Məhkəmə qərarları › İş №2-1(112)-2206/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2206/2022

02.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2206/2022 02.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı qeydiyyata alınma tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Y.Əliyev küçəsi, ev 16/8A ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatda olsa da, halhazırda uzun illərdir ki, Bakı şəhəri, Xətai rayonu, Y.Əliyev küçəsi, ev 16/8A ünvanında öz ailəsi ilə birlikdə yaşayır. Yaşadıqları Bakı şəhəri, Xətai rayonu, Y.Əliyev küçəsi, ev 16/8A uzun illərdir ki, yəni, 1973-cü ildən atası X12 istifadəsindədir. Hal-hazırda ailə üzvlərinin hər biri ünvan 2 ünvanda pasport qeydiyyatında olmaqla yaşayırlar. Həmin fərdi yaşayış evində uzun illərdir yaşadığından onun Bakı şəhəri, Xətai rayonu, Y.Əliyev küçəsi, ev 16/8A ünvanına pasport qeydiyyatına alınması üçün lazım olan sənədlərlə cavabdehə müraciət etmişdir. Ən əsası isə atası X21 da, hal-hazırda yaşadığı Bakı şəhəri, Xətai rayonu, Y.Əliyev küçəsi, ev 16/8A ünvanına pasport qeydiyyatına alınmasına etirazı yoxdur. Lakin, 23.08.2021-ci il tarixdə cavabdehdən rəsmi imtina alıb, ona bildirilmişdir ki, yaşadığı ünvan 3 ünvana pasport qeydiyyatına alınması üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək məqsədəuyğundur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən tərəflərə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə 07.01.2021-ci il tarixli, 101-532-1222 nömrəli məktubla müraciət edərək, işə onların iştirakı olmadan baxılaraq, qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 13.08.2021-ci il tarixli, 101- 24412M-32221 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə baxılaraq bildirilmişdir ki, yaşayış yeri üzrə qeydiyyata alınması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd – mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, icarə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd təqdim etməlidir. Qeyd olunan sənədləri təqdim etdikdən sonra göstərilən ünvana qeydiyyata alınma məsələsi öz müsbət həllini tapacaqdır. İşdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür k, İddiaçı ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 05578790 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür k, X21 Bakı şəhəri, Xətai rayonu, Y.Əliyev küçəsi, ev 16/8A ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan 66 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən təsdiq edilmiş fərdi yaşayış evi haqqında məlumatdan görünür ki, həmin evdə 1955-ci il təvəllüdlü X21, 1958-ci il təvəllüdlü arvadı X5, 1993-cü il təvəllüdlü qızı X13, 1995-ci il təvəllüdlü qızı X14, 1997-ci il təvəllüdlü İddiaçı yaşayırlar. İşdə olan 2 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışın surətindən görünür ki, X21 16 noyabr 2006-cı il tarixdən ünvan 5 ünvanda qeydiyyatda olan digər şəxslər - 20.02.1958-ci il təvəllüdlü X5, 29.02.1976-cı il təvəllüdlü X22, 26.05.1957-ci il təvəllüdlü X17, 05.05.2006-cı il təvəllüdlü X7, 23.06.2008-ci il təvəllüdlü X8, 25.07.1980-ci il təvəllüdlü X20, 17.06.2016-cı il təvəllüdlü X4, 05.02.1993-cü il təvəllüdlü X10, 04.02.1995-ci il təvəllüdlü X9r. İşdə olan Şaumyan rayon X15 47/5 “a” nömrəli, 10.02.1984-cü il tarixli “özü tikilidə vətəndaş kimi qeydiyyata alınma barədə” qərarının surətindən görünür ki, X21 2 nəfər ailə tərkibi – özü və arvadı ilə birlikdə 1975-ci ildən yaşadığı Belinski küçəsi, 16/8A ünvanında, 2 otaqlı, 38.5 kv.m ünvanına qeydiyyata alınmışlar. İşdə olan Şaumyan rayon X15 37/5q saylı “özü tikilidə vətəndaş kimi qeydiyyata alınma barədə” qərarının surətindən görünür ki, həmin Qərarın 4-cü bəndinə əsasən X24 5 nəfər ailə üzvü – özü, arvadı və 3 uşağı ilə birlikdə 1975-ci ildən yaşadığı Belinski küçəsi, 16/8A ünvanında, 2 otaqlı, 38.5 kv.m ünvanına qeydiyyata alınmışdır. İşdə olan notarial qaydada təsdiq edilmiş **********803 nömrəli razılıq ərizəsinin surətindən görünür ki, həmin ünvanda qeydiyyatda olan X2 xx.xx.1997-ci il təvəllüdlü İddiaçı ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata düşməsinə etirazı yoxdur. İşdə olan notarial qaydada təsdiq edilmiş **********802 nömrəli razılıq ərizəsinin surətindən görünür ki, həmin ünvanda qeydiyyatda olan X21 xx.xx.1997-ci il təvəllüdlü İddiaçı ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata düşməsinə etirazı yoxdur. İşdə olan notarial qaydada təsdiq edilmiş **********804 nömrəli razılıq ərizəsinin surətindən görünür ki, həmin ünvanda qeydiyyatda olan X6 xx.xx.1997-ci il təvəllüdlü İddiaçı ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata düşməsinə etirazı yoxdur. İşdə olan notarial qaydada təsdiq edilmiş **********8805 nömrəli razılıq ərizəsinin surətindən görünür ki, həmin ünvanda qeydiyyatda olan X1 xx.xx.1997-ci il təvəllüdlü İddiaçı ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata düşməsinə etirazı yoxdur. İşdə olan 66 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş 3015 nömrəli, 09.12.2021-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı həqiqətən ünvan 7 ünvanında özü tikilidə qeydiyyatsız yaşayır. Həmin evin sahibi X18r. Həmin nömrəli mənzildən 2 (iki ədəddir, onun sahib isə X11r. İşdə olan 66 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş 423 nömrəli, 09.12.2021-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı ünvan 8 ünvanında özü tikilidə qeydiyyatsız yaşayır. Ailə tərkibi: atası – 1955-ci il təvəllüdlü X21, 1958-ci il təvəllüdlü anası X5, 1993-cü il təvəllüdlü bacısı X10 və 1995-ci il təvəllüdlü bacısı X3 ibarətdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən 13 avqust 2021-ci il tarixli, 101-24412M-3221 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə, məhkəmə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Şaumyan rayon X15 müvafiq qərarlarına əsasən iddiaçı və onun ailə üzvləri keçmiş Belinski küçəsi, ev 16/8A ünvanında yerləşən 2 otaqlı, sahəsi 38.5 kv.m olan özü tikiliyə vətəndaş kimi qeydiyyata alınmışlar. İddiaçının ailə üzvləri – atası, bacıları və anası hazırda sözügedən ünvanda yaşayış yeri üzrə qeydiyyatdadırlar. 66 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş arayışa əsasən İddiaçı isə sözügedən ünvanda qeydiyyatsız yaşayır. Hazırda ailə üzvləri notarial qaydada razılıq ərizələri təqdim edərək, İddiaçı sözügedən ünvana qeydiyyata düşməsinə etiraz etmədiklərini bildirirlər. Məhkəmə hesab edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalı olduğundan, eləcə də, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaq olduğundan, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımadığından və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bildiyindən, iddiaçının Bakı şəhəri, Xətai rayonu, Y.Əliyev küçəsi, ev 16/8A ünvanına qeydiyyata alınmasından imtina edilməsi nəticəsində, onun yaşayış yeri üzrə qeydiyyata alınması, başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılmasına dair hüquqları pozulmuşdur. Buna görə də, o, qeydiyyata alınmasından imtina edilməsindən məhkəməyə şikayət verməkdə haqlıdır. Məhkəmə eləcə də, qeyd edir ki, iş materiallarına əlavə olunmuş 66 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş 3015 nömrəli, 09.12.2021-ci il tarixli arayışdan müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Y.Əliyev küçəsi, ev 16/8A ünvanında 2 ədəd mənzil yerləşir. Onun birinin sahibi hazırki iş üzrə iddiaçının atası, digər isə X11r. Məhkəmə sözügedən hala münasibətdə qeyd edir ki, Şaumyan rayon X15 37/5q saylı “özü tikilidə vətəndaş kimi qeydiyyata alınma barədə” qərarının 4-cü bəndinə əsasən X24 5 nəfər ailə üzvü – özü, arvadı və 3 uşağı ilə birlikdə 1975-ci ildən yaşadığı Belinski küçəsi, 16/8A ünvanında, 2 otaqlı, 38.5 kv.m ünvanına qeydiyyata alınmışdır. Bu səbəbdən də, hazırda da, iddiaçı həmin qərara əsasən onun və ailə üzvlərinin istifadəsində olan keçmiş Belinski, indiki Yavər Əliyev küçəsi, 16/8A ünvanında yerləşən özütikilinin həmin hissəsinə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Həmin Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X16 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Xətai rayonu, Y.Əliyev küçəsi, ev 16/8A ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar