Məhkəmə qərarları › İş №2-1(112)-2207/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2207/2024

25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2207/2024 25.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi və vəkilli Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi qarşı " çıxarışın verilməsi öhdəliyinin qoyulması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 100 saylı mənzilinə dair xüsusi mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarış verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binasının 100 saylı mənzili İddiaçı məxsusdur, mənzilin pay dəyəri iddiaçı tərəfindən tam ödənilmişdir. İddiaçı ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 100 saylı mənzilinə xüsusi mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata almaqla ona reyestrdən çıxarış verilməsi ilə bağlı 1 saylı Bakı ərazi idarəsinə müraciət etmişdir. Lakin 1 saylı Bakı ərazi idarəsi ərizəni təmin etməmiş və imtina məktubunda göstərmişdir ki, 100 saylı mənzil binanın texniki mərtəbəsində yerləşir, yaşayış binası 16 mərtəbəli, mənzillərin ümumi sayı 98-dir, texniki mərtəbənin yaşayış təyinatlı olması barədə istismara icazə sənədində qeyd aparılmamışdır. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə istinad edərək ərizənin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdeh təşkilatın imtinası əsassızdır, qanunun tələblərinə uyğun deyil.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd olunmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman 100 saylı mənzilin binanın texniki mərtəbəsində yerləşdiyi müəyyən edilmişdir. Qeyd olunan ünvanda inşa edilmiş yaşayış binasına dair Bakı Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş 0062 saylı, xx.xx.2016-cı il tarixli “Tikinti obyektinin istismarına icazə” sənədində yaşayış binasının 16 mərtəbəli, mənzillərin ümumi sayının 98 ədəd olduğu göstərilmiş və texniki mərtəbənin yaşayış təyinatlı olması barədə hər hansı qeyd aparılmamışdır. Yaranmış zərurətlə əlaqədar olaraq, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının texniki mərtəbəsinin təyinatı barədə məlumatın verilməsi ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu göndərilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 3-35-1/2-1384/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubu ilə qeyd olunan binaya dair tikinti layihəsinin memarlıq hissəsi xx.xx.2012-ci il tarixli, 18/04-61 saylı məktubla razılaşdırılmış (1 girişli, 16 mərtəbəli + texniki mərtəbə, 1ci və 2-ci mərtəbələri qeyri-yaşayış sahəsi, zirzəmi mərtəbəsi yeraltı avtodayanacaq) həmin layihə əsasında Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2016-cı il tarixli, 0062 saylı “Tikinti obyektinin istismarına icazə” sənədinin verildiyi və müvafiq istismara icazə sənədində binanın mərtəbəliyinin, mərtəbələrinin təyinatının və mənzillərin sayı barədə məlumatların qeyd olunduğu bildirilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir.

4. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd olunmuşdur ki, iddiaçı – İddiaçı “ünvan 3 ünvanında inşa edilmiş yaşayış binasının 100 saylı mənzilinə xüsusi mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması, ona reyestrdən çıxarışın verilməsi” öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023- cü il tarixli, **********01 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan ünvanda inşa edilmiş yaşayış binasına dair Bakı Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş 0062 saylı, xx.xx.2016-cı il tarixli “Tikinti obyektinin istismarına icazə” sənədində yaşayış binasının 16 mərtəbəli, mənzillərin ümumi sayının 98 ədəd olduğu göstərilmiş və texniki mərtəbənin yaşayış təyinatlı olduğu barədə hər hansı qeyd aparılmamışdır. Həmçinin bildiririk ki, xx.xx.2023-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman məlum olmuşdur ki, 100 saylı mənzil binanın texniki mərtəbəsində yerləşir. Yaranmış zərurətlə əlaqədar olaraq, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının texniki mərtəbəsinin təyinatı barədə məlumatın verilməsi ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu göndərilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 3-35-1/2-1384/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubu ilə qeyd olunan binaya dair tikinti layihəsinin memarlıq hissəsi xx.xx.2012-ci il tarixli, 18/04-61 saylı məktubla razılaşdırılmış (1 girişli, 16 mərtəbəli+texniki mərtəbə, 1-ci və 2-ci mərtəbələri qeyri-yaşayış sahəsi, zirzəmi mərtəbəsi yeraltı avtodayanacaq) həmin layihə əsasında Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2016-cı il tarixli, 0062 saylı “Tikinti obyektinin istismarına icazə” sənədinin verildiyi və müvafiq istismara icazə sənədində binanın mərtəbəliyinin, mərtəbələrinin təyinatının və mənzillərin sayı barədə məlumatların qeyd olunduğu bildirilmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddələrini rəhbər tutaraq cavabdeh orqan iddia tələbinin təmin edilməməsini xahiş etmişdir..

5. "xxxx" MTK üzvlərinin ümumi iclasının 108 nömrəli Protokolundan xx.xx.2013-cü il tarixli çıxarışa əsasən vətəndaş İddiaçı Mirandar qızı "xxxx" MTK-ya ərizə ilə müraciət edərək, onun kooperativə üzv qəbul edilməsini xahiş etmişdir. İddiaçı Mirandar qızı koopearivin üzvü qəbul olunmaqla, MTK-nın ünvan 4 ünvanında yerləşən koopeartiv binasının 1-ci giriş, 17-ci mərtəbəsində, ümumi sahəsi 70 kv.m olan yaşayış sahəsi 57 kv.m olan 1 otaqlı, 100 saylı mənzil verilmiş və sənədə 1 nəfər ailə tərkibi (İddiaçı Mirandar qızı) daxil edilmişdir.

6. "xxxx" Mənzil-Tikinti Koopeartivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 408 nömrəli Maliyyə Arayışına əsasən ünvan 5 ünvanında yerləşən kooperativ yaşayış binası "xxxx" MTK-sına məxsusdur. Bu binanın 1-ci giriş, 17-ci mərtəbəsində, ümumi sahəsi 70 kv.m., yaşayış sahəsi 57 kv.m olan 1 otaqlı, 100 saylı mənzilin pay dəyəri payçı İddiaçı Mirandar qızı tərəfindən tam ödənilmişdir. "xxxx" Mənzil Tikinti Kooperativinə borcu yoxdur.

7. Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativinə ünvanlanan xx.xx.2013-cü il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 286 saylı, xx.xx.2008-ci il tarixli, 445 saylı sərəncamları, 12250 saylı inşaat pasportu, memarlıq-planlaşdırmasının eskiz həlli xx.xx.2008-ci il tarixli, 18/04-451 saylı, işçi layihəsinin memarlıq hissəsi xx.xx.2012-ci il tarixli, 18/04-61 saylı məktublarla razılaşdırılmış Binəqədi rayonu, 8-ci mikrorayon, C.Xəndan küçəsində yerləşən X5 yanında inşə edilmiş yaşayış binasının texniki mərtəbəsinin yaşayışla (17-ci mərtəbə) əvəz edilməsinə və 2-ci mərtəbənin daxili planlaşmasındakı dəyişikliklərə dair mövcud vəziyyətdə təqdim olunmuş işçi layihəsinə baxılaraq onun memarlıq hissəsi razılaşdırılmışdır.

8. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) Aktında qeyd olunmuşdur ki, xx.xx.2013-cü il tarixli 109 saylı məktuba əsasən texniki mərtəbənin yaşayışla əvəz olunması qeyd olunsa da, 24 avqust 2016-cı il tarixli qəbul aktına əsasən binanın mərtəbəliliyi 16 və mənzillərin sayı 98 ədəd göstərilmişdir. Faktiki olaraq binada 104 ədəd mənzil var və mansard mərtəbəsində qeydiyyatdan keçmiş mənzillər var.

9. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 24 avqust 2016-cı il tarixli, 0062 nömrəli Tikinti obyektinin istismarına İcazə sənədinə əsasən 24 avqust 2016-cı il tarixdən "xxxx" Mənzil Tikinti Kooperativinə tikinti obyektinin istismarına icazə sənədi verilmişdir:

Göstəricilərin adı Ölçü Layihə üzrə Faktiki vahidi Binanın ümumi həcmi kub m 81935.70 81935.70 Binanın ümumi sahəsi kv.m 19080.45 19080.45 Mənzillərin ümumi sahəsi kv. m 13960.57 13960.57 Mənzillərin yaşayış sahəsi kv. m 6374.00 6374.00 Mərtəbələrin sayı ədəd 16 16 Girişlərin sayı ədəd 1 1 Mənzillərin ümumi ədəd 98 98 sayı o cümləbən: bir otaqlı ədəd 14 14 iki otaqlı ədəd 14 14 üç otaqlı ədəd 42 42 dörd otaqlı ədəd 28 28 1-ci və 2-ci mərtəbələrin ümumi kv.m 1558.30 1558.30 qeyri-yaşayış sahəsi Texniki mərtəbənin ümumi sahəsi kv.m 640.40 640.40 Zirzəmi mərtəbəsinin (yeraltı avtokv.m 1055.90 1055.90 dayanacaq) ümumi sahəsi

10. Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 19A ünvanında yerləşən 101 saylı mənzilə münasibətdə aşağıdakı sənədlər müəyyən olunmuşdur: - "xxxx" MTK üzvlərinin ümumi iclasının 94 nömrəli Protokolundan xx.xx.2013-cü il tarixli Çıxarışa əsasən vətəndaş X10 "xxxx" MTK-ya ərizə ilə müraciət edərək, onun kooperativə üzv qəbul edilməsini xahiş etmişdir. X1 üzvü qəbul olunmaqla, MTK-nın ünvan 4 ünvanında yerləşən koopeartiv binasının 1-ci giriş, 17-ci mərtəbəsində, ümumi sahəsi 70 kv.m olan yaşayış sahəsi 55 kv.m olan 1 otaqlı, 101 saylı mənzil verilmiş və sənədə 1 nəfər ailə tərkibi (X10) daxil edilmişdir. - "xxxx" Mənzil-Tikinti Koopeartivi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 309 nömrəli Maliyyə Arayışına əsasən ünvan 5 ünvanında yerləşən kooperativ yaşayış binası "xxxx" MTK-sına məxsusdur. Bu binanın 1-ci giriş, 17-ci mərtəbəsində, ümumi sahəsi 70 kv.m., yaşayış sahəsi 55 kv.m olan 1 otaqlı, 101 saylı mənzilin pay dəyəri payçı X10 tərəfindən tam ödənilmişdir. "xxxx" Mənzil Tikinti Kooperativinə borcu yoxdur. - Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 7 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququ (tam) X6 adına xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. - Reyestrdə 4Ə-1903 nömrə ilə qeyd olunan xx.xx.2022-ci il tarixli Alqı-satqı müqaviləsinə əsasən satıcı X10 ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 19A, giriş 1, 101 saylı mənzili alıcı Alıyev Rashıdın mülkiyyətinə vermişdir. - Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 8 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququ (tam) Alıyev Rashıdın adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.

11. Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 19A ünvanında yerləşən 99 saylı mənzilə münasibətdə aşağıdakı sənədlər müəyyən olunmuşdur: - "xxxx" MTK üzvlərinin ümumi iclasının 87 nömrəli Protokolundan xx.xx.2013-cü il tarixli Çıxarışa əsasən vətəndaş X11 "xxxx" MTK-ya ərizə ilə müraciət edərək, onun kooperativə üzv qəbul edilməsini xahiş etmişdir. X2 üzvü qəbul olunmaqla, MTK-nın ünvan 4 ünvanında yerləşən koopeartiv binasının 1-ci giriş, 17-ci mərtəbəsində, ümumi sahəsi 189 kv.m olan yaşayış sahəsi 120 kv.m olan 4 otaqlı, 99 saylı mənzil verilmiş və sənədə 1 nəfər ailə tərkibi (X11) daxil edilmişdir. - "xxxx" Mənzil-Tikinti Koopeartivi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 281 nömrəli Maliyyə Arayışına əsasən ünvan 5 ünvanında yerləşən kooperativ yaşayış binası "xxxx" MTK-sına məxsusdur. Bu binanın 1-ci giriş, 17-ci mərtəbəsində, ümumi sahəsi 189 kv.m., yaşayış sahəsi 120 kv.m olan 4 otaqlı, 99 saylı mənzilin pay dəyəri payçı X11 tərəfindən tam ödənilmişdir. "xxxx" Mənzil Tikinti Kooperativinə borcu yoxdur. - Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 9 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququ (tam) X7 adına xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. - xx.xx.2018-ci il tarixli, 097İK/2018 nömrəli Alqı-satqı və İpoteka Müqaviləsinə əsasən satıcı X11 ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, bina 19A, 99 saylı mənzili alıcı-ipoteka qoyan X4 mülkiyyətinə vermişdir. - Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 9 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququ (tam) X4 adına xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır.

12. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmənin baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

13. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmənin baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünlüyü

14. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

15. İddia tələbi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsidir, iddiaçının yekun məqsədi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi olduğundan iddianın növü öhdəliyin icrasına dair iddiadır.

16. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

17. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

18. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

19. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);

21. X12 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

22. X12 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

23. Məhkəmə hazırki iş üzrə araşdırmanı X12 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üzrə araşdırma sxemi üzrə aparmağı məqsədəuyğun hesab edir. Nəticə aşağıdakı təhlildən asılı olmalıdır:

24. 1) İş üzrə araşdırılan hüquq 1-ci maddənin mənası baxımından mülkiyyət hüququ və ya əmlaka sahiblik hüququ sayıla bilərmi? 2) Əmlaka sahiblik hüququna müdaxilə baş veribmi? 3) Həmin müdaxiləyə 1-ci maddədə yer alan üç normadan hansının əsasında baxılmalıdır? Yəni mübahisələndirilən tədbir hansı müdaxiləni təşdil edir 3.1. işin halları əmlakdan məhrum etməni əhatə edirmi? 3.2.Əgər cavab yoxsa, işin halları əmlakdan istifadəyə nəzarətlə bağlıdırmı? 3.3. Əgər cavab yoxsa, işin halları ümumi prinsiplərin işığında şərh olunmalıdırmı (dövlət hakimiyyət orqanları əmlakdan dinc istifadə etmək hüququna hörmət etmişlərmi)? 4) Müdaxilə üçün qanuni əsas varmı? 5) Mülkiyyət hüququna müdaxilə cəmiyyətin maraqlarına xidmət edirmi, yəni qanuni məqsəd daşıyırmı? 6) Müdaxilə qarşıya qoyulan məqsədə mütənasibdirmi? Yaxud başqa sözlə, həmin müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlayırmı?

25. Müdaxilənin qanuniliyi, qanuni məqsədlərə cavab verməsi, eləcə də iddiaçıya münasibətdə ədalətli tarazlığa riayət olunub-olunmaması məhkəmə tərəfindən qiymətləndirilməlidir.

26. Məhkəmə hesab edir ki, iddiaçının mənzilə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına ən azı “qanuni gözləntisi” olmuşdur və hüququn təmin olunmaması mülkiyyətə müdaxilədir. Həmin müdaxilə nə mülkiyyətdən məhrumetmə, nə də mülkiyyətdən istifadəyə nəzarət məqsədi daşıyan qanunvericilik sisteminin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Odur ki, məhkəmə hazırki müdaxiləyə mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipinin işığında qiymət verəcəkdir. Qeyd edilən mövqe X12 Məhkəməsinin presedent hüququna uyğundur (bax: the Lithgow və başqaları Birləşmiş Krallığa qarşı 8 oyul 1986, seriya A no. 102, p. 46, § 106; Beyeler İtaliyaya qarşı 05 yanvar 2000, ərizə 33202/96 § 106).

27. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 19A ünvanında yerləşən binanın istismarına icazə verilmiş (Bakı şəhəri İcra Hakimiyyətinin tərəfindən xx.xx.2016-cı il tarixli, 0062 nömrəli tikinti obyektinin istismarına icazə sənədinə əsasən), binanın idarə olunması üçün mənzil sahibləri tərəfindən mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılmış və müştərək cəmiyyət tərəfindən də iddiaçının mənzilin faktiki və hüquqi sahibi olması halı təsdiq edilmişdir ("xxxx" MTK üzvlərinin ümumi iclasının 108 nömrəli Protokolundan Çıxarışa əsasən). İddia tələbinin predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 19A ünvanında yerləşən yaşayış binasının 17-ci mərtəbəsindəki 100 saylı mənzil İddiaçı sahibliyində və istifadəsindədir.

28. Cavabdeh orqan imtinanın dəlili olaraq bildirmişdir ki, yaşayış binasına dair Bakı Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş 0062 saylı, xx.xx.2016-cı il tarixli “Tikinti obyektinin istismarına icazə” sənədində yaşayış binasının 16 mərtəbəli, mənzillərin ümumi sayının 98 ədəd olduğu göstərilmiş və texniki mərtəbənin yaşayış təyinatlı olduğu barədə hər hansı qeyd aparılmamışdır, iddiaçı tərəfindən mübahisələndirilən 100 saylı mənzil isə binanın texniki mərtəbəsində (17-ci mərtəbədə) yerləşir.

29. Bununla bağlı məhkəmə qeyd edir ki, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativinə ünvanlanan xx.xx.2013-cü il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 286 saylı, xx.xx.2008-ci il tarixli, 445 saylı sərəncamları, 12250 saylı inşaat pasportu, memarlıqplanlaşdırmasının eskiz həlli xx.xx.2008-ci il tarixli, 18/04-451 saylı, işçi layihəsinin memarlıq hissəsi xx.xx.2012-ci il tarixli, 18/04-61 saylı məktublarla razılaşdırılmış Binəqədi rayonu, 8-ci mikrorayon, C.Xəndan küçəsində yerləşən X5 yanında inşa edilmiş yaşayış binasının texniki mərtəbəsinin yaşayışla (17-ci mərtəbə) əvəz edilməsinə və 2-ci mərtəbənin daxili planlaşmasındakı dəyişikliklərə dair mövcud vəziyyətdə təqdim olunmuş işçi layihəsinə baxılaraq onun memarlıq hissəsi razılaşdırılmışdır.

30. Digər tərəfdən məhkəmə müəyyən edir ki, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmiş qeyd edilən yaşayış binasında iddiaçı ilə eyni vəziyyətdə olan digər şəxslərə münasibətdə hüquqların ilkin qeydiyyatı həyata keçirilmişdir (99 və 101 nömrəli mənzillərə dair). Belə ki, ünvan 3 nömrəli yaşayış binasının 17-ci mərtəbəsində yerləşən 99 saylı mənzil X7 adına xx.xx.2018-ci il tarixdə, 101 saylı mənzil isə X6 adına xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrdə qeydiyyata alınmış və daha sonra müvafiq mənzillər özgəninkiləşdirilmişdir. Belə olan təqdirdə, məhkəmə cavabdehin nümayəndəsindən eyni vəziyyətdə olan şəxslərə qarşı fərqli rəftarın səbəbi barədə məlumatın məhkəməyə təqdim edilməsini tələb etmiş, lakin cavabdeh tərəfindən məhkəməyə hər hansı dəlil təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, heç bir əsas olmadan iddiaçıya münasibətdə fərqli rəftar bərabərlik prinsipinin pozulması ilə nəticələnə bilər.

31. Məhkəmə daşınmaz əmlakın inventarlaşdırmasının və qeydiyyata alınmasının sənədləşdirilməsinin lazımi qaydada aparılmalı olduğu qənaətindədir. Lakin qeyd edilən hərəkətlərin aparılması hüquq sahiblərinin üzərinə ona aid olmayan və həddən artıq yük qoyulması ilə nəticələnməməlidir.

32. Cavabdeh qurumun imtinası iddiaçının vəziyyətinə mütənasib olmamaqla onun üzərinə həddən artıq yük qoymuşdur, nəticə etibarilə iddiaçıya münasibətdə ədalətli tarazlığa riayət olunmamışdır.

33. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən:

34. Xidmətin vəzifələri: 3.0.18. daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək;

35. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməli, əks yanaşma iddiaçının X12 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.

36. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

37. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

38. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

39. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

40. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

41. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 19A ünvanında yerləşən yaşayış binasının 100 saylı mənzili üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar