Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2211/2020 08.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X8 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsinə dair çıxarışın və plan-ölçünün verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivi ünvanında yerləşən 176 E saylı bağ sahəsinin İddiaçı adına sxematik xəritəyə yerləşdiyi yer üzrə uyğunlaşdırmaqla plan və ölçünün, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyyət hüququna dair çıxarışın, eləcə də, daşınmaz əmlaka ünvan verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı idia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivi ünvanında yerləşən, ümumi sahəsi 0.12 ha olan 176 E saylı bağ sahəsinin yerləşdiyi yer üzrə sxematik xəritəyə uyğunlaşdırılmaqla 900 kv.m hissəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, buna dair çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 3/75 nömrəli qərarına əsasən, Bakı şəhəri İcraiyyə Komitəsinin X1 və İstismarı Birliyinin verdiyi 6 saylı orderlə İddiaçı istifadəsinə Pirşağı qəsəbəsindəki 218 saylı BTK nəzdində 0.12 ha torpaq sahəsindən ibarət 176 “E” saylı bağ sahəsi verilmişdir. Torpaq sahəsi iddiaçı tərəfindən tam olaraq daşla hasarlanmış və hal-hazırda torpaq sahəsindən istifadə edir. Qeyd edilən torpaq sahəsinə plan və ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın alınması ilə bağlı xx.xx.2019-cu i ltarixli, ********** nömrəli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuşdur. Lakin, cavabdeh orqan xx.xx.2019-cu i ltarixli, **********59 nömrəli imtina məktubu ilə ərizəni təmin etməmiş və bildirmişdir ki, “Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivi ünvanında yerləşən 176 E saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınamsı ilə bağlı ********** nömrəli, xx.xx.2019-cu il tarixli poçt vasitəsi ilə daxil olmuş ərizəsinə baxılmışdır. Müraciəti ilə əlaqədar olaraq bildirilmişdir ki, göstərilən bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil edir. Belə ki, 176 “J” saylı bağ sahəsinin yerində uyğun gəlir. Bundan əlavə bağ sahəsinin 527 kv.m hissəsi yaxınlıqdan keçən elektrik xəttinin mühafizə zonasında yerləşir. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır. Beləliklə, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarilxi, **********059 nömrəli məktubu ilə daşınmaz əmlak üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından aşağıdakı səbəblərdən imtina olunmuşdur: torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi, torpaq sahəsinin bağların bölgüsünə dair sxematik xəritədə 176 J-ə uyğun gəlməsi. Torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi ilə bağlı bildirir ki, torpaq sahəsi 40 metr uzunluğunda 30 metr enindədir. Elektrik xətti torpaq sahəsinin uzunluğuna paralel keçir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5-ci bəndinə əsasən, həmin elektrik şəbəkəsinin mühafizə zonası 10 metr müəyyən olunmuşdur. Belə olduğu təqdirdə torpaq sahəsinin təxminən 300 kv.m-dən az olan hissəsi elektrik şəbəkəsinin mühafizə zonasına düşür. Bununla yanaşı bildirirlər ki, həmin Qaydaların 6-cı bəndində qeyd edilmişdir ki, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Beləliklə, qanunvericiliyin bu tələbinə əsasən, elektrik şəbəkələrinin mühafizəsi zonasında olan torpaq sahələri vətəndaşların həm mülkiyyətində, həm də istifadəsində ola bilər. Torpaq sahəsinin bağların bölgüsünə dair sxematik xəritədə 176 J-yə uyğun gəlməsi ilə bağlı bildirir ki, X1 və İstismarı Birliyi tərəfindən iddiaçıya bağ sahəsi ayrılan zaman, torpaq sahəsinin yeri ona göstərilmiş, 1991-ci ildən bəri torpaq sahəsi tərəfindən istifadə olunmuş və ətrafı daşla hasarlanmışdır. Hal-hazırda torpaq sahəsi 176 E deyil. 176 J-yə uyğun gəlirsə, o zaman bağ sahəsi iddiaçının adına sxematik xəritədə yerləşdiyi yer üzrə uyğunlaşdırılmaqla plan və ölçünün, eləcə də, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyyət hüuquna dair çıxarış verilməlidir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etmədi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan notarial qaydada təsdiq olunmuş Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X1 və X3 bağlar sahəsinin 218 nömrəli kooperativi tərəfindən verilmiş 6 nömrəli orderin surətindən görünür ki, İddiaçı Bakı şəhər İcraiyyə Komitəsinin 01 mart 1991-ci il tarixli, 3/75 nömrəli qərarına əsasən Pirşağı bağlar sahəsində 218 nömrəli BTK nəzində 0.12 ha torpaq sahəsi olan 176 E nömrəli bağ sahəsi ayrılmışdır. İşdə olan notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş Bakı X6nin İcraiyyə Komitəsinin 01 mart 1991-ci il tarixli, 3/75 nömrəli qərarından çıxarışdan görünür ki, 218 nömrəli Pirşağı bağ-tikinti kooperativinin üzvləri siyahısında İddiaçı 6-cı bənddə qeyd edilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2019-cu il tarixli, **********59 nömrəli imtina məktubunun surətindən görünür ki. iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivi ünvanında yerləşən 176 “E” saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə cavab olaraq bildirilmişdir ki, göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir, belə ki, 176 “J” saylı bağ sahəsinin yerinə uyğun gəlir. Bundan əlavə bağ sahəsinin 527.0 kv.m hissəsi yaxınlıqdan keçən elektrik xəttinin mühafizə zonasında yerləşir. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır. Elektrik şəbəkələrinin mühafizə qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. İşdə olan məhkəmənin sorğusuna əsasən "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 6-xx/xx/2474 nömrəli cavab məktubundan görünür ki, İddiaçı istifadəsində olan Pirşağı qəsəbəsindəki 0.12 ha torpaq sahəsindən ibarət 176 “E” nömrəli bağ sahəsinin hava elektrik verilişi xəttinin mühafizə zonasına düşüb-düşməməsi barədə məlumatın verilməsinə dair müraciətə "xxxx" ASC-də baxılaraq bildirilmişdir ki, qeyd olunan bağ sahəsinin (daş hasarla paralel) 30 (otuz) metr, (300 kv.m) torpaq sahəsi X5 və Satışı İdarəsinin balansında olan 35/10/6 KV-luq yarımstansiyadan çıxan, əhali abonentlərini elektrik enerjisi ilə təmin etmək məqsədi ilə çəkilmiş 2 dövrəli İ və İİ 580 nömrəli 10 KV-luq hava elektrik verilişi xəttinin mühafizə zonasındadır. Məlumat üçün qeyd etmişlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2004-ccü il tarixli, 103 nömrəli Qərarı ilə 10 KV-luq hava elektrik verilişi xəttinin mühafizə zonası 10 (on) metr müəyyənləşdirilmişdir. Məhkəmə aşağıdakı qanunvericilik normalarına əsasən hesab edir ki, iddia əsaslıdır. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verildiyindən, cavabdeh tərəfindən hazırki iş üzrə iddiaçıya məxsus bağ sahəsinin torpaq sahəsinin yerləşdiyi yer üzrə sxematik xəritəyə uyğunluşdırılmaqla plan ölçünün verilməsi də DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən icra edilməlidir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin (bundan sonra – Əsasnamə) 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (maddə 8.0.7.) 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçıya bağ sahəsi ayrılması barədə Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X1 və X3 bağlar sahəsinin 218 nömrəli kooperativi tərəfindən verilmiş 6 nömrəli order mövcuddur ki, həmin orderlə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən iddiaçının mübahisəli torpaq sahəsi üzərində qanuni hüquqları yaranmışdır. Bundan əlavə, iddiaçının 218 nömrəli bağ kooperativinin üzvü olması barədə iş materiallarında Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş Bakı şəhəri X6 İcraiyyə Komitəsinin 1 mart 1991-ci il tarixli, 3/75 nömrəli qərarından çıxarış mövcuddur. Cavabdeh inzibati orqan imtinanın əsası kimi bağ sahəsinin sxematik xəritəyə uyğun gəlməməsi və bağ sahəsinin 527.0 kv.m hissəsinin yaxınlıqdan keçən elektrik xəttinin mühafizə zonasında yerləşməsini əsas göstərmişdir. Məhkəmə qeyd edir ki, bağ sahəsinin sxematik xəritəyə uyğun olaraq yerləşdirilməsi cavabdehin vəzifələrinə ə aid olmaqla, onun tərəfindən icra edilməlidir. Bu səbəbdən də, imtina həmin hissədə əsassızdır. Eləcə də, məhkəmə cavabdehin imtinasında əsas göstərilmiş bağ sahəsinin 527 kv.m hissəsinin elektrik xəttinin mühafizə zonasında yerləşməsi ilə bağlı qeyd edir ki, məhkəmənin sorğuna əsasən "xxxx" ASC tərəfindən verilmiş arayışdan müəyyən edilmişdir ki, mübahisəli bağ sahəsinin daş hasarla paralel 30 (otuz) metr, 300 kv.m torpaq sahəsi X4 və Satışı İdarəsinin balansında olan 35/10/6 kV-luq yarımstansiyadan çıxan, əhali abonentlərini elektrik enerjisi ilə təmin etmək məqsədi ilə çəkilmiş 2 dövrəli İ və İİ 580 nnömrəli 10 kV-luq hava elektrik verilişi xəttinin mühafizə zonasındadır. Həmin 300 kv.m hissə ilə bağlı isə iddiaçı tərəfindən mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə hazırki iddia üzrə tələb irəli sürülməmişdir. Göründüyü kimi, hazırda iş üzrə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməlidir. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58, 68, 69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X1 və X3 bağlar sahəsinin 218 nömrəli kooperativi tərəfindən verilmiş 6 nömrəli orderə əsasən İddiaçı ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivi ünvanında yerləşən, ümumi sahəsi 0.12 ha olan 176 E saylı bağ sahəsinin yerləşdiyi yer üzrə sxematik xəritəyə uyğunlaşdırılmaqla 900 kv.m hissəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, buna dair çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2211/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2211/2020
08.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver