Məhkəmə qərarları › İş №2-1(112)-2204/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2204/2025

15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2204/2025 15.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının vəkili Vəkil üçüncü şəxsin nümayəndəsi, vəkil Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) qarşı “bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Zığ- Hövsan şossesinin cənub-şərqində yerləşən Azərbaycan Respublikası Dövlət Neft şirkəti X1 “Qum Adası” Neft və qaz çıxarma İdarəsinə bağçılıq üçün ayrılmış ərazidə, sahəsi 400 kv.metr olan 35 saylı bağ sahəsinə (torpaq sahəsinə) mülkiyyət hüququ haqqında çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 3-cü şəxs qismində zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1980-cı ildən neft sahəsində işləyir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 126 saylı sərəncamı ilə Dövlət Neft şirkəti, Azneft İB "Qum Adası" Neft və Qaz Çıxarma İdarəsinə Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan şossesinin cənub-şərqində yerləşən sahədə bağ təsərüfatı yaratmaq üçün 7 hektar torpaq sahəsi ayrılmışdır. Həmin İdarənin bağçılıq-yoldaşlıq cəmiyyətinin İdarə Heyətinin xx.xx.2005-ci il tarixli iclasında onu cəmiyyətə üzv qəbul etməklə 400 kv.metr torpaq sahəsini (35 saylı bağ sahəsini) ona ayırmışlar. Eyni tarixdə ona bağçının üzvlük kitabçası verilmişdir. Torpaq sahəsi üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmaq üçün cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə bağçılıq təsərrüfatının üzvlərinin siyahısı və bölgü sxemi arxivdə aşkar olunmadığı üçün ərizənin təmin edilməsindən imtina etmişdir. Sənədlərin arxivdə olmaması imtina üçün əsas ola bilməz. Digər tərəfdən cavabdehin vəzifəsi hüquqların qanuniliyinin yoxlanması deyil, onun qeydiyyatıdır. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı etibarnamə üzrə nümayəndəsi X2 Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan şossesi ünvanında yerləşən “35” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət etmiş xx.xx.2024-cü il tarixli, **********15 saylı cavab məktubu ünvanlanmışdır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, “Qum Adası” NQÇİ-nin bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı və bölgü sxemi idarənin arxiv qovluğunda aşkar olunmamışdır. Elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi bağçılıqyoldaşlıq ayrıc aktından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisində yerləşir və bazada neft quyusu barədə məlumat mövcuddur. Üçüncü şəxs iddia ərizəsinə dair yazılı etirazında bildirmişdir ki, təqdim edilən sənədlərdə qeyd edilən koordinatlarda yerləşən torpaq sahəsi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə "xxxx"-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində (Abşeron OC Şirkəti) olmuşdur. Həmçinin müəyyən olunmuşdur ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi 207 saylı ləğv olunmuş neft-qaz quyusunun 66 metrlik məsafəsində mühafizə zonası daxilində və 116 saylı ləğv olunmuş neft-qaz quyusunun 63 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Xəritədən çıxarış məhkəməyə təqdim olunmuşdur. İddiaçının vəkili məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi yazılı etirazı müdafiə etdi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 126 nömrəli Sərəncamından görünür ki, Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 251 saylı razılıq məktubunu nəzərə alaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB “Qum adası” Neft və Qazçıxarma idarəsinə, Suraxanı rayonu, Zığ- Hövsan şossesinin cənub-şərqində yerləşən sahədə bağ təsərrüfatı yaratmaq üçün 7 hektar torpaq sahəsi, icarə əsasında istifadəyə verilmişdir. “Qum adası” NQÇİ-nin “Qum adası” bağçılıq-yoldaşlıq cəmiyyətinin İdarə Heyyətinin iclasının 13 iyun 2005-ci il tarixli, 02 saylı protokolundan çıxarışa əsasən Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2005-ci il tarixli 126 saylı sərəncamla Suraxanı rayonunun Zığ-Hövsan şossesi yaxınlığında bağçılıq cəmiyyəti üçün ayrılmış torpaq sahəsindən 400 kv.metr sahəsi olan XVİİİ küçə 35 saylı bağ sahəsi cəmiyyətə üzv qəbul edilməklə iddiaçıya ayrılmışdır. “Qum adası” NQÇİ tərəfindən iddiaçıya verilmiş Bağçının üzvlük kitabçası məhkəməyə təqdim edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu etirazla oxşar məzmunda əsaslandırılmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli məhkəmə sorğusuna cavab məktubunda göstərilmişdir ki, “Qum adası” bağçılıq yoldaşlığının nəzdində iddiaçıya Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan şosesi ünvanında yerləşən 35 saylı bağ sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənəd İdarənin arxiv qovluğunda aşkar olunmamışdır. Qeyd edilən bağ sahəsinə dair müayinə aktı tərtib edilməmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən SOCAR-da saxlanılan sənədlər arasında mövcud olan “Qum adası” bağçılıq cəmiyyətinə üzv olan işçilərinin siyahısından çıxarışı məhkəməyə təqdim edilmişdir. “Qum adası” bağçılıq cəmiyyətinə üzv olan işçilərinin siyahısından çıxarışından görünür ki, iddiaçıya 35 saylı bağ sahəsi ayrılmışdır. Cavabdehin 27 yanvar 2025-ci il tarixli cavab məktubu ilə təqdim etdiyi mütəxəssis rəyinə əsasən göstərilən torpaq sahəsi (bağ sahəsi) sənəd üzrə və faktiki olaraq 400 kv.m təşkil edir. Bağ sahəsinin bir tərəfi (yol) şərti, bir tərəfinin bir hissəsi şərti, digər tərəfləri isə hasarlanaraq sərhədlənmişdir (darvazası yoxdur). Torpaq sahəsinin üzərində tikili yoxdur. Faktiki olaraq göstərilən 400 kv.m torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan "xxxx"nin hüdudları daxilində yerləşir (Abşeron Əməliyyat Şirkəti). Həmçinin göstərilən torpaq sahəsi bağçılıq-yoldaşlıq ayrıc aktından kənarda yerləşir. Bundan əlavə ərazidən 60-65 m məsafədə yerləşən neft quyusunun baza məlumatı mövcuddur. Arxiv məlumatlarına əsasən “Qum Adası” NQÇİ-nin bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı və bölgü sxemi idarənin arxiv qovluğunda aşkar olunmamışdır. Vahid elektron kadastr məlumat bazasında sahə Dövlət torpaqları kimi qeyd olunmuşdur. Cavabdehin məhkəmə sorğusuna 11 mart 2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən iddia edilən torpaq sahəsinin 300 metr radiusunda qeydiyyata alınan sahə aşkar edilməmişdir. Cavabdeh tərəfindən “Qum Adası” NQÇİ-nin bağçılıq yoldaşlığına aid ayrıc aktının təsdiq edilmiş surəti və ortofoto məhkəməyə təqdim edilmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.7.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.7.). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşdən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 126 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB “Qum adası” Neft və Qazçıxarma idarəsinə Suraxanı rayonu, Zığ-Hövsan şossesinin cənubşərqində yerləşən sahədə bağ təsərrüfatı yaratmaq üçün 7 hektar torpaq sahəsi, icarə əsasında istifadəyə verilmişdir. “Qum adası” NQÇİ-nin “Qum adası” bağçılıq-yoldaşlıq cəmiyyətinin İdarə Heyyətinin iclasının 13 iyun 2005-ci il tarixli, 02 saylı protokoluna əsasən Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2005-ci il tarixli 126 saylı sərəncamla Suraxanı rayonunun Zığ-Hövsan şossesi yaxınlığında bağçılıq cəmiyyəti üçün ayrılmış torpaq sahəsindən 400 kv.metr sahəsi olan XVİİİ küçə 35 saylı bağ sahəsi cəmiyyətə üzv qəbul edilməklə iddiaçıya ayrılmışdır. İddiaçı hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının hüququnu qeydə almaqdan imtina etmişdir. İmtinanın əsasları ondan ibarət olmuşdur ki, “Qum Adası” NQÇİ-nin bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı və bölgü sxemi idarənin arxiv qovluğunda aşkar olunmamışdır. Həmçinin torpaq sahəsi bağçılıq-yoldaşlıq ayrıc aktından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisində yerləşir və bazada neft quyusu barədə məlumat mövcuddur. İş üzrə məhkəmə tərəfindən verilmiş sorğu əsasında cavabdeh “Qum Adası” NQÇİnin bağçılıq-yoldaşlığının ayrıc aktı məhkəməyə göndərilmişdir. Həmin ayrıc aktından görünür ki, qeyd olunan ayrıc aktı Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli Sərəncamı ilə Qum Adası” NQÇİ-nin bağçılıq-yoldaşlığına ayrılmış torpaq sahələrinə aiddir. Lakin, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 126 nömrəli Sərəncamı əsasında bağçılıq yoldaşlığına ayrılmış torpaq sahələrinin ayrıc aktı cavabdehin arxivində mövcud deyildir. İddiaçıya ayrılmış torpaq sahəsi isə məhz Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 126 nömrəli Sərəncamı əsasında bağçılıq yoldaşlığına ayrılmış torpaq sahələri daxilində yerləşir. Bu səbəbdən məhkəmə torpaq sahəsinin bağçılığın ayrıc aktından kənarda yerləşməsi ilə bağlı cavabdehin dəlilini əsasız hesab edir. X3 Şirkətinin ərazisində yerləşir və bazada neft quyusu barədə məlumat olması il bağlı dəlilə gəldikdə qeyd edilməlidir ki, ərazinin ortofoto görüntüsündən də görünür ki, iddiaçının istifadəsində olan torpaq sahəsinin ətrafında çoxsaylı fərdi yaşayış evləri mövcuddur. Həmin sahənin neft qaz əməliyyatları aparılması ilə əlaqədar olan sahə olması öz təsdiqini tapmır. Eyni zamanda bağçılıq yoldaşlığı da məhz "xxxx"-ın nəzdində yaradılmış bi cəmiyyət olmaqla, neft şirkəti işçilərinin torpaq sahələri ilə təmin edilməsi məqsədilə yaradılmışdır. Həmçinin, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Dövlət Neft şirkəti X1 “Qum Adası” Neft və qaz çıxarma İdarəsinə bağçılıq üçün ayrılmış ərazidə, sahəsi 400 kv.metr olan 35 saylı bağ sahəsinə dair iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan şossesinin cənub-şərqində yerləşən Azərbaycan Respublikası Dövlət Neft şirkəti X1 “Qum Adası” neft və qaz çıxarma İdarəsinə bağçılıq üçün ayrılmış ərazidə, sahəsi 400 kv.metr olan 35 saylı bağ sahəsinə (torpaq sahəsinə) dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar