Məhkəmə qərarları › İş №2-1(112)-2211/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2211/2022

14.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2211/2022 14.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçının nümayəndəsi, eyni zamanda vəkili X6 (Ünvanı: Bakı şəhəri, Füzuli küçəsi, ev 73, mənzil 21; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: “Kredo” vəkil bürosunun vəkili), cavabdehin nümayəndəsi X7 (Ünvanı: Bakı şəhəri, Mətbuat prospekti, məh.504, ev 2 mənzil 86; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Məhkəmə mübahisələri üzrə iş şöbəsinin baş mütəxəssisi) iştirakları ilə, iddiaçı- İddiaçı cavabdeh - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçının mərhum əri X3 Azərbaycan Respublikası Meliorasiya və Su Qurğuları Tikinti Baş İdarəsində işlədiyi vəzifənin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi olmadıqda, habelə xx.xx.1991-ci il tarixədək dövlət, sovet, partiya orqanlarında çahşimış dövlət qulluqçularının vəzifələrinin «İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu»nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısı»nın 1.16-cı bəndində nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması və dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2022-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçının mərhum əri X10 1940-cı ildə Naxçıvan MR-nın Ordubad şəhərində anadan olmuşdur. Onların nikahı xx.xx.1971-ci il tarixdə Naxçıvan MR-nın Ordubad VVAQ Şöbəsində rəsmiləşdirmişdir. X10 xx.xx.1997-ci il tarixdə Moskva şəhərində xroniki qlomerulonefrit xəstəliyindən dünyasını dəyişmişdir. X1 X2 konstruktor vəzifəsində əmək fəaliyyətinə başlamışdır. xx.xx.1964-cü il tarixdə X10 «Kür- Araz Sutikinti» Baş İdarəsinə köçürülmə yolu ilə mühəndis vəzifəsinə işə qəbul edilmiş və bununlada keçmiş X13 Partiyasının MK-nin və SSRİ Nazirlər Sovetinin xx.xx.1970-ci il tarixli 602 saylı qərarı ilə Respublika tabeçiliyində olan X14 Tikinti İdarəsinin bazasında SSRİ Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin tabeçiliyində yaradılmış Azərbaycan Respublikası Meliorasiya və Su Qurğuları Tikinti Baş İdarəsində mühəndis ixtisası üzrə müxtəlif rəhbər vəzifələrdə işləmişdir. İdarənin Mərkəzi aparatının əmək haqqı ittifaqın büdcəsində aryılan vəsait hesabına ödənilmişdir. Bu səbəbdən də mərhum əri X3 işlədiyi vəzifənin dövlət qulluğu vəzifəsi hesab edilməklə, dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanması üçün cavabdeh orqana müraciət etsə də, cavabdehin xx.xx.2021-ci il tarixli cavab məktubu ilə xahişi təmin edilməmişdir. Bununla da onun qanunla qorunan pensiya hüquqları kobud şəkildə pozmuşdur. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir cavabdehin bu imtinası əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, eyni zamanda vəkili iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialda mövcud olan pensiya işinə iddiaçının mərhum həyat yoldaşı X5 vaxtilə işlədiyi vəzifələr onun vəfat etdiyi 28 may 1997-ci il tarixində qüvvədə olmuş qanunvericiliyə əsasən dövlət qulluğu vəzifələri hesab edilmirdi. Bu səbəbdən də ona dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu 1 sentyabr 2001-ci il tarixindən qüvvəyə minmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1953-cü il tarixdə Naxçıvan MR Ordubad şəhərində doğulmuşdur. xx.xx.1971-ci il tarixdə İddiaçı X11 ilə nikaha daxil olmuşdur. X11 xx.xx.1997-ci il tarixdə ölmüşdür. İddiaçı mərhum ərinin işlədiyi vəzifənin dövlət qulluğu vəzifəsi hesab edilməklə, dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, mərhum X5 vaxtilə işlədiyi vəzifələr onun vəfat etdiyi 28 may 1997cı il tarixində qüvvədə olmuş qanunvericiliyə əsasən dövlət qulluğu vəzifələri hesab edilmirdi. Bu səbəbdən də iddiaçıya dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır və iddiaçının hər hansı hüququnu pozmur. Belə ki, iş materiallarından görünür ki, məhkəmənin sorğusuna cavab olaraq iddiaçının pensiya işinin təsdiq edilmiş surəti, həmçinin iddiaçının müraciəti ilə bağlı aparılmış inzibati icraat materialları məhkəməyə təqdim edilmişdir. İş materiallarından görünür ki, Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsi tərəfindən İddiaçı xx.xx.2003-cü il tarixindən ömürlük əmək pensiyası təyin edilmişdir. İş materiallarında olan X8 məxsus əmək kitabçasından çıxarışın surətindən görünür ki, X11 xx.xx.1962-ci il tarixdən xx.xx.1962-ci il tarixədək X2 konstruktor, xx.xx.1962-ci il tarixdən xx.xx.1964-cü il tarixədək “Azərenerjisazlama” müəssisəsində sahə mühəndisi, xx.xx.1964-cü il tarixdən xx.xx.1971-ci il tarixədək "xxxx" sənaye Müəssisələri Trestində mühəndis, usta, baş mühəndis vəzifələrində, xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək BaşAz Meliorasiya su tikinti müəssisəsində baş mühəndis komplektləştirmə şöbəsinin rəisi vəzifəsində, xx.xx.1973-cü il tarixdən xx.xx.1989-cu il tarixədək SSRİ X9 Nazirliyinin BaşAZ Meliorasiya su tikinti müəssisəsinin MTTİ-də şöbə rəisi vəzifəsində işləmişdir. Məhkəmə mərhum X4 işlədiyi vəzifələrlə bağlı qeyd edir ki, X8 məxsus əmək kitabçasından çıxarışın surətindən göründüyü kimi, P.Möhsünov dövlət orqanlarının aparatlarında deyil, müvafiq dövlət orqanlarının tabeliyində olan İdarələrdə işləmişdir. Dövlət orqanlarının tabeliyindəki İdarələrində vəzifə tutan şəxslər “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət qulluqçuları hesab edilmir və onların tutduğu vəzifələr Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş müvafiq siyahısında nəzərdə tutulmamışdır. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Həmin “Siyahı”nın 1.16-cı bəndinə əsasən Azərbaycan SSR (Naxçıvan MSSR) Nazirlər Soveti yanında baş idarənin, idarənin və digər idarəetmə orqanlarının aparatında, ittifaq-respublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının (baş idarələrin, idarələrin) aparatında mövcud vəzifələrin uyğunlaşdırılması həyata keçirilmişdir. Məhkəmə qeyd edir ki, “Siyahı”da müvafiq dövlət orqanlarının yalnız aparatında mövcud olmuş vəzifələrin uyğunlaşdırılması aparılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Məhkəmə sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının mərhum əri X4 işlədiyi vəzifələr «Kür-Araz Sutikinti» Baş İdarəsinin aparatında mövcud olmadığından, həmin vəzifələr dövlət qulluğu vəzifələri hesab olunmur, odur ki, iddiaçının hazırkı iddia tələbi əsassızdır və təmin olunmamalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçının mərhum əri X3 Azərbaycan Respublikası Meliorasiya və Su Qurğuları Tikinti Baş İdarəsində işlədiyi vəzifənin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi olmadıqda, habelə xx.xx.1991-ci il tarixədək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin «İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu»nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısı»nın 1.16-cı bəndində nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması və dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar