Məhkəmə qərarları › İş №2-1(112)-2205/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2205/2021

25.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2205/2021 25.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, iddiaçı İddiaçı Aslan oğlunun (Bakı şəhərində qeydiyyatdadır,sürücü), cavabdehin nümayəndələri Yusubov Arzuman Məhəmmədəli oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, baş təhqiqatçı işləyir), Murad-zadə Elnur Nurəddin oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası maliyyəçi, Dövlət Sərhəd Xidmətinin təftiş şöbəsinin zabiti vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı Aslan oğlunun cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “ezamiyyə xərclərində və kirayə pulunda yaranan fərqin hesablanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Aslan oğlu cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq 2011-ci il tarixdən 2019-cu il tarixədək xidmət etdiyi dövrdə 2014-cü ilin yanvar ayndan 2017-ci ilin yanvar ayına qədər getdiyi ezamiyyə xərclərinin və 2019-cu ilin 01 mart tarixindən 2019-cu ilin iyul ayına qədər kirayə pulunun artımında yaranmış fərq məbləğinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Aslan oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, o,2006-cı ilin iyul ayında hərbi xidmətini başa vurduqdan sonra sərhəd xidmətində gizir işinə qəbul olunmuşdur.Burada baş texniki sürücü vəzifəsində işləmişdir.Bu işdə 2011-ci ilin avqust ayından 2019-cu ilin iyul ayının 4-dək işləmişdir.Hərbi çağırış müddətində 3 il ərzində ildə 4 ay ezamiyyətdə olmuşdur, yəni 12 ay ezamiyyə müddəti olmuşdur.Bundan əlavə başqa yerlərə də 5-7 günlük ezamiyyətləri olmuşdur.İddiaçının xidmət etdiyi illər ərzində Bakı şəhərindən rayonlara bir günlük ezamiyyə xərci 27 manatdan hesablanırdı. Lakin iddiaçıya 9 manat ezamiyyə pulu ödənilmişdir.İddiaçı ehtiyata buraxılsa da ezamiyyə xərcində yaranan həmin fərqi, yəni 6480 manat məbləğini ala bilməmişdir.Həmçinin iddiaçı ailəsi ilə kirayədə qaldığına görə 118 manat pul ona ödənilmşdir.Bu məbləğin 47 manatı iddiaçıya görə, qalan məbləğ isə ailə üzvlərinə görə ödənilmişdir. Ev kirayəsinin pulu 2019-cu ilin mart ayının 1-dən artırılaraq 375 manat olmuşdur, bu halda iddiaçıya görə 150 manat, qalan pul isə ailə üzvlərinə görə verilməli idi.İddiaçı iyul ayında tərxis olunduqda həmin artımı ala bilmədi, digər şəxslərə isə 01 martdan hesablanmaqla həmin artım ödənilmişdir.İddiaçıya verilməyən həmin artımın məbləği 1335 manat təşkil edir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25.01.2008-ci il tarixli 14 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 65,00 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 50,00 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 45,00 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizi mehmanxana xərcləri təşkil edir. Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda, xərclərin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi ödənilir. 45,00 manat – 80% - mehmanxana xərci 36.00 manat. 45 manat – 20% - gündəlik xərc 9,00 manat. 36.00 manat – 50% mehmanxana xərci üzrə təsdiqedici sənəd təqdim olmadıqda 18,00 manat. İddiaçı xidmət dövrü ərzində xidmət zərurəti ilə əlaqədar xidməti ezamiyyətdə olarkən hərbi hissələrdə qalma yeri ilə təmin olunduğu üçün ona gündəlik xərc qismində 9,00 manat ödənilmişdir. İddiaçı 18.08.2021-ci il, 25.09.2021-ci il və 21.10.2021-ci il tarixlərdə təqdim etdiyi ezamiyyət vərəqələrində getdiyi məntəqə üzrə heç bir qeyd olmadığına baxmayaraq ona ümumilikdə 486,00 manat vəsait artıq ödənilmişdir. İddiaçı 21.12.2013-cü ildə 5 il müddətinə 21.12.2018-ci il tarixədək 200 manat ödəmək şərti ilə kirayə müqaviləsi bağlamış və ona həmin dövr üzrə hər ay özünə və ailə üzvlərinə kompensasiya ödənilmişdir. 21.12.2018-ci il tarixdə kirayə müqaviləsinin bitməsinə baxmayaraq ona ehtiyata buraxılan günədək ümumilikdə 770,54 manat artıq kompensasiya ödənilmişdir.Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndələri Yusubov Arzuman Məhəmmədəli oğlu və Muradzadə Elnur Nurəddin oğlu iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə, iddiaçının, cavabdehin nümayəndələrinin çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən əsaslı, qismən əsassızdır. İş materiallarında olan: Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin iddiaçıya ünvanlanmış 24.03.2020-ci il tarixli, 10/57 nömrəli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, həqiqi hərbi xidmətdə olduğu dövr ərzində ezamiyyəti gediş-gəliş xarakteri daşıdığından, həmçinin hərbi qulluqçular ezamiyyətdə olduğu müddətdə yataqla təmin edildiyindən ezamiyyət xərci yalnız gündəlik xərc - 9 manat həcmində ödənilir.Mənzil kirayəsi ilə bağlı isə iddiaçıya bildirilmişdir ki, iddiaçının maliyyə bölməsinə təqdim etdiyi mənzil kirayəsi müqaviləsinin müddəti 21 dekabr 2018-ci ildə bitdiyinə baxmayaraq səhvən 01 iyul 2019-cu il tarixə qədər iddiaçıya mənzil kirayəsi üçün pul kompensasiyası ödənilmişdir. Odur ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş yol və ezamiyyət xərclərinin ödənilməsinə dair hesablaşma-ödəmə cədvəllərinə, ezamiyyə vəsiqələrinə əsasən iddiaçı xidmət etdiyi dövrdə müxtəlif vaxtlarda ezamiyyətlərdə olmuş və ona cavabdeh tərəfindən ezamiyyə xərcləri (müxtəlif vaxtlarda bir günə görə 9 manat, 27 manat, 10 manat) ödənilmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12ci maddəsinin 1-ci hissəsinə əsasən hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Həmin Qanunun 12-ci maddəsinin 10-cu hissəsinə əsasən hərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin və ailə üzvlərinin bu maddədə nəzərdə tutulan mənzil hüquqları pozulduqda onların hüququ var ki, qanuni hüquqlarının təmin edilməsi və zərərin ödənilməsi barədə müvafiq yerli icra hakimiyyəti başçısına qarşı iddia ilə məhkəməyə, hərbi idarəetmə orqanlarına və ya başqa dövlət orqanına müraciət etsinlər. 171 nömrəli, 13 iyul 2006-ci il tarixli “Hərbi qulluqçulara (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1-ci bəndinin 01 mart 2019-cu il tarixdən qüvvədə olan redaksiyasına əsasən yaşayış yeri olmayan hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına müvəqqəti mənzilin kirayəsi üçün ayrıayrı yaşayış məntəqələri üzrə hər ay aşağıdakı qaydada kompensasiya ödənilməsi qərara alınmışdır: Bakı şəhərində - 150 manat; Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat başqa şəhər və rayon mərkəzlərində - 75 manat miqdarında; digər yaşayış məntəqələrində - 55 manat.Həmin normaya əsasən hərbi qulluqçulara onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. İşin faktiki hallarına əsasən iddiaçıya 2019-cu ilin mart ayından müəyyən edilmiş artımla kirayə pulu ödənilməmişdir, cavabdeh bu halı onunla əsaslandırmışdır ki, iddiaçı qeyd edilən dövr üçün mənzil kirayə müqaviləsini təqdim etməmişdir. Məhkəmə cavabdehin bu dəlilini əsaslı hesab etmir, belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 1-ci hissəsinə əsasən hərbi qulluqçu xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə xidməti mənzil verilməlidir, əks təqdirdə isə yuxarıda istinad edilən Nazirlər Kabinetinin qərarına əsasən yaşayış yeri olmayan hərbi qulluqçulara müvəqqəti mənzilin kirayəsi üçün ödəniş edildiyi nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən iddiaçının yaşayış yerinin olmasına, yəni mülkiyyətində və ya istifadəsində hər hansı bir yaşayış yerinin olmasına dair heç bir sübut məhkəməyə təqdim edilmədiyi və belə sübutlar barədə məlumat verilmədiyi üçün məhkəmə iddiaçının iddiasını 2019-cu ilin 01 mart tarixindən 2019-cu ilin iyul ayına qədər kirayə pulunun artımında yaranmış məbləğin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində əsaslı hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” 25 yanvar 2008-ci il tarixli, 14 nömrəli qərarının 20 iyun 2018-ci ilə qədər (iddiaçının ezamiyyə xərclərinin ödənişindəki fərqi tələb etdiyi dövrdə) qüvvədə olan redaksiyasına əsasən ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 65 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 50 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə isə 45,0 manat müəyyən edilmişdi. Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri təşkil edir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Q-01 nömrəli, 18 yanvar 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İşçilərin ezamiyyə qaydaları”nın İ hissəsinin 5-ci bəndinə əsasən ezam olunan işçiyə ezamiyyətə getməzdən əvvəl ezamiyyətin müddətinə uyğun olaraq pul avansı verilir. Pul avansı ezamiyyə xərclərinin 1 günlük normasına uyğun ezamiyyət günləri üçün tələb olunan xərclərdən və nəqliyyat xərclərindən ibarətdir. Ezamiyyə xərclərinin 1 günlük normasına - gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat və digər xidmətlərlə bağlı xərclər daxildir. Həmin Qaydaların İ hissəsinin 6-cı bəndinə əsasən işçi ezamiyyətdən qayıtdıqdan sonra ezamiyyət ilə əlaqədar xərclədiyi vəsaitlərin məbləği haqqında avans hesabatını 3 gün ərzində təqdim etməlidir. Respublika ərazisi daxilində ezamiyyələr zamanı müəyyən olunmuş qaydada rəsmiyyətə salınmış ezamiyyət vəsiqəsi, xarici ölkələrə ezamiyyələr zamanı isə pasport və ya onu əvəz edən sənəddə ölkədən çıxmaq, ölkəyə qayıtmaq barədə səlahiyyətli orqanlar tərəfindən edilən müvafiq qeydin surəti və nəqliyyat xərcləri barədə təsdiqedici sənədlər avans hesabatına əlavə edilir. Həmin Qaydaların İİ hissəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən müəyyən edilir.Müvafiq sənədlərlə təsdiq edilmiş yolda məcburi dayanma vaxtı üçün xərclər müəyyən edilmiş normalara əsasən ödənilir.Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 20 faizini gündəlik xərc (yemək, rabitə, şəhərdaxili nəqliyyat və digər xidmətlər üzrə xərclər daxil olmaqla) təşkil edir.Gündəlik xərc - işçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün (yolda olduğu müddət nəzərə alınmaqla) ödənilir.Mehmanxana xərcləri işçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün (yolda olduğu müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən olunmuş hissəsi miqdarında ödənilir. İşin faktiki hallarına əsasən iddiaçı tərəfindən ezamiyyətdə olduğu müddətlərdə mehmanxana xərclərini təsdiq edən sənədlər təqdim edilmədiyi üçün, belə ki, iddiaçı ezam olduğu məntəqələrdə yaşayış yeri ilə təmin edildiyi üçün cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq ezamiyyə xərclərinin 1 günlük normasının 20%nin ödənilməsi hərəkətləri ilə iddiaçıya münasibətdə qanuna zidd hərəkətlərə yol verilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçı İddiaçı Aslan oğluna xidmətdə olduğu 2019-cu ilin 01 mart tarixindən 2019-cu ilin iyul ayına qədər olan müddətdə kirayə pulunun artımında yaranmış məbləğ fərqinin hesablanaraq ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68 – 69cu, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddia qismən təmin edilsin. İddiaçı İddiaçı Aslan oğluna xidmətdə olduğu 2019-cu ilin 01 mart tarixindən 2019-cu ilin iyul ayına qədər kirayə pulunun artımında yaranmış məbləğ fərqinin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar