Məhkəmə qərarları › İş №2-1(112)-2209/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2209/2021

26.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2209/2021 26.01.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı SOCAR-ın İddiaçı nümayəndəsi Vəkil1, cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsi X2 üçüncü şəxs X3 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, iddiaçı SOCAR-ın İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla, qərarın etibarsız hesab edilməsi barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı SOCAR-ın İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla, qərarın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər (Əzizbəyov) rayonu XDSİK-nin xx.xx.1991-ci il tarixli, 20 nömrəli qərarının etibarsızlığının tanınması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2009-cu ildə təsdiq edilmiş topoqrafik plana əsasən SOCAR-ın İddiaçı neft və qaz əməliyyatlarının aparılması üçün daimi istifadəsinə ayrılmış sənayə təyinatlı torpaq sahəsinin bir hissəsi-Bakı şəhəri, Xəzər rayonu, Buzovna Maştağa magistral yolunun sol tərəfi, H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) 3 saylı neft və qaz çıxarma sahəsində (420751.45; 4485480.85 koordinatlarında) yerləşən mədən ərazisinin bir hissəsində Bakı şəhər Cavabdeh xx.xx.1991-ci il tarixli 20 nömrəli qərarı əsasında vətəndaş X4 verilmişdir. Bakı şəhər İcra hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş topoqrafik plandan göründüyü kimi ərazi SOCAR-ın balansındadır və mübahisəli torpaq sahəsi ayrılarkən Sabunçu rayon Maştağa bələdiyyəsi tərəfindən qanun pozuntusuna yol verilmişdir. Belə ki, ayrılan torpaq sahəsi SOCAR-ın İddiaçı H.Z.Tağıyev adına NQÇİ-nin neft-qaz əməliyyatlarının aparılması üçün daimi istifadəsində olan sənaye təyinatlı torpaq sahələrinə aiddir. Başqa sözlə, Bakı şəhər Cavabdeh özünə məxsus olmayan sənaye təyinatlı torpaq sahəsinə dair qanunsuz sərəncam vermişdir. Göründüyü kimi, cavabdehin hüquqazidd hərəkətləri nəticəsində SOCAR-ın “Azneft” İB-nin H.Z.Tağıyev adına NQÇİ-si istifadəsində olan sənaye təyinatlı torpaq sahəsində neft və qaz əməliyyatları aparmaq imkanından faktiki olaraq məhrum olmuş, göstərilən torpaq sahələrinin hüquqi rejimi və məqsədli təyinatı, ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud surətdə pozulmuşdur. Qeyd edilən topaq sahəsi SOCAR-ın “Azneft” İB-nin H.Z.Tağıyev adına NQÇİ-nin müstəsna istifadəsinə verilmiş torpaq sahələrinin hüdudları daxilində yerləşdiyindən, Bakı şəhər Cavabdeh sözügedən sərəncamı Qanunun tələbinə görə qüvvədən düşmüşdür və heç bir hüquqi qüvvəyə malik deyildir, etibarsızdır.Lakin vətəndaş həmin bu hüquqi qüvvəsini itirmiş qərara əsaslanaraq torpaq sahəsindən istifadə etməklə “Azneft” İB-nin neft-qaz əməliyyatları aparmasına ciddi maneçilik törətdiklərindən və hüquqlarını kobud şəkildə pozduqlarından, hüququ qüvvəsini itirdiyi üçün sərəncam etibarsızlığı məhkəmə qaydaslnda tanınmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin xx.xx.2020-ci il tarixli bildirişi ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh-Bakı şəhəri Cavabdehnə və üçüncü şəxs-X4 təqdim edilərək, cavabdehdən və üçüncü şəxsdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh Bakı şəhəri Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə dair etirazda göstərmişdir ki, Əzizbəyov (indiki Xəzər) rayon X8 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 20 nömrəli qərarının surətindən görünür ki, SOCAR-ın “Azneft” İBnin H.Z.Tağıyev adına NQÇİ-nin hüquqi varisi olduğu “Əzizbəyovneft” NQÇİ-nin 3187/01-4 nömrəli, eləcə də, Bakı şəhər X8 İcraiyyə Komitəsinin 7-7192/7 nömrəli məktublarını rəhbər tutaraq, vətəndaş X4 Buzovna qəsəbəsində 778 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Sözügedən qərarın giriş hissəsindən görünür ki, vətəndaşa torpaq sahəsinin ayrılmasına dair “Əzizbəyovneft” NQÇİ-nin və Bakı şəhəri XDS İK-nin razılıq məktubları olmuşdur. Bundan əlavə, Bakı şəhər İcra hakimiyyətinin xx.xx.1999-cu il, xx.xx.1999-cu il tarixli, 208 və 673 nömrəli sərəncamları ilə H.Z.Tağıyev adına NQÇİ-yə məxsus Maştağa–Buzovna yolu boyu Maştağa-Buzovna yatağından ümumillikdə 212 hektar torpaq sahələri Azərbaycan Respublikasının Dövlət Neft Şirkətindən geri alınmışdır. Qeyd olunanları nəzərə alaraq, cavabdeh iddiaçı SOCAR-ın “Azneft” İB-nin onlara qarşı, X3 üçüncü şəxs qismində cəlb edilməklə qərarın etibarsızlığının tanınmasına dair iddia tələbinin mümkün sayılmaması barədə qərar çıxarılmasın xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 etiraza uyğun izahat verərək, məhkəmədən iddianın mümkünsüz sayılmasını xahiş etdi. Üçüncü şəxs X3 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında verdiyi izahatında, mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazilərin yaşayış sahələrinə aid olduğunu və iddia müddətinin ötürüldüyünün nəzərə alınmaqla, məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə tərəflərin və üçüncü şəxsin nümayəndələrinin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Əzizbəyov (indiki Xəzər) rayon X8 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 20 nömrəli qərarının surətindən görünür ki, qeyd olunan qərarla Buzovna qəsəbəsi ərazisində yerləşən 778 №li sahədə 1200 kv.m təşkil edən torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X6 ayrılmışdır. İddia tələbindən müəyyən olunur ki, iddiaçı SOCAR-ın “Azneft” İB Əzizbəyov rayon X8 İcraiyyə Komitəsinin (cavabdeh Bakı şəhəri Cavabdeh) xx.xx.1991-ci il tarixli, 20 nömrəli qərarının qərarının etibarsızlığının tanınmasını məhkəmədən xahiş edir. İPM-nin 2.2.1-ci maddəsinin tələblərini (şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inizbati məhkəmə icraatı qaydasında baxılır) nəzərə aldıqda məlum olur ki, iddiaçının bu iddiası mübahisələndirmə haqqında iddialara aiddir. 2011-ci il yanvarın 1-dən qüvvəyə minmiş İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən isə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibti aktın təqdim olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. İnzibati mühakimə icraatı qaydasında baxılan mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. Mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. İddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. İddiaçının hüquqlarının pozulması əsaslandırılalı; 5. Qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. Göründüyü kimi, tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki; iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Beləliklə, işin hallarından və sadalan normaların tələblərindən məlum olur ki, hər bir halda iddiaçı hazırda mübahisələndirdiyi qərarın ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüş, yalnız müvafiq qərar qəbul olunduqdan 29 il keçdikdən sonra, xx xxxxxxx 2020-ci ildə məhkəməyə müraciət etmişdir və belə olan halda iddiaçının bu illər ərzində mübahisəli ərazinin üçüncü şəxsə ayrılması barədə Əzizbəyov (indiki Xəzər) rayon X8 İcraiyyə Komitəsinin qərarından xəbərdar, məlumatlı olmaması barədə dəlili inadırıcı olmamaqla, ağlabatan deyildir. Ümumilikdə iddia müddətinin başlanılması üçün yalnız şəxsin öz hüququnun pozulduğunu bildiyi an deyil, eyni zamanda öz hüququnun pozulduğunu bilməli olduğu an əsas götürülür. Belə ki, iddiaçı ərizəsində qeyd edir ki, mübahisəli torpaq sahəsi SOCARın “Azneft” X1 məxsus torpaq sahələri olmuşdur. İşin hallarından da göründüyü kimi, üçüncü şəxs tərəfindən mübahisəli torpaqda uzun illər bundan öncə fərdi yaşayış evi tikmiş və iddiaçı buna qarşı hər-hansı bir qaydada etirazını bildirməmişdir. Həmçinin iddiaçı bu müddət ərzində tikilinin sökülməsinə və ya torpaq sahəsinin geri qaytarılması ilə bağlı məhkəməyə müraciət etmələri barədə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddəsinə əsasən məhkəmə, qərara aldı: İddiaçı SOCAR-ın İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla, qərarın etibarsız hesab edilməsi barədə iddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar