Məhkəmə qərarları › İş №2-1(112)-2201/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2201/2021

16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2201/2021 16.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvan: Bakı, 9 mkr, M.Cəlal küçəsi, ev 105, mənzil 106), cavabdehin nümayəndəsi X5 (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Əjdər Xanbabayev 1; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hüquq şöbəsində böyük məsləhətçi) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Binəqədi rayonu,Goradil bağlar sahəsində yerləşən 1599 nömrəli bağ sahəsində yerləşən 0.12 ha torpaq sahəsinin koordinatlarının müəyyən edilməsinin, bağ sahəsinin plan sxeminin hazırlanmasının və bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə xx.xx.2021-ci il tarixdə yerində müayinə təyin edilmişdir. Yerində müayinə zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mühəndisi O.Səmədzadə iddiaçı tərəfindən göstərilən sahədən 145 metr aralıda xüsusi texniki vasitəsinin köməyi ilə X:402555, Y:4490729 koordinatları daxilində yerləşən torpaq sahəsinin naturada yerini göstərdi. Yerində müayinə zamanı müəyyən edilmişdir ki, göstərilən ərazi boş torpaq sahəsidir. Torpaq sahəsi natamam şəkildə çəpərə alınmışdır. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2021-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında İddiaçının “Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar sahəsində ünvanında yerləşən 1599 saylı bağ sahəsinin (bağların bölgüsünə dair sxematik plana əsasən X:402555, Y:4490729 koordinatları daxilində) X4 məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmənin qənaətinə görə hazırkı işin halları baxımından iddiaçının cavabdeh inzibati orqana müraciətinin olması kimi qiymətləndirilməlidir. Belə ki, Bakı şəhəri 32 saylı notariat ofisi xx.xx.2020-ci il tarixli məktubla Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək Bakı şəhəri, Göradil bağlar sahəsində 1599 №-li bağ sahəsi ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə dair müvafiq sənədin verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilik daşınmaz əmlak üzərində mülkiyyət hüququnu əldə etmiş şəxs, həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü halda həmin daşınmaz əmlak üzərində onun varisi tərəfindən mülkiyyət hüququnun qeydiyyata alınmasını fərqli, yəni «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsi ilə tənzimlədiyindən, Bakı şəhəri 32 saylı notariat ofisinin cavabdeh inzibati orqana çıxarışın verilməsi ilə bağlı olan müraciəti, İddiaçı müraciəti kimi qəbul edilməlidir. Odur ki, məhkəmə prosessual qənaət prinsipi baxımından hazırkı iddianı mümkün hesab etmişdir. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Bakı şəhər XDS İK-nin 14/625 nömrəli, xx.xx.1991-ci il tarixli Qərarına əsasən iddiaçının mərhum əri X4 ETK 194 Goradil massivində 0,12 ha bağ sahəsi ayrılmışdır. AR Bakı şəhər İcra Hakimiyyəti Aparatının Bağlar Təsərrüfatı İdarəsi tərəfindən 27 nömrəli order verilmişdir, Bakı şəhər icra Hakimiyyətinin 16 oktyabr 1991-ci il tarixli 16/625 nömrəli qərarına əsasən Goradil bağlar sahəsindəki 194 nömrəli BTK nəzdində 1599 nömrəli, 0.12 ha torpaq sahəsi ayrılmışdır. Həmin vaxt torpaq sahəsi naturadan ayrılaraq mərhum X4 təqdim edilmişdir. X6 19 iyul 2007-ci il tarixdə vəfat etmişdir. Ona 32 saylı Notariat ofisi tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Torpaq sahəsində tikinti işləri aparılmamışdır. İddiaçının Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 1599 saylı bağ sahəsinə dair müraciətlər etmiş və verilmiş cavabların birində orderin arxivdə aşkar edilmədiyi, digərində isə başqa fiziki şəxsin adına qeydiyyatdan keçməsi barədə müxtəlif cavablar verilmişdir. Qeyd olunmalıdır ki, arxiv arayışı alınmışdır və orderə heç bir dəyişiklik edilməmişdir və hal-hazırda da başqa kimsə tərəfindən torpaq sahəsi istifadə edilmir. İddiaçı torpaq sahəsinin koordinatının müəyyən edilməsi, plan sxeminin hazırlanması və daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsinə dair ərizə ilə müraciət etmişdir, lakin heç bir tədbir görülməmişdir və verilmiş cavabda bağ sahəsinin digər fiziki şəxsin adına qeydiyyatdan keçməsi göstərilmişdir. Bu tamamilə əsassızdır, belə ki, həmin sahə heç bir şəxs tərəfindən istifadə edilmir, torpaq sahəsi boşdur və heç bir tikinti işi aparılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı göstərilənlərə əsasən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən göstərilən sahə 1623 saylı bağ sahəsinin yeri olaraq X2 adına qeydiyyatdan keçmişdir. Hüquqmüəyyənedici sənədlərdə qeyd olunmuş 1599 saylı bağ sahəsi göstərilən sahədən 145 m şimal-qərb hissədə yerləşir, dövlət reyestrində qeydiyyatdan keçməmişdir. (X:402555, Y:4490729) Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə **********96 saylı xx.xx.2020-ci il tarixli cavab məktubu verilmişdir. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən “2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, “kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış’ daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi daşınmaz dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, 27 nömrəli Orderə əsasən Bakı şəhəri, Goradil bağlar sahəsii ünvanında yerləşən 0.12 ha sahəsi olan 1599 saylı bağ sahəsi Cavadov dil Hətəmşah oğlunun istifadəsinə verilmişdir. X6 xx.xx.2007-ci il tarixdə ölmüşdür. İş materiallarından görünür ki, Bakı şəhəri 32 saylı notariat ofisinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanan xx.xx.2020-ci il tarixli məktubunda göstərilmişdir: “X1 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 32 saylı notariat ofisinə müraciət olmuşdur. X3 “19” iyul 2007-ci ildə vəfatı ilə əlaqədar vərəsələrin dairəsi müəyyən olunmuşdur və vərəsəsi arvadı İddiaçı başqa əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bakı şəhəri, Göradil bağlar sahəsində 1599 №-li bağ sahəsi ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə dair Çıxarış verilməsi xahiş olunur.” «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında qeyd olunmuşdur ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun n 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan imtina məktubunu və iddiaya dair yazılı etirazını iddiaçı tərəfindən göstərilən sahənin 1623 saylı bağ sahəsinin yeri olaraq X2 adına qeydiyyatdan keçməsi və hüquqmüəyyənedici sənədlərdə qeyd olunmuş 1599 saylı bağ sahəsi göstərilən sahədən 145 m şimal-qərb hissədə yerləşməsi ilə əsaslandırmışdır. Həmçinin, cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazında bildirmişdir ki, hüquqmüəyyənedici sənədlərdə qeyd olunmuş 1599 saylı bağ sahəsi göstərilən sahədən 145 m şimal-qərb hissədə yerləşir və dövlət reyestrində qeydiyyatdan keçməmişdir. (X:402555, Y:4490729) Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbini dəqiqləşdirərək, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar sahəsi ünvanında yerləşən 1599 saylı bağ sahəsinin (bağların bölgüsünə dair sxematik plana əsasən X:402555, Y:4490729 koordinatları daxilində) X4 məxsus olması haqqında arayışın İddiaçı verilməsini tələb etmişdir. Göründüyü kimi, iddiaçı mərhum ərinə ayrılan 1599 saylı bağ sahəsinin bağların bölgüsünə dair sxematik plana əsasən X:402555, Y:4490729 koordinatları daxilində məxsus olması haqqında arayışın verilməsini tələb edir və hal-hazıradək həmin bağın reyestrdə qeydiyyata alınmaması cavabdeh tərəfindən də etiraf olunur. Mövcud qanunvericilik isə, şəxsin mülkiyyət hüququnu qeydiyyata alınanadək öldüyü halda, qeydiyyat orqanı tərəfindən onun vərəsələrinə “hüququn ölmüş şəxsə məxsus olması barədə arayış” verilməsini nəzərdə tutur. Belə olan halda, məhkəmə hesab edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsi cavabdeh tərəfindən iddiaçının atasına məxsus bağ sahəsinə dair arayış verilməsini mümkün sayır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar sahəsi ünvanında yerləşən 1599 saylı bağ sahəsinin (bağların bölgüsünə dair sxematik plana əsasən X:402555, Y:4490729 koordinatları daxilində) X4 məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar sahəsi ünvanında yerləşən 1599 saylı bağ sahəsinin (bağların bölgüsünə dair sxematik plana əsasən X:402555, Y:4490729 koordinatları daxilində) X4 məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar