Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2205/2024 03.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı "qərarın ləğvi və tutulmuş vəsaitin geri qaytarılması" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı əmək pensiyasından artıq hesablanmış pulun tutulması ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi, əmək pensiyasının tutulduğu tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, xx.xx.1956-cı il tarixdə anadan olmuşdur. 1976-1981-ci illərdə M.F.Axundov adma Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda təhsil almışdır. İddiaçı əmək fəaliyyətinə 1975-ci ildən başlamışdır. Belə ki, xx.xx.1975-xx.xx.1980-cu illərdə Uşaqların bədii tərbiyəsi üzrə Respublika Metod Kabinetində katib-makinaçı vəzifəsində, xx.xx.1980-xx.xx.1982-ci illərdə isə “Maarif’ Redaksiyasında kiçik redaktor vəzifəsində işləmişdir. O, xx.xx.1982-xx.xx.1998-ci illərdə Dövlət Təhlükəsizlik Xidmətində Həqiqi Hərbi Xidmət keçmişdir. xx.xx.2003-xx.xx.2005-ci illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində 1-ci dərəcəli əməliyyat tərcüməçisi vəzifəsində çalışmışdır. xx.xx.2005-xx.xx.2014-cü illərdə isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmət etmişdir. xx.xx.2014-cü il tarixdə İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmış və ona təminat xərcliyinə müvafiq olaraq 1303.03 manat məbləğində pensiya verilmişdir. 2014-2023-cü illərdə təyin edilmiş pensiya məbləğlərində dəfələrlə artımlar və azalmalar müşahidə edilmişdir. 2023-cü ilin mart-iyul aylarında pensiyaya görə 2328 manat ödənilsə də, 2023-cü ilin avqust ayında cəmi 2070 manat (258 manat kəsilmişdir) məbləğində pensiya verilmişdir. Pensiya məbləğləğinin dəyişməsinin, son vaxtlarda isə azalmasının səbəbi bugünədək bizə məlum deyil. Hətta bizə verilən məlumata əsasən, növbəti aylarda da pensiya məbləğindən heç bir əsas olmadan tutulmalar müşahidə olunacaqdır. Məsələ ilə əlaqədar DSMF-na müraciət edilmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının verdiyi xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən, İddiaçı sonuncu xidmət keçdiyi orqan tərəfindən Mərkəzi Filiala göndərilmiş məlumat vərəqinə əsasən əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı göstərilmişdir. Odur ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinə ərizə ilə müraciət edilmiş və məlumat vərəqəsinin təqdim edilməsi, həmçinin Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanları ilə pensiya təminatının artırılmasından sonra həmin artımların İddiaçı məlumat vərəqəsində nəzərə alınıb-alınmaması, əgər nəzərə alınıbsa hansı məbləğdə artımların edilməsi barədə məlumatın verilməsi, əgər nəzərə alınmayıbsa məlumat vərəqəsinin yenidən hesablanması xahiş edilmişdir. X3 Xidməti tərəfindən bugünədək ərizəyə münasibət bildirilməmiş, məlumat vərəqəsi təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçıya Mərkəzi Filial tərəfindən xx.xx.2014-cü il tarixdə xx.xx.2014-cü il tarixli 004035 nömrəli məlumat vərəqinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları"nın 3-cü bəndinə əsasən hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququ yarandığı tarixdən ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə əmək pensiyalarının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar da həmin orqanlar tərəfindən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməlidir. İddiaçının pensiya işinə dair sənədlərin araşdırılması zamanı sonuncu xidmət keçdiyi orqan tərəfindən Mərkəzi Filiala göndərilmiş ona dair xx.xx.2021-ci il tarixli 004035 nömrəli yeni məlumat vərəqinə əsasən əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilib. Belə ki, iddiaçının vaxtilə xidmət keçdiyi orqandan daxil olmuş xx.xx.2021-ci il tarixli 21/1551 nömrəli məktubda qeyd olunub ki, “xüsusi xidmət şəraitinə görə üstəlik əlavə’’nin normasında olan artımlar müvafiq qərara əsasən xx.xx.2020-ci il tarixdən tətbiq edilməlidir. İnzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bununla əlaqədar olaraq, iddiaçıya əmək pensiyasının təyin olunmasında yol verilmiş, yuxarıda qeyd olunan qanunauyğun olmayan hallarla bağlı tərəfimizdən inzibati icraata başlanılmışdır. Həmin icraat çərçivəsində “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada iddiaçının mülahizələrinin dinlənilməsi üçün ona xx.xx.2023-cü il tarixli 3-17-1/2-R-152037/2023 nömrəli məktub göndərilmiş və Mərkəzi Filiala dəvət olunmuşdur. Yekun olaraq Mərkəzi Filial tərfindən iddiaçıya dair əmək pensiyasının yenidən hesablanmasına dair xx.xx.2023-cü il tarixli 3-17-1/3- 7-12238/2023 nömrəli qərar qəbul edilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl olunmuş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Belə ki, etimad hüququnun qorunması prinsipi beynəlxalq hüquqda hamılıqla qəbul olunmuş «bona fides» prinsipinə əsaslanan, ondan irəli gələn bir prinsipdir. Qanunvericilikdə “vicdanlılıq" kimi qeyd olunan həmin prinsip, əslində latınca "bona fides", yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq.iki formada - “qanunsuzluğu bilməmə” və “dürüst davranma” formasında ifadə olunur. “Qanunsuzluğu bilməmə" maraqlı şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu bilməməsini ifadə edir. “Dürüst davranma” isə hüquqi münasibətlərdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir. Belə ki, qeyd edilən normaya əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bildiririk ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən inzibati orqan tərəfindən maraqlı şəxslərin əlverişli mövqeyinə olan etimadı qorunmalıdır. Buna görə də qanunverici məhkəmələrə tam səlahiyyət verir ki, 67.5-ci maddənin ilkin şərtlərinin ödənilib- ödənilmədiyini yoxlasınlar. Başqa sözlə qanunsuz əlverişli inzibati akt “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları nəzərə alınmaqla ləğv edilə bilər. Bu müddəalarda müəyyən edilmiş qanunçuluq və hüquqi sabitlik, yəni etimad hüququnun qorunması prinsipləri arasında ortaq mövqe tapılmalı və bu iki prinsipin izlədiyi mövqe tarazlaşıdırılmaqla qərar qəbul edilməlidir. Bu nöqteyi-nəzərdən yanaşdıqda görünür ki, 67.5-ci maddədə etimad hüququna istinad edilə bilməyən halları müəyyən edən şərtlər də nəzərdə tutulur. Məhkəmələr təyin edilmiş əmək pensiyasının dayandırılması barədə qərar qəbul edərkən həmin istisna halları da hər bir halda nəzərə almalıdırlar. Bu baxımdan etimad hüququnun qorunmağa layiq olub-olmadığı “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinin, xüsusən də 67.6.3-cü maddəsinin maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyinə dair tələbi və «bona fides» prinsipi ilə bağlı bu qeyd olunanlar nəzərə alınmaqla qiymətləndirilməli idi. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 67.6-cı və 67.6.3-cü maddələrinin tələbi baxımından maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. Məhkəmələr etimad hüququna istinadı aradan qaldıran şərtlərin mövcudluğunu tam şəkildə yoxlamaq səlahiyyətinə malikdir. Belə ki, sosial təminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, əsassız olaraq hesablanmış və tutulmuş 690 manat pensiya məbləğinin geri qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İddiaçıya aid pensiya işinə dair sənədlərin surətindən görünür ki: -İddiaçı cavabdehin xx.xx.2014-cü il tarixli 14/1394 nömrəli qərarı ilə xx.xx.2014-cü il tarixdən 1303,02 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. -Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanladığı xx.xx.2021-ci il tarixli, 21/1551 nömrəli məktubunda bildirmişdir ki, məlum olduğu kimi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli Qərarının 2-ci hissəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmi ödənclərdəki artımları nəzərdə tutur. “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli Qərarının 4-cü bəndinə əsasən isə hərbi qulluqçular sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə qeyd olunan şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar, həmin şəxslərin xidmət etdiyi orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, DTX-nin müvafiq stuktur bölməsindən tərxis edilən hərbi qulluqçulara təyin edilmiş əmək pensiyasının yenidən hesablanması üçün tərxis olunduqları günə təminat xərcliklərinə daxil olan əlavələrinin (xüsusi xidmət şəraitinə görə üstəlik əlavənin normasındakı artımlarla bağlı məlumatları (vəzifə və rütbə maaşı ərzaq payı əvəzinə verilən pay) kompensasiyası tərxis olunduqları tarixə, vəzifələri isə hazırda DTX-da mövcud olan vəzifəyə uyğun olaraq göstərilməklə) ünvanınıza göndəririk. Əlavə olaraq bildiririk ki, məktuba əlavə olunan məlumat vərəqələrindəki “xüsusi xidmət şəraitinə görə üstəlik əlavə”nin normasında olan artımlar müvafiq qərara əsasən xx.xx.2020-ci il tarixdən tətbiq edilir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli, **********1 nömrəli qərarında göstərilmişdir ki, hazırki pensiya məbləği 1626 manat 03 qəpik, vəzifə maaşı 598 manat, rütbə maaşı 150 manat, ərzaq payı 64 manat, xidməti illərinə görə 90 % olmaqla 673,20 manat, məharət dərəcəsinə görə 25 faiz olmaqla 149,50 manat. Təminat xərcliyinin cəmi 2023 manat, 40 qəpik. Yenidən hesablanmış pensiya məbləği 1845 manat 45 qəpik. Yenidən hesablanmanın səbəbi: yeni məlumat vərəqəsinə əsasən. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-R-152037/2023 nömrəli məktubunda bildirilmişdir ki, vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı mütəmadi olaraq aparılan araşdırma nəticəsində vaxtilə əmək pensiyanızın yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilib. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququ yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə əmək pensiyalarının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar da həmin orqanlar tərəfindən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməlidir. Pensiya işinizə dair sənədlərin araşdırılması zamanı sonuncu xidmət keçdiyiniz orqan tərəfindən Mərkəzi Filiala göndərilmiş sizə dair məlumat vərəqinə əsasən əmək pensiyanızın yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilib. Eyni zamanda bildiririk ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Qeyd olunanları nəzərə alaraq, sizə vaxtilə təyin edilmiş hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyanızın məbləğinin qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Buna görə də “inzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, pensiya hüququnuza yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinizin dinlənilməsi üçün 13 iyul 2023-cü il tarixinədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə gəlməyiniz xahiş olunur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X5 pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/2-7-12238/2023 nömrəli qərarında göstərilmişdir ki, hazırki pensiya məbləği 2328 manat 41 qəpik, vəzifə maaşı 598 manat, rütbə maaşı 150 manat, xidməti illərinə görə 90 % olmaqla 673,20 manat, ərzaq payı 64 manat, məh d. 25 faiz olmaqla 149,50 manat. Təminat xərcliyinin cəmi 2023 manat, 40 qəpik. Yenidən hesablanmış pensiya məbləği 2300 manat 02 qəpik. Yenidən hesablanmanın səbəbi: yeni məlumat vərəqi. Ötən dövrlər üzrə alınmamış pensiya məbləğləri barədə məlumat: başlanğıc xx.xx.2020, son tarix xx.xx.2023, məbləğ 896,16 manat, avqustdan tutulur, 3 ay x230 manat, dördüncü ay 206,16 manat. - İddiaçı aid pensiya təyinatı alt sistemindən çıxarışdan görünür ki, iddiaçının cari pensiyasından xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində 230 manat tutulmuş, xx.xx.2023-cü il tarixdə 2300,02 manat məbləğində pensiya ödənişi edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-64043/24 nömrəli məktubunda bildirilmişdir ki, müvafiq araşdırma zamanı sonuncu xidmət keçdiyi orqan tərəfindən vaxtilə təqdim edilmiş məlumat vərəqinə əsasən İddiaçı əmək pensiyasının düzgün hesablanmadığı müəyyən edilib. Bununla əlaqədar olaraq, 2023-cü ilin iyul ayında adıçəkilən şəxsin əmək pensiyası yenidən hesablanaraq, 1822,95 məbləğində müəyyən edilib. Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, ümumi pensiya məbləğinin həmin tarixdən və 1 yanvar 2024-cü il tarixindən indeksləşdirilməsi nəticəsində adıçəkilən şəxsin əmək pensiyası 2557,62 manat məbləğində müəyyən edilib. Eyni zamanda, Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyası son üç il üzrə yenidən hesablanaraq ona 896,16 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilib. Belə ki, xx.xx.2020xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində İddiaçı 1822,95 manat ödənilməli olduğu halda, 1845,45 manat, maddi yardım məbləği ilə birlikdə xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində 2005,25 manat ödənilməli olduğu halda, 2030,00 manat, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində 2300,02 manat ödənilməli olduğu halda, 2328,41 manat pensiya məbləği ödənilib. Həmin 896,16 manat vəsaitin 690,00 manatı xx.xx.2023-xx.xx.2023cü il tarixləri arasındakı dövr ərzində adıçəkilən şəxsin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilib, qalıq artıq ödəmə 206,16 manat təşkil edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi üzrə cavabdeh XŞTMF-nın pensiyanın yenidən hesablanması haqqında qərarının ləğv edilməsi mübahisələndirmə haqqında iddiadır. Tutulmuş məbləğin geri qaytarılması barədə tələb isə 32.1-ci maddənin ikinci cümləsinə əsasən mübahisələndirilən qərarın nəticələrinin aradan qaldırılması tələbinə uyğun olmaqla bütövlükdə mübahisələndirmə haqqında iddia ilə əhatə olunur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. “İnzibati icraat haqqında” Qanunun 62.3-cü maddəsinə görə bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Cavabdeh mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərardan iddiaçının hansı vaxtdan məlumatlı olduğu sübuta yetirilmədiyi sürəcə hesab olunur ki, iddiaçıya qərar rəsmi şəkildə təqdim edilməmiş, iddiaçı mübahisələndirdiyi inzibati akta münasibətdə iddia müddətini ötürməmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. İşin hallarından görünür ki, iddiaçıya xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixli 004035 nömrəli məlumat vərəqinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra iddiaçının sonuncu xidmət keçdiyi orqan tərəfindən xx.xx.2021-ci il tarixli 004035 nömrəli yeni məlumat vərəqinə əsasən əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı, iddiaçının pensiyasında “xüsusi xidmət şəraitinə görə üstəlik əlavə”nin normasında olan artımların xx.xx.2020-ci il tarxidən tətbiq edilməli olduğu halda tətbiq edilmədiyi müəyyən edilmiş və sonuncu dəfə xx.xx.2023-cü il tarixli yenidən hesablama barədə qərarı ilə əmək pensiyası yenidən hesablanaraq, 2300 manat məbləğində hesablanmışdır. Eyni zamanda iddiaçıya Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyası son üç il üzrə yenidən hesablanaraq ona 896,16 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Belə ki, xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində 1822,95 manat ödənilməli olduğu halda, 1845,45 manat, xx.xx.2022xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində 2005,25 manat ödənilməli olduğu halda, 2030,00 manat, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində 2300,02 manat ödənilməli olduğu halda, 2328,41 manat pensiya məbləği ödənilmiş və nəticədə 896,16 manat artıq ödəmə olduğu aşkar olunaraq mübahisələndirilən qərarla iddiaçının cari pensiya məbləği yenidən hesablanmış, lakin bu zaman həm də artıq ödənilmiş məbləğ hesabanaraq iddiaçının hər ay pensiyasından 3 ay ərzində 230 manat, sonuncu ay isə 206,16 manat tutulması qərara alınmışdır. Cavabdeh orqan artıq ödəmə altında müəyyən etdiyi məbləğdən avqust, sentyabr və oktyabr aylarında hər ay 230 manat olmaqla cəmi 690 manat məbləğində vəsaiti iddiaçının cari pensiya ödənişindən tutmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -1.2-ci maddəsinə görə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -3.3-cü maddəsinə görə isə Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.3-cü maddəsinə əsasən ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa görə bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Göstərilən normaların tələblərindən çıxış etdikdə müəyyən olunur ki, pensiya hüquq münasibətlərində “Əmək pensiyaları haqqında” Qanun sahə normativ hüquqi aktı kimi çıxış edir və onun müddəaları, o cümlədən 39-cu maddəsi inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən edir. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 39.2-ci maddəsinə görə bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. Qanunun qeyd edilən müddəalarından görünür ki, artıq ödənilmiş əmək pensiyası və ya əmək pensiyasına əlavə əmək pensiyaçısına hər ay ödənilən əmək pensiyası məbləğindən tutula bilər. Bunun üçün Qanun iki mühüm şərti müəyyən etmişdir: -1. Tutulmanı həyata keçirən orqan əmək pensiyaçısına müraciət etməli, onun razılığını almalıdır. Razılığını aldığı təqdirdə inzibati orqan tutulma barədə qərar qəbul etməlidir. -2. Əmək pensiyaçısı tutulma barədə razılıq vermədiyi təqdirdə inzibati orqan tutulmanın həyata keçirilməsi üçün məhkəməyə müraciət etməlidir. Başqa sözlə, inzibati orqan özü birbaşa pensiyadan tutulmalar həyata keçirə bilməz. Bu, onunla bağlıdır ki, pensiya hüququ sosial təminatın mühüm tərkib hissəsi olmaqla qazanılmış hüquqdur və inzibati orqan özbaşına şəxsi bu hüquqdan məhrum edə bilməz. İnzibati orqan hər bir halda pensiyadan tutulmaların aparılması ilə bağlı əvvəlcə razılıq almaq üçün vətəndaşa müraciət etməli, razılıq əldə etmədiyi halda məhkəmədə iddia qaldırmalıdır. Qeyd edilən məhkəməyəqədərki tədbirlərə və ondan sonra tələb olunan qaydalara (məhkəmədə iddia qaldırmaq) riayət edilmədən pensiyadan tutulmaların aparılması qanuni hesab edilə bilməz. İş materiallarından görünür ki, ƏPQ-nin qeyd edilən tələblərinə uyğun olaraq inzibati orqan artıq ödənilmiş hesab etdiyi pensiya məbləğinin geri qaytarılması ilə bağlı iddiaçıya müraciət edərək onun razılığını almamışdır. İddiaçının pensiyası xx.xx.2023-cü il tarixli qərarla yenidən hesablansa da, lakin mübahisələndirilən qərarla eyni zamanda artıq ödəmə məbləği müəyyən edilmiş və qərar həmin hissədə icra olunaraq əmək pensiyasından 2023-cü ilin 3 ayı üzrə müvafiq tutulma aparılmışdır. Beləliklə, iddiaçının razılığı olmadan əmək pensiyasından tutulmaların aparılması mübahisəsizdir. Qanunla yalnız əmək pensiyaçısının razılığı olduğu təqdirdə inzibati orqan özü əmək pensiyasından tutulma barədə qərar qəbul edə, tutulma barədə hərəkətlər edə bilərdi. Belə olan halda, iddiaçının razılığı olmadan əmək pensiyasından tutulma barədə qərar qanuni hesab edilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -51.1-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -58.2-ci maddəsinə əsasən inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. -58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. -61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Qeyd edilməlidir ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün artıq ödəmənin geri tələb olunması ilə bağlı hallarda da inzibati orqan inzibati icraat apararaq pensiyanın artıq ödənilibödənilməməsini, bunun səbəblərini iddiaçının bilavasitə iştirakı ilə müzakirə etməli, bunun üçün iddiaçıya inzibati icraat barədə məlumat verərək onun dinlənilmə hüququnu təmin etməklə həmin məbləğin tələb edilməsinin mümkünlüyünü eyni zamanda iddiaçının maddi təminatı və etimad hüququnun qorunması prinsipinin tələbləri baxımından yoxlamalı və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı ola bilərdi. Hazırkı pensiya işindən görünür ki, inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan tələbləri nəzərə alınmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərar cari pensiyanın məbləğinin yenidən hesablanma hissəsində deyil, yenidən hesablama nəticəsində artıq ödəmənin müəyyən edilərək tutulması hissəsində iddiaçıya münasibətdə əliverişsiz inzibati akt olmaqla yanaşı inzibati icraat haqqında hüquq normalarının və bu sahədə xüsusi norma kimi çıxış edən “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tələblərinin pozulması ilə qəbul olunduğundan həmin hissədə qanunsuz hesab olunur. Qeyd edildiyi kimi qanunsuz əliverişsiz inzibati akt isə hər bir halda ləğv olunmalı və belə bir akt ləğv olunmaqla bərabər onun yaratmış olduğu hüquqi nəticələr də aradan qaldırılmalıdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələbi qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/2-7-12238/2023 nömrəli qərarı avqust ayından etibarən tutulmalı olan cəmi 896,16 manat artıq ödəmə hissəsində ləğv edilməli, iddiaçıya əmək pensiyasından 2023-cü ilin avqust, sentyabr və oktyabr ayları üzrə cəmi 690 manat tutulmuş məbləğin geri qaytarılması vəzifəsi cavabdehin üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/2-7- 12238/2023 nömrəli qərarı avqust ayından etibarən tutulmalı olan 896,16 manat artıq ödəmə hissəsində ləğv edilsin. İddiaçı ödənilən yaşa görə əmək pensiyasından 2023-cü ilin avqust, sentyabr və oktyabr ayları üzrə cəmi 690 manat tutulmuş məbləğin geri qaytarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-2205/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2205/2024
03.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver