Məhkəmə qərarları › İş №2-1(112)-2206/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2206/2024

05.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2206/2024 05.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra - Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2018-ci il tarixdə təyin olunmuş 3-cü dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2018-ci il tarixdə təyin olunmuş üçüncü dərəcəli əlilliyin etibarsız hesab olunduğu xx.xx.2019-cu il tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ona xx.xx.2018-ci il tarixdə ümumi xəstəlik səbəbindən 3-cü dərəcəli əllik təyin olunmuşdur. Təyin olunmuş əlilliyin müddəti müddətsiz olaraq təyin edilmişdir. Əlillik təyinatı zamanı diaqnoz bölməsində “Onurğanın İV dərəcəli kifoskaliozu, kəskin funksiya pozğunluğu ilə. Asteno-nevrotik sindrom" qeyd olunmuşdur. Bu hal 1-PQDMXW0001 nömrəli, xx.xx.2018-ci il tarixli Forma 88 Arayışı ilə öz təsdiqini tapır. İddiaçı daha sonra müxtəlif vaxtlarda tibbi müayinələrdən keçmiş və ona qoyulmuş diaqnoz adıçəkilən Arayışda qeyd edilən diaqnoz ilə eynilik təşkil etmişdir. Cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əlillik Əlillik Altsistemində etibarsız hesab edilmişdir. Bununla bağlı cavabdeh orqana müraciət etmiş və müraciətinə cavab olaraq bildirilmişdir ki, İddiaçı qeydiyyatda olduğu dövlət tibb müəssisəsi tərəfindən müayinə və müalicə olunacağı və tibbi göstəriş olarsa, göndəriş ilə rəsmiləşdiriləcəyi təqdirdə əlillik vəziyyətinin mövcud qanunverciliyə uyğun olaraq qiymətləndiriləcəyi qeyd edilmişdir. İddiaçı vaxtında kifayət qədər zəruri tibbi yoxlamalardan keçmiş və ona ömürlük müddətinə 3-cü dərəcəli əllik təyin edilmişdir. Cavabdeh bu hərəkət və hərəkətsizliyi ilə onun sosial təminat hüququnu pozmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında göstərmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı Daxili İşlər Nazirliyinin Tibb idarəsinin xx.xx.2018-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik Diaqnozun mətni: Onurğanın İV dərəcəli kifoskoliozu,kəskin funksiya pozğunluğu ilə. Asteno-nevrotik sindrom.; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.5.12. üçüncü-dördüncü dərəcə kifoskolioz, kəskin funksiya pozuntusu (M40-M41.9);” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Lakin, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tibb İdarəsi xx.xx.2019-cu il tarixli 029-1354-1219 nömrəli və xx.xx.2019-cu il tarixli 029-1435-1219 nömrəli məktublarla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, 378 nəfərin Daxili İşlər Nazirliyinə aidiyyətinin olmaması, nazirliyin tibb müəssisələri tərəfindən onların barəsində göndərişlərin əsassız olaraq rəsmiləşdirildiyi qeyd edilməklə, göndərişlərin etibarsız hesab olunmasının nəzərə alınmasını xahiş etmişdir. İddiaçının adı göndərişləri etibarsız hesab edilənlərin siyahısında qeyd edildiyindən, “Əlillik altsistemi”ndə İddiaçı aid qiymətləndirmə xx.xx.2018-ci ildən etibarsız hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki iddiaçı onun barəsində cavabdeh tərəfindən edilmiş faktiki xarakterli hərəkətin hüququnu pozduğunu iddia edərək bu iddiaya cavab verməli orqana qarşı hazırkı iddianı qaldırmış, öhdəliyin icrası haqqında hazırkı iddianın qaldırılması üçün onun subyektiv hüququ olmuş, məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə, məhkəmə qeyd edir ki, işdə olan Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AADJ6 nömrəli xx.xx.2018-ci il tarixli göndərişi əsasında iddiaçıya ümumi xəstəlik səbəbindən “Onurğanın İV dərəcəli klfoskoliozu,kəskin funksiya pozğunluğu ilə. Asteno-nevrotik sindrom” diaqnozu üzrə müddətskiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Azərnaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən 378 nəfər barəsində rəsmiləşdirilmiş göndərişlərin əsaslığının araşdırılmış və müəyyən edilmişdir ki, müraciətə əlavə edilmiş siyahıda adları qeyd olunan şəxslərin Daxili işlər Nazirliyinə aidiyyəti yoxdur və onlara Nazirliyin tibb müəssisələri tərəfindən göndərişlər əsassız olaraq rəsmiləşdirilmişdir. Bununla əlaqədar göndərişlərin etibarsız hesab olunmasını nəzərə alması xahiş olmuş, iddiaçının adı siyahıda 327-ci olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli 3-17-4/2- 26462/2023 nömrəli məktubundan görünür ki, İddiaçı əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AADJ6 nömrəli göndərişi əsasında xx.xx.2018-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ümumi xəstəlik səbəbilə müddətsiz üçüncü dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Göndərişlərin əsaslılığının müəyyən edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin Tibb İdarəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə araşdırılma aparılmış və Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2019-cu il tarixli 029-1354-1219 nömrəli əlillik təyinatı qərarı xx.xx.2019-cu il tarixində ləğv olunmuşdur. İddiaçı hazırda ona təyin edilmiş əlilliyin etibarsız hesab olunduğu xx.xx.2019-cu il tarixdən bərpa edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Bu o deməkdir ki, istənilən halda, şəxs üçün əlverişsiz olan hər bir inzibati hərəkət üçün qanuni əsas mövcud olmalı, inzibati orqanın müdaxilə edə bilmək səlahiyyəti qanundan irəli gəlməli, müdaxilə “qanuna uyğun” olmalıdır. Cavabdehin hərəkətinin qanuna uyğun olmasının yoxlanılması ilə bağlı məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Qanunun 57.1-ci maddəsinə əsasən Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Qanunun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Qanunun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Qanunun 64.3-cü maddəsinə əsasən inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Qanunun 67.3 və 67.4-cü maddələrinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. İstinad olunan normalardan görünür ki, inzibati akt ünvanlandığı şəxs üçün ona məlumat verildiyi andan hüquqi qüvvəyə minir və tərəflər üçün məcburi olur. Bu məcburi hüquqi qüvvə təkcə maraqlı şəxsə deyil, eyni zamanda inzibati orqana münasibətdə də məcburidir və işin hallarının müəyyən edilməsi üçün preyudisial əhəmiyyətə malikdir. Yəni həmin inzibati akt ləğv olunana, geri çağırılana, dəyişdirilənə və ya qüvvədə düşənə qədər aktda təsbit olunmuş halların həqiqətən mövcudluğu qəbul edilməlidir. Qanunverici inzibati aktın ləğv olunma qaydasını müəyyən etmiş, qanunsuz əlverişli inzibati aktın yalnız müəyyən məhdudiyyətlər daxilində ləğv olunmasının mümkünlüyü təsbit edilmişdir. Eyni zamanda “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. Əlilliyin qiymətləndirilməsi ilə bağlı icraat qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” ilə tənzimlənir. Həmin Qaydanın: -2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. -4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Qaydanın əlavəsində Agentliyin Tibbi-sosial ekspert komissiyası tərəfindən əlilliyin təyinatından imtina edildikdə və ya əlillik təyinatı ləğv edildikdə səbəbləri göstərilməklə qəbul edilməsi zəruri olan qərarın forması da müəyyən edilmişdir. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Lakin hazırkı işin hallarından müəyyən olunur ki, cavabdeh iddiaçının əlillik təyinatını onun barəsində verilmiş göndərişin etibarsız hesab olunması ilə bağlı mübahisələndirmiş və iddiaçıya təyin edilmiş əlilliyi “Əlillik” Altsistemində ləğv etmiş, bununla bağlı ayrıca yazılı formada inzbati akt qəbul etməmişdir. Qanunla şəxsin hüququna belə bir müdaxilə nəzərdə tutulmadığından məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddiaçının əlilliyini elektron sistemdə ləğv etməkdən ibarət hərəkətinin qanuni əsası olmamışdır. Həmçinin cavabdeh bu zaman iddiaçını əyani müayinəyə cəlb etməmiş, onun barəsində qəbul edilmiş inzibati aktın nəticəsini şübhə altına almaqla onun nəticələrini ləğv edərkən, iddiaçının dinlənilmə hüququnu təmin etməmiş, qüvvədə olan inzibati aktın ləğv edilməsi barədə ayrıca yazılı akt formasında qərar qəbul etməmişdir. Bununla cavabdeh həmin inzibati icraat, həm də əlilliyin qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin tələblərini pozmuşdur. Belə olan halda məhkəmə hesab edirr ki, cavabdehin iddiaçının hüquqlarına müdaxiləsinin qanuni əsası olmamış, maddi və prosessual hüquq norlamarını pozmuşdur, bu isə hazırkı iddianın əsaslı olması qənaətinə gəlmək üçün kifayətdir (bununla bağlı oxşar mövqe yuxarı instasiya məhkəmələrinin qərarlarında da təsbit edilmişdir). İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı X1 xx.xx.2018-ci il tarixdə təyin olunmuş üçüncü dərəcə əlilliyin ləğv (etibarsız) olunduğu xx.xx.2019-cu il tarixdən bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar