Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2208/2023 09.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi (hüquq departamentinin məhkəmələrlə iş şöbəsinin müdiri) X1, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi (hüquq idarəsinin məhkəmə işlərinin təşkili şöbəsinin baş hüquqşünası) X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğvi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin 28 iyul 2022-ci il tarixili “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” **********784000 saylı qərarının ləğv edilməsini tələb etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC tərəfindən 22 aprel 2022-ci il tarixində 2021-ci ilin dəqiqləşdirilmiş mənfəət vergi bəyannaməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə kassa metodu ilə təqdim edilmişdir. Cavabdeh qurum tərəfindən 05 iyul 2022-ci il tarixində İddiaçı ASC-yə 2216 **********00 saylı məktub ünvanlanaraq bildirilmişdir ki, “tərəfinizdən xx.xx.2022-ci il tarixdə kassa metodu ilə təqdim edilmiş 2021-ci il üçün dəqiqləşdirilmiş vergi bəyannaməsi Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində araşdırılır. Araşdırma zamanı 2021-ci il ərzində məktuba əlavə edilmiş vergi ödəyicilərindən (“AXİNCA" MMC və “DERMON GROUP" MMC) əldə edilmiş elektron qaimə-fakturalar üzrə alınmış malların və göstərilmiş xidmətlərin həcminin və çeşidinin, cəmiyyətin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı müəyyən edilmişdir, bu isə vergidən yayınma halı kimi qiymətləndirilir. Kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər (məlumatlar) məktubda göstərilən müddətdək təqdim edilmədiyi halda, Vergi Məcəlləsinin 37,67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının Sizin vergi öhdəliklərinizi yenidən hesablamaq hüququ vardır". Göstərilən məktuba müvafiq olaraq 13 iyul 2022-ci il tarixində İddiaçı ASC tərəfindən cavabdehə məktubla müraciət edilmiş və məktub **********098100 nömrəsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin AVİS Kargüzarlıq altsistemində qeydiyyata alınmışdır. Məktubda cavabdeh orqana bildirilmişdir ki, "xxxx" MMC (VÖEN: **********) və "xxxx" MMC (VÖEN:**********) şirkətləri ilə 2021-ci il ərzində aparılan əməliyyatlar nəticəsində 3 ədəd Hitachi markalı pul sayan sayğacı və 2 ədəd həmin sayğaclar üçün müştəri tablosu əldə olunmuşdur. Həmin əməliyyatların əmtəəli olduğunu nəzərinizə çatdırırıq və əlavə olaraq da bütün sənədləri və fotoşəkilləri Sizə təqdim edirik”. Lakin buna baxmayaraq cavabdeh orqan tərəfindən 28 iyul 2022-ci il tarixində İddiaçı ASC barəsində “vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” **********784000 saylı qərar qəbul edilmiş və həmin qərara əsasən İddiaçı ASC-yə 1944,80 (bir min doqquz yüz qırx dörd manat 80 qəpik) manat məbləğində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği hesablanmışdır. 28 iyul 2022-ci il tarixində İddiaçı ASC barəsində “vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” **********784000 saylı qərarla kameral olaraq hesablanmış vergi məbləğ əsassız hesablanmışdır. Buna müvafiq olaraq həmin qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericliyinin tələblərinin pozulması ilə xarakterizə olunur. Qərar əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, İddiaçı ASC ilə "xxxx" MMC arasında 14 aprel 2021-ci il tarixində 020 №-İi alqısatqı müqaviləsi imzalanmış və həmin müqaviləyə əlavə olan 14 aprel 2021-ci il tarixli Əlavə №l-ə əsasən Hitachi İH 110 markalı 2 ədəd pul sayğacı və 20 may 2021- ci il tarixli Əlavə №2-yə əsasən 1 ədəd pul sayğacı üçün müştəri tablosu İddiaçı ASC tərəfindən satın alımışdır. Eyni zamanda İddiaçı ASC ilə "xxxx" MMC arasında 19 noyabr 2021-ci il tarixində 022 №-li alqı-satqı müqaviləsi imzalanmış və həmin müqaviləyə əlavə olan 19 noyabr 2021-ci il tarixli Əlavə №l-ə əsasən Hitachi İH 110 markalı 1 ədəd pul sayğacı və 1 ədəd pul sayğacı üçün müştəri tablosu İddiaçı ASC tərəfindən satın alımışdır. Həm 14 aprel 2021-ci il tarixli, həm də 19 noyabr 2021-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən hesab faktura, elektron qaimə, ödəniş tapşırığı və digər sənədlər tərtib edilmiş və müvafiq olaraq alınmış əmlakların dəyəri ödənilmiş və dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində öz əksini tapmışdır. Bununla bağlı sonradan cavabdeh qurum tərəfindən edilmiş İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli 2216 0201 6850 93 00 saylı məktuba verilmiş 13 iyul 2022- ci il tarixli **********098100 nömrəli məktubla da yenidən cavablandırılsa da, bu hallar nəzər alınmamış və nəticədə cavabdeh qurum tərəfindən əsassız olaraq 2021-ci ilin hesab dövründə gəlirdən çıxılan xərcləri müəyyən edilmiş və onun əsasında da kameral olaraq əlavə vergi məbləği hesablanmış və təqdim edilmiş sənədlər tam şəkildə araşdırılmamışdır. Halbuki cavabdeh qurum İddiaçı ASC tərəfindən mübahisələndirilən dövr üzrə malların (işlərin, xidmətlərin) alışını təsdiq edən e-qaimələri, vergi hesab-fakturaları nəzərə almalı, buna müvafiq olaraq əlavə verginin hesablanmasına yol verməməli idi. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırkı mərhələdə nəzərə alınması zəruridir ki, cavabdeh orqan məhz kameral vergi yoxlamasının başa çatdırılması məqsədi ilə 05 iyul 2022-ci il tarixində iddiaçıya müraciət edir ki, bu zaman iddiaçı tərəfindən yoxlamanın başa çatdırılması üçün tələb edilən sənədlər (alqı-satqı müqavilələri, əlavələri, e-qaimələr, vergi-hesabat fakturları) vaxtında cavabdehə təqdim edilir. Lakin cavabdeh tərəfindən bu hal nəzərə alınmadan iddiaçı barəsində mübahisələndirilən dövr üzrə təqdim edilmiş sənədləri nəzərə almadan, habelə iddiaçıya münasibətdə heç bir mənbəyə istinad olunmadan əlavə vergi hesablanır ki, bu hal vergi qanunvericiliyinin tələbləri ilə qətiyyən uzlaşmır. Mövcud vəziyyətdə cavabdeh qurum mübahisələndirilən inzibati aktın qəbul edilməsini şərtləndirilən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir ki. bu halların heç biri sübut olunmamışdır. Bu hal isə iddiaçının hüquqlarının pozulmasına səbəb olmaqla bərabər, faktiki olaraq cavabdeh qurum tərəfindən qanunvericilyin tələbinə əməl etmədən, lazımı araşdırma aparmadan iddiaçıya münasibətdə əlverişsiz inzibati aktın qəbul edilməsinə səbəb olmuşdur. Əlavə olaraq qeyd edilməlidir ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (kameral vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və.s) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə rəsmi məlumatlardan və.s) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Lakin cavabdeh qurum tərəfindən bu hallar nəzərə alınmamışdır. Bundan başqa hazırki iş üzrə cavabdehin qurumun mövcud vergi hesablama mexanizimi də Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67-ci maddəsinin tələbləri ilə uzlaşmamaqla bərabər daha ağır olan normaların tətbiqinə əsas vermişdir. Halbuki Vergi Məcəlləsinin 67.1-ci maddəsində cavabdeh qurumun hansı hallarda vergi məbləğini hesablaması, bunun hansı metodlar əsasında həyata keçirilə bilməsi və digər hallar tam şəkildə öz əksini tapmış, verginin hesablanmasının mümkünsüz olduğu hallarda Vergi Məcəlləsinin 83-cü maddəsində göstərilən ardıcıllıqla hesablanması müəyyən edilmişdir. Vergi orqanı qeyd olunan maddələrdə sadalanan ardıcıllığa riayət etməklə vergiləri hesablamalı və yalnız bir hesablama qaydası ilə hesablamanın aparılması mümkün olmadıqda digər qaydanı tətbiq etməli idi. Lakin bütün bunlar cavabdeh qurum tərəfindən nəzərə alınmamış və nəticədə iddiaçı barəsində əlverişsiz inzibati akt qəbul edilmişdir.
3. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli №**********784000 qərara əsasən (mənfəət vergisi, hesabat dövrü 2021-ci il) vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 1.944,80 manat əlavə (vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi məbləği 340.432,40 manat – təqdim edilmiş bəyannamə, hesabat üzrə ödəyici tərəfindən hesablanmış 338.487,60 manat vergi çıxılmaqla) vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, araşdırma zamanı 2021-ci il ərzində AXİNCA MMC (VÖEN **********) əldə edilimiş elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 3.332,00 manatlıq və DERMON GROUP MMC (VÖEN **********) əldə edilimiş elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 6.392,00 manatlıq mallar alınmışdır. Bildiririk ki. qeyd olunan ödəyicilərdən əldə edilmiş elektron qaimə-fakturalar üzrə alınmış malların və göstərilmiş xidmətlərin həcminin və çeşidinin, cəmiyyətin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilməsi nəticəsində kənarlaşma yaranmışdır.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı ASC tərəfindən xx.xx.2022-ci il tarixdə təqdim edilmiş 2021-ci il üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində araşdırılmışdır. Araşdırma zamanı 2021-ci il ərzində "xxxx" MMC (VÖEN: **********) və "xxxx" MMC-dən (VÖEN: **********) əldə edilmiş elektron qaimə-fakturalar üzrə alınmış malların və göstərilmiş xidmətlərin həcminin və çeşidinin, malları təqdim edən şəxslərin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar iddiaçıya xx.xx.2022-ci il tarixli 2216**********00 nömrəli "2021-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə" məktub göndərilmiş və müvafiq təsdiqedici sənədlərin təqdim edilməsi tələb olunmuşdur. Vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixli **********098100 nömrəli cavab məktubu ilə 2021-ci il ərzində aparılan əməliyyatlar nəticəsində 3 ədəd Hitachi markalı pul sayan sayğacı və 2 ədəd həmin sayğaclar üçün müştəri tablosunun alındığı, habelə həmin əməliyyatların əmtəəli olduğu və əlavə olaraq bütün sənəd və fotoşəkillərin təqdim edildiyi bildirilmişdir. Təqdim edilmiş sənədlərin vergi orqanının uçot-baza məlumatları ilə üzləşdirilməsi zamanı iddiaçının təqdim etdiyi 2021-ci ilin mənfəət vergisi hesabatında riskli vergi ödəyiciləri hesab edilən "xxxx" MMC (VÖEN: **********) və "xxxx" MMC (VÖEN:**********) şirkətlərindən ümumi dəyəri 9724,0 manat elektron qaimə-fakturalar üzrə alınmış mallara görə (o cümlədən, "xxxx" MMC-dən EBBM seriyalı xx.xx.2021-ci il tarixli 646252 nömrəli elektron qaimə-faktura üzrə 3332,0 manat, "xxxx" MMC-dən EBBM seriyalı xx.xx.2021-ci il tarixli 157599 nömrəli elektron qaimə-faktura üzrə 6120,0 manat və EBBM seriyalı xx.xx.2021-ci il tarixli 181982 nömrəli elektron qaimə-faktura üzrə 272,0 manat) mənfəət vergisinin hesablanmasında kənarlaşma yarandığı müəyyən olunmuşdur. Bu səbəbdən də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2021-ci il tarixli **********479500 nömrəli və xx.xx.2021-ci il tarixli **********138100 nömrəli Qərarlarına əsasən "xxxx" MMC və "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilərək, riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir ki, nəticədə, Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 109-cu maddələrinə əsasən 2021-cu ilə görə mənfəət vergisi bəyannaməsinə 1.944,80 manat əlavə vergi məbləği hesablanaraq, aparılmış hesablama ilə bağlı iddiaçıya xx.xx.2022-ci il tarixli **********714700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərar” göndərilmişdir. İddiaçı alqı-satqı əməliyyatlarının qanunvericiliyə uyğun olaraq rəsmiləşdirildiyini o cümlədən, malların (işlərin, xidmətlərin) alışını təsdiq edən elektron qaimələri, vergi hesabfakturaları nəzərə almalı, buna müvafiq olaraq əlavə verginin hesablanmasına yol verilməməməli olduğunu bildirmişdir. Qeyd olunanlarla əlaqədar olaraq bildirilmişdir ki, Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinin müddəalarına əsasən əmtəəsiz əməliyyat-vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar sayılır. Həmin Məcəllənin 13.2.82-ci maddəsinə əsasən (01 yanvar 2020-ci il tarixdən qüvvədə olan redaksiyaya əsasən) riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Vergi Məcəlləsinin 37.1-ci maddəsində qeyd edilir ki, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Qeyd edilənlərə və Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 109-cu maddələrinə əsasən 2021-ci ilin hesab dövründə gəlirdən çıxılan xərclərin 9724,0 manat azaldılmasına görə iddiaçıya 1 944,80 manat əlavə vergi məbləği hesablanmışdır.
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarı ilə vergi ödəyicisi "xxxx" MMC (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarı ilə vergi ödəyicisi "xxxx" MMC (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
7. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
8. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etdi.
İİ. İddianın növü və mümkünlüyü
9. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
10. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.
11. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.
12. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
13. Vergi Məcəlləsinin 49.4-cü maddəsinə əsasən, vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir.
14. Məhkəmə qeyd edir ki, mübahisələndirilən qərarların iddiaçıya sifarişli məktubla çatdırılması müəyyən edilmir. Həmin qərarlar məhkəmə araşdırması zamanı qəbul edilmiş və iddiaçıya təqdim edilmişdir. Odur ki, məhkəmə iddiaçı tərəfindən prosessual müddətlərin ötürüldüyü qənaətinə gəlmir.
15. İddia mümkündür.
İİİ. Məhkəmənin mövqeyi
16. İddiaçının 2021-ci il hesabat dövrü üzrə təqdim etdiyi bəyannaməyə əsasən malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) üzrə 1.944,80 manat əlavə vergi məbləği (mənfəət vergisi) hesablanmışdır.
17. Mübahisənin yaranmasının səbəbi "xxxx" MMC və "xxxx" MMC ilə aparılmış qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin dəyərinin nəzərə alınmamasıdır ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur.
18. Dövlət Vergi Xidməti tərəfindən "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli **********138100 nömrəli, "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli **********479500 nömrəli qərarlar qəbul edilmişdir.
19. "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli **********138100 nömrəli qərarda cəmiyyət tərəfindən xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində cəmi 71,9 min manat dəyərində təqdim edilmiş qaimə fakuralar üzrə satışda pul sayğacı magner 350, bunker üçün seyf, pul sayğacı hitachi İH 110, qəpik sayğacı magner 926 plus və s. qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə cəmiyyətin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edimişdir.
20. "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli **********479500 nömrəli qərarda cəmiyyət tərəfindən xx.xx.2020-xx.xx.2021-ci il tarixlərində cəmi 169,6 min manat məbləğində qaimə faktura təqdim edilmişdir. Elektron qaimə fakturalar üzrə satışda pul sayğacı magner 350, bunker üçün seyf, pul sayğacı hitachi İH 110, konteyner təkəri və s. qeyd olunduğu müəyyən edilmişdir.
21. İddiaçı “Bank Avrasiya" ASC "xxxx" MMC (VÖEN: **********) və "xxxx" MMC (VÖEN:**********) şirkətlərindən ümumi dəyəri 9724,0 manat elektron qaimə-fakturalar üzrə mal almışdır ("xxxx" MMC-dən EBBM seriyalı xx.xx.2021-ci il tarixli 646252 nömrəli elektron qaimə-faktura üzrə 3332,0 manat, "xxxx" MMC-dən EBBM seriyalı xx.xx.2021-ci il tarixli 157599 nömrəli elektron qaimə-faktura üzrə 6120,0 manat və EBBM seriyalı xx.xx.2021-ci il tarixli 181982 nömrəli elektron qaimə-faktura üzrə 272,0 manat).
22. Həmin əməliyyatlar Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlan”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək nəzərə alınmamışdır.
23. Cavabdeh tərəfindən riskli hesab edilən vergi ödəyiciləri "xxxx" MMC (VÖEN: **********) və "xxxx" MMC-nin (VÖEN:**********) riskli əməliyyat apardığı tarix aralıqlarında məhz İddiaçı ASC-yə təqdim etdikləri mallar (iş, xidmət) üzrə elektron qaimə-fakturalarda qeyd olunan malların e-qaimə üzrə alışında müəyyən edilməməsi, yəni vergi ödəyicisinin təsdiqedici sənədlərlə almadığı halının konkret olaraq iddiaçıya münasibətdə müəyyən edilməsinə dair sübutlar təqdim edilməmişdir.
24. Vergi Məcəlləsindən: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).
26. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edilməmiş, yəni iddiaçının riskli əməliyyat aparması müəyyən edilməmişdir. İddiaçının əmtəəsiz dövriyyəsi kimi riskli vergi ödəyiciləri ilə aparılmış qarşılıqlı əməliyyatları (həmin riskli vergi ödəyicilərinin konkret olaraq iddiaçı ilə aparılmış qarşılıqlı əməliyyatlarının əmtəəsiz olduğu müəyyənləşdirilmədən) qiymətləndirilmişdir. Lakin nəzərə alınmalıdır ki, qeyd edilən riskli vergi ödəyiciləri ilə iddiaçı arasında qarşılıqlı əməliyyatlar vergi orqanı tərəfindən "xxxx" MMC (VÖEN: **********) və "xxxx" MMC-nin (VÖEN:**********) riskli vergi ödəyicisi olması barədə müvafiq qərar qəbul edilməmişdən və həmin məlumat açıqlanmamışdan əvvəl aparılmışdır. Qeyd edilən vergi ödəyicilərinin ("xxxx" MMC və "xxxx" MMC) digər şəxslərlə riskli əməliyyatlar aparmış olmaları və ya gələcəkdə riskli vergi ödəyicisi hesab olunmaları iddiaçının məsuliyyət riski ilə əhatə olunmur və yalnız sonradan riskli vergi ödəyicisi hesab olunması əsası ilə müvafiq qərar qəbul edilməmişdən və bu barədə məlumat açıqlanmamışdan əvvəl İddiaçı ASC ilə aparılmış əməliyyatların əmtəəsiz kimi qiymətləndirilməsi ehtimallara əsaslanmaqla İddiaçı ASC-nin üzərinə həddən artıq yük qoymuş və iddiaçıya münasibətdə mütənasib olmamışdır.
27. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
28. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
29. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir.
30. Vergi Məcəlləsinin 94.0-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.
31. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
32. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
33. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin 28 iyul 2022-ci il tarixili **********784000 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva