Məhkəmə qərarları › İş №2-1(112)-2207/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2207/2020

27.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2207/2020 27.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X1 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinə qarşı təhsil müddətinin iş stajına daxil edilməsitələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsinə qarşı onun xx.xx.1976-cı ildən 26 iyun 1981-ci ilədək M.F.Axundov adına Azərbaycan Pedoqoji Rus dili və Ədəbiyyatı İnstitutunun “Rus dili və ədəbiyyatı” ixtisası üzrə əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilərək, ona yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ümumi sosial sığorta stajına təhsil aldığı müddət nəzərə alınmadan Dövlət Sosial Müdafiə Fondu tərəfindən ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Hesab edir ki, ona əmək pensiyası təyin edilərkən sığorta stajı düzgün hesablanmayaraq təyin edilmişdir. Belə ki, Azərbaycan Pedoqoji Rus dili və Ədəbiyyatı İnstitutunda xx.xx.1976-cı ildən 26 iyun 1981-ci ilədək 5 il təhsil almışdır. Buna görə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna ərizə ilə müraciət edərək, ali təhsil müəssisəsində təhsil aldığı dövrü yəni 5 ili ona əmək pensiyası hüququ verən sığorta stajı kimi hesablanmasını xahiş etmişdir. Cavabdeh ona ünvanladığı xx.xx.2019-cu il tarixli, **********9 sayl cavab məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri sadalnmışdır. Təhsil müddəti sadalanan fəaliyyət növlərinə aid olmadığından onun təhsil aldığı dövrü sığorta stajına daxil etmək mümkün deyildir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh məhkəmə iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edərək bildirmişdir ki, respublikada vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları xx.xx.2006-cı ildən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri sadalanmışdır. Təhsil müddəti sadalanan fəaliyyət növlərinə aid olmadığından vətəndaşın təhsil aldığı dövr sığorta stajına daxil edilməmişdir. Göstərilənlərə əsasən ididanın əsassız hesab edilərək rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçınınizahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********9 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri sadalanmışdır. Təhsil müddəti sadalanan fəaliyyət növlərinə aid olunmadığından onun təhsil aldığı dövrü sığorta stajına daxil etmək mümkün deyildir. İşdə olan iddiaçıya məxsusЖВ № 032149 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1976-1981-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedoqoji Rus dili və Ədəbiyyatı İnstitutunun “Rus dili və ədəbiyyatı” ixtisası üzrə əyani təhsil almışdır. İşdə olan AZE № ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Culfa rayonunda anadan olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehə hazırki tələblə bağlı ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinə cavab olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində (sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri) təhsil müddətinin iş stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdəndə onun təhsil aldğı müddətin iş stajına daxil edilməsi mümkün deyildir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan (xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş) “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1-ci maddəsinin v) bəndində qeyd olunmuşdur ki, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. Eyni zamanda, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, iddiaçının təhsil aldığı zaman təhsil müddətinin onun əmək stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyində nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hansı vaxtdan pensiya təyin edilməsindən və pensiya hüququ yaranmasından asılı olmayaraq, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə əldə edilmiş Qanunun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndində sadalanan təhsil müddəti şəxsin iş stajına daxil edilməldir. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 68-69, 73, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.1976-cı ildən 26 iyun 1981-ci ilədək M.F.Axundov adına Azərbaycan Pedoqoji Rus dili və Ədəbiyyatı İnstitutunun “Rus dili və ədəbiyyatı” ixtisası üzrə əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilərək ona yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ona ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar