Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2203/2022 08.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 31 dekabr 1995-ci ildən 04 avqust 1998-ci ilə kimi Şuşa rayon N.Nərimanov adına kolxozda işləməyisini əmək stajına hesablanması vəzifəsinin cavabdehin üzərinə vəzifə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona 65 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2 qrup əlildir və 2 qrup əliliyə görə təqaüd alır. O uzun illər müxtəlif təşkilatlarda işləmişdir və bu barədə əmək stajınıı təsdiq edən əmək kitabçası vardır. Onun hazırda 65 yaşı var. Əmək kitabçası ilə 22 il 4 ay 20 gün əmək fəaliyyəti vardır. O əmək pensiyası almaq istəyir. Bu barədə Filiala ərizə ilə müraciət etmiş və sənədlərini göndərmişdir. Ona cavab verilmişdir ki, 22 il 4 ay 20 gün əmək stajı olduğundan pensiya təyin edilməsi mümkün olmamışdır. Lakin o 31 dekabr 1995-ci ildən Şuşa rayon N.Nərimanov adına kolxozun 62 saylı sərəncamına əsasən sürücü kimi işə qəbul edilmişdir və 01 yanvar 1997-ci ildə həmin kolxozun 01 saylı sərəncamı ilə sürücü işinə qəbul edilmişdir. Dövlət arxivində onun işləməyini təsdiq edən sənədlər olmasına baxmayaraq iş stajını təsdiq edən digər sənədlər dövlət arxivində aşkar edilməmişdir. O 31 dekabr 1995-ci ildən 04 avqust 1998-ci ilə kimi həmin kolxozda işləmişdir və əmək haqqı almışdır. Bütün bunlara baxmayaraq həmin illərdə işlədiyi onun əmək stajına hesablanmamışdır. Ona görə də məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh iddia tələbinə etiraz verərək etirazını onunla əsaslandırmışdır ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sıgorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta staiından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya 65 yaşdan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Şübhə yaradan məqam əmək kitabçasının işə daxil olduğunu iddia etdiyi tarixdən sonra doldurulmasıdır. Bu hal əmək kitabçasının sonradan doldurulmasına dəlalət edir. Bundan əlavə “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Bu səbəbdən tərəflərindən X5 filialına sorğu ünvanlanmışdır. X5 filialından daxil olmuş xx.xx.2021-ci il tarixli, 63 №-li arayışında qeyd olunmuşdur ki, “İddiaçı 1995-1997-ci illərdə Şuşa Rayonu N.Nərimanov kolxozunda olan iş stajı sizə göndərilir. N.Nərimanov adına kolxozun əmr kitabları X7 natamam verildiyindən İddiaçı xx.xx.1998-ci il tarixində işdən çıxma əmrini və məzuniyyət əmrlərini tapa bilmədik. Həmçinin həmin kolxozun əmək haqqı sənədləri də Yevlax Arxivinin mühafizəsinə verilməmişdir. Odur ki, İddiaçı həmin kolxozda qazandığı əmək haqqını müəyyən etmək mümkün olmadı.”. Belə ki, bu faktla İddiaçı məxsus ИT-1 № ******* nömrəli əmək kitabçasındakı 13 nömrəli (xx.xx.1998) qeydin mötəbərliyi öz təsdiqini tapmamışdır. İşə daxil olma əmrinə gəldikdə (xx.xx.1995) isə iddiaçının işə daxil olduğunu iddia etdiyi gün bazar gününə, həmçinin Dünya azərbaycanlılarının həmrəylik bayramına təsadüf edir. İşə daxil olma əmrinin qeyri-iş gününə təsadüf etdiyi üçün bu fakt İddiaçı məxsus ИT-1 № ******* nömrəli əmək kitabçasındakı 11 (xx.xx.1995) nömrəli qeydin mötəbərliyini şübhə altına salmışdır. Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. xx.xx.2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd olunmuşdur ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və va təvin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sıqortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və va onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Əmək haqqı cədvəllərinin mövcud olmaması səbəbindən tərəflərindən həmin dövrlərdə iddiaçının əmək haqqı alıbalmamasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin “Vətəndaşların pensiya təminatı haqqında” haqqında Qanunun 67-ci maddəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Əmək haqqı cədvəllərinin mövcud olmaması səbəbindən sözügedən kolxozda kişilər üçün minimum iştirak normasının tamamlanıb-tamamlanmadığı öz təsdiqini tapmamışdır. Yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlinir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsı belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuşdur. - Bərdə Rayon İcra Hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazisi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 4823 №-li arayışından görünür ki, İddiaçı Bərdə şəhəri, H.Əliyev prospketi 1/34 №-li evdə yaşayır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin xx.xx.2021-ci il tarixli, 512 №-li arayışından görünür ki, İddiaçı həqiqətən də Bərdə RHK-a çağırılaraq Sovet ordu sıralarına göndərilib və xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək (1 il 11 ay 20 gün) xidmətdə olmuşdur. - İddiaçı məxsus ИT-İ ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilədək Sənayə Müəssisələri İdarəsinin Bərdə Sənaye Tikinti Kombinatında fəhlə (11 ay 10 gün), xx.xx.1976-cı ildən xx.xx.1976-cı ilədək həmin kombinatda fəhlə (5 ay 20 gün), xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilədək “PMK-57”-də fəhlə (3 ay 19 gün), xx.xx.1977-ci ildən xx.xx.1995-ci ilədək 4 №-li Yol-Tikinti İdarəsində buldozerçi (18 il 8 ay 16 gün), xx.xx.1995-ci ildən xx.xx.1998-ci ilədək Şuşa rayonu “Nərimanov” adına kolxozda fəhlə, sürücü (2 il 8 ay 4 gün) vəzifələrində işləmişdir. - Azərbaycan Respublikası Dövlət X3 xx.xx.2021-ci il tarixli, 233 №-li arxiv arayışından görünür ki, Dövlət Arxivində mühafizə olunan Şuşa Rayon N.Nərimanov adına kolxozun 1995-1997-ci illərə dair əmr kitablarında İddiaçı kolxozda işləməsi haqqında aşağıdakı əmrlər vardır: Şuşa Rayon N.Nərimanov adına kolxozun 31 dekabr 1995-ci il tarixli, 62 saylı sərəncamına əsaəsən o kolxoz üzvülüyünə qəbul olunmuşdur. Şuşa Rayon N.Nərimanov adına kolxozun 01 yanvar 1997-ci il tarixli 01 saylı sərəncamına əsasən o kolxoza sürücü keçirilmişdir. Qeyd olunur ki, Şuşa Rayon N.Nərimanov adına kolxozun sənəd materialları X7 natamam verildiyindən işdən çıxma əmrini müəyyən etmək mümkün olmamışdır. - Azərbaycan Respublikası X5 filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021ci il tarixli, 51/10 №-li məktubdan görünür ki, Şuşa Rayonu N.Nərimanov adına kolxozun əmək haqqı sənədləri X7 təhvil verilmədiyindən İddiaçı həmin kolxozda qazandığı əmək haqqını müəyyən etmək mümkün olmamışdır. - Azərbaycan Respublikası X5 filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021ci il tarixli, 59/10 №-li məktubdan görünür ki, N.Nərmanov adına kolxozun əmr kitabları X7 natamam verildiyindən İddiaçı xx.xx.1998-ci il tarixində işdən çıxma əmrini və məzuniyyət əmrləri tapılmamışdır. Həmçinin həmin kolxozun əmək haqqı sənədləri də Yevlax Arxivinin mühafizəsinə verilməmişdir. - Həmin məktuba əlavə edilmiş Şuşa rayon N.Nərimanov adına kolxozun sərəncam kitabından çıxarışdan görünür ki, N.Nərimanov adına kolxoz idarə heyətinin sədri tərəfindən verilmiş 62 №-li, xx.xx.1995-ci il tarixli sərəncama əsasən İddiaçı ərizəsi nəzərə alınaraq kolxoz üzvlüyünə qəbul edilmişdir. N.Nərimanov adına kolxoz idarə heyətinin sədrinin 2№-li sərəncamı ilə ərizəsinə əsasən İddiaçı 159374 ABK(BC) nömrəli sürücülük vəsiqəsi nəzərə alınmaqla kolxozda sürücü işinə qəbul edilmiş və kolxoza məxsus olan УАЗ-330 markalı 11-34АГЭ seriyalı avtomaşın akt əsasında ona təhvil verilmiş, əmək haqqı yerinə yetirdiyi işin müqabilində yol vəsiqəsinə əsasən hesablanmalıdır. - Şuşa Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 5/535 №-li, xx.xx.2022-ci il tarixli, 5/137 №-li məktublardan görünür ki, Şuşa Rayon Nərimanov adına kolxoz 1989-1992-ci illərdə Şuşa rayonu İcra Hakimiyyətinin Zarıslı kənd inzibati ərazi dairəsinin Zarıslı kəndində fəaliyyət göstərmişdir. xx.xx.1992-ci ildə Birinci Qarabağ müharibəsi dövründə Şuşa rayonu erməni silahlı birləşmələri tərəfindən işğal edildikdən sonra Nəriman Nərimanov adına kolxoz 1992- 1998-ci illərdə Ağdam, Ağcabədi, Füzuli və Kürdəmir rayonlarının müxtəlif qışlaqlarında fəaliyyət göstərmişdir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-cu il tarixli, **********3 nömrəli məktubdan görünür ki, daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (kişilərin yaş həddi 2017-ci il iyulun 1 -dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti crqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyi ИT-l № ******* saylı əmək kitabçasının surətinə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin xx.xx.2021-ci il tarixli, 512 nömrəli arayışına əsasən onun sığorta stajı 22 il 4 ay 20 gün olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış 22 il 4 ay 20 gün sığorta stajına uyğun pensiya kapitalı 17058,93 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilir ki, təqdim etdiyi Azərbaycan Respublikası Dövlət X3 xx.xx.2021-ci il tarixli, 233 nömrəli arayışına əsasən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1995-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək işlədiyi Şuşa rayon N.Nərimanov adına kolxozdan işdən azad olunma əmrini müəyyənləşdirmək mümkün olmamışdır. Bu səbəbdən həmin dövr sığorta stajına daxil edilmir. Qeyd olunanların nəzərə alınaraq ona yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Məlumat üçün bildirilir ki, ona xx.xx.2019-cu il tarixindən İİ dərəcə əlilliyə görə müavinət təyin edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. "Andreyeva Latviyaya qarşı" işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. - Həmin maddəni qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki:
1. Qanunla müəyyən edilmiş yaşa çatmış olsun;
2. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun və ya 25 il sığorta stajına malik olsun. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin məzmun baxımından quruluşu onu ehtiva edir ki, bu növ işlərə baxılarkən işin hallarının araşdırılmasına, dispozisiya şərtlərinin həmin normada düzülmüş ardıcıllığına uyğun başlanmalıdır. Əvvəlcə iddiaçının pensiya yaşına çatması, sonrakı addımda iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, pensiya kapitalı az olduqda isə iddiaçının zəruri sığorta stajının olması müəyyən olunmalıdır. İddiaçı xx.xx.1956-cı il il tarixdə doğulması, xx.xx.2021-ci il tarixdə 65 yaşının tamam olması işin mübahisəsiz hallarıdır. Cavabdeh inzibati orqan iddiaçının pensiya təyin edilməsi barədə müraciətindən imtina edərkən onun sığorta stajı 22 il 4 ay 20 gün olmaqla tələb olunan müddətdən (25 ildən) az olması, eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış 22 il 4 ay 20 gün sığorta stajına uyğun pensiya kapitalı 17058,93 manatın qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından az olması və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan verməməsi, həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, Azərbaycan Respublikası Dövlət X3 xx.xx.2021-ci il tarixli 233 nömrəli arayışına əsasən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1995-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək işlədiyi Şuşa rayon N.Nərimanov adına kolxozdan işdən azad olunma əmrinin müəyyənləşdirilməsinin mümkün olmamasını əsas gətirmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı – əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; - 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı – müvafiq olaraq fərdi hesabına sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; - 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilmişdir. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.6-cı bəndinə əsasən qanunun qüvvəyə mindiyi tarixdən (xx.xx.2006-cı ildən) sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Məhkəmə araşdırılması zamanı iddiaçının Şuşa rayon Nərimanov adına kolxozun xx.xx.1995-ci il tarixli, 62 saylı sərəncamına əsasən kolxoz üzvlüyünə qəbul olunması müəyyənləşdirilsə də onun işdən çıxması barədə hər hansı qeyd, həmçinin əmək haqqı barədə məlumatlar aşkar edilməmişdir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun - 67-ci maddəsinin 1-ci hissəsinə görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. - 67-ci maddəsinin 2-ci hissəsinə görə əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə əsasən əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əgər əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılmamışsa, bu halda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının: - 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. - 3.2-ci bəndinə əsasən əmək kitabçasının “İş haqqında məlumat” bölməsinin 3-cü qrafasında başlıq formasında işəgötürənin tam adı yazılır. - 3.4-cü bəndinə əsasən əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: - 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. - 25-ci bəndinə əsasən əmək fəaliyyətinin təsdiq üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq edilməlidir. Əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməməklə aparılan hallarda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasında xx.xx.1995-xx.xx.1998-ci illər ərzində Şuşa rayon Nərimanov adına kolxozda işləməsi qeyd edilsə də, onun işdən azad edilməsinə dair əmr aşkar edilmədiyindən, həmçinin əmək haqqı cədvəllərinin mövcud olmaması səbəbindən sözügedən kolxozda kişilər üçün minimum iştirak normasının tamamlanıb-tamamlanmadığını müəyyən etmək mümkün olmadığından həmin müddətlərin sığorta stajına daxil edilməsi mümkün deyildir. Belə olan halda İddiaçı 25 ildən az (22 il 4 ay 25 gün) sığorta stajına malik olduğundan, həmçinin fərdi hesabının sığorta hissəsində pensiya kapitalı olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər.
Hakim Şəlalə Həsənova