hansı qanunvericiliyə və yaxud tikinti norma və metodikasına əsaslanaraq hasar tikintisini əsaslı tikinti hesab etmələri tamamilə anlaşılmazdır. Suraxanı rayon İcra Hakimiyyətinin bu cür hərəkətləri qanunvericiliyin tələblərinə tamamilə ziddir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli iddiaya yazılı münasibətində iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının istifadəsinə verilmişdir. Həmçinin Azərbaycan Respublikasının Torpaq Məcələsinin 13-cü maddəsinin 2-ci bəndində kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğuların quraşdırılması nəzərdə tutulduğundan hasarın çəkilməsinə maneənin qadağan edilməsinə dair iddianı əsassızdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Hazırkı iddia Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra – İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən ibarətdir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İPM-in 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddialara aiddir. İPM-in 34.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. İddiaçı hazırda cavabdehin onun istifadəsində olan torpaq sahəsini hasarlamasına maneçilik törədilməsi ilə bağlı əlverişsiz hərəkətlərdən çəkinməsini xahiş edir ki, bu iddia müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia növünə aiddir. İddiaçı həmin tələblə məhkəməyə müraciət edənədək cavabdehə yazılı müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə isə məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsassızdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixli 3M-1082 saylı daimi istifadə hüquqlarının alqı-satqı müqaviləsi əsasında Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən sahəsi 0,4 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı qızının daimi istifadə hüququ qeydə alınmışdır. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixli 3M-1120 saylı bağışlama müqaviləsi əsasında Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən sahəsi 0,60 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə (kənd təsərrüfatı məhsullarının istehsalı) İddiaçı qızının daimi istifadə hüququ qeydə alınmışdır. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixli 3M-201 reyestr nömrəli bağışlama müqaviləsi əsasında Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən sahəsi 1.0 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə (kənd təsərrüfatı məhsullarının istehsalı) İddiaçı daimi istifadə hüququ qeydə alınmışdır. Göründüyü kimi, Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən ümumilikdə 2 ha sahəsi olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının istifadəsindədir. İş materiallarından görünür ki, iddiaçı hazırda həmin torpaq sahəsini hasarlamaq niyyətindədir, cavabdeh isə hasarın çəkilməsini əsaslı tikintinin inşası olması səbəbindən məqsədəuyğun hesab etmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 2-ci maddəsinə görə məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Məcəllənin 12-ci maddəsinə görə: -1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. -2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. -3. Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. Məcəllənin 13.1-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmitədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Torpaq Məcəlləsinin 16-cı maddəsinə görə: - 1. Yay və qış otlaqları xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının ehtiyacları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə inzibati-ərazi vahidləri arasında bölüşdürülür. - 4. Yay və qış otlaqlarının (qış otlağının 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkini istisna olmaqla), örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilmir. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəniməişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər. - 5. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş "Örüş, otlaq və biçənək sahələrini istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları"na əsasən: - bənd. 22. Fiziki və hüquqi şəxslər onların istifadəsinə və ya icarəsinə verilmiş yay və qış otlaq sahələrindən, habelə örüş və biçənəklərdən təyinatına uyğun olaraq səmərəli istifadə etməlidirlər. -bənd. 23. Yay və qış otlaqlarını istifadəyə və icarəyə götürən fiziki və hüquqi şəxslər həmin sahənin 20—25 faizini dincə qoya bilər və tələbata uyğun olaraq çoban evləri, heyvandarlıq və digər mədəni-məişət və istehsalat təyinatlı tikililər tikə bilərlər (əsaslı tikinti aparmamaq şərti ilə). Həmin tikintilər üçün torpaq sahəsi yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin sərəncamı ilə torpaqayırma qaydasında ayrılır. Beləliklə, istinad olunan normalardan görünür ki, kənd təsərrüfatı yerlərində yalnız tələbata uyğun olaraq çoban evləri, heyvandarlıq və digər mədəni-məişət və istehsalat təyinatlı tikililər tikilə bilər və həmin tikintilər üçün torpaq sahəsi yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin sərəncamı ilə torpaqayırma qaydasında ayrılır. İşdən görünür ki, iddiaçı onun istifadəsində olan kənd təsərrüfatı təyinatlı torpaqda hasar tikmək istəyir, hansı ki, həmin tikili çoban evləri, heyvandarlıq və digər mədəniməişət və istehsalat təyinatlı tikililərə aid deyildir. Bu, həm yuxarıda istinad olunan normalardan, həm də Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1-ci maddəsindən aydın olur. Belə ki, həmin maddəyə görə mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; 79.1.3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla); Göründüyü kimi, Məcəllə kənd təsərrüfatı ilə bağlı obyektləri və hasarları ayrı-ayrı tikili kateqoriyasına aid etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı istifadəsində olan torpaq sahəsini hasara alma yolu ilə onun bağlanılması məqsədi daşıyır. Lakin hasarlar, memarlıq-planlaşdırma göstəriciləri nəzərə alınmaqla, müəssisə, bina və qurğuların istismar və mühafizə şəraiti tələb etdiyi hallarda nəzərdə tutulmalıdır (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı). Qanunverici kənd təsərrüfatı təyinatlı torpaqlarla bağlı belə halların tələb olunmadığını nəzərə alaraq onun mişar daşı, kərpic, beton (və onun çeşidləri), çay daşı və bu kimi tikinti məmulatlarının hörgü məhlulu ilə ucaldılmaqla hasara alınmasını nəzərdə tutmamışdır. İstinad olunan normalardan görünür ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda asan sökülüb-yığılan, yüngül konstruksiyalardan inşa edilən sadə funksional təyinatlı kənd təsərrüfatı obyektləri tikilə bilər hansı ki, həmin tikintilər üçün torpaq sahəsi yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin sərəncamı ilə torpaqayırma qaydasında ayrılmalıdır. Beləliklə, qeyd olunan normaların tələblərini nəzərə alan məhkəmə hesab edir ki, qüvvədə olan qanunvericilik kənd təsərrüfatı təyinatlı torpaqlarda mişar daşı, kərpic, beton (və onun çeşidləri), çay daşı və bu kimi tikinti məmulatlarının hörgü məhlulu ilə ucaldılmaqla hasara alınmasını nəzərdə tutmadığından iddiaçının tələbi əsaslı sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Göründüyü kimi, müvafiq müdaxiləni zəruri edən faktiki şərtlər qanunvericiliklə nəzərdə tutulduğundan məhkəmə hesab edir ki, cavabdeh tərəfindən imtina verilməsi onun qanunla üzərinə düşən öhdəliyi olmuşdur. Belə olan halda bu imtina iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar