Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-221/2023 23.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X4) “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X1 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “1095 a” saylı bağ sahəsi üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə X4 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəflər fikirləri dinlənilmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hazırki işin faktiki hallarından görünür ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə əsas məqsədi Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “1095 a” saylı bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsidir. Nəzərə alınmalıdır ki, cavabdeh iddia olunan torpaq sahəsinin digər fiziki şəxsin adına qeydiyyatdan keçmiş torpaq sahəsi ilə üst-üstə düşdüyünü bildirərək, iddia tələbinin təmin olunmamasını xahış edir. Məhkəmə tərəfindən cavabdehin imtina məktubunda göstərdiyi əsaslar üzrə araşdırma aparılmış, müvafiq olaraq mütəxəssis və ekspert rəyləri əldə olunmuşdur. Rəylərdən görünür ki, ekspertiza tədqiqatı zamanı iddiaçı tərəfindən göstərilən 1095a saylı bağ sahəsinin koordinatları ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr-planı əsasında 1095 saylı bağ sahəsi kimi X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 0,12 ha torpaq sahəsi olan “1095” saylı bağ sahəsinin koordinatlarının üst-üstə düşdüyü müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatını arzuladığı torpaq sahəsi üçüncü şəxsinin mülkiyyət hüquqları qeydə alınmış torpaq sahəsi ilə üst-üstə düşür. Məhkəmə hesab edir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış torpaq sahəsinə başqa şəxsin, o cümlədən iddiaçının adına reyestrdə qeyd aparıla bilməz. Üçüncü şəxsin adına aparılmış qeydin qanuna uyğunluğu mübahisələndirlmədən, eyni torpaq sahəsinə iddiaçının hüququ qeydə alına bilməz. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bununla bağlı Məhkəmə qeyd edir ki, hazırki məhkəmənin mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2086/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında nümayiş olunmuşdur. Nəzərə alınmalıdır ki, kassasiya instansiya məhkəməsi iddia olunan torpaq sahəsinin digər fiziki şəxsin torpaq sahəsi ilə üst-üstə düşdüyünü nəzərə alaraq, mülkiyyət hüquqları qeydə alınmış torpaq sahəsinə dair fiziki şəxsin adına verilən çıxarış mübahisələndirilmədən, torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı iddia tələbinə baxılmasını mümkünlük şərtlərinin ödənilməməsi baxımından mümkün olmadığını bildirmişdir. İddiaçıya izah edilir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 17-ci bəndinin tələblərinə uyğun qaydada Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 0,12 ha torpaq sahəsi olan “1095” saylı bağ sahəsinin üçüncü şəxs X2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatı mübahisələndirə bilər. Bu zaman nəzərə alınmalıdır ki, qeydiyyatın verilməsində ehtimal olunan səhv cavabdehin faktiki xarakterli hərəkətləri ilə bağlıdırsa bu zaman iddia məhz həmin qeydin ləğv edilməsi ilə bağlı olmalıdırsa, əks halda qeydin ləğv edilməsindən əvvəl qeydin verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədin ləğvi və ya etibarsızlığı ilə əlaqədar tələb verilə bilər. Hər bir halda həmin məsələ həll edilmədiyi müddətdə hazırkı iddiaya baxıla bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-221/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-221/2023
23.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver