Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2203/2025 21.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Sabir oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi, cavabdehin nümayəndəsi (vəkili) X1 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin cavabdehdən tutularaq iddiaçının hesabına köçürülməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, artıq ödənilmiş pensiya məbləğinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, cavabdeh vaxtilə əmək pensiyası təyin edilərkən təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən xx.xx.2009-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasında həkim-immunoloq vəzifəsində işlədiyi müəyyən olunmuşdur. Göründüyü kimi, cavabdehin güzəştli iş stajı 10 ildən az (6 il 27 gün) təşkil edir. Göstərilən uyğunsuzluqlara baxmayaraq cavabdehə xx.xx.2015-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 29 avqust 2022-ci il tarixli 2-1(112)-2393/2022 nömrəli qərarəna əsasən cavabdehin 52 yaşının tamam olduğu 14 iyul 2015-ci il tarixindən 332,01 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası bərpa edilib. Bundan başqa, məhkəmə qərarlarını cavabdehin pensiya ödənişinin dayandırılması zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməməsi ilə əsaslandırıb. Daha sonra “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdeh güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması üzrə inzibati icraata başlanılıb. Bununla əlaqədar, müvafiq inzibati icraatla bağlı mülahizələrinin dinlənilməsi üçün cavabdehə qanunvericiliyin tələbləri izahlı şəkildə göstərilməklə xx.xx.2023-cü il tarixli məktub göndərilməklə 10 oktyabr 2023-cü il tarixinədək Mərkəzi Filiala gəlməsi xahiş edilib. Lakin mülahizənin dinlənilməsi üçün cavabdehə Mərkəzi Filiala gəlməmişdir. Sonra isə, iddiaçıya vaxtilə pensiya təyin edilməsinə dair qəbul olunmuş qərar iddiaçı tərəfindən ləğv olunub və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin cari ilin noyabr ayından dayandırılması haqqqında inzibati akt qəbul edilib. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyasından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, cavabdehə son üç il üzrə 7645,80 manat məbləğində artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Cavabdehə 2 fevral 2024-cü il tarixində Mərkəzi Filial tərəfindən Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olan redaksiyasının tələblərinə uyğun olaraq 377,89 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib, eyni zamanda pensiya hüququnun yarandığı xx.xx.2022ci il tarixindən hesablanıb. Göründüyü kimi, iddiaçı tərəfindən inzibati icraat “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə tam əməl olunmaqla aparılmış və cavabdehə qanunvericiliyin tələbləri izah olunmuşdur. Eyni zamanda, həmin Qanunun 67.8-ci maddəsinə əsasən başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Beləliklə, qanunsuz əlverişli inzibati akt ləğv edilə bilən inzibati aktdırsa bu akt yalnız 67.5-ci maddədəki məhdudiyyətlər daxilində ləğv edilə bilər. Qanunun 67.5-ci maddəsindəki məhdudiyyətlər aşağıdakılardan ibarətdir: İİQnun 67.5-ci maddəsinin birinci cümləsi qanunsuz əliverişli inzibati aktın “ləğv edilməsinə yol verilmədiyi” əsasları sadalayır, başqa sözlə, həmin normada sadalanan hallardan başqa digər hallarda qanunsuz əlverişli inzibati akt ləğv edilə bilər. Daha dəqiq qeyd edilərsə, sözügedən normadakı halların əksi qanunsuz əlverişli inzibati aktın (xüsusən də maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş) ləğv edilməsinə əsas verən hallardır: Maraqlı şəxs məzmununa etimad göstərsə də, lakin həmin etimad qanunla qorunmamalıdır; Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmalıdır. Qeyd olunanları hazırkı mübahisəli pensiya təyinatı ilə bağlı qanunsuz əlverişli inzibati akta tətbiq etdikdə müəyyən olunur ki, pensiya təyinatı ilə bağlı qərarın ləğv edilə bilməsi üçün hər iki əsas mövcuddur: 1.Pensiya təyinatı barədə qərarı inzibati orqan öz təşəbbüsü ilə, hüquq tətbiqetmə prosesində qüvvədə olmayan normanı seçmək və tətbiq etməklə qəbul etdiyindən həmin inzibati akta etimad varsa da, lakin həmin etimadın qanuni əsası yoxdur. 2. Pensiya təyinatı ilə bağlı əlverişli inzibati akt qanunsuz olmaqla davam edən ictimai münasibətlərə birbaşa tətbiq edilir, hazırda və bundan sonra da ictimai və dövlət maraqlarına zərər vurmaqda davam edir. Sosial təminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. İddiaçı hesab edir ki, sözügedən işlərdə məhkəmə müdaxilənin qanunuliyi məsələsinə onun mütənasibliyi (ədalətli tarazlığa riayət edilməsi) ilə bir yerdə qiymət verməlidir. Qeyd edildiyi kimi, cavabdehə son üç il üzrə ümumilikdə 7645,80 manat artıqödəmə müəyyən edilib. Ötən dövr üzrə fərq məbləğinin hissə-hissə ödənilməsinin davam etdirilməsi ilə əlaqədar cavabdehə artıq ödənilmiş pul vəsaitinin məbləği də hər ay hissə-hissə artır. Müvafiq məhkəmə qərarına əsasən cavabdehə fərq məbləğinin ödənilməsi başa çatdırıldıqdan sonra isə artıqödəmə məbləği 13529,01 manat təşkil edəcəkdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Nəzərə alınmalıdır ki, hər hansı bir iddiaya mahiyyəti üzrə baxılması üçün iddiaçının iddia tələbinin təmin olunmasında hüquqi marağı olmalıdır. Hüquqi maraq şəxsin çatmağı arzuladığı məqsədin nədə ifadə edilməsini ehtiva edir. Məhkəmə qeyd edir ki, iddiaçının hüququ marağının mövcud olub-olmamasının müəyyən edilməsi iddianın mümkün olubolmamasının müəyyən edilməsi ilə birbaşa asılılıqdadır. Yəni, iddiaçının iddia qaldırmaqda hər hansı hüquqi marağı mövcuddursa, başqa sözlə qaldırılan iddia onun hüquq və mənafelərinin müdafiəsi ilə bağlı qaldırılmışdırsa iddia mahiyyəti üzrə qiymətləndirilməlidir. İşin faktiki hallarından göründüyü kimi iddiaçının hazırki tələb ilə nail olmaq istədiyi məqsəd artıq ödənilmiş 7.977,82 manat dövlət vəsaitinin cavabdeh tərəfindən qaytarılmasıdır. Məhkəmə müəyyən edir ki, mövcud mübahisə inzibati orqanın vətəndaşa qarşı irəli sürdüyü iddia xarakteri daşıyır və bu tip mübahisələrdə inzibati icraatın əsas prinsip və tələblərinə əməl olunması vacibdir. Hüquqi tənzimləmə kontekstində məcburetmə, öhdəliyin icrası və kompensasiya xarakterli iddialar irəli sürülərkən ilkin müraciətetmə mərhələsi mütləq qaydada təmin olunmalıdır. Hazırkı iddia üzrə isə bir qədər fərqli əsasa görə də bu tələb tətbiq edilməli olduğu halda, iddiaçı tərəfindən pozulmuşdur. Bu yanaşma "Əmək pensiyaları haqqında" Qanunun 39.1-ci maddəsinin imperativ tələblərindən irəli gəlir. Belə ki, qanunun müvafiq norması artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin geri qaytarılmasını konkret hüquqi mexanizmə bağlamışdır. Bu mexanizmə əsasən, həmin məbləğin tutulması üçün ilk növbədə əmək pensiyaçısının açıq və birmənalı razılığı alınmalı, yalnız razılıq olmadığı halda məhkəmə müstəvisində həll edilməlidir. Bu tənzimləmə, inzibati prosesi hüquqi ardıcıllıq çərçivəsində təmin edən və vətəndaşın müdafiəsinə yönəlmiş bir tələb kimi çıxış edir. Lakin hazırkı mübahisədə iddiaçı tərəfindən həmin ilkin mərhələnin gözlənilmədiyi aşkardır. Konkret olaraq, vətəndaşa artıq ödənilmənin tutulması barədə razılığın verilməsi ilə bağlı heç bir müraciət olunmamış (bu halı təsdiq edən poçt göndərişi və ya xəbərnaməsi), onun mövqeyinin öyrənilməsi və məsələnin məhkəməyə qədər inzibati qaydada həlli cəhdi göstərilməmişdir. Bu isə yalnız prosedur çatışmazlığı deyil, eyni zamanda, qanunun 39.1-ci maddəsinin normativ tələblərinin birbaşa pozulmasıdır. Çünki norma mərhələli hüquqi tənzimləmə əsasında işləyir və ilkin müraciətin olmaması bu mərhələlərin pozulması ilə nəticələnir. Məhkəmə hesab edir ki, hüquqi prosedurların pozulması təkcə prosessual deyil, həm də maddi hüququn pozulması nəticəsini doğurduğundan, bu cür iddianın məhkəmə müstəvisində baxılması mümkün deyil. Qanunvericilik inzibati orqana vətəndaşın razılığını almaq və inzibati icraatda mərhələli irəliləyiş prinsiplərinə əməl etmək öhdəliyini qoyur. Bu isə o deməkdir ki, ilkin müraciətetmə tələbinin yerinə yetirilməməsi təkcə formallıq yox, hüquqi məcburiyyət xarakteri daşıyır və onun pozulması iddianın mümkünsüzlüyü ilə nəticələnir. Bu baxımdan, məhkəmə mövcud prosessual vəziyyəti nəzərə alaraq, inzibati orqanın iddiasının mümkünlük şərtlərinə cavab vermədiyini müəyyən edir. Qanunvericiliyin qeyd edilən tələbləri ilə bağlı məhkəmə tərəfindən İPM-in 13-cü maddəsinə əsasən xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsinə hüquqi yardım göstərilmiş, iddianın mümkünlüyü ilə bağlı qanunvericiliyin tələbləri izah edilmiş, ona cavabdehə iddia qaldırılanadək eyni tələblə ilkin müraciət olunmasını təsdiq edən sənədlərin və ya poçt qəbzinin məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Nümayəndə tərəfindən təsdiqedici hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (1.1 - 1.5-ci bəndlər) Odur ki, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X4
Məhkəmə qərarları › İş №2-1(112)-2203/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2203/2025
21.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver